Daimi dişlərin sürmə zamanları

Uşaqlarda ilk dəyişən süd dişi alt ön kəsici dişlərdir. Sonra sıra ilə üst ön kəsicilər, alt yan kəsicilər və digərləri ardıcıllıqla dəyişməyə davam edir. Ağıl dişi xaric təxminən 12-13 yaşlarında daimi dişlərlə süd dişlərinin dəyişmə müddəti bitir.

Bu dövrlərdə adətən qarşılaşdığımız və valideynləri təşvişə salan 2-3 məqama diqqət edək:

1.Bəzən süd dişi düşmədən daimi diş damaqdan çıxır, hər 10 uşaqdan birində qarşılaşılan bir haldır, amma qorxulu hal deyil. Damaq mukozasının qalınlığı, genetik faktorlar, çənə ölçüsünün kiçikliyi və s. səbəblərlə belə hallarla qarşılaşa bilirik. Sadəcə daimi dişin öz yerini vaxtında ala bilməsi üçün gecikdirmədən süd dişini çəkdirmək şərtdir.

2.Daimi dişlər xüsusilə alt ön kəsicilər düzgün çıxmır, meyilli pozisiyada olur. Belə hallarda təşvişə ehtiyac yoxdur. Adətən zamanla dişlər öz yerini alır.

3.Daimi dişlər nisbətən böyük ölçüdə olur, zamanla uşağın çənəsi də böyüdüyü üçün dişlər öz yerini alır. Lakin yenə də 6-7 yaş periodunda ortodont həkim müayinəsindən keçməkdə fayda var. Bəzən bu yaşlarda tətbiq etdiyimiz xırda müdaxilələr gələcəkdəki uzun müddətli breket müalicəsindən qoruyur.

Və stomatoloqların ən çox qarşılaşdığı hallardan biri də daimi 1-ci azı dişi kariyesidir. 6 yaş dişi dediyimiz bu diş heç bir SÜD dişi ilə yer dəyişmədən, sonuncu süd azı dişinin tam arxasından çıxır.Valideynlər bunu da süd dişi bilib bəzən laqeyd yanaşırlar. Çənə quruluşunda ən sonda yerləşdiyi üçün uşaqlar kifayət qədər gigiyenasına nəzarət edə bilmir. Belə hallarda 7-8 yaşında ciddi ağrılar və dərin kariyeslə qarşılaşırıq. Birinci azı dişimiz çeynəmədə mühüm rol oynayır. Bütün valideynlərdən xahişimiz 6 yaş periodunda uşaqların dişində xırda bir kariyesi də mütləq müalicə etdirmələridir.

Bəs bu daimi azı dişlərini qorumağın başqa yolu varmı?

Bəli var. Fissur qoruyucu dediyimiz müalicə metodu ilə azı dişlərimizin girintili-çıxıntılı səthlərini bir gel ilə örtürük və nəticə etibari ilə buraya qida qalığı yığılmır, səth daha sürüşkən olduğu üçün təmizlənməsi daha rahat olur. Beləliklə müəyyən miqdarda kariyesin yaranmasının qarşısını almış oluruq.

Fissur qoruyucu tətbiq edilsə də, ildə 2 dəfə stomatoloq müayinəsi şərtdir. Beləliklə problemlər daha minimal müalicələrlə ortadan qalxır.

 

Rəsulzadə Nəzrin

Həkim-stomatoloq