Keçi və tülkü

Biri var imiş, biri yox imiş, bir tülkü var imiş. Bir gün bu tülkü içində su olan bir quyuya düşür. Elə həmin vaxt bu quyunun yanından bir keçi keçərkən susayır və quyunun içinə baxır, tülkünü orada görür və soruşur: “Bu su içməlidir? İçə bilərəm bu sudan?” Tülkü suyu çox tərifləyərək “Hə, əlbəttə içməlidir. En aşağı, dayanma orada!”- deyir. Keçi çox susuz olduğundan onun sözlərinə aldanıb, heç düşünmədən aşağı enir. Susuzluğunu yatırandan sonra ağlı başına gəlir və tülküyə : “Vay,vaay, bəs indi biz bu dərin quyudan necə çıxacağıq?”-, deyə soruşur.

Tülkü: “Sən heç narahat olma. Mən ikimizi də buradan xilas etməyin yolunu bilirəm. Sən indi düz dayan, ön ayaqlarını divara söykə və buynuzlarını yuxarı qaldır, mən isə dırmanaraq çıxım, sonra da səni yuxarı çəkib çıxararam”- deyir. Keçi də bu fikri çox bəyənir və razı olur. Tülkü keçinin ayaqlarından çiyinlərinə, çiyinlərindən də buynuzlarına sıçrayaraq quyunun ağzına çatır və oradan dərhal uzaqlaşır.

Keçi “Ey,hara gedirsən? Bəs məni niyə çıxarmadın? Belə razılaşmamışdıq axı?!”- deyir.

Tülkü isə onun sözlərini eşidib arxaya çönür və deyir: “Sənin çənəndəki saqqal qədər ağlın olsaydı, bu quyuydan necə çıxacağını düşünmədən heç ora düşərdin? Və beləcə keçi anladı ki, sonunu düşünmədən heç bir hərəkət etmək olmaz.

Tənbəl dovşan

Biri var idi, biri yox idi, bir tənbəl dovşan var idi. Bir zamanlar bu dovşanın yaşadığı meşədə çox qorxulu bir quraqlıq yarandı.  Yaz gəlib keçsə də, bir damla yağış yağmadı. Susuzluq heyvanları o qədər incitdi ki, onlardan birinin təklifi ilə bir su quyusu qazmağa qərar verdilər və işə başladılar. Bütün heyvanlar, hətta quşlar da gecə-gündüz çalışdılar.

Amma dovşan: "Mən çox balacayam!" deyərək işləmək istəmədi. Dovşanın bu cür nazlanması digər heyvanları çox qəzəbləndirdi. Heyvanların əməyi boşa getmədi və qazdıqları quyudan buz kimi soyuq su çıxanda doyunca içib sevindilər. Quyu qazmağa kömək etməyən dovşana su vermədilər. Kral aslan isə dovşanın quyuya yaxınlaşmaması üçün hər gün quyunun başına bir gözətçi təyin etdi. Dovşan etdiyi səhvi başa düşdü, amma artıq çox gec idi.

Heyvanlar hər gecə növbə ilə quyuya nəzarət edirdilər. Bir gecə quyuya baxmaq növbəsi filə çatdı. Dovşan fili çox sevirdi və o, “heç kim görmədən fil mənə su verər" fikriylə filin yanına gələndə onun yatdığını gördü. Çox çalışsa da, onu oyada bilmədi. Nəhayət filin qulağına qışqırdı. Fil elə tullandı ki, quyunun ətrafındakı bir yığın daşa çırpıldı və bütün daşlar quyuya töküldü. Beləliklə, quyunun ağzı bağlandı. Bu vəziyyətə çox məyus olan fil ağlamağa başladı və "Bu mənim günahımdı! "- dedi. "İndi nə içəcəyik və mən səhər heyvanlara nə deyəcəm?"-deyə təəssüf hissi keçirdi.

"Bu qədər kədərlənmə!"- dovşan dedi. “Əlbəttə bir həll yolu tapa bilərik. İkimiz də birlikdə işləsək, quyunu səhərə qədər təmizləyərik.”

Fil: "Ancaq sən balaca və zəifsən!" -dedi. Dovşan belə cavab verdi: “Sən indi görəcəksən mən necə işləyəcəm."

Həqiqətən, dovşan o qədər işlədi ki, səhərə qədər fil ilə quyunu açmağı bacardılar. Ertəsi gün fil bütün heyvanlara dovşanın zəhməti barədə danışmağa başladı. Hamı dovşanı alqışladı və quyudan su içməyə layiq olduğunu söylədilər. Dovşan təkcə su içə biləcəyinə deyil, başqa heyvanlarla yenidən dostluq edə biləcəyinə görə çox sevindi. Özünü yenidən meşənin bir üzvü kimi görmək onu çox xoşbəxt etdi.

Təbiət və uşaq

Biri var idi, bir yox idi. Qonşu kəndlərin birində bağçada oyun oynamağı çox sevən Kamran adlı bir uşaq yaşayırdı. Kamran hər gün rəngarəng kəpənəklər, qızılgüllər və çiçəklər arasında qaçırdı. Təbiətlə ilk dəfə tanış olan Kamran hər dəfə sıçrayan bir qurbağa və ya otlayan bir inək gördükdə sevinərək: "Hər şey nə qədər gözəl və əyləncəlidir” -,deyə düşünürdü.

Belə günlərin birində Kamran qəflətən qarşısında bir dələ gördü və arxasınca qaçaraq gül bağçasına gəlib çıxdı. Burada çox gözəl qızılgüllər gördü. Onları biraz seyr etdikdən sonra qoparmaq istədi, ancaq barmağına bir tikan batdı. Çox ağrıyırdı. Kamran ağlamağa başladı və evinə qaçdı.

Kamranın ağladığını görən anası: “Nə oldu oğlum? Niyə ağlayırsan?”-deyə soruşdu. Kamran dedi: "Mən qızılgülü qoparmağa çalışarkən onun tikanı barmağıma batdı və indi çox ağrıyır."

Anası isə: “Oğlum biz gülləri seyr edə bilərik, amma onlar qoparılanda yox, öz budaqlarında daha gözəldirlər"-dedi.

Kamran : “Bundan sonra sənin dediklərini edəcəm, anacan”- dedi.

Anası: "O zaman de görüm, bu gün nə öyrəndin?"- deyə soruşdu.

Kamran isə "Bitki və ya heyvanları, həmçinin bütün canlıları qorumalıyıq və onları heç vaxt incitməməliyik. Canlıları incitmək gələcəkdə insanlara zərər verə bilər"- dedi.

İki dələ

Biri var idi biri yox idi!

Meşədəki ağacların birində Qızılcıq adlı bir dələ yaşayırdı. Qızılcığın qonşu ağaclardan birində yaşayan bir dələ dostu var idi. Adı Kəskindiş idi.

Qızılcıq bir gün meşədə rastlaşdığı Kəskindişi yeməyə dəvət etdi. Yemək üçün çox gözəl bir şorba bişirdi. Axşam Kəskindiş gəldi. Bir az söhbət etdikdən sonra şorbalarını içməyə başladılar. Kəskindiş bir neçə qaşıq şorba götürən kimi öskürməyə başladı.

O öskürərkən isə Qızılcıq hayqıraraq gülməyə başladı. Məlum oldu ki, Qızılcıq dostuna zarafat olaraq şorbanın içərisinə istiot əlavə edibmiş.

Bunu başa düşən Kəskindiş Qızılcığa çox qəzəbləndi, amma dostuna heç nə demədi.

Bir müddət sonra Kəskindiş də Qızılcığı yeməyə dəvət etdi. Həm də çox gözəl bir şorba hazırladı və Qızılcığa hiss etdirmədən şorbaya istiot əlavə etdi. Bu dəfə isə Qızılcıq bir neçə qaşıq içdikdən sonra öskürməyə başladı. Təbii ki, bu dəfə ona gülən Kəskindiş idi. Qızılcıq o zaman anladı ki, özümüzə edilməsini istəmədiyimiz bir şeyi başqasına etməməliyik. Səhvini başa düşdü və Kəskindişdən üzr istədi.

Qızılgül və kaktus

Biri var imiş biri yox imiş. Uzaq bir səhrada, gözəl görünüşü ilə qürur duyan bir gül var imiş.

Yeganə şikayəti isə tikanlı kaktusun yanında böyüməsi imiş. Hər gün qızılgül öz gözəl ləçəkləri ilə öyünüb, görünüşünə görə kaktusa lağ edib gülsə də, kaktus onun bu sözlərinə sakit qalırdı. Yaxınlıqdakı bütün bitkilər gülə bu hərəkətin düzgün olmadığını anlatmağa çalışsalar da, o kaktusa gülməyə davam edirdi.

Bir gün qızılgül: “Bir bu kaktusa baxın, hansı quş bunun üstünə qonsa tikanı batacaq və quşu yaralayacaq. Həm tikanlıdır, həm də zərərli.”- deyib yenə rişxənd etməyə başladı. Lakin kaktus yenə də cavab vermədi.

Bundan qısa müddət sonra qızmar bir yay gəldi, səhra həddindən artıq qurudu və bitkilər üçün su qalmadı. Qızılgül sürətlə solmağa başladı. Gözəl ləçəkləri qurumuş, təravətini itirmişdi. O, susuzluqdan öz ləçəklərini tökməyə başlamışdı.

Və birdən kaktusa dönərək bir sərçənin su içmək üçün dimdiklərini kaktusa batırdığını gördü. Gül öz etdiklərindən çox utansa da, kaktusdan bir az su istədi. Xeyirxah kaktus isə asanlıqla razılaşdı və dostluğunu əsirgəmədən hər ikisinə bu quraqlıqda kömək etdi.

Artıq qızılgül lağ etməyin pis bir xüsusiyyət olduğunu öyrəndi və bunu bir daha təkrar etmədi...

Yatmaq istəməyən zürafə

Biri var imiş, biri yox imiş. Boyu çox hündür bir zürafə var imiş. O qədər hündür imiş ki, ac olanda ən hündür ağacdakı yarpaqları belə asanlıqla yeyə bilirmiş. Bir gün yenə ac olarkən qarşısına ilk çıxan ağacın yarpaqlarını yeməyə başlayır.

Ancaq birdən kiçik bir quş: “Ey, gözlə canavar ! Bu yarpaqlar evimin bağçasıdır. Az qala bütün evimi nəhəng ağzınla udacaqdın! "- deyərək ona baxır.

Zürafə isə kiçik quşa "Mən canavar deyiləm! Mən körpə zürafəyəm və sadəcə qarnımı doyururam",- dedi.

Zürafə çox kədərləndi və “Mən burada bir ev olduğunu bilmirdim. Buna görə başqa bir ağacın yarpağını yeyəcəyəm" -dedi.

Quş soruşdu: “Bəs başqa bir ağacda başqa bir quş yuvası varsa necə? “İstəsən, qabağa uçum. Yarpaqların arasında gizlənmiş bir yuva varsa, sənə xəbər verəcəyəm." deyərək kömək etməyi təklif etdi.

Beləliklə, quş və zürafə dost oldu. Quş ona budaqlarında yuvası olmayan ağacların yerini göstərirdi və zürafə çoxlu yarpaq yeyib qarnını doyururdu. Yediyi yarpaqların üzərində tırtıl varsa, zürafə quşu xəbərdar edirdi. Quş da tırtılları yeyirdi.

Birdən zürafə qəflətən bir səs eşitdi.

Balaca bir dovşan : “Ey, az qala məni əzəcəkdin” -dedi qəzəbli baxışlarla.

Zürafə isə : "Bağışlayın, dovşan qardaş. Quş qardaş ilə qarnımızı doyururduq, səni görmədim.”

Dovşan maraqla : “Boyum çox qısadır. Böyüyəndə nəhəng bir dovşan olsam belə, ağacların başından dünyanın necə göründüyünü bilməyəcəm.

Zürafə dedi: “Bundan daha asan nə var? Başımı aşağı salacağam, dırmaş və boynumu tut. Beləliklə dünyanı ağacların başından izlə.”

Dovşan sevindi və dərhal zürafənin boynundan yapışdı. Quş da bu işdən çox məmnun idi. İlk dəfə göyə dırmaşan bir dovşan görürdü.

Beləliklə zürafə, quş və dovşan dost oldu. Axşama kimi oynadılar və günəş batdı.

Əvvəlcə quş "Axşam oldu, indi evə getməliyik"- dedi dostlarına.

Zürafə dərhal dedi:  "Eybi yoxdur! Mən onsuz da yatmağı sevmirəm. Bu gecə yatmasaq və oynasaq necə olar? "-dedi.

Dovşan bu fikri çox bəyəndi. “Bəli, mən də yatmağı sevmirəm. Gəlin burada qalıb oyun oynayaq."

Evə gec gedəcəyindən yalnız quş narahat olurdu. Ancaq o da razılaşdı. O qədər oynadılar....oynadılar ki, günəş göydə itdi.

 "Ancaq mən çox yuxuluam" deyə quş fısıldadı və qanad çalıb evinə uçdu.

"Mən də yatmaq istəyirəm!" dovşan dedi. "Əlvida zürafə qardaş, sabah görüşərik." Sonra uzun ayaqları ilə o qədər sürətlə qaçdı ki, birdən yox oldu.

Zürafə heç əhəmiyyət vermədi. Yatmaq yox, oyun oynamaq istəyirdi. Ancaq sağına baxdı, soluna baxdı və yanında oyun oynamağa birini görmədi. Hər yer qaranlıq idi. Hətta ağaclar, çiçəklər, daşlar da görünmürdü. Bir müddət sonra zürafə də əsnəməyə başladı. Rahat yatağında olmaq istəyirdi, ancaq nə quş kimi uça bilir, nə də bir dovşan kimi qaça bilirdi.

Hündür boyu ilə qaranlıqda ağaclara dəyməmək üçün çox yavaş getməli idi. Gəzdi ... Gəzdi! Getdi ... Getdi! Ancaq evinə çata bilmədi.

Zürafə o qədər yuxulu idi ki, dərhal yaş otun üstünə uzandı və yatdı.

Səhər günəşin parlaq şüaları ilə oyandı. Oyandı, amma hərəkət edə bilmədi. Hər tərəfi ağrıyırdı, yaş otun üstündə yatmışdı deyə xəstələndi.

O gündən sonra zürafə günlərlə xəstə yatdı. Yaxşılaşana qədər heç vaxt oyun oynaya bilmədi. Dostları quş və dovşan sevinclə oynayarkən o, evdə sağalmağı gözləyirdi.

Nəhayət, o, sağaldı və dostlarına qoşuldu. Ancaq indi zürafə günəşin biraz batdığını görən kimi  "Gəlin uşaqlar, evə getməyin vaxtı çatdı”-, deyərək qaranlıq düşmədən evinə gedirdi.

Artıq zürafə yatmağı, yumşaq və isti yatağını çox sevirdi.

Kirpi balası

Biri var imiş, biri yox imiş. Bir bostanda balaca bir kirpi balası yaşayırmış. Kirpi balasının ən böyük arzusu dünyanı gəzmək imiş.

Bir gün o bu xəyalını anasına deyir :

- Ana, dünyanı gəzmək istəyirəm. Bütün meşələri görmək istəyirəm. Bu mənim ən böyük arzumdur.

Anası:

- Əlbəttə, bu xəyalı gerçəkləşdirə bilərsən. Ancaq bunun üçün böyüməlisən. Məktəbi bitirməlisən. O vaxta qədər səyahət etmək istədiyin meşələr haqqında məlumat toplamalısan – deyir.

Kirpi balası anasının verdiyi tövsiyələrə görə çox sevinir. İlk olaraq məktəbə başlayır və çox uğurlu şagird olur. Kitab oxuyub, görmək istədiyi ölkələr, meşələr haqqında məlumat toplayır.

İllər keçir və kirpi balası böyüyür. Artıq səyahət etməyin vaxtının gəldiyini düşünür. Anasına:

- Ana, məktəbimi bitirdim və artıq böyümüşəm. İcazə versən, xəyalımı gerçəkləşdirmək istəyirəm dedi. Anası da kirpinin gözlərindən öpür, səyahət etməsinə icazə verir. Kirpi hazırlıqlarını tamamlayır və yola çıxır. Az gedir, üz gedir, dərə-təpə düz gedir və bütün dünyanı gəzir.

Ancaq yenə də anası və evi üçün darıxır. Getdiyi yerdən anasına bir məktub göndərir və anası çox xoşbəxt olur.

"Anam üçün o qədər darıxmışam kii. Onu görsəm, qucaqlasam” deyə düşünür və gördüklərini dostlarına danışmaq istəyirdi. Qərar verir ki, öz evinə, öz meşəsinə qayıtsın. Hazırlıqlarını görür və yola düşür.

Bir neçə gün sonra evinə çatır. Anası oğlunu qarşısında görəndə çox sevinir. Onu qucaqlayır. Oğlunun gəzdiyi yerlərin macəralarını dinləyir. Onun xoşbəxt olduğunu görəndə daha da xoşbəxt olur.

Və beləliklə, kirpi dünyanın harasına getsə də öz evinin dünyanın ən gözəl yeri olduğuna əmin oldu.

Gözəl qəlbli çiçək

Biri var imiş, biri yox imiş.

Meşədə kiçik və taxtadan olan bir evdə yaşlı bir nənə tək yaşayırmış, tək olduğundan hər gün ağlayırmış. Yaşlı nənənin bircə çiçəyi var imiş, nənə hər gün o çiçəyi sulayır, onunla söhbət edirmiş. Bütün dərdlərini ona danışır, gün boyu başına gələn əhvalatları ona nəql edirmiş. Nənənin nə qonşusu, nə də övladları ona baş çəkməz, onunla danışmazmış.

Hər gün olduğu kimi nənə bir axşam yenə çiçəyi ilə dərdləşib öz təkliyindən şikayətlənirmiş. Həmin axşam çiçək yaşlı nənənin ağlamasından təsirlənib özü ağlamağa başlamış və bütün gecəni ağlamaqla keçiribmiş.

Həmin gecə küləkli olduğundan gülün toxumlarını hər tərəfə səpələmişdi. Nənə səhər oyananda, bağçasında yepyeni, rəngarəng çiçəklər görüb çox xoşbəxt

olmuş, çiçəyə çoxlu təşəkkür etmişdi və o gündən etibarən gözündən bir damla yaş belə axmamışdı.

