Müasir dövrdə qloballaşmanın təsiri n...
Müasir dövrdə qloballaşmanın təsiri nəticəsində çoxdillilik getdikcə daha geniş yayılmaqdadır. Uşaqlıq dövründə iki və ya daha çox dil öyrənmək beyin plastikliyi ilə (neuroplasticity) əlaqələndirilir və bunun koqnitiv inkişaf üzərində əhəmiyyətli təsirlərinin olduğu göstərilmişdir. Çoxdilli uşaqlar əsasən iki model üzərində dil öyrənir: eyni zamanda və ardıcıl öyrənmə. Eyni zamanda öyrənmə o deməkdir ki, uşaq iki dili də birdən öyrənir. Ardıcıl öyrənmədə isə uşaq bir dildə tam özünü ifadə etməyi öyrəndikdən sonra digərini öyrənməyə başlayır. Eyni zamanda öyrənmə zamanı ana dilinin hansı dil olduğunu uşağın anlaması üçün onunla daha çox ana dilində danışmağa üstünlük verilməlidir. Misal üçün azərbaycan dilli bir ailə övladını bağçada rus bölməsinə yollayırsa, bu zaman evdə azərbaycan dilində danışmağa davam etməli sadəcə rus dilində bağçada öyrəndikləri mahnıları birlikdə oxuyaraq uşağına dəstək verməlidir.
Çoxdilli uşaqlarda valideynlərin narahatlıq duyduğu məsələ nitq ləngiməsidir. Fərqli dildə danışılan mühitə düşdükdə uşaqda ilk başda ünsiyyət qurmaqda çətinlik, söz istifadə etməkdən çəkinmə, istəklərini bildirmək üçün bədən dilindən geniş istifadə etmək kimi hallar özünü göstərə bilər. Bununla yanaşı, araşdırmalar göstərir ki, çoxdilli uşaqlarda ilkin dövrdə nisbi söz ehtiyatı az olsa da, uzunmüddətli perspektivdə onların dili anlama və istifadə etmə bacarıqları monodillilərdən fərqlənməyə bilər.
Dili qarışdırma isə çoxdilli uşaqlarda tez-tez rast gəlinən bir fenomendir və normal inkişafın bir hissəsi hesab edilir. Bu, uşaqların hər iki dildə mənalar arasındakı münasibətləri dərketmə bacarıqlarının bir göstəricisidir.
Çoxdilli uşaqların beyin strukturunda bəzi dəyişikliklərin baş verdiyi tədqiqatlar tərəfindən təsdiqlənmişdir. Beyin üzərində aparılan mütaliələr göstərir ki, çoxdilli şəxslərdə prefrontal korteks və icraedici funksiyalarla bağlı sahələr daha aktiv olur.
Araşdırmalar göstərir ki, çoxdilli uşaqlar monodillilərdən fərqli olaraq daha yüksək yaddaş tutumuna və diqqət dəqiqliyinə malik ola bilirlər. Xüsusilə, qısamüddətli yaddaş çoxdillilərdə daha effektiv işləyir.
Çoxdilli uşaqlar bir dil sistemindən digərinə keçid etmək bacarığını inkişaf etdirdiyindən, onlar problem həll etmə və planlaşdırma sahələrində daha yüksək performans göstərə bilərlər. Son olaraq onu qeyd etməliyik ki, yuxarıdakı bütün məlumatlar tipik inkişaf göstərən uşaqlar üçün xarakterikdir. Xüsusi qayğıya ehtiyacı olan uşaqlarda isə monodil istifadəsinin tərəfdarıyıq. Uşağın təlim aldığı dilin ailədə istifadə olunan dillə eyni olması effektivlik baxımından vacibdir.
Milanə Həsənova
Klinik psixoloq
Fikriniz
0
0