Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi İctimai Birliyi

“Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi” İctimai Birliyi 2011-ci ildə Azərbaycanda qeydiyyatdan keçmiş və 2012-ci ildə  121-ci ölkə olaraq Beynəlxalq Portec Assosiasiyasına üzv seçilmiş və əlilliyə erkən müdaxilə xidmətləri sahəsində Azərbaycanı beynəlxalq tədbirlərdə təmsil etmək hüququnu, həmçinin Beynəlxalq Portec Assosiasiyanın Azərbaycanda yeganə  təmsilçisi statusunu qazanmışdır.

“Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi” İctimai Birliyi Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, Prezidenti Yanında QHT-larına Dövlət Dəstəyi Şurası, Bakı Şəhər İcra Hakimiyyəti və yerli QHT-la sıx əməkdaşlıq edərək, Azərbaycanda erkən uşaq dovrü inkişafı sahəsinə, xüsusilə əlilliyi olan uşaqların inkişafına erkən müdaxilə, onların inklüziv təhsilə hazırlığı, cəmiyyətə inteqrasiyası, eləcə də əlilliyin dərki sahəsində cəmiyyətin məlumatlandırılması prosesinə öz töhvəsini verir. Beynəlxalq ekspertlər tərəfindən təlimləndirilmiş Portec mütəxəssislərimiz səhiyyə işçiləri, sosial işçilər, müəllimlər arasında ev ziyarətçilərinin hazırlanması istiqamətində bir sıra layihələr, fəaliyyətlər həyata keçirmişlər.

 Portec 0-7 yaşa qədər əlilliyi olan uşaqlar və onların ailələri üçün nəzərdə tutulmuş ailə-əsaslı erkən müdaxilə proqramı modelidir. Əlilliyi olan uşaqların və onların valideynlərinin inklüziv cəmiyyətə hazılanmasına fokuslanan Portec Proqramı çərçivəsində  ev ziyarətçiləri ailələrə həftədə bir dəfə səfərlər edir, əlilliyi olan uşaqların həyat bacarıqlarını inkişaf etdirmək üçün  valideynlərə və uşağa qulluq edən digər şəxsləri təlimləndirirlər, bu istiqamətdə fəaliyyətlərini planlamağa kömək edirlər. Bundan əlavə, beynəlxalq ekspertlər tərəfindən təlimləndirilmiş mütəxəssislərimiz əlilliyi olan uşaqlar və onların ailələri ilə işləmək üçün səhiyyə, məktəbəqədər təhsil işçiləri, sosial işçilər və psixoloqları portec modelinə əsasən ev ziyarətçiləri kimi təlimləndirirlər.

Hazırda «Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi» İctimai Birliyi UNİCEF-in Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda ən  həssas qruplara daxil olan uşaqlar üçün icma və ailə əsaslı inteqrasiya olunmuş sosial xidmətlərin yaradılması ” proqramı çərçivəsində “Ağcabədidə Universal və Mütərəqqi Evə Ziyarət Modelinin tətbiqi” üzrə pilot layihəsini həyata keçirir. Layihənin yerli partnyorları Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta və TƏBİB-dir.

Ağcəbədi rayonunda Ev  Ziyarəti xidmətlərinin gücləndirilməsi məqsədilə  ÜST və UNİCEF tərəfindən hazırlanan Universal və Mütərəqqi Ev Ziyarətləri Modeli üzrə təlim paketinə əsasən Ağcabədi rayonunda 30 səhiyyə işçisi və GHT nümayəndələrinə təlimlər keçirilmişdir. Təlim sessiyaları erkən uşaqlıq dövrü inkişaf sahəsində uzun müddət təcrübəyə malik təlimçi həkim və sosial işçilər tərəfindən təqdim edilmişdir. Təlimin ilk günündə BMT-nin Uşaq Fondunun nümayəndəsi Töhvə Cəmilova ev ziyarətçilərinin (patronaj tibb bacılarının) yeni rolu və əhəmiyyəti, eləcə də COVİD-19 pandemiyası dövründə ev ziyarətlərinin təşkili və onun riskləri barəsində iştirakçılar ilə vacib məlumatları payalaşmışdır. Təlim zamanı iştirakçılara ana südünün əhəmiyyəti, əlavə qidadan  istifadə qaydaları, həmçinin erkən uşaqlıq dövrünün uşağın gələcək həyatında rolu, ataların uşaq inkişafı prosesində iştirakının əhəmiyyəti, uşağın inkişafı üçün vacib, həmçinin onun inkişafına mənfi təsir göstərə biləcək amillər  və  fərqli inkişaf edən uşaqlara aid mövzular təqdim edilmişdir.

Təlimlərin sonuncu günü UNİCEF-in əməkdaşı Yelena İsrafilova tərəfindən təlim iştiralçəlarına ev ziyarətləri zamanı sənədləşdirmə bağlı təqdimat etmişdir.

12 aprel tarixindən təlimləndirilmiş patronaj tibb bacıları sahələr üzrə yaşayan hamilə qadınlar və 0-3 yaşında uşaqların ailələrinə səfərlərə başlamışlar

 

 

“Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi” İctimai Birliyinin mail adresi - [email protected]

“Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi” İctimai Birliyinin Facebook səhifəsi - https://www.facebook.com/EADPNPU/

“Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi” İctimai Birliyinin  instagram səhifəsi - https://www.instagram.com/portec.aze/