Artıq nənə hər gün çiçəklərini görəndə gülümsəyir və onlarla xoş söhbət edirdi. Xüsusilə də həmin çiçəyə hər gün yatmazdan öncə etdiyi yaxşılığa görə öz minnətdarlığını bildirirdi.

Artıq nənə həmin gündən etibarən özünü yalnız hiss etmir və çiçəkləri ilə birlikdə xoşbəxt yaşayır.

Əli və yaşlı ağac

Biri var idi, biri yox idi. Meşələrin birində müxtəlif növdə, yamyaşıl ağaclar var idi. Bu ağaclar o qədər gözəl idi ki, görənləri heyran edirdi. Ağacların bəziləri böyük, bəziləri isə kiçik idi. Bəziləri yaşlı, bəziləri cavan idi. Ancaq içlərində bir ağac var idi ki, meşənin ən yaşlı və ən gözəl ağacı idi. O qədər güclü kökləri, o qədər böyük budaqları var idi ki, çox əzəmətli görünürdü. Bir müddət sonra meşədə hava dəyişməyə və güclü küləklər əsməyə başladı. Elə güclü küləklər əsirmiş ki, həmin qoca ağac belə bu cür küləklə  əvvəllər heç rastlaşmamışdı. Güclü külək günlərlə davam etdi.

Külək dayandıqdan sonra bütün cavan ağaclar  onlara heç nə olmadığına görə çox sevinirdi, ancaq bir də gördülər ki, həmin yaşlı , nəhəng, gözəl ağac yaralanıb, budaqları qırılıb. Onlar bu ağaca heç vaxt heç nə olmaz deyə düşünürdülər, lakin külək ona çox böyük zərər vurmuşdu. Ağrıdan böyük ağac günlərlə susmadı, ağladı. Heç bir ağac ona kömək edə bilmədi, tək çarə səbir etmək idi. Lakin budaqlar qırıldığı üçün dözmək çox ağrılı idi. Başqa ağaclar yerlərindən tərpənə, köməyə gələ bilmirdilər.

Bir neçə gün sonra nadir bir bitki axtaran Əli yolunu azıb bu meşəyə girdi. Yolunu azdığını anladıqda çox qorxdu. Ancaq meşədəki rəngli ağacları görəndə onları seyr etməkdən doymadı. Birdən nalə səsini eşitdi. Sağa baxdı, sola baxdı və birdən həmin nəhəng, möhtəşəm ağacı gördü, nalənin ondan gəldiyini bildi. Təəccübləndi, ancaq yaxınlaşanda qırılan budaqları gördü və öz-özünə : “Kömək etməliyəm, amma necə?” dedi. O qırılan budaqları ayırıb ağaca qulluq etməli idi.

Bu zaman Əli dostu sərçəni xatırladı və fit çalaraq onu çağırdı.

Dostunu səsindən tanıyan sərçə dərhal gəldi. Vəziyyəti görəndə sərçə də dostlarını köməyə çağırdı. Bir çox quş bir araya gəldi. Çünki böyük ağac həmişə həmin quşların onun budaqlarına  qonmasına köməklik edərdi.

Birlikdə ağacın budaqlarını ayırıb saxladılar.

Böyük ağac çox minnətdar idi. Çox təşəkkür etdi və günlər keçdi, günlər keçdikcə də böyük ağac sağalırdı. Özünü çoox yaxşı hiss edirdi. Yenidən quşlar onun sağalan budaqları üzərinə qonurdular.

Ağca və Qaraca

Məstan pişiyin iki balası təzəcə doğulmuşdu. Balalardan biri ağ digəri qara rəngli olduğundan onlara özlərinə uyğun ad da qoymuşdu. Ağ pişiyin adını Ağca, qara pişiyin adı Qaraca çağırırdı. İlk günlər balalar gözlərini açmır, süd içə- içə yatırdılar. Ana pişik Məstan onlara layla çalırdı.

Qonşu pişiyin də balaları olmuşdu. O isə balalarına heç layla çalmırdı. Bütün gün lal-dinməz onlarla yatırdı. Amma Məstan dil qəfəsə qoymadan təzə anadan olan balalarını danışdırır, onlardan cavab almasa da, buna davam edirdi.

Qonşu pişik ona gülür və ələ salırdı:

-Miyo.. miyo.. nolub, dilotu yemisən? Balaların təzəcə doğulub, nə qədər dil töksən də danışan deyillər ha...ha...ha...

Məstan əvvəl pərt oldu sonra özünü ələ alıb dedi:

-Mən bilirəm. Axı onların hələ danışmağına çox var. Amma belə edirəm ki, onları gözəl və səlis danışmağa vərdiş etdirim. Sən də balalarınla danış. İnan ki, bu onların tez danışmağına kömək edəcək.

-Pah doğurdan? Yəni sən hər şeyi bilirsən, demək istəyirsən? Xeyr, mən səninlə razı deyiləm. Hər şeyin vaxtı var. Böyüsünlər, özləri danışacaq.

Məstan gülümsədi:

-Nə deyirəm, özün bilərsən. Məndən məsləhət. Heç danışdırmırsan danışdırma.

Aradan bir neçə ay keçmişdi. Yaz fəsli gəlmiş, hər tərəf yaşıllığa qərq olmuşdu. Məstan balalarını götürüb bağa getdi. Qonşu pişik də öz balalarını bağa daşıdı. Bala pişiklər bir yerdə elə qəşəng oynayırdılar ki.

Ana pişiklər də bir-biri ilə şirin söhbət edirdilər. Məstan balaları ilə danışır, şən zarafatlar edirdilər. Qonşu pişiyin balaları isə danışa bilmir bir-birin başa salmaqda çətinlik çəkirdilər.

Qonşu pişik Ağca və Qaracanın danışdığını görub çox təəccübləndi. Üzünü Məstana tutub dedi:

-Aaa... bizim balalar eyni gündə doğulmayıblar?

Məstan dedi:

-Hə, əlbəttə, mənim yaxşı yadımdadır. Bizim balalar eyni gündə doğuldular.

-Bəs səninkilər nə qəşəng danışır. Mənim balalarım görəsən niyə danışa bilmir.

Məstan bir neçə ay öncəki əhvalatı xatırlayıb dedi:

-Yadında? Mən balalarımla danışanda gülürdün, ələ salırdın məni. Mən deyəndə ki, sən də danış balalarınla onlarla şirin söhbətlər elə, mənə dodaq büzürdün.

Qonşu pişik hər şeyi anladı və utandığından başını aşağı saldı:

-Düz deyirsən, sözlərində həqiqət var. Sənin xətrinə dəydiyim üçün məni bağlşla. İndən belə balalarımla çoxlu söhbətlər edəcəm. Vaxtında sözünə baxsaydım indi mənim də balalarım danışırdılar.

 

Ana südü

Ceyranın balası təzəcə anadan olmuşdu. Elə gözəl idi ki. O, südəmər balasını meşənin lap dərinliklərində gizlətmiş, yuvasını sıx kolluq arasında elə düzəltmişdi ki, quş da görə bilməzdi. Vəhşi heyvanların xislətindən çox qorxurdu ana ceyran. O, tez -tez meşədəki ətirli otları yeməyə gedirdi ki, balası üçün süd hazırlasın. Hər dəfə gedəndə çox həyəcanlanırdı. Axı ətraf vəhşi heyvanlarla dolu idi. Tez-tez qaçıb yuvasına baxar, körpə balasının mışıl-mışıl yatmağına doyunca baxar, yenidən ot yeməyə gedərdi.

Ana ceyran vəhşi heyvanlardan çox qorxardı. Amma sən saydığını say gör fələk nə sayır. Bir gün ceyran yenə adəti üzrə ot yeməyə getmişdi. Meşədə gəzən ovçular təsadüfən sıx kolluq arasında bir şeyin tərpəndiyini görüb ayaq saxladılar. Əvvvəl elə bildilər canavardı, ya çaqqaldı.

Tüfənglərini tərpənən kolluğa tuşlayıb irəl getdilər.

-Ay nə qəşəng ceyran balasıdı.

O biri ovçu:

-Doğrudan da nə gözəldi. Birinci dəfədi ceyrana rast gəlirəm. Deyilənlər kimi varmış.

Bala ceyran qorxa-qorxa ovçulara baxır, pis bir hadisənin baş verəcəyini anlayır və imdad diləyirdi.

-Mən bunu götürürəm. Aparım kəndə saxlayıb böyüdəcəm.

O biri ovçu hirsləndi:

-Nə danışırsan? Görmürsən südəmərdi? Saxlaya bilməzsən, tərpətmə yerindən günaha batırma özünü.

-Nə günah? Hansı günahdan danışırsan? Elə isə bəs o dəfə qırqovulu niyə vurdun? O günah deyil?

-Ay kişi o ayrı bu ayrı. Sən südəmər körpə balanı ayırırsan anasından.

-Öldürməyə aparmıram ki, saxlayacam da... İnək südü verəcəm...-deyib bala ceyranı qucağına aldı.

O biri ovçu çox yalvardı, çox yaxardı, sonda bərk əsəbləşdi, amma dostu sözündən dönmədi ki dönmədi. Bala ceyranı qucağına alıb sığallaya-sığallaya yola düzəldi. Bala ceyran ovçunun qucağında çabalayırdı. Ovçu nəfəsi ilə onu isidib sığallayırdı:

-Qorxma səni elə gözəl evə aparıram ki..sənə qızıl inəyin südün verəcəm içib böyüyəcəksən.

Sizə deyim ana ceyrandan. O, sevinə-sevinə yuvasına, balasını əmizdirməyə tələsirdi. Çoxlu ot yeyib buz bulaqdan su içib süd hazırlamışdı. Qaça-qaça yuvasına gəldi. Kolluğu həmişəki kimi başı ilə aralayıb yuvaya girdi. Balasını görməyib duruxdu. Gözlərinə inanmadı bir də diqqətlə baxdı. Sonra elə nalə çəkdi ki, səsi yaxnlıqdakı ağacları, otları silkələdi.

Bala ceyran isə artıq təzə evinə çatmışdı. Hamı başına yığışıb maraqla ona baxırdı. Ovçunun qoca anası onu necə danlamışdısa, tutduğu əməldən çox peşman olmuşdu. Gecə düşməsəydi bu saat bala ceyranı geriyə, öz evinə aparardı. Öz-özünə deyirdi: “Bircə səhər tez açılsaydı bu peşmanlıqdan canım qurtarardı.”

Əvvəl əmziyə Qızıl inəyin südun töküb bala ceyranın ağzına tutdular. O, əmziyi iyləyib ağzını yana tutdu. Bunu görən nənə dizlərinə döyüb ağladı:

-Vay.. vay.. süd içməsə öləcək.

-Ay ana bəsdi də. Səhər açılan kimi aparıb yuvasına qoyacam. Deyib yenidən əmziyi bala ceyranın ağzına yaxınlaşdırdı. Ceyran ağzı ilə əmziyi itələdi.

Bala ceyranın gözlərindən süzülən yaş bütün ailəni ağlatdı. Ovçu gördüyü bu mənzərəyə dözməyib o da ağlamağa başladı.

Sizə deyim ana ceyrandan.O sanki dəliyə dönmüşdü. O yan bu yana qaçır və yenidən yuvaya dönüb ağlayırdı. Balasının uzandığı yeri hər dəfə boş görüb ucadan səslənirdi. Elə bilirdi möcüzə baş verəcək, bu saat balası gələcək. Ətrafındakı ağaclardan, otlardan, kollardan imdad diləyirdi. Amma nə fayda... indi onun balası çox uzaqlarda idi. Döşlərində o qədər süd əmələ gəlmişdi ki, giziltisi onu haldan salır küt ağrı sinəsində dolaşırdı.

Bala ceyranın da halı yaxşı deyildi. Bu dəfə əmziyə keçi südü tökdülər. Onun ağzına yaxınlaşdırdılar. Yenə əmziyi itələdi. Kədərl-kədərli başın yerə qoyub yatdı. Yuxuda anasını gördü. O gözəl meşədə anası da yanında harasa gedirdilər. Birdən ildırım çaxdı, göy guruldadı. Gözlərini buludların şaqqıltısına açdı bala ceyran. Gördü yuxu imiş. Çox kədərləndi bala ceyran..

Artıq səhər açılmışdı. Onlar meşəyə çatmışdılar. Ovçu bala ceyranı sığallaya-sığallaya yuvasına gətirib qoydu. Ana ceyran gözə dəymirdi. Yəqin balasını axtarmaq üçün çox uzaqlara getmişdi.

Bala ceyran yuvasında elə xoşbəxt görünürdü ki, sanki uçmağa qanadı yox idi. Ac olsa da, baxışları dəyişmiş, gözlərindəki kədər yox olmuşdu. Bir azdan ana ceyran çox kədərli halda yuvaya gəldi. Balasını gördü, lakin gözlərinə inanmadı. Duruxub qalmışdı. Elə bilirdi yuxu görur. Lakin bu yuxu deyildi. Cəld balasının üstünə atılıb onu ağuşuna aldı, sevinə-sevinə yaladı. Sonra döşlərini balasının ağzına yaxınlasdırdı. Bala ceyran dünəndən ac idi. O tələsə-tələsə süd əmməyə başladı.

Ovçu isə peşman peşman kəndə qayıdırdı. Xeyli yüngüləşmiş, dağ boyda yükdən azad olmuşdu. O, yol gedə-gedə düşünürdü. Ana südünü heç nə əvəz edə bilməz. Ana südündəki hikmətə heyran qalmışdı ovçu. Çox sevinirdi. Həm də düşünürdü ki, tutaq ki, bala ceyran keçi südün içdi. Axı onun mədəsi keçi südünə uyğun deyil. Nə yaxşı ki, əmmədi keçi südünü, yoxsa qarını pozulardı xəstələnib ölə bilərdi. Düşünürdü ki, bala ceyran ölsəydi özünü heç vaxt bağışlamayacadı.

 

Yatmağı sevməyən ayı balası

Meşədə dörd ayı yaşayırdı. Onlardan biri ana, biri ata, digərləri şip-şirin balalar idi. Onlar çox sözəbaxan, ağıllı idilər. Anaları nə desə həmin an yerinə yetirər, bundan zövq alardılar.

Balalardan birinin yatmaqla arası yox idi. Yatmağı heç sevmirdi. Balaca bacısını da yatmağa qoymurdu. Elə hey oynamaq istəyirdi.

Bir gün yenə axşam düşmüşdü. Ana ayı saata baxıb dedi:

-Balalarım, yatmaq vaxtıdır!

-Nə tez, ay ana?

O biri bala:

-Tez deyil, mən yorulmuşam, gəl gedək yataq.

-Eee.. sən də yatmağı xoşlayırsan, nə var e yatmaqda… bax oyunumuz yarımçıq qaldı.

-Sabah davam edərik.

Ana ayı balasının yatmağa həvəsi olmadığını görüb dedi:

- Yatmaq çox faydalıdır. Biz yatanda bütün bədən üzvlərimiz dincəlir. Əgər  yatmasaq sabahkı işlərimizin öhdəsindən gələ bilmərik. Yorğun halda axı necə gəzərik? Balalarım, əgər biz yatmasaq, fikirlərimiz, düşüncələrimiz də düzgün olmaz. Yəni özümüzü idarə edə bilmərik. Yatın gözəl balalarım, sabah mühüm bir işimiz var.

-Nə işimiz ay ana?

-Meşənin lap dərinliklərinə getməliyik. Orada ağacın koğuşunda bal var, sizin xoşladığınız ləzzətli bal.

Yatmaq istəməyən bala sevincindən atılıb düşdü:

-Bal, bal, hə, bal! Mən o balı çox xoşlayıram.

Ana ayı sözünə davam elədi:

-Balı gətirmək üçün uzun yol qət etməliyik. Yatıb dincəlməsək, o yolu necə gedərik?

Ana ayı balalarını yatızdırmaq üçün layla deməyə başladı.

Balalar  gözlərini yumdular. Lakin  yatmaq istəməyən  bala gözünü yalandan yummuşdu. O, laylanın nə vaxt bitəcəyini, anasının o biri otağa keçəcəyini gözləyirdi.

Aha.. deyəsən  bacım yatdı. İndi anam durub gedəcək - deyə sevindi.

Ana ayı balalarının yatdığını zənn edib yan otağa keçdi. Bəzi işləri vardı axı.

Bala ayı cəld qalxıb oyuncaqlarına tərəf getdi. Bayaqkı yarımçıq qalan oyunu davam etmək istəyirdi. Pərdəni azacıq araladı ki, işıq düşsün.

Astadan gah maşınını sürür, gah da oyuncaq topunu ora-bura diyirlədirdi.

Gecə yarıdan keçmişdi, lakin o hələ də oynayırdı. Nəhayət gördü ki, yorğunluqdan göz qapaqları örtülür, tez çarpayısına uzandı. Az keçmədi ki, onu yuxu apardı.

Səhər ana ayı balalarını oyadıb dedi:

-Balalarım, qalxın bal dalınca gedəcəyik.

Balalar tez oyandılar. Əl-üzlərini yuyub dişlərini fırçaladılar. Səhər yeməyi yeyəndə ana ayı balalardan birinin yuxuladığını gördü:

-Deyəsən yuxun gəlir?

-Yox yox anacan.

-Axı yemək yeyə-yeyə yuxulayırsan.

-Yaxşıyam, anacan, narahat olma.

Hazırlanıb yola düşdülər. Ana ayı yol boyu balalarını başa salırdı. O, hər şeyin zəhmətlə əldə etməyi, dosta qaşı sədaqətli olmağı, sevinci də, kədəri də paylaşmağın gözəl xususiyyətlər olmağından bəhs edirdi. Balalar analarına diqqətlə qulaq assalar da, gecənin yarısını oynamaqla keçirən balanı elə ayaqüstə yuxu aparırdı. O, gah səndərləyib yıxılır, gah da gicəllənib yerə dəyirdi.

-Can bala, sən niyə yıxılırsan, elə bi yuxusuzsan axı.

-Hə anacan yuxum gəlir.

Ana ayı balasını kürəyinə atıb yoluna davam elədi.

Bala ayı qabaqda o yan bu yana qaçan,  gah tullana-tullana gedən bacısına həsədlə baxırdı. Öz-özünə: “Anamın sözünə baxıb gecə doyunca yatsaydım, mən də onun kimi  qıvraq olardım.” deyir və peşman  baxışları ilə yuxulayırdı.

