Uşaqlarda ayrılıq anksiyetesi

Ayrılıq anksiyetesi, xüsusilə 6 yaşa qədər olan uşaqlarda tez-tez rast gəlinən və normal inkişaf prosesinin bir hissəsi hesab olunan bir vəziyyətdir. Bu hal, uşağın əsas baxıcı şəxsdən (adətən anadan) ayrılarkən yaşadığı narahatlıq, qorxu və stres kimi əlamətlərlə özünü göstərir. Məsələn, uşaq bağçaya gedərkən və ya valideyn qısa müddətlik otaqdan çıxarkən ağlama, yapışma və ya panika kimi reaksiyalar verə bilər. Valideynlərin bu dövrdəki yanaşması, uşağın həm bu çətinlikdən çıxmasına, həm də gələcəkdə emosional dayanıqlılıq qazanmasına kömək edə bilər.

1. Uşağın hisslərini anlamaq:

Valideynlər ilk növbədə uşağın yaşadığı qorxu və narahatlığı anlamalıdırlar. “Səni başa düşürəm, mən də səndən ayrılarkən darıxıram” kimi ifadələr, uşağın öz hisslərini ifadə etməsinə və anlaşıldığını hiss etməsinə şərait yaradır.

2. Ayrılıq anını tədricən öyrətmək:

Uşağın ayrılığa adaptasiya olmasını təmin etmək üçün bu prosesi tədricən həyata keçirmək faydalıdır. Məsələn, əvvəlcə qısa müddətlik (5-10 dəqiqə) ayrılıqlar təcrübə edilə bilər. Valideyn otaqdan çıxıb qısa müddət sonra qayıtdıqda, uşaq zamanla bu vəziyyətə alışacaq. Ayrılıq müddəti tədricən artırıla bilər.

3. Rutin Yaratmaq:

Ayrılıq anksiyetesini azaltmaq üçün uşağın həyatında sabit rutinlər yaratmaq çox əhəmiyyətlidir. Məsələn, bağçaya getməzdən əvvəl hər gün eyni mahnını oxumaq və ya eyni oyunu oynamaq uşağın özünü daha güvəndə hiss etməsinə kömək edəcək. Rutinlər uşağa nəyin nə vaxt baş verəcəyini öyrədir və gözlənilməz vəziyyətlərdən yaranan narahatlığı azaldır.

4. Vida anını qısaltmaq:

Uşaqlarla vidalaşma anını çox uzatmaq, onların narahatlığını daha da artıra bilər. Valideynlər sakit, mehriban, amma qısa vidalaşma üsulu seçməlidirlər. Məsələn, “Mən gedirəm, amma tezliklə qayıdacağam. Səni çox sevirəm!” deyərək ayrılmaq uşağa güvən verəcəkdir.

5. Qayıdışları müsbət hisslərlə bağlamaq:

Valideyn geri qayıtdıqda uşağa diqqət göstərmək və onunla vaxt keçirmək, uşağın valideynin hər zaman qayıdacağını başa düşməsinə kömək edəcək. Məsələn, “Bax, mən qayıtdım! İndi birgə kitab oxuyaq?” kimi təkliflərlə uşağa diqqət vermək lazımdır.

6. Özünəgüvənini dəstəkləmək:

Uşaqların öz başlarına vaxt keçirmələrinə imkan vermək də önəmlidir. Onlara kiçik tapşırıqlar verərək (məsələn, oyuncaq toplamaq və ya rəsm çəkmək) həm diqqətlərini yayındırmaq, həm də özlərinə güvənlərini artırmaq olar.

7. Sakit və güvən verici davranmaq:

Valideynlər ayrılıq zamanı özləri də narahat və gərgin olarsa, uşaqlar bu hissləri hiss edir və eyni şəkildə reaksiya verirlər. Valideynlərin sakit və güvən verici bir enerji yaymaları uşağın da rahatlamasına kömək edəcəkdir.

8. Uşağın Sual və Narahatlıqlarına Cavab Vermək:

Uşaqlar bəzən “Hara gedirsən?”, “Nə vaxt gələcəksən?” kimi suallar verə bilərlər. Valideynlər sadə və dəqiq cavablar verərək uşağın beynindəki sualları aradan qaldırmalıdırlar. Məsələn, “Mən işə gedirəm və sən yatmamışdan əvvəl evdə olacağam” kimi konkret cavablar uşağın zaman anlayışını formalaşdırır.

Ayrılıq anksiyetesi uşaqlar üçün təbii və keçici bir prosesdir. Valideynlərin səbirli, anlayışlı və güvən verici yanaşmaları sayəsində uşaqlar bu dövrü daha rahat keçirə və gələcəkdə daha balanslı emosional inkişaf göstərə bilərlər. Hər bir uşağın özünəməxsus olduğunu unutmadan, onların fərdi ehtiyaclarına uyğun davranmaq ən doğru yanaşma olacaqdır.

 

Züllfiyyə Abbasova

Psixoloq, psixoterapevt, ailə danışmanı