Erkən Uşaqlıq Dövründə İnkişaf(EUDİ) layihəsi 8 yaşadək uşaqların sosial, fiziki və əqli inkişafı, sosial aktivliyinin artırılması, bu sahədə çalışan səhiyyə, təhsil və sosial mütəxəssislərin maarifləndirilməsi və təkmilləşdirilməsi, təşviq və dəstək proqramlarının həyata keçirilməsi və məsləhət xidmətlərinin göstərilməsini əhatə edir.

EUDİ nədir?

BƏSLƏYİCİ QAYĞI

QİDALANMA   Ana südü körpənin immunitetinin güclənməsi və sağlam inkişafı üçün ən yaxşı qidadır. Yenidoğulmuş körpə həyatının ilk saatından başlayaraq 6 ay ərzində yalnız ana südü ilə qidalandırılmalıdır. Bu dövrdə digər maye (su, çay) və ya qida lazım deyil. Ana südündə yetərincə maye var (ana südü 87-90 % sudan ibarətdir) və bu, hətta istidə belə, körpənin tələbatını ödəyir. Körpəyə 6 ayından sonra düzgün qaydada digər qidalar verə bilərsiniz.  

SAĞLAMLIQ   Ailə quran gənclər ilk növbədə sağlam həyat tərzi sürməli, nikaha daxil olarkən həkim müayinəsindən keçməli və reproduktiv sağlamlıqlarına, yəni cinsi sağlamlıq, ailə planlaşdırılması və təhlükəsiz analığa ciddi yanaşmalıdırlar. Uşaq dünyaya gəldikdən sonra profilaktik və müalicəvi tibbi xidmətlərdən istifadə etməklə uşağı məişət və ekoloji təhlükədən qorumaq mümkündür.  

HƏSSAS QAYĞI   Körpənizi qucağınıza alaraq onunla “dəri-dəriyə” təmasına girin. Bu, ana ilə uşaq arasında psixoloji və emosional təmasın yaranmasına səbəb olur. Körpəniz üçün mehriban və etibarlı ailə mühiti formalaşdırın. Unutmayın ki, atanın körpə ilə ünsiyyəti uşağın mənəvi və fiziki inkişafında başlıca rol oynayır.  Körpənin sağlamlığı üçün normal yuxu rejimi də çox vacibdir. Yeni doğulan körpə üç ayına kimi 17-19 saat yata bilər. Altı aylıq körpənin sutkada 14-15 saat yatması kifayət edər. Bir yaşınadək uşağın sutkada 11-13 saat yatması yetərlidir.  

TƏHLÜKƏSİZLİK   Hər bir uşaq müharibə və münaqişələrin nəticələrindən qorunmalıdır. Uşaqların təhlükəsizliyi dedikdə onların fiziki təzyiqdən qorunması ilə yanaşı, beyinlərini sakit saxlamaq və qorumaq nəzərdə tutulur. Uşaqların ətrafında sevgi və qayğı dolu mühit yaratmaqla onların daha sağlam yaşamasına və inkişafına səbəb ola bilərsiniz. Böyüklərin uşaqlara kobud rəftarı onların inkişafına, sağlamlığına və ləyaqətinə zərər vurur.   

ERKƏN ÖYRƏNMƏ   Erkən yaşlarda körpə ilə nəzakətlə ünsiyyət qurmaq, birlikdə kitab oxumaq, mahnı zümzümə etmək valideyn-uşaq münasibətlərini möhkəmləndirir və körpənin sevgi ilə əhatə olunmasını təmin edir. İlk baxışdan sadə görünən bu addımlar körpənin sağlam inkişafının və onun həyatındakı gələcək uğurların təməlidir. Odur ki, körpə həyatının ilk 1000 günü inkişaf üçün çox vacibdir. Əlverişsiz uşaqlıq təcrübələri həyat boyu insanın sağlamlığında və sosial mühitdə özünü biruzə verir.