 

Ayi ilə dovşanın dostluğu

Ayı tənha yaşamaqdan bezib özünə dost axtarmağa başladı. Elə bir az getmişdi ki, qabağına dovşan çıxdı. Yanında iki dənə şip-şirin balası da var idi. Ayı sevinc hissi ilə:

-Özümə dost axtarıram, mənimlə dost olarsan?

Dovşan qəh-qəhə çəkib sözə başladı:

-Gör sən nə boydasan? Get öz tayınla dost ol.

Ayı kədərləndi:

-Nə olsun ki, böyük bədənim var. Dostluqda əsas ürəkdi, sədaqətli və mehriban olmaqdı.

Dovşan mızıldadı:

-Axı mənim balalarım var...

-Nə olsun? Biz dost olsaq, yuvamız daha şən və maraqlı olar.

-Elə isə söz ver ki, bizi heç vaxt incitməyəcəksən.

-Söz verirəm, sizi icitməyəcəyəm. Məgər dost dostu incidər?

Ayı dovşanın balalarını sığallayıb, sonra göyə qaldırıb atıb tutmağa başladı. Şip-şirin balalar bundan xoşlanıb elə şıltaq-şıltaq gülürdilər ki.

Sonra ayı dovşana tərəf döndü və meriban baxışları ilə onu süzüb dedi:

-Gəlin gedək mənim yuvama. Bir yerdə çoxlu şənlənək, dostluğumuzu qeyd edək.

Dovşan sevinərək razılıq verdi. Onlar ayının yuvasına yığışdılar. Ayı gözəl bir süfrə açdı, hər nemətdən süfrəyə düzdü. Yeyib, içib çoxlu oynadılar. Dovşan belə mehriban dosta rast gəldiyi üçün çox xoşbəxt görünürdü.

Gecə yarıdan keçmişdi. Dostlar yatmağa qərar verdilər. Ayı nərilti ilə çarpayısına uzanıb yatdı. Elə yorulmuşdu ki, yatan kimi xorultusu ətrafı bürüdü.

Dovşan balaları ilə köhnə çarpayıda yatdı. Balalarının birini sağına, birini soluna qoydu. Onlar həmişə adəti üzrə belə yatırdılar.

Gecənin tən yarısında dovşanın balalarından biri mızıldamağa başladı:

-Anacan susamışam, su ver mənə.

Ana dovşan elə bərk yatmışdı ki, eşitmirdi.

Bala dovşan lap ucadan ağlamağa başladı:

-Anacan susamışam...

Elə bu vaxt ayı yuxudan ayılıb bərk əsəbləşdi. O, hirslə yerindən qalxıb bala dovşan yatdığı çarpayıya tərəf gəldi və su istəyən balanın yaxasından tutub yuxarı qaldırdı və qışqırdı:

-Sus, qoy yatım yoxsa, səni parça-parça edərəm.

Səs-küyə ana dovşan ayıldı:

-Bəs  söz vermişdin bizi incitməyəcəksən.

Ayı gözlərini bərəldib dovşanın üsünə qışqırdı. Elə qışqırdı ki, dağ, daş əks səda verdi:

-Nəyə söz vermişəm? Siz məni yatmağa qoymayın, mən də sizə sığal çəkim? Susun və qoyun yatım.

Dovşan hər şeyi başa düşdü. O, başa düşdü ki, ayı ilə onun dostluğu baş tutmayacaq. Ona görə sakitcə yığışıb mağaranı elə gecə ikən tərk elədi. Qapıdan çıxanda son dəfə ayıya baxdı. O, üzünü divara çevirib həzin-həzin xoruldayırdı.

Səhər tezdən ayı yuxudan ayılan kimi dovşanın yatdığı səmtə baxdı. Dostunu görməyib çox məyus oldu. Axşamkı əhvalatı xatırlayıb elə kədərləndi ki. Özünü xeyli danladı və  dovşanı axtarmağa getdi. O, dovşandan üzr  istəyəcəkdi. Amma bilmirdi dovşan onu bağışlayacaq, yoxsa yox.

Xeyli gəzib dolaşdıqdan sonra axır ki, dovşanı tapdı. Onlar qarşılaşanda dovşanın balaları qorxudan qışqırıb analarının arxasına keçdilər. Ayı bunu görüb karıxdı və bilmədi nə etsin. Çoxlu üzr dilədi. Dovşan çox kədərli halda:

-Səhvini başa düşmüsənsə, səni bağışlayıram. Amma bir daha səninlə dost olmayacağam.

Ayı kədərli halda oradan uzaqaşdı. O, özünə yeni dost axtarırdı. Amma söz vermişdi ki, həqiqətən dostunu bir daha incitməyəcək.

 

Aylanın nağıl dünyası

Ayla nağılları çox sevərdi. Hər axşam nağıl dinləməmiş yuxuya getməzdi. Ana və atası işdən yorğun gəldiyindən ona babası ilə nənəsi bir-birindən gözəl nağıllar söylərdilər. Xüsusilə babası nağılları heyvanların dili ilə o qədər maraqlı söyləyərdi ki, Ayla elə bilərdi həqiqətən bu heyvanların arasındadı. Elə bilirdi ki, meşəyə düşüb və ətrafında çoxlu vəhşi heyvanlar var. Ayla bu vəhşi heyvanlardan heç vaxt qorxmazdı. Çünki yaxşı bilirdi ki, xeyirxahlıq hər zaman qələbə çalır.

-Baba bir nağıl de...

-Gəl sənə bu gün Şəngülümdən, Şüngülümdən, Məngülumdən danışım.

-Danış, baba danış.

- Hə mənim ağıllı nəvəm... - belə deyib nağıla başlardı baba.

Yenə Ayla xəyalən meşənin lap dərinliklərinə düşərdi. Bir az kədərlənərdi Ayla. Axı niyə canavar keçinin balaların yemək istəyir? Nağılın sonu elə gözəl olardı ki... Ana keçi canavara qalib gələrdi. O, balalarını yırtıcıdan xilas edərdi. Ayla çox sevinərdi, çox gülərdi və şirin yuxuya gedərdi.

Aylanın gözəl bir nağıl dünyası var idi. Bu dünyada nə qədər nağıl qəhrəmanları var idi. Amma bəzən baba bildiyi nağılların hamısını Aylaya söyləyib qurtardığından özündən yeni nağıllar uydurardı. Bu nağıllar da çox maraqlı olardı. Baba bu gün Aylaya öz başına gələn bir əhvalatı söylədi və dedi ki, bu həqətən babanın gənc yaşlarında başına gələn əhvalatdı. Ayla çox maraqla dinlədi nağılı. Görək babanın başına nə gəlib axı?

Hə, qarlı bir qış günü imiş, baba da cavan bir oğlan imiş. Bu kənddən o biri kəndə un aparırmış. Dəyirmanda nasazlıq olduğundan o geçikir və axşama qalır. Hava  azacıq qaralmışdı. Hümbət baba yarım tay unu kürəyinə  götürüb öz kəndinə yol alır. Külək qarı sovurub tez-tez onun üzünə, gözünə çırpır, yol getməyə çətinlik yaradırdı. Çox vahiməli bir gecə ətrafı öz ağuşuna alırdı. Elə bu vaxt Hümbət baba ona yaxınlaşan canavarı görüb çox qorxdu. İstədi yoluna davam edə. Lakin dayandı. Canavar gəlib düz onun qarşısında durdu. Aralarında çox az məsafə  var idi. Canavar diqqətlə Hümbətə baxır, Hümbət də ona. Canavar xeyli gənc oğlanı öz vəhşi baxışları ilə süzdü. Hümbət kürəyindəki un kisəsini yerə qoyub  yorğun- yorğun ona baxırdı. Birdən canavar dönüb getdi. Hümbət bu möcüzəyə çox sevindi. O, un kisəsini götürüb qaça-qaça  oradan uzaqlaşdı. Baş verən  bu hadisənin sanki yuxu olduğunu zənn edir, hərdən başını silkələyib gözləri ilə ətrafı  diqqətlə gözdən keçirirdi. Mənzil başına çatan kimi  canavarla bu möcüzəli qarşılaşmanı hər kəsə danışdı. Hamı heyrətlə ona qulaq asıb sevinirdi.

-Hə, Ayla bax vəhşi heyvanlar da xeyirxah olur.

Ayla sevinərək:

-Baba  bu sənin danışdığın nağılların ən gözəli, ən maraqlısı idi - deyib şirin yuxuya getdi. Yuxuda  canavarı gördü. Bu canavar da babasının qarşısına çıxan canavar kimi xeyirxah idi. O, Ayla ilə oynayırdı. Ayla yuxuda canavarı qucaqlayır, onun ipək  tüklərinə sığal çəkirdi. Canavar bu sığaldan xoşlanır və mehriban baxışları ilə Aylanı süzürdü.

 

Ayselin arzusu

Aysel anadangəlmə fiziki  məhduduyyətli doğulmuşdu. Onun ayaqları inkişafdan geri qalmışdı. Əlil arabası ilə dərsə gedir,  mehriban dostları ilə  gözəl günlər keçirirdi. Uşaqların əhatəsində elə xoşbəxt olurdu ki... Dostları ona əlilliyinin  olmasını unutdururdu. Ona elə gəlirdi ki heç əlilliyi yoxdur, ayaqları da heç inksafdan geri qalmayıb, sap-sağlamdı. Bu gözəl hissləri ona dostları ilə yanaşı müəllimləri də yaşadırdı. Dərslərini əla qiymətlərlə oxuyan Ayselin həm də rəqqasə olmaq arzusu var idi. Bu arzusu haqqında fikirləşəndə gözlərini bir anlıq hərəkətsiz ayaqlarına dikər, köks ötürərdi. Rəqqasə olmaq arzusunu yalnız rəfiqəsinə demişdi. Səidə onun ən yaxın rəfiqəsi idi. Həm də Səidəyə tapşırmışdı ki, bu arzusunu heç kimə bildirməsin. Elə bilirdi kim bilsə, ona gülər.

Bir gün Ayselgulin məktəbində dərnəklər açıldı. “Ay nə yaxşı rəqs dərnəyi də var” deyib bu xəbəri böyük sevinc hissi ilə Səidə ona çatdırdı.

-Eh.. dedi Aysel, bu ayaqlarla necə rəqs edəcəm ki.

-Edəcəkən, bacaracaqsan, gəl gedək dərnəyə yazılaq.

-Axı mənə gülərlər.

-Kim gülər, əziz dostum, görmürsən sənə hamı necə gözəl münasibət  bəsləyir.

-Orası elədi, amma mən yenə də utanıram.

-Nədən utanırsan axı? O zaman utanarsan ki, kimsə pis münasibət bəsləyər. Axı hamı səni sevir. Aysel ürəkləndi.

O əlil arabasını işə saldı. Həyəcanla dərnək keçirilən sinifin qapısında dayandı. Ürkək-ürkək qapını döydü Aysel. İçəridən “buyurun” dedi kimsə.

Onları mehriban baxışlı bir müəllimə qarşıladı. Uşaqlar ikisi də rəqs dərnəyinə yazıldılar.

Rəqs dərnəyində dərslər başlayanda Ayselin sevincinin həddi hududu yox idi. Dərnək üzvləri içəriskndə ən gözəl rəqs edən də elə Aysel idi. O, bütün tapşırıqların öhdəsindən layqincə gəlir və ən çətin hərəkətləri dəqiqliklə yerinə yetirirdi. Oturduğu arabanın təkərləri onun ayaqlarını əvəz edirdi.

Günlərin bir günü fiziki məhduduyyətli uşaqlar arasında rəqs yarışı başladı. Geniş salon adamla dolu idi. Aysel öz növbəsini həyəcanla gözləyirdi. Budur, onu səhnəyə dəvət etdilər. O, səhnəyə qədəm basanda alqış səsləri bütün zalı bürüdü. Bundan ruhlanan Aysel rəqsini elə gözəl nümayiş etdirdi ki, hamı heyran qaldı.

Yarışın sonunda eşitdiklərknə inanmadı Aysel. O, yarışın qalibi olmuşdu. Sanki yuxu görürdü. Sevincindən bilmirdi nə edə... Salonu isə alqış səsləri bürümüşdü. Ona o qədər çiçək dəstələri verdilər ki, rəfiqəsi Səidə köməyə gəldi. Aysel xoşbəxtcəsinə gülümsəyirdi. O, sevinc hissi ilə gah tamaşaçılara, gah da ona bağışlanan çiçək dəstələrinə baxırdı.

 

Dəcəl dovşan 

Dovşanın  dörd balası var idi. O, hər gün balalarını təmiz havaya çıxarırdı. Çünki  bilirdi ki, təmiz hava balaların böyüməsi və sağlam olması üçün çox faydalıdır. Bu səhər pəncərini açıb çölə baxdı ki, görsün hava necədi. Axı hər gün balalarını havaya uyğun geyindirirdi.

-Ay aman.. nə istidi...

Bala dovşanlar sevinə-sevinə:

-İstidi? Nə yaxşı… biz istini sevirk, biz istini sevirik...

-Yox ,yox, balalarım, bu istidə çölə çıxmaq olmaz. Gün batanı gözləyək, axı gün vurar bizi.

Bala dovşan ağlamsındı:

- Eee…ay ana, darıxıram, gedək, gedək...

- Dedim ki, olmaz, mənim gözəl balalarım, gün batsın, həm talada top oynayarıq, həm təmiz hava alarıq.

Balalardan biri ananın bu sözləri ilə ürəyində razılaşmadı və onun başının işə-gücə qarışmasını gözlədi. Çölə qaçıb oynamaq istəyirdi. Az keçmədi ki, istəyinə nail oldu. O, gizlicə çölə qaçdı.

Günün altında ora- bura qaçıb tullanır, sevinirdi. Yaxınlıqdakı bostana tərəf qaçdı. İstəyirdi bostandakı ləklərdən bir -iki kök çıxarda. Çünki çox acmışdı. Elə təzəcə ləklərin arası ilə gedirdi ki, nəhəng itin mırıltısını eşitdi:

-Mır…mır…mır… icazəsiz bostana girmisən?

-Mən… mən bir dənə kök istəyirəm.

-Bu istidə nolub, acmısan?

-Hə bərk acmışam.

-Olmaz, bostaçı icazə verməz.

-Nə biləcək? Nolar ver. Bir köklə kasıb düşməyəcək ki. Bax nə qədər kök var, çox acmışam həm də.

-Yaxşı, bir kök verirəm, amma tez get evə, gün vuracaq başın ağrıyacaq, halsız olacaqsan.

Doğurdan da bala dovşanı gün vurmuşdu.O, itin ona uzatdığı bir kökü altı kök görürdü:

-Yox e… yox,  altı kök istəmirəm biri bəsimdi.

İtin qəhqəhəsinə bostandakı bütün bitkilər silkələndi:

-Nə  altı? Ha..ha..ha..gün vurub e… səni, bir kökü altı görursən.

Bala dovşan yaxınlaşıb əli ilə yoxladı:

-Doğurdan e.. bu, bir dənədi. Ay aman, məni gün vurub!- deyib evlərinə qaçdı.

Evlərinə yaxınlaşanda anasını və qardaşlarının həyəcanla onu axtardığını görüb çox məyus halda:

-Ana bir daha sözündən çıxmayacağam. Məni bağışla, sən düz deyirsən, hava çox istidi. Bu istidə gəzmək olmaz.

Ana həyəcanla balasını qucağına aldı. Onun hərarət dolu bədənini hiss edib kədərləndi:

-Bax hərarətin var.

- Hə, ana, söz verirəm bir də sözündən çıxmayacağam. Böyüyün sözünə baxmayan ziyan çəkər...

Ana dovşan balasını sərin otağa apardı. Ona tez bir stəkan soyuq su verdi. Üzünü sərin su ilə yudu, həmçinin ayaqlarıını  sərin suya qoydu. Bala dovşan yavaş-yavaş özünə gəlirdi və ürəyində hey özünü danlayırdı.

 

Diş həkimi

Əsmərin dişi bərk ağrıdığından gecəni yatmamışdı. Anası səhər açılan kimi dedi:

 -Dişin səhərə qədər ağrıyıb, gəl gedək həkimə.

Əsmər elə ağladı, elə ağladı ki, bütün ailə üzvləri balaca qızın başına yığışdı. Hamı onu sakitləşdirməyə çalışırdı.O isə hey ağlaya-ağlaya deyirdi:

-Həkimdən qorxuram, getməyəcəyəm.

-A qızım, həkim baxsın görsun niyə ağrıyır?

-Yox e... yox... o dəfə babam dişinə  mixək qoydu. Mən bilirəm mixək qoysam ağrısı  kəsəcək. Mənə mixək verin.

Beləliklə Əsmər gah dişinə mixək qoydu, gah da diş üçün damcı. Amma dişinin ağrısı kəsmədi ki, kəsmədi.

-Mənim ağıllı qızım, gör dişin şişib nə boyda olub.

Əsmər qaçıb güzgüyə baxdı. Dişi həqiqətən çox şişmişdi. O qədər şişmişdi ki, hətta gözü az qala yumulacaqdı.

-Vaxtında həkimə getsəydin, heç belə şişməyəcəkdi.

Əsmər elə peşman oldu:

-Kaş anamın sözünə qulaq asardım - deyə mızıldadı.- Ana, gəl gedək həkimə.

Əsmərin anası çox sevindi. Tez geyinib həkimə getdilər.

Poliklinikada həkim onları çox mehriban qarşıladı.

-Aç görüm ağzını, qəşəng bala, göstər görüm ağrıyan hansı dişindi?

Əsmər ağrıyan dişini həkimə göstərdi. Həkim diqqətlə baxıb dedi:

-Aha...indi bəzi dərmanlar yazacam, qarqara edəcəksən sağalacaq.

Əsmər diş həkiminin ona göstərdiyi nəvazişdən çox razı qaldı. Həkim Əsməri elə mehriban qarşıladı ki, o ağrıyan dişini sanki unutdu. Həkim Əsmərin dişlərinə diqqətlə baxdı, müayinə etdi, öz tövsiyələrini verdi.

Ana ilə Əsmər artıq evlərində idilər. Onlar həkimin yazdığı müalicəni  yerinə yetirirdilər. Bir neçə gün keçdikdən sonra Əsmərin dişi sağalmış, şişi  çəkilmişdi. Ağrılardan əsər-əlamət qalmamışdı. Əsmər anasını qucaqlayıb hey deyirdi ki, bir də sözündən çıxmayacağam. Ana da  çox sevinirdi. O, Əsməri gah qucaqlayır,  qıvrım saçlarını sığallayırdı.

