Uşaqlarda  qorxu  hissi

Qorxu nədir?

Qorxu təhlükəli amillərin təsirinə cavab olaraq yaranan, özünüqoruma instinktinə əsaslanan bir hissdir. Uşaqlarda qorxuların spesifik xüsusiyyəti budur ki, bu qorxular birbaşa təhlükə ilə əlaqəli deyil. Uşaqlarda qorxular əsasən yaxın insanlardan aldıqları məlumatlar və bu məlumatları öz təsəvvür və təxəyyüllərində canlandırmaqdan yaranır.

Uşaqlıq qorxularının səbəbləri

Uşaqlıq qorxularının ən əsas səbəbi  yaşanan travmatik vəziyyətdir. Məsələn, bir uşağı it dişləyirsə, gələcəkdə itlərdən qorxması ehtimalı yüksəkdir. Valideynlər körpəni nağıl personajları ilə qorxudaraq, öz məqsədlərinə çatmağa çalışırlarsa, uşaq tək və ya qaranlıqda qalmaqdan qorxa bilər. Valideynlər tez-tez belə ifadələrlə işlədir: “Ehtiyatlı ol, yıxılarsan, ayağını sındırarsan." Bu cür ifadələrdən uşaq yalnız ikinci hissəni qavrayır. Hələ də nə üçün xəbərdar edildiyini tam başa düşməyərək uşaq davamlı qorxulara çevrilə bilən narahatlıq hissi ilə dolur. Ailədə müxtəlif konfliktlər və müzakirə olunan hadisələr uşaqların diqqətindən kənarda qalmır, bu da qorxu hissinə əsas yaradır.

Uşaq qorxularının əsasında müxtəlif səbəblər dura bilər:

  1. Həddən artıq qayğı. Uşaqlar bəzən valideynləri tərəfindən həddindən artıq nəzarətə məruz qalırlar, davamlı olaraq hər yerdə onları təhlükə gözlədiyini eşidirlər. Bu, uşaqları özünəinamsız və qorxaq edir. Ümumiyyətlə müasir dövrdə böyük şəhərlərdə intensiv, streslə dolu həyat tərzi uşaqların psixikasına təsir edərək onu daha da həssas edir.

  2. Qayğının az olması. Valideynlər həddindən artıq iş yükü səbəbindən uşaqlarla çox az ünsiyyətdə olurlar. Bu boşluğu kompüter oyunları və televiziya proqramları əvəz edir. Buna görə uşaqla hər gün ən azı bir neçə saat faydalı ünsiyyət qurmaq, birgə gəzintiyə çıxmaq, oynamaq və maraqlı məqamları müzakirə etmək lazımdır.

  3. Fiziki fəaliyyətin az olması. Kifayət qədər fiziki aktivliyin olmaması da qorxuya səbəb ola bilər.

  4. Valideynin uşağa qarşı aqressiv münasibəti. Ailədə ana və ya ata lider mövqe tutursa və tez-tez digər ailə üzvlərinə qarşı aqressiv davranırsa uşaqda qorxuların yaranması demək olar ki, qaçılmazdır. Uşaq valideyni onu təhlükədən qoruyan bir obyekt olaraq qəbul etmir. Belə olduqda uşaq özünü təhlükəsizlikdə hissi etmir və onda qorxu yaranır.

  5. Ailədə qeyri-sabit atmosfer. Ailədəki qeyri-sabit emosional vəziyyət, ailə üzvləri arasında tez-tez yaşanan qalmaqallar, qarşılıqlı anlaşma və dəstəyin olmaması uşağın ailədə yaşadığı xroniki narahatlığa səbəb olur. Zamanla bu qorxulara səbəb ola bilər.

  6. Uşaqda psixoloji və psixi pozuntuların olması. Qorxu səbəblərindən biri də uşaqda nevrozun olmasıdır. Bu vəziyyət mütləq mütəxəssis tərəfindən müalicə olunmalıdır. 

Qorxuları üç növə ayırmaq olar:

  1. Obsessiv qorxular

Uşaq bu qorxuları müəyyən şəraitdə yaşayır, bu da panikaya səbəb ola bilər. Məsələn, yüksəkliklərdən, açıq sahələrdən, geniş kütlə toplanan yerlərdən və s.

  1. Sayrışan hallar

Belə qorxuların olması uşağın psixikasında ciddi problemlərin olduğunu göstərir. Onların səbəbini tapmaq və məntiqli izah etmək mümkün deyil. Məsələn, bir uşaq müəyyən bir oyuncaq ilə oynamaqdan, müəyyən paltar geyinməkdən, çətir açmaqdan və s. qorxur. Ancaq körpənizdə belə bir qorxu hissi müşahidə etsəniz, dərhal narahat olmamalı, səbəbini tapmağa çalışmalısınız. Bəlkə də obyektiv səbəblərə görə müəyyən bir oyuncaq ilə oynamaq istəmir. Məsələn, o, bu oyuncaq ilə oynayanda yıxılıb və bu oyuncaq onda ağrı ilə assosiasiya olunur.

  1. Yüksək əhəmiyətli qorxular

Bu qorxular uşağın xəyalının məhsuludur. Buna 90% hallarda rast gəlinir. Əvvəlcə bu cür qorxular həyatdakı müəyyən bir vəziyyəti ilə əlaqələndirilir. Lakin sonra uşağın düşüncələrini o qədər zəbt edir ki, o başqa heç nə barəsində düşünə bilmir. Məsələn, uşaqların xəyalında qaranlıq qorxusu əcaib məxluqlarla assosiasiya olunur.

