Uşaqlarda adətən 1-3 yaş və 6-9 yaş arasında tr...
Uşaqlarda adətən 1-3 yaş və 6-9 yaş arasında travma hadisələri ilə çox rastlaşırıq. Nəzərə alsaq ki, 0-6 yaş arası yaralanmaların 18%-i ağız və ağız ətrafı toxumaları əhatə edir, bu, böyük bir rəqəmdir.
Xüsusilə 1-3 yaş arası əsasən süd dişi yaralanmaları olur, əksər hallarda dişlərin hərəkətliliyi artır yəni sallanmağa başlayır. Mütləq stomatoloqa müayinə üçün müraciət edilməlidir. Nəzərə alsaq ki, süd dişinin kökü daimi dişin mayası ilə birbaşa əlaqədədir. Bu zaman hərhansı bir zədə varsa, kontrol altında tutulmalıdır. Əgər dişin tacında qopma, qırılma və ya sinirində zədələnmə varsa mütləq diş müalicə edilməlidir.
6-9 yaş arası isə ən çox daimi dişin tac zədələnmələri ilə qarşılaşırıq. Daimi diş zədələnmələrində mütləq rentgenolojik müayinə lazımdır. Əgər sinir zədələnməsi varsa kanal müalicə edilir, daha sonra isə diş estetik olaraq bərpa edilir.
Əgər tacın bir qismi qopubsa və ya diş tamamilə diş yuvasından çıxıbsa dişi süd, yoxdursa təmiz saf su içərisində 30 dəqiqə-1saat ərzində stomatoloqa aparmaq lazımdır. Düzgün qaydada saxlanılan diş yenidən reimplantasiya, yəni həmin diş yuvasına yerləşdirilə bilir. Yox əgər qopan bir parçadırsa bəzən yapışdırmaq olur. Bəzən isə plombla bərpa olunur.
Travma zamanı ən önəmli detal qanaxmanı kontrol altına almaqdır, bunun üçün təmiz bir tənziflə tampon edə bilərsiniz. Sonrası üçün isə mütləq professional müdaxilə lazımdır. Yaralanma sonrası ev baxımında xəsarət alan nahiyə tez-tez qulaq pambığı və ya təmiz pambıq vasitəsi ilə təmizlənməlidir. Bitki tərkibli və ya 0.12%lik xlorheksidin tərkibli qarqaralardan istifadə edilməlidir. Uşaq qarqaradan istifadə edə bilmirsə çobanyastığı, gülxətmi kimi bitki çayları dəmlənib təmiz bir tənzif və ya pambıqla travma alan nahiyə tez tez silinməlidir. Dişdə sallanma varsa minimum 1 həftə yumşaq qidalanma olmalı, 2 həftə ön dişlərlə qidalanma çox olmamalıdır. 90% hallarda həkim infeksiyanı kontrol altına almaq üçün antibiyotik göstərişi verir.
Nəzrin Rəsulzadə
Həkim-stomatoloq
Fikriniz
0
0