 

Gözəl bağça, şən bağça 

Salatının 5 yaşı var idi. Onun adını bağçaya yazdırsalar da, hey şıltaqlıq edir, heç cür bağçaya getmək istəmirdi.

-Salatın, bağça elə maraqlıdı ki, orada çoxlu dostların olacaq.

-Yox istəmirəm.

-Elə maraqlı məşğələlər keçəcəksiz ki. Müəllimə sizə plastilin verəcək. Nə istəsən düzəldərsən.

Salatın tez qaçıb şkafdan plastilinləri götürüb stolun üstünə tökdü:

-Bağçanı istəmirəm, özümün plastilinlərim var.

-Axı orada dostlarınla bir yerdə düzəldəcəksən.

-İstəmirəm, çünki o dostları axı heç tanımıram.

-Tanış olacaqsan, onları çox sevəcəksən.

-Ay ana, istəmirəm də.

-Bağçada  musiqi dərsi  də var. Sən rəqs etməyi, mahnı oxumağı sevirsən.

-Yox, ana, getmirəm

Günlər bir-birini əvəz edir, valideynləri Salatını heç cür yola gətirə bilmirdilər.

Bir səhər anası Salatına dedi:

-Ağıllı balam, dur, hazırlaş gedirik bağçaya. Gedək tanış olaq, əgər xoşun gəlməsə, səni məcbur bağçaya qoyan deyiləm.

Salatın razılaşdı. Yol boyu hey deyirdi:

-Ana birdən məni qoyub gələrsən ha.

-Yox qızım, dedim ki, hələ tanışlıq üçün gedirik.

Onlar bağçaya çatdılar. Ucaboylu yaşıl ağaclar, güllər göz oxşayırdı. Bağçanın həyəti sanki gözəl bir park idi.

-Ana, karusel də var?

-Hə karusel də var, cürbəcür yelləncəklər var. Özüyeriyən oyuncaq atlara bax.

-Ana, nə qəşəng bağçadı.

-Çox gözəl bağçadı. Uşaqlar üçün hər şərait var.

Salatın elə şən əhval-ruhiyyəyə düşmüşdü ki, bilmirdi hansı tərəfə baxsın. Onlar bağçanın binasına daxil olub işıqlı dəhlizlə qrup otağına getdilər. Qapını döyüb gözlədilər. Mehriban simalı bir müəllimə qapını açdı. Gülərüz baxışları ilə Salatını süzüb dedi:

-Xoş gəlmisiz.

-Müəllimə, gəlmişik qrupla  tanış olaq.

Müəllimə çox sevindi:

-Salatın, gəl-gəl gör nə gözəl dostların var.

Salatın uşaqlara baxdı. Onların şən çöhrəsi Salatına xoş  gəldi. Uşaqların əllərində rəngbərəng həndəsi fiqurlar var idi. Salatın anasına dedi:

-Ana, elə bu gündən bağçada qalmaq istəyirəm. İndi, elə indi istəyirəm.

Ana çox sevindi:

-Bilirdim ki,  bağça xoşuna gələcək.

Salatın anası ilə görüşüb ayrıldı. Müəllimə onu uşaqlarla tanış etdi. Əsmər, Aylin, Fuad, Yusif və digər uşaqlar Salatını dövrəyə aldılar. Salatın elə sevinirdi ki. Qrupda gözəl oyuncaqlar guşəsi vardı. Kukla teatrı üçün balaca səhnədə tülkü ilə xoruz şirin-şirin söhbət edirdilər. Salatın isə uşaqlarla əl çalıb gülürdü. Uşaqların şən səsi pəncərədən çölə axıb güllü-çiçəkli həyətə özgə bir sevinc qatırdı.

 

Kəpənək

Leyla bağdakı kəpənəklərə baxırdı. Kəpənəklər gül çiçəyə qonur, bağdakı gözəlliyə öz rəngli qanadları ilə rəng qatırdı. Leyla  bağdakı gözəlliyə baxmaqdan doymurdu. Kəpənəklər  sanki qanadlı çiçəklər idi.

Qəflətən Leylanın ağlına bir fikir gəldi. Kəpənəklərdən birini tutub evə qaçdı. Ovcunda titrəyən, əllərindən qurtulmağa çalışan kəpənəyi dodaqlarına yaxınlaşdırıb pıçıldadı:

-Bundan sonra mənim otağımda yaşayacaqsan. Qorxma, darıxmayacaqsan. Pəncərəmdə elə qəşəng güllərim var ki.

Leyla kəpənəyi öz otağına apardı. Əvvəl pəncərəni bağladı. Sonra kəpənəyi dibçək güllərinin üzərinə atdı. Kəpənək çırpınır, özünü şüşələrə vurur, uçub getmək istəyirdi.

Anası Leylanın qaça-qaça, həyəcanla içəri girdiyini görmüşdü. Odur ki otağına gəlib nə baş verdiyini görmək istəyirdi. Ana pəncərədə çırpınan kəpənəyi görüb heyrətlə soruşdu:

-Leyla, kəpənəyi sən tutmusan?

-Bəli, ana, mən tutdum, istəyirəm bundan sonra mənim otağımda yaşasın, bu gözəl çiçəklərin üstündə.

-Leyla, axı o evdə yaşaya bilməz, görmürsən necə çırpınır? Onun yeri bağdı.

-Ee... ay ana, axı mən istəyirəm o mənim otağımda qalsın. Əgər pəncərədəki güllər olmasaydı, onun üçün çətin olardı. Bax buradakı güllər necə gözəl açıb.

-Leyla, o içəridə yaşaya bilməz, ona təmiz hava və çöldəki təbiət lazımdı, tez pəncərəni aç uçub getsin!

Leyla özünü şüşələrə çırpan kəpənəyə çox məyusluqla baxır, “kaş mənim otağımda qalardı” - deyə düşünürdü. Amma anasının sözündə həqiqət olduğunu başa düşüb pəncərəni açdı. Kəpənək qanadlarını yellədə-yellədə çölə uçdu. Leyla onu gözləri ilə müşaiyət edirdi. Kəpənək bağdakı çobanyastığının üzərinə qondu. Leyla başa düşdü ki, doğrudan da kəpənək evdə yaşaya bilməz. Bayaqdan çırpınan, özünü pəncərəyə vuran kəpənəkdən əsər-əlamət qalmamışdı. O, gah bu gülə, gah o biri gülə qonub sevincini öz hərəkətləri ilə elə bildirdi ki. Leyla da hər şeyi başa düşüb kəpənəyə baxıb gülümsəyirdi.

 

Mahnı oxuyan toyuq 

Kəkilli fərə mahnı oxumağı çox sevərdi. Özü də hər dəfə yumurtlamamış başlayırdı oxumağa. Hamı bilərdi ki, kəkilli fərənin yenə yumurtası var. Bir xeyli mahnı oxuyardı, sonra yumurtlayardı. Dostları çox sevərdi onun oxuduğu mahnıları. Amma hindəki bəzi toyuqlar hövsələdən çıxardı.

Xallı fərə xeyli deyinərdi:

- Bax yenə başladı oxumağa.

Bunu eşidən Xınalı toyuq onu qınayardı:

-İnsafən gözəl oxuyur Kəkilli fərə, elə gözəl oxuyur ki, yuxum gəlir.

Xoruz o tərəfdən Xallı fərəyə üzünü tutub dedi:

-Sən niyə elə deyirsən? Mən onun ifasını çox bnəyənirəm. Nə oldu, hamı bəyəndi, sən bəyənmədin?

Xallı fərə bərk əsəbləşdi:

-Aaa... bəyənmirəm də, zorladı? Nəinki bəyənmirəm,hətta o mahnı oxuyanda ovqatım korlanır, iştaham küsür e...

Xoruz hirsləndi:

-Onda sənin musiqi zövqün yoxdu...

O üzünü hindəki toyuqlara tutub ucadan banladı:

-Düz demirəm, mənim gözəl fərələrim, onun musiqi zövqü yoxdu.

Fərələrdən çoxu xoruzu təsdiqləsə də, Xallı fərəyə tərəf çıxanlar da oldu.

Axsaq toyuq gileyləndi:

- Kəkilli fərə oxuyanda başım ağrıyır. Axı o nə bilir mahnı nədi?

Bunu eşidən Kəkilli fərə üzünü Axsaq toyuğa tutub dedi:

-Sən get gonbulluğunun dərdin çək. O qədər yeyib kökəlmisən ki, yeriyə də bilmirsən. Gonbulun biri gonbul.

Hinə bir qırğın düşdü ki, gəl görəsən. Axsaq toyuq Kəkilli fərəyə hirsləndi:

-Mənə gonbul deyirsən?

Kəkili fərə əl atıb Axsaq toyuğun quyruğun necə yoldusa, çığırtısı ərşə qalxdı. Xoruz cəld hoppanıb onları araladı:

-Sakit olun, sakit olun, nə olub sizə? Burda nə var ki, xoşunuza gəlmirsə, Kəkilli fərəyə deyərik daha oxumaz.

Kəkilli fərə elə hirsləndi ki:

-Necə yəni oxumaz? Bu da bizim ağsaqqal. Ay Xoruz, məgər bilmirsən ki, onlar paxıllıqdan belə deyir?

Xoruz Kəkilli fərəyə tərəf əyilib pıçıldadı:

-Bilirəm e... bilirəm ki, əntiqə oxuyursan, amma bunları sakitləşdirmək üçün belə deyirəm də.

-Heç də sakitləşməsinlər - deyib Kəkilli fərə ucadan oxumağa başladı.

Xallı fərə ilə Axsaq toyuq başların tuta-tuta qalmışdılar çarəsiz. Amma o biri fərələr maraqla dinləyirdi. Hətta Liliput fərə:

-Bəh..bəh... sağ ol, necə də xoşdu. Sağ ol, sağ ol - dedi.

Bu vaxt Qumru quşu yaxınlıqdan keçirdi. O gözəl bir mahnı eşidib yaxınlıqdakı ağaca qondu, xeyli qulaq asdı və mahnı birtəndən sonra dedi:

-Nə gözəl oxuyursan, nə gözəl avazın var. Bilirsənmi rayon mərkəzində müsabiqə keçirilir. Məsləhət görürəm qatılasan. Sənin gözəl səsin var. Bəlkə elə qalib sən oldun.

Kəkilli fərə çox sevindi:

-Doğurdan? Nə əcəb eşitməmişəm bu barədə?

Axsaq toyuq özünü saxlaya bilməyib dedi:

-Sənin başın qarışıb oxumağa. Haradan eşidəcəksən?

Kəkilli fərə Axsaq toyuğa hirsləndi:

- O sənsən e.. bütün günü deyinirsən, toyuqların baş beynini aparırsan. Amma mən oxuyub onları əyləndirirəm.

Axsaq toyuq:

-Yaxşı oxuyursansa, get də, nə durmusan, get yazıl müsabiqəyə. Zaman göstərəcək kim düz deyir.

Qumru quşu:

-Mən bilirəm səni o müsaniqədə çox bəyənəcəklər. Gəl gedək qatıl.Sənə gözəl bir don lazımdır. Harda tikdirə bilərsən? Sən gərək mahnını gözəl bir paltarda oxuyasan.

Kəkilli fərə sevinə-sevinə dedi:

-Gedək yazılım, qayıdanda qəşəng parça alaram. Gedərik Tovuz quşugilə. Deyirlər elə gözəl paltarlar tikir.

-Hə, hə, tez ol gəl gecikməyək.

Kəkilli fərə Qumru quşu ilə birgə gedib musabiqəyə yazıldı. İki gundən sonra yarışma başlayacaqdı. Odur ki tələsik parça alıb Tovuz quşuna biçdirdilər. Elə gözəl don alındı ki, baxan deyirdi bir də baxım.

Kəkilli fərə müsabiqəyə çox ciddi hazırlaşarkən Axsaq toyuqla Xallı fərə onun qeybətini edirdilər. Axsaq toyuq elə hey o tərəf bu tərəfə yırğalanıb deyirdi:

-Sənin səsin var gedib müsabiqəyə qatılırsan?

Xallı toyuq isə dayanmadan Qumru quşunun arxasında danışırdı:

-Bu Qumru hardan gəlib çıxdı e... Gəldi başına söz saldı. Deyirəm, ay bacı birdən qalib gələr e...

Artıq müsabiqə başlamışdı. İştirakçılar bir-bir oxuyub səhnədən düşürdülər. Kəkilli fərə çox həyəcanlı idi. Axı müsabiqədən gec xəbəf tutub heç düz-əməlli hazırlaşmamışdı.

O, lirik bir mahnı ilə səhnəyə çıxdı. Məlahətli səsi ilə oxumağa başladı. Elə gözəl oxuyurdu ki, münsiflər də, tamaşaçılar da heyran qaldılar bu gözəl libaslı toyuğa. Zalı alqış səsləri bürümüşdü. Tamaşaçılar Kəkilli fərəni səhnədən enməyə qoymurdular. Elə hey alqışıayıb mahnı oxumasını istəyirdilər. Müsabiqənin sonunda nəticələr hamını sevindirdi. Kəkilli fərə birinci yerə layıq görulmüşdü. O, sevincdən ağlayırdı. Göz yaşlarını silə-silə ona bağışlanan hədiyyələri, çiçək dəstələrini qəbul edirdi. Axsaq toyuqla Xallı fərə müsabiqəni televizordan canlı izləyib heyran oldular.

Kəkilli fərə isə tamaşaçıların xahişi ilə yenidən səhnəyə qalxıb gözəl bir mahnı oxuyurdu. Onun səsi, xoş avazı ətrafa yayılır, tamaşaçıları sözün əsl mənasında heyran qoyurdu.

 

Nadirin rəng dünyası

Nadirin anadangəlmə əlləri yox idi. Həmişə yaşıdlarına həsədlə baxardı. O qədər həsəd aparardı ki, yuxuda tez-tez əlləri olduğunu görür  və çox sevinirdi. Gördüyü yuxular çox vaxt bir-birinə bənzəyərdi. Hər dəfə yuxusunda göz oxşayan şəkillər çəkərdi. İstəyirdi bu yuxular heç bitməsin. İstəyirdi bu yuxular gerçək olsun.

Nadir meylini rənglərə salmışdı. Pəncərədən elə hey günəşə, buludlara, bağlarındakı ağaclara baxardı. Həmişə təbiətin əsrarəngiz gözəlliklərinə ilk dəfə görürmüş kimi vurulardı. Nadirin öz dünyası vardı. Rəngli dünyası. Atasından xahiş etmişdi ona rəngli boyalar və fırçalar alsın.Atası onun arzusunu elə həmin  gün yerinə yetirmişdi.

Atası boya və fırçaları, ağappaq kağızlarını sakitcə stolun üstünə qoydu və Nadirə heç bir  söz demədən otaqdan çıxdı. Nadir isə cəld qalxıb rəsm ləvazimatlarına çox sevinclə baxdı və otağın qapısını çiyni ilə itələyib örtdü. Həmin an Nadir bəlkə də dünyanın ən xoşbəxt uşağı idi.

O, rəsm çəkmək istəyirdi. Nə olsun ki, əlləri yoxdu. Ayaq barmaqları ki, var. O ağzı ilə fırçanı götürdü. Kağızı yerə sərdi. Boya qutusunu açdı. Bu işləri çiyni və ayaqları ilə edirdi. Boya şüşəsinin ağzını açmaq asan olmayacaqdı. Anasını köməyə çağırdı:

-Ana, bir dəqiq bura gəl.

Anası həmin an qapıda göründü. O, təəccüblə Nadirə, bir də yerə sərilmiş kağıza baxırdı.

-Ana, zəhmət olmasa boya şüşələrini aç və bura qoy.

Ana çox təəccüblənsə də, özünü o yerə qoymadı. Cəld boyaların qapaqlarını açıb Nadirin göstərdiyi yerə qoydu və otaqdan çıxdı.

Həmin gün Nadir gözəl bir günəş şəkli çəkmişdi. Günəşin elə gözəl şəfəqləri vardı ki. Səmadakı buludlar da günəşin  ətrafında yan-yana düzülmüşdü. O, fırçanı ayaq barmaqlarının arasında sıxaraq tutmuş və şəkli çox məharətlə çəkmişdi.

Əslində Nadir fırçanı ayaq barmaqları ilə tutmağı çoxdan öyrənmişdi. Həmin günü belə xatırlayır. Onda Novxanıdakı bağlarında istirahət edirdilər. Nadirgilin evləri dəniz sahilinə çox yaxın idi. O, hamıdan tez qalxar, dənizin sahilinə qaçardı. Nazik çöpü ayaq  barmaqlarına keçirib sıxar və həmin an günəşin doğmasını qumlu sahilə çəkərdi. İndi isə arzusu reallaşıb. Atası ona elə gözəl rəngli boyalar, fırçalar alıb ki. Bundan sonra gördüyü gözəllikləri ağ kağıza köçürəcək və dunyanın ən xoşbəxt uşağı olacaqdı.

Günlər keçir Nadir böyüyürdü. O, indi ən məhşur rəssamdı. Fiziki məhdudiyyətli rəssamlar arasında birinci yeri qazanan Nadirin sevincinin həddi-hududu yoxdu. Onun şəhərin mərkəzində rəsm qalereyası var. Bu qalereyanın tamaşaçıları axın- axın onun əsərlərinə tamaşa etməyə gəlirlər. Nadirin rəngli dünyası insanları heyran edir. İndi o dünyanın ən xoşbəxt insanlarından biridir.