 

Yaşla əlaqəli uşaqlıq qorxuları

Psixoloqlar müəyyən bir yaş dövründə ortaya çıxan, düzgün inkişaf zamanı yox olan qorxuları, normaya uyğun hesab edirlər:  

  • 0-6 ay –  ananın olmaması və ya onun əhvalındakı dəyişikliklər, qəfil hərəkətlər və yüksək səslər;

  • 7-12 ay – yüksək səslər, uşağın ilk dəfə gördüyü insanlar, məkanın dəyişməsi, hündürlük;

  • 1-2 yaş – yüksək səslər, valideynlərdən ayrılmaq, pis xəyallar, yad insanlar, zədə almaq, emosional və fiziki funksiyalar üzərində nəzarəti itirmək;

  • 2-2,5 yaş – valideynlərini itirmək qorxusu, eyni yaşda tanımadığı uşaqlar, zərb səsləri,  mühitdəki dəyişikliklər, təbiət təzahürləri - ildırım, şimşək, yağış;

  • 2-3 il – böyük, tanış olmayan, "özündə təhlükə daşıyan" əşyalar (məsələn, paltaryuyan maşın), adi həyat tərzində dəyişiklik, fövqəladə hadisələr (ölüm, boşanma və s.), adət edilmiş əşyaların yerlərinin dəyişməsi;

  • 3-5 il – ölüm (həyatın sonsuz olmadığını başa düşürlər), kabuslar,  təbii fəlakətlər, xəstəliklər və cərrahiyyə əməliyyatları, heyvanlar;

  • 6-7 yaş – nağıl personajları (ifritələr, ruhlar), itirmək qorxusu (ana və atanı itirmək və ya itkin düşmək), tənhalıq, məktəblə əlaqəli qorxular, valideynlərin məktəbdəki gözləntilərinə cavab verə bilməmək, fiziki zorakılıq; 

  • 7-8 il – qaranlıq, dəhşətli yerlər (zirzəmi, gizli yerlər), təbii və digər fəlakətlər, yaxınların diqqət və sevgisini itirmək, məktəbə gecikmək, məktəbdən və ya evdən qovulmaq, fiziki cəza, sinif yoldaşları tərəfindən  qəbul olunmamaq;

  • 8-9 yaş – oyunlarda, məktəbdə özünü doğrultmamaq, yalan və ya arzuolunmaz davranışa yol vermək, fiziki zorakılıq qorxusu, valideynləri itirmək, valideynlərlə mübahisə;

  • 9-11 yaş – məktəbdə və ya idmanda uğur qazana bilməmək, xəstəliklər, heyvanlar, hündürlük, təhlükli insanlar (narkomanlar, xuliqanlar, sərxoşlar və s.);

  • 11-13 yaş – məğlubiyyət, öz görünüşü və cəlbediciliyi, xəstəlik və ölüm, cinsi istismar, böyüklərdən gələn tənqid, özünü doğrulda bilməmək, şəxsi əşyaların itirmək.

Uşağımıza necə kömək edə bilərik?

Aradan qaldırılmayan qorxular həmyaşıdlarla ünsiyyət qura bilməmək, aqressivlik, sosial uyğunlaşmanın olmaması, nevroz və komplekslər kimi mənfi nəticələrə səbəb ola bilər. Uşağa kömək etməyin ilk addımı qorxunu müəyyənləşdirməkdir. Valideyn uşağın qorxuları barədə çox yumşaq, rahatlıqla, heç birinin üzərinə diqqət yönəltməyərək soruşa bilər. Qorxu hallarını müəyyən etdiyiniz zaman, sakit  reaksiya verin, çünki uşaq sizin emosional vəziyyətinizi oxuyur. Qorxu anında uşadan hansı orqanının narahatlıq keçirdiniyini soruşun, daha sonra birlikdə rahat və dərindən nəfəs alın, narahatlıq keçirən bədən üzvlərinin necə sakitləşdiyini təsəvvürünüzdə canlandırın.

Körpəni qucaqlayın, fiziki olaraq onu necə qoruduğunuzu hiss etdirin. Toxunma təması həmişə qorxu və stresi rahatlaşdıran ən təsirli vasitədir. Başqa bir effektiv metod körpə ilə birlikdə qorxu haqqında nağıl yazmaqdır. Nağılın sonu əsas qəhramanın bu qorxu üzərində qələbəsi ilə bitməlidir. 

Qorxunun rəsmini çəkmək də maraqlı və faydalı bir fəaliyyətdir. Rəsm çəkən zaman söhbət aparın, uşaqdan qorxusu barədə soruşun və həll yollarını axtarmağı təklif edin. Sonda qorxunun rəsmini yandıraraq uşaqğa izahla təlqin edirsiz ki, qoru artıq məhv oldu və onu bir daha narahat etməyəcək. 

Bundan başqa, səhnələşdirmə və ya oyun qorxularla mübarizədə çox yaxşı təsir göstərir. Bu metod əsasən qrup şəklində tətbiq olunur. Belə ki, uşaqlar qorxuları haqqında hekayələr hazırlayır və bu onu rollu oyunlar vasitəsilə canlandırırlar. Əlbəttə ki, sonra qorxu üzərində qələbə çalınır.

Bütün bunlar faydasızdırsa və uşağın qorxuları hələ də davam edirsə, mütləq psixoloqa müraciət etmək lazımdır.