BEYNƏLXALQ İNKİŞAFIN DƏSTƏKLƏNMƏSİ VƏ İZLƏNİLMƏSİ RƏHBƏRLİYİ (İDİR) haqqında qısa məlumat

Hal-hazırda dünyada inkişafı (qavrama, anlama, nitq, ünsiyyət, hərəkətlər, özünəxidmət bacarıqları) qiymətləndirmək üçün alətlər ABŞ və Avropanın inkişaf etmiş ölkələrində işlənib hazırlanıb və digər ölkədə istifadə olunmaları üçün onlar satın alınmalı, tərcümə edilməli, intensiv treninqlər aparılmalı və  ölkə üçün standartlaşdırılmalıdır. İnkişaf çətinliklərinin qarşısının alınması, erkən diaqnostikası və müalicəsi üçün istifadə olunan alətlərin çatışmazlığı səbəbi ilə 1995-ci ildən başlayaraq aparılmış çoxsaylı elmi tədqiqatlar nəticəsində Ankara Universitetində prof. İlgi Ertem tərəfindən  Beynəlxalq İnkişafın Dəstəklənməsi və İzlənilməsi Rəhbərliyi -İDİR  (İnternational Guide on Monitoring Child Development – IGMCD)  işlənib hazırlanmışdır (30, 31). İlk olaraq Türkiyədə aparılan tədqiqatlar nəticəsində  İDİRin sualları hazırlanmış və türk uşaqları üçün inkişaf göstəriciləri toplanmışdı. Sonradan İDİRin beynəlxalq alət səviyyəsinə çatdırılmasına qərar verilmişdi. Əsas araşdırma sualı uşaqların inkişafının müxtəlif ölkələrdə eyni olub-olmamasını aydınlaşdırmaq və bu oxşarlığı beynəlxalq, restandartizasiya tələb etməyən alətin hazırlaması üçün  istifadə mümkünlüyündən ibarət olmuşdur. Tədqiqat 4 fərqli ölkədə aparılmışdı: Türkiyə, Hindistan, Cənubi Afrika və Argentina. Tədqiqat nəticəsində məlumat olmuşdur ki, bir çox inkişaf göstəricilərinə müxtəlif ölkələrin uşaqları eyni yaş dövründə nail olurlar. Bu göstəricilər İDİRdə yer almışdır. Bəzi göstəricilərin nail olma yaş dövrü müxtəlif ölkələrdə fərqli olmuşdur. Bu inkişaf göstəriciləri xaric olunmuşdu. Beləliklə Beynəlxalq İDİR hazırlanmışdı. İkinci mərhələdə İDİRin dürüstlüyünü təsdiq edən tədqiqatlar aparılmışdır. İDİRin istifadəsi zaman alınan nəticələr “qızıl standart” ilə qiymətləndirmənin, təcrübəli mütəxəssis tərəfindən aparılan müşahidə və müayinənin nəticələri ilə müqayisə olunmuşdur və İDİRin dürüstlüyü təsdiq olunmuşdur. İDİRin həssaslığı 0.79-0.94, spesifikliyi - 0.70-0.82 təşkil etmişdi.

Beynəlxalq İnkişafın Dəstəklənməsi və İzlənilməsi Rəhbərliyi  0-42 ay uşaqların inkişafını qiymətləndirmək,  ailə ilə mütəxəssis arasında tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə şərait yaratmaq, ilkin səhiyyə sistemində uşağın erkən inkişafına və inkişaf çətinliklərinə yanaşmalara dəstək olmaq üçün açıq suallar və aktiv dinləmə əsasında qurulmuş yanaşmadır. İDİR ilə uşağın inkişafının qiymətləndirilməsi 10 dəqiqə tələb edir. İDİR beynəlxalq stardartizasiyadan keçib və buna görə də Azərbaycan üçün restandartizasiyası tələb olunmur. İDİRi istifadə etmək üçün “İDİRin İstifadəçilər üçün Təlim  Proqramı”nı keçmək zəruridir. Təlim proqramı sertifikasiya keçmiş təlimçilər tərəfindən aparılır.

İDİR üç məqsədə qulluq edir - inkişaf çətinliklərinin profilaktikası, erkən aşkarlanması və erkən müdaxiləsi.  İDİR bioekoloji nəzəriyyələr üzərində qurulub, ailə mərkəzli, uşaq və ailənin güclü tərəflərinə əsaslanan yanaşmadır və Ümumdünya Səhiyyə Təşkilatının Fəaliyyətin, Həyat Fəaliyyətinin Məhdudluğu və Sağlamlıq Təsnifatına əsaslanır. İDİR üç tərkib hissədən ibarətdir – İnkişafın İzlənilməsi (Monitorinq), İnkişafın Dəstəklənməsi və Erlən Müdaxilə.

İDİRin İnkişafın İzlənilməsi (Monitorinq) hissəsi 2 səhifədən ibarət olub, valideynə və ya uşağa qulluq edən şəxsə verilən 8 açıq sualdan ibarətdir. Açıq suallar elə qurulub ki, bu sualları bütün yaş qruplarına aid etmək olar. 1-ci sual valideynin narahatçılığını aşkarlamaq üçün, 2-7 suallar ekspressiv (ifadə) nitq, reseptiv (anlama) nitq, böyük və kiçik hərəkətlər, münasibətlərin qurulması, oyun fəaliyyəti və özünəxidmət sahələrində uşağın inkişafını qiymətləndirmək üçün nəzərdə tutulur.  2-7 suallar üçün hər inkişaf sahəsinə dair inkişaf göstəriciləri verilib. İnkişaf göstəriciləri 12 yaş sütünlarına (1-2 ay, 3-4, 5-6, 7-8, 9-11, 12-14, 15-17, 18-21, 22-25, 26-29, 30-35, 36-42 ay) yerləşdirilib. Yaş sütünuna bu yaşda olan uşaqların 85%-nin nail olduğu inkişaf göstəriciləri yerləşdirilib. Valideynin verdiyi cavablardakı inkişaf göstəriciləri yaş sütünlarında qeyd olunur. Əgər hər hansı bir göstərici valideyn tərəfindən qeyd olunmayıbsa, həmin göstərici valideynə yenidən açıq sual verilərək aydınlaşdırılır və qeyd olunur.

İDİRin Dəstəkləmə bölməsi

İDİRin Dəstəkləmə bölməsi 8-10-cu suallardan, Dəstəkləmə Kartından və “Səninlə öyrənirəm” kitabından ibarətdir.  8-10 suallar psixososial riskləri aşkarmalaq, valideynlərlə sıx əlaqə yaratmaq, valideynləri tərəfdaş kimi qəbul etmək və müdaxilə planını birgə hazırlamaq üçün nəzərdə tutulub.

Dəstəkləmə kartı  2 səhifədən ibarətdir. Dəstəkləmə kartında uşağı müxtəlif yaş  dövrlərində hər inkişaf sahəsinin necə dəstəklənməsi tövsiyə edilir. Dəstəkləmə Kartında tövsiyyələr 0-3 ay, 4-7 ay, 8-12 ay, 13 ay-3 yaş, 3 yaş – məktəbəqədər dövrlər üçün nəzərdə tutulur.  Dəstəkləmə Kartı bir çox beynəlxalq mənbələr istifadə edilməklə hazırlanıb. Dəstəkləmə Kartında mühüm tövsiyələr qısa və sadə dillə verilib ki, valideynlər onları oxuyarkən asanlıqla anlasınlar. Dəstəkləmə Kartını valideynlərlə birlikdə oxumaq, valideynlər arasında yaymaq, poster kimi istifadə etmək olar.