 

Sehrli oyuncaqlar 

Ümid oyuncaqlarla oynamağı çox sevir. Lakin hər dəfə oynadıqdan sonra oyuncaqları elə həmin yerdə qoyur. Anası həmişə ona səliqəli olmağı, oynadıqdan sonra onları yığışdırıb səliqə ilə yerinə qoymağı başa salsa da, Ümid öz tənbəl xasiyyətindən əl çəkmir ki, çəkmir.
Ümid bir səhər yuxudan qalxıb oyuncaq maşınını sürmək istədi. Hər yeri axtardı, amma tapmayıb çox məyus halda bağdakı ağacın kölgəsində oturdu. Birdən qulağına səs gəldi:
-Deyəsən məni axtarırsan?
Ümid səs gələn tərəfə baxdı. Sınıq salxaq köhnə bir maşın başının üstündə fırlanıb kədərli halda ona baxırdı:
-A... bu ki mənim maşınımdı. Düş aşağı, bayaqdan səni axtarıram.
-Heç düşərəm? Sənin kimi səlqəsiz bir oğlanın maşını olmaq istəmirəm.
-Mən səni sonuncu dəfə oynadanda təp-təzə idin, indi niyə bu gündəsən?
- Sən məni oynadıb sonra elə orda qoydun. Yağış yağdı, külək əsdi, yagış məni çoxlu islatdı, külək məni itələyib palçığa saldı - deyib ağlamsındı oyunncaq maşın.
Ümid bilmədi nə desin, maşının könlün almaq istədi, amma susdu. Kədərli baxışları ilə maşınını bir xeyli süzdü. Maşın isə gah qopmuş təkərini, gah sınmış şüşəsini ona göstərib qəmgin halda yuxarıda fırlanırdı.
Elə bu vaxt oyuncaq kran da gəlib maşının yanında dayandı:
-Məni tanıdın?
Ümid xeyli baxdıqdan sonra:
-Hə tanıdım, sən mənim oyuncaq kranımsan. Amma yaman köhnəlmisən.
-Sən məni köhnəltdin. Bu bağın qurtaracağında qəşəng ev tikirdik, yadında?
Ümid:
- Hə, hə, əlbəttə yadımda.
-Elə ordaca qoydun məni. Tikdiyimiz ev də yarımçıq qaldı.Sən niyə belə səlqəsizsən. Kaş mən səliqəli bir oğlanın kranı olardım.
Ümid çox peşman olmuşdu. O, peşman baxışları ilə köhnəlmiş oyuncaqlarını diqqətlə süzür, onları oynatdıqdan sonra səliqə ilə yerinə qoymadığına görə özünü danlayırdı ki, birdən, gözünun biri qopmuş, qulaqları yox olmuş, tükləri yolunmuş balaca bir it ona yaxınlaşdı:
-Hav.. hav... hav.. deyəsən məni unutmusan?
Umid tez sevinc hissi ilə hoppanıb balaca oyuncaq itini qucağına aldı:
-Səni heç unutmaq olar? Bir vaxtlar ən yaxın dostum idin.
-Hə düz deyirsən bir vaxlar. Bəs məni niyə bu günə qoydun? Neçə fəsildi qalmışam yağışın, günün altında. Qışda soyuqdan ölürəm yayda istidən.
Ümid köhnə oyuncaqları ilə qəfil görüşdən çox məyus olmuşdu. O, köhnə oyuncaqlarını dilə tutub otağına gətirdi. Onları silib təmizlədi. Birdən yadına düşdü ki, dünənki oyuncaqlarını hovuzun yanında qoyub. Tez qaçıb onları da gətirdi. Mavi rəngli top dilə gəldi:
-Çox sağ ol, Ümid, nə yaxşı məni vaxtında götürdün. Yoxsa günəşin şəfəqləri məni az qalırdı əridə, bax necə yumşalmışam.
Ümid topunu sığalladı. Üzünü oyuncaqlarına tutub dedi:
-Oyuncaqlarım, məni bağışlayın, söz verirəm bundan sonra sizi oynatdıqdan sonra öz otağımdakı oyuncaqlar guşəsində saxlayacağam.
Oyuncaqlar çox sevindi. Onlar atılıb düşür, sanki bayram edirdilər. Ümid isə sevinə-sevinə onlara tamaşa edirdi.

Sevimli Bobi 

Küçədə Bobi adlı  gözəl  bir it yaşayırdı. O, həm vəfalı, həm də çox mehriban  idi. Həmin küçədə yaşayan uşaqlar Bobini çox sevər, ona həmişə yemək  verərdilər. Amma bir gün möhkəm qar yağdı. Elə yağdı ki, bu xeyirxah uşaqlar  bayıra çıxa bilmədilər. Çünki çovğun ara vermir, tufan az qalırdı ağacları kökündən qopara. Güclü külək evlərin damını qoparıb yerə  atır, qabağına gələn bütün əşyaları ora-bura çırpırdı. Çovğunun səsi adamı vahiməyə salırdı.

Səlim pəncərə önündə dayanıb hey Bobini düşünürdü. Görəsən, Bobi bu boranda hara getdi, kimə sığındı?

Səlim Boboni çox istədiyindən birinci qara məhəl qoymur, qar yağdığına ürəkdən sevinə bilmirdi. Belə soyuq havalarda həmişə küçə heyvanlarını düşünürdü. Düşünürdü və kədərlənirdi.

-Ata, görəsən Bobi necə oldu?

Atası Səlimin kədər dolu gözlərinə baxıb:

-Yəqin bir sığınacaq tapıb gizlənib.

-Doğurdan?

-Əlbəttə. Görürəm çox narahatsan. Gedim baxım gəlim, tapsam gətirəcəm Bobini.

Səlimin sevincinin həddi-hududu olmadı. Üzündəki kədərlə sevinc bir-birinə qarışdı.

-Ata, olar mən də gəlim?

-Yox, oğlum, tufandı, sən otur evdə, mən baxıb gəlirəm.

Səlim tez qaçıb mətbəxdən Bobi üçün yemək götürdü. Cəld atasına verib dedi:

-Bobini tapsan, bu yeməyi ver, atacan.

-Bobini tapsam gətirəcəm oğlum - deyib atası Səlimin başını sığalladı və çox məmnun halda qapıdan çıxdı.

Bütün ailə pəncərə önünə yığışıb nigaran dolu baxışlarla atanı gözləyirdi. Səlim üzünü pəncərəyə söykəmişdi. Qar dənəcikləri sürətlə pəncərəyə dəyir, sürüşüb yerdə qalaq-qalaq qar təpəcikləri yaradırdı. Az keçmədi ki, küçə qapısı açıldı. Bütün ailənin nigaran dolu baxışları qapıya zilləndi. Səlim gördüklərinə inanmadı, elə bildi yuxu görür. Atası gülə-gülə evə doğu addımlayırdı,qucağında da Bobi.

Səlim cəld bayıra qaçdı:

-Bobi, Bobi, nə yaxşı gəldin!

Bobi yerə atıldı və qaçıb Səlimi qucaqladı. Ana isti ədyal gətirdi. Bobini bükdülər. Axı o, çox üşümüşdü.

Səlim sevincindən uçurdu:

-Atacan, çox sağ ol ki, Bobini gətirdin. De görum hardaydı?

-Var gücümlə çağırdım. Küçənin o başından qaçıb gəldi. Bircə onu bilirəm ki, yaxında imiş.

Bobinin gözlərindən xoşbəxtlik tökülürdü. Elə hey Səlimə baxır,  gözlərini bir an ondan ayırmırdı. Eyvanda xalçaya uzanmışdı. Üstünə yun adyal örtmüşdülər. Səlim Bobidən bir dəqiqə olsun ayrılmır onu sığallayırdı.

Səhər çovgun dayanmışdı, qar da yağmırdı. Günəş ilıq nəfəsini pəncərədən içəri salıb Səlimi sanki yuxudan oyatmağa çalışırdı. Yuxudan qalxan Səlim başının ustundə gülümsəyən Bobini görüb elə sevindi ki. Tez qalxıb vəfalı dostunu qucaqladı. Onlar birlikdə bayıra qaçdılar. Səlim birinci qar sevincini indi yaşayırdı, Bobiyə qovuşandan sonra.

Bütun ailə üzvləri maraqla Səlimə və Bobiyə tamaşa edirdilər. Səlim qarı sovurub Bobiyə atır, Bobu öz növbəsində qabaq ayaqları ilə qarı Səlimə atırdı. Bobi elə xoşbəxt görümürdü ki. Onu xoşbəxt edən Səlimin heyvan sevgisi idi.

 

Tumurcuq 

Zeynəb rəngli çatını götürüb Ülkərgilə  yollandı. Darvazanı açıb içəri  baxdı:

-Ülkər hardasan? Gəl oynayaq.

-İçəri gəl, a bala. Ülkər də elə səni arzulayırdı - deyə nənə mehriban baxışları ilə Zeynəbi süzdü.

Elə bu vaxt Ülkər içəridən qaça-qaça gəldi:

-Nə yaxşı çatını da gətirdin.

-Hə gətirdim ki, oynayaq.

Uşaqlar sevinə-sevinə bağçaya endi. Zeynəb oyuna ilk başladı. Çatını havaya qaldırıb tullanıb düşürdü ki, birdən çatı ağaca ilişdi. Yamyaşıl tumurcuqlar yerə töküldü. Zeynəb tumurcuqları götürüb təəccüblə dedi:

-Bu nədir?

Ülkər çiyinlərini çəkib:

-Bilmirəm, doğrudan da bu nədir görəsən?

-Yetişib yarpaq olacaq.

-Yox məncə yetişib çiçək olacaq.

Elə bu vaxt  Ülkərin nənəsi onlara yaxınlaşdı. Zeynəbin əlindəki tumurcuqlara baxıb:

-Ay sizi dəcəllər, bu tumurcuqları niyə belə heyif elədiz?

Uşaqlar bir ağızdan :

-Tumurcuq?

-Hə, tumurcuqdu bu.

-Axı tumurcuq nədi ay nənə? - deyə Ülkər təəccüblə soruşdu.

Nənə uşaqları sakitləşdirib sözə başladı:

-Mənim dəcəl balalarım, bax bu gördüyünüz ağac şaftalı ağacıdır. Yaz gələndə bütün ağaclar kimi şaftalı ağacı da tumurcuqlayır. Bu tumurcuqlar günlər keçdikcə yetişir, çiçək olur. Sonra bu çiçəklər yetişib meyvə olur.

-Meyvə? Mən şaftalı meyvəsini çox sevirəm - deyə Zeynəb sevinclə qışqırdı.

-Ona qalsa elə mənim də ən sevdiyim meyvə şaftalıdı - deyə Ülkər gözlərini  nənənin ovcundakı tumurcuqlara zillədi.

-Hə uşaqlar,  deyirsiz ən sevdiyim meyvədi, amma ehtiyatlı oynamadız. Gəlin sayaq. Bax duz 8 tumurcuqdu. 8 meyvəni yetişməyə qoymadız.

Zeynəb çox kədərlə:

-Nənə, qəsdən eləmədik,çatı ilişdi.

-Bilirəm, siz ağıllı balalarsınız, heç qəsdən edərsiz? Həmişə oynayanda, bir iş görəndə ehtiyatlı olun ki, belə ziyanlıq olmasın.

-Düz deyirsən, ay nənə. Ehtiyatlı oynasaydıq tumurcuqlara ziyan dəyməzdi - deyə Ülkər hey tumurcuqları ovcunda sığallayırdı.

 

Xeyirxah kirpi 

Meşədə lovğa bir dələ yaşayırdı. İşi-gücü kirpiyə lağ etmək idi. Bütün günü qəhqəhə çəkərək onu ələ salır, tikanlarına gülürdü. Kirpi buna görə çox  kədərlənir, günlərlə özünə qapanır, çölə çıxmaq istəmirdi. Amma günlərin bir günü çox acdığı üçün yuvadan bayıra çıxmalı oldu. Dələ də çox yaxında imiş. Başladı nə başladı:

-Ha.. ha...ha... Tikanlı qardaş yenə bayıra çıxıb. Xoş gəldin, xoş gəldin, neçə vaxtdı hardaydın, ha...ha...ha...? Yəqin tikanlarından utanırdın hə?

-Xeyr, mən niyə tikanlarımdan utanıram? Tikanlarımı çox sevirəm. Heç bilirsən o məni necə təhlükələrdən qoruyur?

- Ha.. ha...ha... buna bax, hələ də boynuna almır ki, tikanları eybəcərdi.

-Axı eybəcər deyil. Bilirsən nə var, mən tikanlarımla çox xoşbəxtəm.

Dələnin qəhqəhəsi bütün meşəni bürüdü.

- Ha.. ha...ha... Xoşbəxtmiş, tikanlarla necə xoşbəxt olmaq olar?

Kirpi məyus halda yuvasına  çəkildi. Səhəri gün gözünü səs-küyə açdı. Tez bayıra qaçdı. Nə görsə yaxşıdır? Yekə bir ilan dələnin qabağnı kəsib deyirdi:

-Fısss... səni sancmaq istəyirəm.

Dələ qorxudan ağlayır, ora-bura baxıb imdad diləyirdi. Ağaca tullanmaq istəyirdi. Lakin hər dəfə ilan quyruğu ilə onu vurub yerə salır və qarşısında fıs-fıs fısıldayırdı.

Kirpi bir andaca özünu onların arasına atıb dedi:

-Bu saat səni tikanlarımla sancacam.

İlan  kirpini görüb çaşqin halda gözlərini oynatdı və  anidən sürünüb aradan çıxdı.

Dələ  kirpinin elədiyi yaxşığa görə təəccüb içində idi. Bilmirdi nə desin. Kirpini incitdiyi, lağ etdiyi günləri düşünüb xəcalət çəkirdi. Kirpi isə sevinc içərisində idi. O, dələni yırtıcı ilandan qoruduğu üçün çox xoşbəxt görünürdü.

-Gördün tikanlarım səni necə xilas elədi?

-Gördüm, kirpi qardaş, gördüm. Hətta sənə qibtə etdim tikanlı oduğun üçün. Kaş mənim də tikanlarım olardı. Bilirəm, səni çox incitmişəm. Nə olar bağışla məni.

Kirpi dedi:

-Əlbəttə, səni bağışlayıram. Əsas odur ki, sən səhvini başa düşdün.

O vaxtdan kirpi ilə dələ çox mehriban dost oldular, meşədə firavan bir ömür sürdülər.

 

Fuad və Orxan

Fuad dərs oxumağı sevmirdi. Vaxtının çoxunu futbol oynamaqla keçirirdi. Çox dəcəl oğlan idi. Topu hara gəldi çırpır, qonşuların rahatlığını pozurdu. Qonşuları Səmayə xala onun əlindən təngə gəlmişdi. Topu necə çırpmışdısa Səmayə xalagilin evlərinin damı uçmuşdu.

-Ay bala, gör neylədin? Dam uçdu e... Yağış yağsa neyləyəcəm? Vay, evimi su basacaq!

Fuad istehzayla dedi:

- Günah məndə deyil. Sənin çürük damındadı günah. Bir topla uçdu, mən neyləyim? Çürüyüb də. Mən çürük dama cavabdehəm?

Bundan qəzəblənən Səmayə xala Fuadgilə gəldi. Qapını çox döydü, açan olmadı. O biri qonşu çıxıb dedi ki, Fuadın atası da, anası da işdədir. Fuad isə top əlində istehza ilə Səmayə xalaya baxır, yenə də acı sözlərindən qalmırdı:

-Aaa, qəribə adamdı e… Mən çürük dama neyləyim axı...

Fuadın dostu Orxan onu danlamağa başladı:

- Axı Səmayə xala kimsəsiz adamdı. Niyə çürükdü, çürükdü deyib qəlbinə dəyirsən?

Fuad hirsləndi:

- Nə olsun ki, mənim zərbəmlə uçub. Sən də mənimlə oynayırdın da.

- Mən həmişə ehtiyatlı oynayıram. Bilirəm ki, qonşu evlərin pəncərəsi var, sınan şeylər var. Həmişə nəzərə alıram. Amma sən topu hara gəldi çırpırsan.

Orxan çox kədərli halda evə gəldi. Atası niyə belə kədərli olduğunu soruşanda onu ağlamaq tutdu. Əhvalatı ağlaya-ağlaya atasına danışdı.

Orxanın atası tikintidə usta işləyirdi. Ürəyiaçıq oğlunun başını tumarladı, onu bərk-bərk qucaqlayıb dedi:

-Gəl, gedək baxaq. Ağlama, mən o damı bu saat düzəldəcəyəm.

Orxan gözünün yaşını sevinə-sevinə sildi. Onlar Səmayə xalagilə yollandı. Səmayə xala yolda dayanıb uçmuş dama baxıb ağlamsınırdı. Orxanın atası Səmayə xalaya dedi:

- Qəm yemə, ay xala, gəldim düzəldim damı.

Səmayə xala karıxdı:

- Bıy, başına dönüm, a bala, nə yaxşı, nə yaxşı!

Səmayə xala sevinə-sevinə taxta qapısını açdı:

-Gəlin, a bala, gəlin.

Orxanın atası bir göz qırpımında dama qalxdı.

- Ehtiyatlı ol, başına dönüm, ehtiyatlı ol.

Orxanın atası necə çıxmışdısa, elə cəldliklə aşağı düşdü.

-Səmayə xala, 2 şifer lazımdır, bu saat alıb gəlirəm.

- Dayan, başına dönüm, pensiyamı təzə almışam, qoy pul verim.

- Yox e.. heç nə lazım deyil! - deyib sürətlə qapıdan çıxdı Nazim dayı.

Bir az keçmişdi Nazım dayı qayıdıb gəldi. Şiferi və bəzi ləvazimatları maşından düşürüb Səmayə xalanın qapısının yanına yığdı. Fuad yolla harasa gedirdi. Bu mənzərəni görüb çox pərt oldu. Gedib uzaqda dayanıb Səmayə xalagilin damında gedən işləri müşahidə eləməyə başladı. Çox pərt görünürdü. Tutduğu əməldən peşman idi. Lakin sonrakı peşmançılıq fayda verməz deyib atalar.

O gündən sonra heç kim Fuadı küçədə veyil-veyil gəzən görmədi. Məktəbdən gələn kimi bir az dincəlib dərs oxuyardı. Topla oynamağı unutmamışdı. O, öz həyətlərində oynayırdı, hərdən dostlarını da çağırar və birlikdə oynayardılar. Ən maraqlısı isə Səmayə xala ilə qarşılaşması oldu.S əmayə xalanın qabağına yüyürub əlindəki ağır zənbili aldı:

- Bıy, sənsən ay dəcəl?

- Hə mənəm? Səmayə xala. Nolar məni bağışla.

Səmayə xala əlindəki zənbili Fuada verdi:

- Can bala, bağışlayıram, əsas odu səhvini başa düşmüsən.

Fuadın sevcinin həddi-hüdudu yox idi. O sevinə-sevinə Səmayə xalagilə çatdı. Zənbili ona verib mehribanlıqla sağollaşdı.

 

Əsmərin sehrli zənbili

Əsmərin anası bazardan bir zənbil meyvə-tərəvəz almışdı. Əsmər üz-gözünü turşudub dedi:

– Eee, bu nədi almısan, mən bunları xoşlamıram.

– Qızım, nə danışırsan? Bunlar çox xeyirlidir.

– Eee, istəmirəm...

Bu vaxt portağal zənbildən hoppanıb stolun üstünə çıxdı, əzilib-büzülüb dedi:

– Aaa, sən məni xoşlamırsan?

– Xoşlamıram, sözün var?

– Maraqlıdır, bəs sən nə xoşlayırsan?

– Mən şokolad və çipsi xoşlayıram!

– Ay Əsmər, sən heç bilirsən ki, onların insana heç bir faydası yoxdur. Amma məndə sənə lazım olacaq vitaminlər var.

Daha sonra qırmızıyanaq alma hoppanıb stolun üstünə çıxdı və söhbətə qoşuldu:

– Məni ye, gör mən nə qəşəngəm. Heç bilirsən mənim tərkibimdə nə qədər vitamin var?

– Yox, istəmirəm sizi.

Alma həm pərt oldu, həm də küsdü. Stoldan düşüb divanda oturdu:

– Heç yemə. Bizi yeməsən, tez böyüyüb məktəbə gedə bilməyəcəksən.

Kök başını zənbildən çıxarıb dedi:

– Məni yeməsən, boyun çıxmayacaq, hamı sənə cırtdan deyəcək. Üstəlik, gözlər üçün də çox faydalıyam.

Kivi əsəbi-əsəbi var-gəl eləməyə başladı:

– Məndə sağlamlıq üçün çox önəmli olan C vitamin var. Bunun sayəsində xəstəliklərə qalib gələcəksən – dedi.

Kök kiviyə acıqlandı:

– Guya məndə o vitaminlərdən yoxdur?

Kivi:

– Səndə də var e, amma mənim xeyrim daha çoxdur.

Qozun hoppanıb kresloda oturduğunu görəndə Əsməri gülmək tutdu.

Qoz:

– Məncə, bu il birinci sinfə gedəcəksən.

– Hə, nə olsun?

– Necə yəni nə olsun?

Qoz hirsləndi:

– Məndən gündə 4-5 dənə yesən, dərslərini yaxşı qavrayacaqsan.

Əsmər stolun üstündəki şokolada üzünü tutub qışqırdı:

– Şokolad, bunların cavabını ver! Sənin tərkibində vitamin yoxdur?

Şokolad utanaraq:

– Əsmər, meyvə-tərəvəzlər düz deyir, onlar vitaminlərlə zəngindir.

Əsmər bərk əsəbiləşdi:

– Deyirəm, sənin tərkibində vitamin yoxdur?!

– Yox, niyə? Məndə də var idi, amma məni qaynatdılar, konfet halına salanda bütün vitaminlərim öldü – deyərək ağladı.

Çipsi dilləndi:

– Düzünü deyəcəm, mən başdan-ayağa kimyəvi qatqılardan ibarətəm. Əslində, mən elə gözəl, vitaminli kartof idim ki... Nazik-nazik doğrayıb qızartdılar. Bu azmış kimi mənə uzun müddət xarab olmayım deyə ziyanlı maddələr vurdular. Əsmər, sən məni yox, o meyvələrdən yesən, yaxşı olar.

Çipsinin bu məsləhətini görən portağalla alma sevindi:

– Gördün?

Kivi sevincdən atılıb-düşməyə başladı. Qoz şokolad və çipsinin əlini sıxıb düz danışdıqlarına görə onlara təşəkkür elədi. Əsmər hər şeyi başa düşdü. Zənbildən qıpqırmızı bir alma götürüb yaxşı-yaxşı yudu və ləzzətlə yeməyə başladı.

 

Balaca Tural 

Yenə bu gün Turalgilə idman dərsi var idi. Həmin gün adəti üzrə onun heç kefi olmazdı. Çünki həmişə sıra ilə düzülərdilər və boyu balaca olduğuna  görə Tural ən axırda dayanırdı. Uşaqlardan bəziləri adını zarafatla “Cırtdan” qoymuşdular. Büruzə verməsə də çox sıxılırdı.

-Ana mən daha məktəbə getməyəcəyəm - deyib çantasını divana tulladı.

-Nə tez yoruldun. Hələ birinci sinifdə oxuyursan. Gör neçə illərin var qarşıda.

-Neyniyim, deyirəm getməyəcəm.

-Axı niyə? Səbəbini izah elə ağıllı balam.

-Niyə mənim boyum balacadı? Sinif yoldaşlarımın hamısının boyu normal, amma mən balacayam. Axı niyə? Həmişə idman dərsində ən axırda mən dururam. Yox, mən daha məktəbə getməyəcəyəm...

-Tural, boyunun balaca olmağının günahı sənin özündədi bilirsənmi?

-Necə yəni, ay ana, mənim nə günahım var?

-Bax, ay bala, səhər məktəbə gedəndə sənə qaymaq, pendir, şor qoyuram yemirsən. Təzə süd verirəm içmirsən. Heç bilirsən inək südü boy artmında necə faydalıdır? Üz gözünü turşudursan xeyirli yeməkləri görəndə. Mənə deyirsən ki, mən sosisli bulka xoşlayıram. Gedirsən məktəbin bufetində  sosisdi  nədi onu alıb yeyirsən. Meyvə şirəsi çəkirəm içmirsən, gedib kola alırsan. Heç bilirsən  sosiskadı  nədi o cana necə ziyanlıdır?

-Doğrudan ana?

-Bəs nə?

-Yaxşı yadıma düşdü. Dünən kənddən babangil xeyli kök göndərib. Çantana qoymusdum ki, məktəbdə yeyəsən. Aç baxm görum yemisən?

-Yox, ay ana, özün bilirsən ki, kök xoşlamıram - deyib üz gözünü turşuda-turşuda anasının bükdüyü torbanı çıxarıb stolun üstünə qoydu.

-Bax elə ona görə də boyun  balaca qalıb. Kökün tərkibində boyu artıran çoxlu sayda vitaminlər var.

Tural xeyli  düşündü. Həqiqətən faydalı yeməkləri xoşlamırdı. Özünə söz verdi ki, bundan sonra anasının sözünə baxacaq. Günlər sürətlə bir-birini əvəz edirdi. Daha o gündən bəri Tural anasının çantasına qoyduğu meyvə-tərəvəzləri həvəslə yeyir, faydasız qidalara üstünlük vermirdi. Boyu az müddət keçsə də xeyli uzanmışdı. Hər gün dərsdən sonra atasının düzəltdiyi basketbol meydançasında həvəslə oynayır,  idmanla məşgul olurdu.

 

Leylanın düzgün qərarı

Balaca Leylanın sevincinin həddi-hüdudu yox idi. Atası ona çoxdan arzuladığı kompüter almışdı. Bundan sonra sevdiyi cizgi filmlərinə baxa biləcək, çoxlu oyun oynayacaqdı. Atası onunla şərt kəsmişdi ki, hər gün yalnız yarım saat kompüterlə məşğul olacaq. O, da söz vermişdi. Amma nəinki vədinə heç cür əməl etmirdi, heç bir dəqiqə də olsun kompüterdən ayrılmırdı. Bir az vaxt keçmişdi ki, Məstan pişik pəncərəyə qalxıb Leylanı səslədi:

 

- Miyo-miyo, Leyla, acmışam.

 

Leylanın başı kompüterə elə qarışmışdı ki, Məstana məhəl qoymadı, üstəlik acıqlandı da:

 

- Eh, sən də əl çək. Görmürsən burda oynayıram?

 

Məstan pərt oldu. Əvvəlki vaxtları xatırlayıb üzüldü. Əvvəllər pəncərəyə qalxan kimi Leyla onu xeyli sığallayır, sonra yemək verirdi.

 

- Miyo-miyo, Leyla, əlindəki nədir?

 

- Kompüterdir. Atam alıb.

 

Elə bu vaxt Leylanın rəfiqəsi Nərgiz qapıda göründü. Leylanı səslədi:

 

- Leyla, Leyla, gəl oynayaq.

 

Leyla dedi:

 

- Oynamıram.

 

Nərgiz də pərt oldu. Axı heç vaxt belə qarşılanmamışdı. Məyus halda geri döndü.

 

Leyla isə divanda oturub elə hey kompüterdə oyun oynayırdı. Dərslərini də unutmuşdu. Tapşırıqları yerinə yetirmək heç yadına da düşmürdü. Xeyli oynadı, oynadı və elə divandaca yuxuladı. Bir azdan ata-anası işdən qayıdanda Leylanı yatmış vəziyyətdə gördülər. Həmən gün Leyla o yatan, yatdı. Bir də səhər anasının səsinə oyandı:

 

- Leyla, qızım, oyan dərsə gecikirsən.

 

Leyla oyandı. Yadına düşəndə ki, dərslərini oxumayıb çox pis oldu. Könülsüz-könülsüz geyindi.

 

Artıq dərs başlamışdı. Leyla arxa partada özünə yer seçmişdi. Müəllimə dərsi soruşanda uşaqların arxasında gizlənməyə çalışan Leylanı görüb çağırdı:

 

- Leyla, gəl dərsimizi danış.

 

Leyla utana-utana ayağa qalxdı. Başını aşağı salıb mızıldadı:

 

- Bilmirəm.

 

- Niyə öyrənməmisən?

 

- Bilmirəm.

 

Müəllimə Leylanın gündəliyinə iki yazdı.

 

Leyla sarsılmışdı. Bu vaxta qədər ömründə iki almamışdı. “Hamısını eləyən o kompüterdir”, - deyə düşündü. Leyla çox pərt olmuşdu. Həmişə beş alardı. O beşlərin arasında yekə bir ikinin yer alması onu sarsıtmışdı. Dərs qurtaran kimi evə gəldi. Kompüteri görmək belə istəmirdi. “Daha oynamayacağam”, - deyə düşündü. Bu vaxt Məstan pəncərəyə qalxdı:

 

- Miyo-miyo, Leyla, gəlmisən?

 

Leyla Məstanı qucağına alıb sığalladı:

 

- Bağışla məni, Məstan. O gün səninlə pis rəftar etdim.

 

- Miyo-miyo, daha kompüter oynamayacaqsan?

 

- Yox, Məstan, həm səninlə oynayacam, həm də dərslərimi oxuyacam. Qoy atam gəlsin, ona deyəcəm ki, kompüteri qutusuna qoysun. Hərdənbir tətildə oynayaram.

 

Məstan çox sevindi:

 

- Nərgizin də könlünü al. O, da səndən çox inciyib.

 

- Düz deyirsən. Qoy dərslərimi hazırlayım, birlikdə gedərik Nərgizgilə.

 

Məstan sevincindən bilmirdi nə etsin. Ora-bura qaçır, tullanıb-düşürdü.

 

Pələngin məsləhəti

 

Yaz gəlmişdi. Ayı qış yuxusundan oyanıb ayağa qalxdı. Yaman acmışdı, ürəyi bal istədi. Bilirdi ki, bal meşənin lap dərinliklərində, ağacların koğuşunda olur. İri addımlarla mağardan çıxdı və düz meşənin dərinliklərinə yollandı. Az getdi, çox getdi. Bir də gördü ki, nəhəng ağacın koğuşunda arılar vızıldayır.

 

“Aha, tapmışam. Dadlı bal burdadır.”

 

Yaxınlaşıb əlini koğuşa saldı. Yanılmamışdı. Sapsarı ətirli balı ovuc-ovuc götürüb ağzına qoydu.

 

“Bəh-bəh! Nə dadlıdır!”

 

Birdən baxdı ki, dovşan əlində bir səbət kök ordan keçir. Dovşanın əlindəkiləri gördükdə ucadan şaqqanaq çəkib güldü:

 

- Onu yeməyə aparırsan?

 

- Sənə nə?

 

- Necə yəni mənə nə? O kökü və kələmi yediyin üçün sənə yazığım gəlir. Al bu baldan ye. Qoy ağzın dada gəlsin.

 

- Çox tərifləyirsən. Bir damcı ver görüm bu bal nə olan şeydir. Ayı baldan barmaq götürüb dovşanın ağzına uzatdı. Dovşan balın dadına baxdı və üz-gözün turşudub yerə tüpürdü:

 

- Bu nədir?

 

Dovşan öskürməyə başladı.

 

Ayı dedi:

 

- Niyə şipşirin balı bəyənmirsən?

 

Dovşan kökdən birini ayıya uzatdı:

 

- Bax gör nə dadlıdır.

 

Ayı kökü dişləyib çeynədi və yerə tüpürdü.

 

Onlar bərk mübahisə elədilər.

 

Ayı dedi bal dadlıdır, dovşan dedi düz demirsən, kök və kələmdən dadlı heç nə yoxdur. Onlar mübahisə edə-edə yuvalarına qayıdırdılar ki, bir qoca pələngə rast gəldilər. Pələng onlardan nə üçün mübahisə etdiklərini soruşanda əhvalatı danışdılar. Qoca pələng onları diqqətlə dinləyib dedi:

 

- Mübahisə etməyin, diqqətlə qulaq asın. Mən nə bal yeyə bilirəm, nə də kök, kələm. Mənim ən xoşladığım qida ətdir. Əvvəllər özüm ovlayardım. Amma indi çox qocalmışam. Artıq ova gedə bilmirəm. Balalarım hər gün mənə dadlı ət gətirirlər. Sizə demək istəyirəm ki, bilin və agah olun. Hər bir heyvanın öz qidası var və hərənin qidası özünə dadlıdır.

 

Ayı ilə dovşan pələngə diqqətlə qulaq asdılar. Daha mübahisə etmirdilər. Çünki qoca pələng onları yaxşıca başa salmışdı.

 

Tənbəl qarğa

Biri var idi, biri yox idi. İki qarğa var idi. Bu qarğalardan biri tənbəl, digəri isə çox zəhmətkeş, qoçaq idi. Onlar bir-biri ilə qonşu idilər. Tənbəl qarğa bütün gün yeyib-içib, əylənirdi. Qoçaq isə bütün günü zəhmət çəkib qış fəslinə azuqələr toplayırdı. Odun, çör-çöp daşıyır, zəmilərə baş vurur, buğdaları toplayıb yuvasına gətirirdi. Bunu seyr edən tənbəl qarğa tənə ilə deyirdi: 

– Bu qədər işləmək olar? Sənə yazığım gəlir.

Qoçaq qarğa gülümsəyərək: 

– Neyləyim, ay qonşu...birazdan qış qapının ağzını kəsəcək. Hər yeri qar-boran bürüyəcək.

– Eh, hələ çox var, –  deyən tənbəl qarğa mahnı zümzümə edə-edə kefindən qalmırdı.

Bir neçə gün keçmişdi ki, fəsli-qış durdu qapıda. Tənbəl qarğa şən yuxuda... Hər yeri qar, şaxta bürüdü. Külək qarı sovurub tənbəl qarğanın qapısına çırpırdı. O da qapının döyüldüyünü sanaraq üz-gözünü turşuda-turşuda yuxudan ayılıb dedi: 

– Kimdir gələn?!

Gələn qış idi. Kim olacaq? Külək yenidən qarı sovurub qapıya çırpdı. Tənbəl qarğa ərinə-ərinə yerindən durdu və qapını açdı. Gördüyü mənzərə qarşısında  dəhşətə gəldi.

–  Ay aman, bu nədi, qış nə tez gəldi?! 

Soyuqdan tir-tir əsməyə başladı. Sobanı qalamaq istədi. Amma nə fayda, odun nə gəzirdi.

Gördü, bərk acıb. Ora-bura baxdı, bir şey tapmadı.  

– Vay, vay... Halım necə olacaq? Uçaraq yaxınlıqdakı gölə gəldi. Əvvəllər burdan xırda cücülər tapıb yeyərdi. “Nə dadlıdır”, –  deyərdi...  Ay aman! Göl nə gəzir? Dönüb olmuşdu şüşə. Tənbəl qarğa qaldı üşüyə-üşüyə, qaldı ac. Ağlaya-ağlaya evinə döndü. Yeganə ümidi qonşu qarğa idi. Yayda qoçaq qarğaya dediyi tənəli sözlər yadına düşdü. Öz-özünə dedi: 

– Onunla bu cür rəftar etməkdənsə, qoçaq qonşuma qoşulsaydım, çoxlu azuqələr toplasaydım, indi isti yuvamda dincələrdim.

İndi sizə kimdən deyim – qoçaq qarğadan. O, balalarını başına yığıb yuvasında oturmuşdu. Sobanı qalayıb, isti şorba bişirmişdi. Şən mahnılar oxuya-oxuya, gözəl yeməklərdən yeyə-yeyə yuvasında dincəlirdi. Birdən qapı döyüldü. Qoçaq qarğa qapını gülərək açdı. Mehriban baxışları ətrafa sanki nur saçdı: 

– Xoş gəlmisən, ay qonşu, buyur içəri, səndən nə əcəb? 

Tənbəl qarğa qəhərlənə-qəhərlənə dedi:

 – Qış qəfildən qapını kəsdi. Acından, soyuqdan ölürəm. Qoçaq qarğa qonşusuna gözəl süfrə açdı. Gülümsəyə-gülümsəyə dedi: 

– Ye, iç, ay qonşu, halal xoşun olsun. 

Tənbəl qarğa utana-utana əyləşdi. Doyunca yeyib-içdikdən sonra dedi: 

– Qoy yay gəlsin, sənin kimi edəcəyəm. Əməksevər olacağam.  Doğrudan da, tənbəl qarğa elə o gündən tənbəlliyin daşını birdəfəlik atdı. Yay fəsli gələr-gəlməz qollarını çırmalayıb işə başladı. O, tez-tez qoçaq qarğaya da buğda, arpa və qoz gətirirdi. Qoçaq qarğa deyirdi: 

– Ay qonşu, özüm azuqə toplayacam, sən bizimçün əziyyət çəkmə.

– Nə əziyyət... Mən nə qədər çalışsam da, sənin yaxşılıqlarının əvəzini ödəyə bilmərəm. Sənin yaxşılığını heç vaxt unutmayacağam.

Yaxşılıq heç vaxt itmir.

 

Dələnin zarafatı

Günlərin bir günü kirpi balalarına alma dərmək üçün meşəyə üz tutdu. Meşənin dərinliklərində bir ağaca rast gəldi ki, üstündəki qıpqırmızı almalar gəl-gəl deyirdi. Yaxşı ki, səbəti də götürmüşdü. Həm özü yeyəcək, həm də balalarına aparacaqdı. Elə təzəcə şirin-şirin yeyirdi ki, birdən alma yağışı başladı. Almalar kirpinin baş-gözünə dəyib onu yaraladı. Yazıq kirpi nə baş verdiyini anlamırdı. Fürsət tapıb yuxarı baxdı, nə görsə yaxşıdı?! Bir dələ qəhqəhə çəkib gülür.

– Dəli olmusan? Baş-gözümü gör nə hala saldın?

Dələ daha da ucadan gülüb dedi:

– Zarafat zad da başa düşmürsən...

Kirpi ağlaya-ağlaya:

– Belə zarafat olar? Gəl gör necə yaralamısan məni? Tikanlarıma almalar sancılıb. Tez ol, çıxart bunları, – dedi.

Dələ kirpiyə heç fikir də vermədi. Əllərini yelləyib qəhqəhə ilə tullana- tullana çıxıb getdi. 

 

Kirpinin bütün bədəni sızıldayırdı. Dələnin yuxarıdan atdığı almalar onun hər yerini əzmişdi. Kirpi var gücünü toplayıb birtəhər sürünə- sürünə yuvasına getdi. Balaları ana kirpinin halın görüb yaman pərişan oldular. Analarından bunu kimin etdiyini soruşdular. Kirpi başına gələnləri balalarına danışdı. Balalar çox kədərləndilər. Kirpi ufuldayaraq yatağa uzandı...

Günlərlə yataqda qalan kirpinin halı yavaş-yavaş düzəlirdi. Amma o elə hey dələ ilə edəcəyi zarafat haqqında düşünürdü. Öz-özünə deyirdi: – Qoy ayağa qalxım, səninlə elə zarafat edəcəm ki, ömür boyu unutmayacaqsan.

Bir səhər kirpi, nəhayət, ayağa qalxdı. Artıq sağalmışdı. Balaları ana kirpini gümrah görüb çox sevindilər. 

– Nə yaxşı sağaldın, anacan! –  dedilər.

– Hə, sağaldım, yaxşıyam. Gedirəm, dələ ilə zarafat eləməyə. Neçə vaxtdır, yataqda qalıb bezdim lap...

Balalar kədərləndilər, analarının başına bir iş gələcəyindən qorxub ona ehtiyatlı olmağı tapşırdılar. Ana kirpi balalarını ovudub dedi:

– Narahat olmayın, çox ehtiyatlı olacam...

Kirpi dələnin yaşadığı ağacın altına gəldi. Xeyli yarpaq topladı. Sonra topladığı yarpaqların atına girib gizləndi. Dələnin səsi gəlirdi. O, ağacın başında özü üçün tullanıb düşür, öz-özünə danışıb gülürdü. Kirpi çox gözlədi. Nəhayət, dələ aşağı düşmək qərarına gəlmişdi, deyəsən. O, aşağı tullananda kirpi gizləndiyi yerdən çox sürətlə çıxıb dələnin üstünə atıldı. Tikanlarını qabardıb dələyə batırdı.

Dələnin bağırtısı meşəyə yayıldı.

– Aaa, neynirsən? Ağlını itirmisən-nədi?

– Zarafat edirəm də... Zarafat da başa düşmürsən.

Dələ hər şeyi anladı. Bir müddət öncə elədiyi kobud zarafatı xatırladı. Ufuldaya-ufuldaya:

– Kirpi lələ, bağışla məni. Belə zarafat eləmərəm daha. Amma öz aramızdı, yaxşıca başa saldın a məni! – deyib tikan batan yerləri kirpiyə göstərdi və kədərli halda yuvasına getdi.

 

Lovğa tülkü

 

Biri var idi, biri yox idi, bir lovğa tülkü var idi. Bu tülkü bütün heyvanlara yuxarıdan aşağı baxar, onları bəyənməzdi. Bir gün o, meşə ilə gedirdi. Qabağına bir ayı çıxdı. Ayıya baxıb ucadan gülməyə başladı:

– Kobud, yekə, qarasan,

 Səni görüm yanasan!

Ayı çox kədərləndi:

– Mənə niyə belə deyirsən?

– Ha ha ha... Niyə belə deyirəm? Güzgüyə baxsan, görəcəksən.

– Nəyi görəcəyəm?

– Eybəcər olduğunu...

Ayı çox üzüldü. Tülkünün sözləri ona şillə kimi dəydi. Üzüntülü halda getdi...

Tülkü bir az getmişdi ki, qabağına bir dovşan çıxdı.

Elə o dəqiqə başladı acı sözlər deməyə:

– Ay çəpgöz, yekəqulaq!

– Mənimləsən?

– Burada səndən başqa kimsə var?

Dovşan məəttəl qaldı. Hələ ona heç kim belə kobud sözlər deməmişdi.

Tülkü isə heç ardına baxmadan quyruğun sığallaya-sığallaya, mahnı oxuya-oxuya yoluna davam etdi:

– Mən necə də gözələm,

Mən necə də qəşəngəm.

Tülkü az getdi, çox getdi, elə bu dəm bir kirpiyə rast gəldi.

Ucadan gülməyə başladı. Kirpi təəccübləndi:

– Nəyə gülürsən? De, mən də gülüm.

Tülkü qəhqəhə çəkdi:

–Nəyə güləcəyəm? Əlbəttə ki, sənə gülürəm.

– Mənim nəyimə gülürsən?

– Uzun burnuna... Ha ha ha... tikanlı paltarına... Ha ha ha...

Kirpi bu sözlərdən çox üzüldü. Tez otların arasına girib görünməz oldu.

Tülkü yaxınlıqdakı çaya getdi. Əl-üzünü yuyanda bir balıq başını sudan çıxarıb tülküyə salam verdi:

– Salam, tülkü lələ, necəsən?

– Necə olacağam? Məndə xoş ovqat qoyursunuz ki?

– De görüm, kim xətrinə dəyib?

– Elə biri sən!

– Aaa, mən?

Balıq elə təəccübləndi ki, az qaldı gözləri hədəqəsindən çıxa:

– Axı mən sənə pis bir söz demədim. Sadəcə, salam verib, hal-əhval tutmaq istədim.

– Sən nə cürətlə mənə salam verirsən? Axı sən çox eybəcərsən.

– Mən? Mən? – balıq çox kədərləndi. – Xeyir, anam deyir ki, mən çox gözələm.

– Ona elə gəlir. Sən çox çirkinsən...

Balıq ağlaya-ağlaya üzüb getdi...

Çayın kənarında güclü külək əsirdi. Tülkü burada iri bir qoz ağacının altında oturub dincəlmək istədi. Elə yerini təzəcə rahatlamışdı ki, külək daha da bərk əsdi.

Sən demə, qoz ağacının nəhəng budağı çürüyübmüş. Küləyin təsirindən budaq qırıldı və tülkünün düz başına düşdü. O, qaçmağa fürsət tapmadı. Şələ quyruğu lap

dibindən qopdu. Lovğa tülkü çox sarsıldı. Üz-gözü qanadı. Elə nalə çəkdi ki, meşədəki bütün heyvanlar oraya axışdı. Ayı cibindən dəsmalını çıxarıb tülkünün üz-gözünü sildi. Amma yaralar dərin olduğundan qan dayanmırdı. Dovşan həkim dalınca getdi. Balıq bir qab su gətirdi ki, tülkü içib, bəlkə, bir az rahatlıq tapa. Kirpi tülkünün qopmuş quyruğunu yerinə yapışdırmaq istəyirdi. Amma nə qədər çalışırdı, heç cür alınmırdı ki, alınmırdı.

Tülkü dostlarının canfəşanlığından utandı. Elə bir az əvvəl onlara dediyi sözləri xatırladı. Özün ələ alıb dedi:

– Dostlar, bu gün sizə çox lağ edib gülmüşəm. Acı-acı sözlər demişəm. Məni əfv edin, bağışlayın. Baxın, diqqətlə baxın. Ən gülməli günə elə mən qaldım. Sizi incitdiyim üçün cəza aldım. İndi çox peşmanam. Lovğalıq etməsəydim, bu günə qalmazdım, – deyib qopmuş quyruğunu ağlaya-ağlaya sığalladı.

 

Bağda əhvalat

Hər gün olduğu kimi, bu gün də Nərmin məktəbdən ev qayıdırdı, özü də qıpqırmızı çiyələklərlə bol olan bağın yanından keçirdi. Hər dəfə buradan keçəndə bağa baxır, ağzı sulanırdı. Qıpqırmızı çiyələklər ona gəl-gəl deyirdi. Amma bağa girməyə ürək eləmirdi. Lakin bu dəfə qərara gəldi ki, onların dadına baxsın. Sakitcə ora-bura nəzər saldı. Heç kim gözə dəymirdi. Ehmalca çəpəri aşıb bağa girdi.

Tələsdiyindən çiyələkləri yarpaqlı-yarpaqlı dərib cibinə basırdı.

Hərdən də ağzına qoyub diri-diri udurdu.

– Ey, dayan! Niyə icazəsiz bağa girmisən? 

Nərmin yerindəcə donub-qaldı. Həyəcanla başını qaldırdı və çox əcaib birinin ona baxdığını gördü. Qorxa-qorxa dedi:

– Sən kimsən?

– Tanımadın? Müqəvva!

– Müqəvva nədir?

– Bostanı qoruyan. Mənim qorxumdan quş da uça bilməz bağın üstündən.

Müqəvva hirsli-hirsli əl-qolunu tərpədir, bir an belə olsun sakit durmurdu. Başındakı şlyapanı hirslə qaldırıb yenə öz başına çırpırdı. Nərmin qorxa-qorxa cibindəki çiyələkləri Müqəvvaya uzatdı:

– Söz verirəm, bir də icazəsiz bağa girmərəm.

O yığdığı bütün çiyələkləri Müqəvvaya verib tez çəpəri adlayıb qaçdı. Amma Müqəvva hələ də sakitləşmək bilmirdi. Əl-qolunu hirsli-hirsli yellədir,

başındakı sarı şlyapanı havada yellədib qəzəblə təzədən başına çırpırdı.

Nərmin isə həyəcanla qaçırdı. Qaça-qaça da özünə söz verirdi ki, bir də icazəsiz heç kimin bağına girməyəcək.

 

Əsmər qonaqlıqda

Əsmərgilin ailəsi bu gün qonaqlığa getmişdi. O, hələ dünəndən qəşəng donunu, təzə ayaqqabısını dolabdan çıxarıb kənara qoymuşdu. Çox sevinirdi.

Vaxt gəldi, Əsmərgil qonaqlığa yollandılar. Anası Əsmərə tapşırmışdı ki, qonaqlıqda özünü yaxşı aparsın, dəcəllik etməsin. Əsmər yaxşı deyib, söz vermişdi.

Dostları onları çox mehriban qarşıladılar. Həmin evdə Əsmərlə yaşıd qız da var idi. Fidan adlı qız çox mehriban idi. Əsmərin əlindən tutub otağına apardı. Oyuncaqları ilə tanış edəcəkdi.

Əsmər ağ dovşanı götürüb əvvəl qucaqladı:

-Nə qəşəng dovşandı deyib,  qulağını var gücü ilə dartdı. Dovşanın bir qulağı Əsmərin əlində qaldı. O ucadan qəh-qəhə çəkdi:

-Qulağı qopdu.

Fidan sevimli dovşanın qulağının qopduğuna çox kədərləndi, özünü ağlamaqdan güclə saxladı. Əsmər kobud şəkildə Fidana güldü:

-Deyəsən bir qulaqdan ötrü ağlamaq istəyirsən?

Fidan çox kədərli halda:

-Bu mənin sevimli dovşanımdı.

Əsmərin anası çox pərt olmuşdu. Əyilib Əsmərin qulağına sakit səslə:

-Özünü yaxşı apar. Niyə belə elədin?

Əsmər anasına məhəl qoymayıb hoppanıb gəlinciyi götürdü və saçından tutub firlatmağa başladı. Əsmərin anası daha da pərt olub onu qonaq otağına apardı. Əsmərdən burada sakit oturmağı xahiş etdi. Əsmər bir dəqiqə oturub yenidən qalxdı. O, qonaq otağındakı şkafın siyirmələrini açıb içindəki əşyaları qurdalamağa başladı. Atası cəld qalxıb dəcəl Əsməri oturmağa dəvət elədi:

-Qızım, sakit ol, başqalarının əşyalarına toxunmaq olmaz.

Əsmər elə sürətlə qaçıb stola dəydi ki, az qaldı güldan aşa.

Valideynlər görəndə ki Əsməri heç bir vəchlə oturtmaq olmur, odur ki, ayağa qalxıb sağollaşdılar. Onlar sağollaşanda Əsmərin gözü Fidana sataşdı. Fidan kədərli halda dovşanını və onu qopmuş qulağını əlində tutub hələ də ağlamsınırdı.

Dostunun bu görkəmi Əsməri kədərləndirdi. Fidanı özünə sıxıb öpmək istədi. Dostu:

-Küsmüşəm səndən dedi və qaçdı içəri.

Əsmər çox pərt oldu. O da Fidanın dalınca qaçdı. Fidan dovşanını bərk bərk qucaqlayıb ağlayırdı.

Əsmərin anası:

-Gördün neynədin?

Əsmər çox peşman oldu. Özünə söz verdi ki, bundan sonra harda olur olsun özünü yaxşı aparacaq, dəcəllik etməyəcək.

 

Pişik və qurbağa

Bir gün Buluş bərk acımışdı. Ora-bura baxıb yeməyə bir şey axtarırdı. Elə bu vaxt gözü qurbağaya sataşdı. Tullana-tullana harasa gedirdi. Cəld hoppanıb qurbağanın qabağını kəsdi:

– Miyo, miyo, acımışam, səni yeyəcəm!

Qurbağa qorxudan tit-tir əssə də, özünü o yerə qoymayıb dedi:

– Deyəsən, məni siçanla səhv salırsan!

 –Mən səni yaxşı tanıyıram, sən qurbağasan.

– Elə isə mənim qabağımı niyə kəsmisən?! Mən ki siçan deyiləm, yeyəsən. Axı mən qur-qur qurbağayam.

– Bu dəqiqə elə acam ki, mənim üçün fərqi yoxdur, ya sən, ya siçan.

Qurbağa gördü ki, Buluş onu həqiqətən yemək istəyir. Tez ətrafa göz gəzdirdi. Gözünə yaxınlıqdakı böyük kaktus gülü dəydi. Cəld tullanıb özünü onun budaqları altına saldı. Balaca olduğu üçün kaktusun tikanları ona batmadı.

Buluş isə ha əlini uzatdısa da, tikanlar ona imkan vermədi. O, bərk hirsləndi.

– Tez ol, çıx, – deyib qışqırdı.

Qurbağa qəhqəhə çəkdi:

– Qur, qur, qur.

Get özünə tələ qur.

Buluş bir az da əsəbiləşdi. Axı yeməyini əldən buraxmışdı. Burnunu kaktusun dibinə soxub qurbağanı ağzı ilə tutmaq istədi. Bu dəfə tikanlar onun üz-gözünə batdı. Çığırtısı ərşə qalxdı. Ufuldaya-ufuldaya oradan uzaqlaşdı.

 

Əsmər

Əsmər məktəbdən qayıdan kimi elə qapıda ayaqqabılarını çıxarıb hərəsini bir tərəfə tulladı. Sonra gödəkçəsini çıxarıb yerə atdı. Gödəkcə bərk hirsləndi:

-Ay Əsmər, məni niyə yerə atırsan? Asılqandan as da...

-Eee, anam asar! 

-Anan işdən gəlib çox yorğundur. 

-Mən də yorğunam, məktəbdən gəlmişəm. 

-Gödəkcə dilinin altında hey mızıldanırdı. Belə şey olar? Axı toza bulaşıram. Mənim yerim bura deyil asılqandır. 

Ayaqqabılar görəndə ki, Əsmər onları çıxarıb ayaqqabı şkafına qoymadı çox kədərləndilər. Hoppanıb şkafın ağzını açmağa çalışsalar da buna nail olmadılar.

Əsmər ayaqqabılara baxıb gülürdü:

-Aaa, gərək şkafa girəsiz? Durmusunuz da burda. 

Ayaqqabının sağ tayı hirsli-hirsli dedi:

-Durmuşuq düz deyirsən, amma indicə dəcəl qardaşın gəlib bizi tapdalayacaq. 

Ayaqqabının sol tayı da dilə gəldi:

-İndi kimsə içəri girsə bizi əzəcək. Əsmər, nə olar bizi şkafa qoy. Gül kimi ayaqqabı şkafımız var.

Əsmər ayaqqabılara məhəl qoymadı. İçəri keçib məktəbli formasını çıxardı və stulun başına atdı. Məktəbli forması sürüşüb yerə düşdü. Sonra corablarını çıxarıb yerə atdı. Corablar qımışıb deyinməyə başladılar:

-Elə atır ki, elə bil sabah bir də geyinməyəcək. 

Corabın bir tayı dilləndi:

Hə, sabah tezdən məktəbə gedəndə hər yeri ələk-vələk edəcək. 

Corablar nə qədər hoppandılar ki, divanın üstündə oturalar, çıxa bilmədilər.

-Yaxşısı budur, gəl divanın altına girək. O ki bizi yerə atdı, qoy  tapa bilməsin.

Səhər açılmışdı. Anası Əsməri oyadıb dedi:

-Dur qızım, məktəbə gecikərsən. Cəld ol. 

Əsmər tənbəl-tənbəl qalxdı, gözlərini ovuşdurmağa başladı.

-Əsmər tez ol əl-üzünü yu. Çayın soyuyur, ana qurban.

Əsmər dünən ora bura atdığı paltarları gözucu axtarmağa başladı. Heç biri gözə dəymirdi.

-Ana, paltarlarım hanı?!

-Niyə səlqəsizsən? Deməmişəm paltarlarını ora-bura tullama?

-Bura qoymuşdum axı.

-Hara?

-Bax bura.

Əsmər məktəbli formasını birtəhər tapıb əyninə keçirdi. Paltarı səliqəsiz qoyduğuna görə hər yeri qırışmışdı. Məktəbli forması dözmədi. Elə yanıqlı-yanıqlı ah çəkdi ki:

-Kaş mən səliqəli təmizkar bir qızın geyimi olardım.

Əsmər hirsləndi:

-Nə olub mənə?!

-Nə olacaq? Başıma oyun açırsan. Məni paltar şkafından asmırsan. Hara gəldi tullayırsan. Dünən səhərə qədər ağlamışam-deyib ağlayır. Səhərə qədər döşəmədə qalmışam. Qırış-qırış olmuşam.

-Yaxşı bəsdi, baş-beynimi apardın.

-Bax da...güzgüyə bax gör necə qırışmışam?

Əsmər güzgünün qabağına keçdi. Doğrudan da paltar mütləq ütülənməli idi.

Ütünü qoşmaq istədi. Saata baxdı. Vaxta çox az qalmışdı. Ütüləmək fikrindən daşınıb corablarını axtarmağa başladı.

Corablar divanın altında qımışıb gülürdülər.

-Əsmər, bizi tap görüm?

Əsmər dedi:

Bu hirsli vaxtımda mənimlə gizlənqaç oynayırsız! Tez olun çıxın dərsə gecikirəm!

-Bizi səliqəli qoysaydın tapardın

-Çıxın deyirəm. Axı bura atmışdım! 

Əsmər nə qədər axtardı, corabları tapa bilmədi. Xeyli axtardıqdan sonra divanın altına baxdı. Corabları orda görüb çox sevindi. Tez qaçıb döşəmə taxtasını gətirdi və onun köməyi ilə corabları çıxardı.

Corablar deyindilər:

-Kaş biz səliqəli bir qızın corabı olardıq.

Əsmər artıq dərsə gecikmişdi. Çayı stolun üstündə soyumuşdu. 

Gödəkcəsini götürüb geyindi. Gödəkcə elə sevindi ki.

-Dünəndən yerdə qalmışam. Səhərə qədər ağlamışam. Axı mən lazımsız, köhnə deyiləm ki, məni yerə atırsan. Əsmər, incimə. Kaş sənin gödəkcən olmazdım. Nə olardı bir qəşəng, səliqəli qızın gödəkçəsi olardım.

Əsmər bərk hirsləndi

-Mən dərsə gecikirəm, bunlar mənə nağıl danışır.

Əsmər çantasını götürdü. Cəld ayaqqabılarını geyinib çıxmaq istəyirdi. Ayaqqabılar gözə dəymirdi. Ayaqqabı şkafını açıb içinə baxdı. 

Uzaqdan kimsə gülürdü:

-Bizi ayaqqabı şkafına qoymusan ki, ora baxırsan?!

-Əsmər səs gələn tərəfə döndü, amma heç nə görmədi və dedi:

-Gizlənqaç oynamaq vaxti deyil. Tez olun çıxın! 

-Vallah biz gizlənməmişik. Sən dünən bizi şkafa qoymadın. O dəcəl qardaşın da bizi təpiklə vurub tulladı bura.

Əsmər öz əməllərindən utandı. Ayaqqabılarla dünənki söhbəti xatırladı.

-Çıxın, nə olar! Bir daha sizi incitməyəcəm.

 Cıxa bilmirik. Özün axtar tap.

Əsmər hər yeri ələk-vələk elədi. Nəhayət tapdı. Ayaqqabıların hərəsi evin bir küncünə düşmüşdü. Cəld geyinib qaçdı məktəbə. Məktəb çox yaxın olsa da paltarlarını axtardığından gecikmişdi. Deyəsən ikinci dərs başlamışdı. Qapını astaca döyüb içəri keçdi.

-Əsmər niyə gecikmisən?

Əsmər susaraq başını aşağı dikdi. 

-Qızım niyə susursan?Gecikmə səbəbini deməyəcəksən?

-Ayaqqabılarım itmişdi, tapa bilmirdim.

Uşaqlar xorla gülüşdülər.

Müəllimə uşaqları sakitləşdirdi.

Bu vaxt uşaqlardan biri qalxıb dedi:

-Paltarın niyə belə qırışıb?

Əsmər utanıb başın aşağı dikdi.

Başqa bir sinif yoldaşı gülərək:

-Müəllimə, Əsmərin ayaqqabılarına baxın  necə də çirklidi.

Müəllimə uşaqları sakitləşdirib dedi:

-Ümidvaram ki, sinif yoldaşlarının tənqidindən nəticə çıxaracaqsan. Bundan sonra səliqəli olacaqsan. Əsmər doğrudan da ürəyində özunə söz verdi. Söz verdi ki, bundan sonra çox səliqəli olacaq.

Elə həmin gün dərsdən gələn Əsmər ayaqqabılarını çıxaran kimi silib şkafa qoydu. Paltarlarını səliqə ilə şkafın asılqanına asdı. Corablarını da dolabdakı yerinə qoydu.

 

Qızılgül və Sarmaşıq

Gözəl bir yaz səhəri idi. Günəşin al şəfəqləri ətrafa səpələnmişdi. Qızılgül yorğun gözlərini açdı və ətrafa boylandı. Hər tərəf yaşıllığa, gül-çiçəyə qərq olsa da, bu gözəllik onun kefini açmırdı. Çünki onun gövdəsinə Sarmaşıq dolaşıb onu sıxırdı. Sarmaşıq özündən razı halda dilləndi:

– Mən sənə dolaşmışam ki, rahat yaşayam. Sənin

hesabına kef edəm.

– Düş, düş yaxamdan! Get ayrıca, özün tək yaşa.

– Ha ha ha... Ayrıca niyə? Burda çox rahatam.

– Axı məndən nə istəyirsən? Dolaşma mənə,

dolaşma... Axı sən məni sıxırsan...

– Mənim xasiyyətim belədir. Mən dolaşıram, mən

sarmaşıram, ha ha ha... Axı mənim adım Sarmaşıqdır...

– Sən pis alaq otusan... Sən onun-bunun hesabına

yaşamağı sevirsən, – deyib Qızılgül çarəsiz-çarəsiz

ağlamağa başladı. Çobanyastığının Qızılgülə çox yazığı gəldi. Kömək

etmək istədi:

– Sarmaşıq, düz eləmirsən. Mənə bir bax, burada tək yaşayıram, heç kimə də mane olmuram.

Sarmaşıq qəzəbləndi:

– Nə? Mane olmursan? Eybi yox, sən mane

olmursan, onda mən sənə mane olaram. Bunu deyib Sarmaşıq o biri tərəfdən Çobanyastığına dolaşdı. Çobanyastığını elə sıxdı, elə sıxdı ki, çiçəyin ləçəkləri töküldü.

– Ha ha ha... Necədi? Dilini dinc qoysaydın, belə olmazdı, – deyə Sarmaşıq ucadan qəhqəhə çəkdi...

Çobanyastığı ağlamağa başladı. Elə ağladı, elə ağladı ki, səsi bütün bağçanı başına götürdü. Günəş çiçəklərin incidilməsinə qəzəblənib yerə daha çox isti ələdi. Belə etdi ki, bəlkə, Sarmaşıq istiyə dözə bilməyə və çiçəklərin yaxasından əl çəkə. Amma Sarmaşıq

tez aşağı əyildi və Qızılgülün yarpaqları altında gizləndi. Sarmaşığı görməyən Günəş istehza ilə gülümsəməyə başladı:

–          Belə gizlənərsən? 

Sarmaşıq qəhqəhə çəkdi:

– Gizlənmək? Ha ha ha... Mən gizlənməmişəm. Mən burada kölgələnirəm.

Günəş görəndə ki, Qızılgülün ləçəkləri istidən qaralmağa başlayır, üstəlik, isti şüaları Sarmaşığa təsir etmir, heç nə onun vecinə deyil, geriyə çəkilməyə məcbur oldu.

Bu zaman külək əsməyə başladı. Qızılgül küləyə dedi:

– Nə olar, bərk əs, bəlkə, bu yolla Sarmaşıq məndən əl çəkə.

Külək daha möhkəm əsməyə başladı. Amma bu da Sarmaşığa təsir etmədi. Qızılgül əsəbindən Sarmaşığa bir tikan batırdı.

Sarmaşığın ufultusu ərşə qalxdı. Qızılgül dedi:

– Düş, düş yaxamdan!

– Eee, düşmürəm. Tikanlarını yığışdır aaa! Bu saat səni elə sıxaram ki!

Qızılgül daha dözə bilmirdi. Əməlli-başlı bezmişdi. Bir xeyli sakit-sakit ağladı. Günəş dağların arxasında görünməz oldu.  Elə bu vaxt baba ilə nəvə bağda göründü. Yenə

bağı sulamağa gəlmişdilər. Sarmaşıq sakitcə

Qızılgülə dedi:

– Nə yaxşı gəldilər. Elə susamışam ki.

Bunu demişdi ki, baba əl atıb sarmaşığın boğazından yapışdı və onu dartmağa başladı.

Sarmaşıq səsini belə çıxara bilmədi, qopub qaldı babanın əlində. Baba bununla kifayətlənmədi. Əyilib onun bütün budaqlarını, sonra kökünü çıxartdı. Dönüb nəvəsi

Nurlana dedi:

– Buna bax eee, yazıq Qızılgülü gör nə hala salıb.

– Baba, bu nə bitkisidir?

Bala, bu Sarmaşıqdır, alaq otudur. Qarşısını almasaq, bütün bağı başına götürər. Özü də heç bir faydası yoxdu. Qızılgülün sevincinin həddi-hüdudu yox idi.

Bu vaxt Nurlan təəccüblə:

–          Baba, baba! Bax, Çobanyastığına da dolaşıb.

– Onu da sən təmizlə, mənim ağıllı nəvəm. Yaxşı-yaxşı bax, ay bala, kökü qalmasın. Qalsa, yenidən əmələ gələcək, bağı cənginə alacaq.

– Doğrudan?

– Bəs necə?

Baba ilə Nurlan bağı alaq otlarından yaxşıca təmizlədilər, suvardılar. Bağdakı çiçəklər elə sevinirdilər ki. Daha onları sıxan, incidən yox idi. Səhəri gün Günəş gözlərinə inanmadı. Qızılgül dünənki əhvalatı böyük sevinc hissi ilə Günəşə danışdı. Günəş bağdakı bütün gül-çiçəkləri ziyankar Sarmaşıqdan qurtulduqları üçün təbrik etdi və gülümsəyə-gülümsəyə isti şəfəqlərini ətrafa səpələdi.

 

Paxıl toyuq

Biri var idi, biri yox idi, bir paxıl toyuq var idi. Bu toyuq elə paxıl idi ki, başqalarını düşünməkdən gecələr səhərə qədər yata bilmirdi. İndi də onun yuxusunu ərşə çəkən kəkilli fərənin özünə gözəl bir don alması idi. Kəkilli fərə o gün toyda elə qəşəng geyinmişdi ki... Bütün toy əhlinin gözü qalmışdı bu gözəl libaslı toyuqda. Paxıl toyuğun az qalırdı, ürəyi partlasın. Öz-özünə düşünürdü: “Sən bir bunun paltarına bax, heç yaraşmır da. Görəsən, haradan alıb?” Bu sualları beynində düşünə-düşünə kəkilli fərəyə yaxınlaşdı:

– Aaa, bu nə paltardı? Heç sənə yaraşmır.

Kəkilli fərə pərt oldu:

– Yaraşmır? Axı hamı deyir yaraşır.

– Yox, yalan deyirlər, inanma. Çox çirkin görünürsən.

Kəkilli fərə onsuz da paxıl toyuğa inanmırdı. Yaxşı bilirdi ki, paxıllıqdan özün yeyib-tökür. Odur ki, dedi:

– Sən narahat olma, yaraşdı-yaraşmadı, özüm bilərəm. Elə bu vaxt xallı fərə onlara yaxınlaşıb dedi:

– Necə də gözəl paltarın var, həm də əcəb yaraşır sənə.

Bu sözləri eşidən paxıl toyuğun, az qaldı, bağrı partlasın. Tez oradan uzaqlaşdı. Pərt halda hinə döndü.

Öz-özünə deyirdi:

– Eybi yox, eybi yox, qoy axşam düşsün, mən o paltarı oğurlayıb yox edəcəyəm. Paxıl toyuq havanın qaralmasını səbirsizliklə gözləyirdi. Tez-tez: “Gör sənin başına nə oyun açacağam”, – deyirdi. Axşam düşdü. Hərə öz yuvasına çəkilib yatmağa hazırlaşırdı. Kəkilli fərə hininə döndü, yamanca yorulmuşdu. Gözəl paltarını soyunub asılqandan asdı. Yerinə uzanıb yatdı. Paxıl toyuq səbirsizliklə işığın sönməsini gözləyirdi. “Aha, işıq söndü”. Azacıq gözlədi ki, kəkilli fərə yuxuya getsin. Məkrli planını həyata keçirəcəkdi. Yavaş-yavaş hinə doğru addımlamağa başladı. İçəri girdi, ehtiyatla axtarışa başladı. Asılqan yaxın yerdə idi. Donu götürüb qaçmağa  başladı. Elə qaçırdı, elə bil dalınca gələn var. Evinə çatıb içəri girdi, qapını bağladı. Tez-tələsik donu əyninə geyinib güzgünün qabağında fırlandı. Paltar gözəl olsa da, ona heç yaraşmırdı. Kəkilli fərənin əynində daha gözəl görünürdü. O bununla barışmaq istəmirdi. Yerində uzanıb səhərin açılmağını gözləməyə başladı. İstədi, bir az yuxulasın. Amma nə qədər eşələnsə də, yuxusu gəlmədi ki, gəlmədi. Qonşu hindəki xoruz banlamağa başlayanda yerindən qalxdı və donu götürüb qaçmağa başladı.

Sıldırım qayanın başına çıxdı. Oradan donu tulladı ki, çay aparsın. Aşağı tullayan kimi geriyə dönüb qaçmağa başladı. Daha bilmədi ki, don çaya düşmək əvəzinə ağaca ilişib. Sevinə-sevinə qaçırdı. O, düşünürdü ki,

məkrli planını həyata keçirə bilib. Paxıl toyuq hinə çatdı. Öz-özünə: “Yaxşı ki, heç kim görmədi”, – deyə düşündü. Amma onun bu hərəkətini görən olmuşdu. Sən demə, dələ təzəcə yuxudan qalxıb o yan-bu yana baxırmış, bir də görüb ki, göydən al-əlvan bir şey gəldi və ağaca ilişdi. Qaçıb uçurumun başına qalxdı. Nə görsə yaxşıdı? Paxıl toyuq sürətlə geriyə

qaçır. Dələ öz-özünə düşündü: “Heç başım çıxmadı, vallah. Bilmirəm, bu toyuq belə gözəl donu niyə çaya atmaq istəyir”.

Dələ ağaca ilişmiş paltarı ehtiyatla götürdü, səliqə ilə qatlayıb yuvasına qoydu.

Hə… Sizə kimnən deyim, kəkilli fərədən. Kəkilli fərə yuxudan gec ayıldı, çünki axşam toyda çox yorulmuşdu. Yuxudan ayılıb gülümsəyərək toyda baş verənləri xatırlayırdı. Ayağa qalxıb asılqana baxdı. Gözəl libasını yenidən görmək istəyirdi. Amma donunu yerində görməyib gözlərini ovuşdurdu. Elə bildi ki, yorğunluqdan gözü yaxşı görmür. Yenidən

baxanda dəhşətə gəldi. Tez-tələsik evi alt-üst elədi. Don yoxa çıxmışdı. Özünü saxlaya bilmədi. Hönkür-hönkür ağlamağa başladı:

– Kimsə donumu oğurladı, vay, başıma gələnlərə

bax! Kəkilli fərənin səsini eşidən bütün toyuqlar bir

anda hinə axışdı. Paxıl toyuq da gəlmişdi. O, ucadan

deyinirdi:

– Sənin donunu tapacayıq. Hər yeri axtarmağa başladılar. Kəkilli fərənin hönkürtüsü bütün kəndi bürümüşdü. Xəbər dələyə çatdı. Dələ tez donu götürüb kəkilli fərəgilə gəldi. Bütün toyuqlar orada idi. Paxıl toyuq donu dələnin əlində görüb çığırdı:

– Aaa, dələyə bax e, heç gör utanır?

Dələ:

– Niyə, sən utanmaqdan mən utanmalıyam?

Paxıl toyuq dələyə hücum çəkdi:

– Bu saat səni dimdiyimlə didəcəyəm.

Dələ:

– Ay toyuqlar, diqqətlə qulaq asın. Bu səhər sübh vaxtı bax bu toyuq donu çaya atdı. Xoşbəxtlikdən, don ağaca ilişib qaldı. Mən də götürüb saxladım ki, yiyəsi çıxanda verim. Siz buna baxın, atalar doğru deyib: “Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı”.  Hamı təəccüblə paxıl toyuğa baxdı. O, qıpqırmızı qızarıb başını aşağı salmışdı. Ürkək baxışlarından peşmançılıq hiss olunurdu. Kəkilli fərə isə bilmirdi, sevinsin, yoxsa kədərlənsin. Donunun tapılmasına sevinsə də, paxıl toyuğun bu hərəkəti onu məyus etmişdi. Axı paxıllıq pis xüsusiyyətdir. Paxıl ancaq özünə ziyan vurur. Kəkilli fərə öz donuna qovuşmuşdu, amma paxıl toyuq hamının gözündən düşmüşdü və indi o, paxıllığın əziyyətini çəkirdi.

 

Uzunqulağın əhvalatı

Kənddə gözəl bir ev var idi. Evin həyətində bir uzunqulaq, toyuq-cücə, mal-qara və it birgə yaşayırdı. Bu heyvanlar çox sakit, xoşbəxt həyat sürürdülər. Toyuq-cücələrdən başqa... Uzunqulaq toyuqlara rahat yaşamağa imkan vermirdi. Kəndə qar yağdığından toyuqlar ot tayasının yanında eşələnib, az da olsa, qarınlarını doyduracaq bir şeylər tapırdılar. Amma uzunqulaq onlara göz verib işıq vermirdi:

– Bu otu canım çıxa-çıxa mən daşıyıb gətirmişəm, qaçın, yoxsa sizi təpikləyərəm.

Xallı fərə:

– Nə olsun, sən gətirmisən. Bəs inəklər yeyəndə onlara niyə bir söz deyə bilmirsən?

– Özüm bilərəm.

Xoruz:

– İnəklərdən qorxursan, amma biz səndən kiçik olduğumuza görə elə gücün bizə çatır.

– Mənim hamıya gücüm çatır, bildin? Qoymuram, vəssalam. – deyə uzunqulaq səsini qaldırdı.

Yazıq toyuqlar qaqqıldaşa-qaqqıldaşa oradan uzaqlaşır və uzaqdan həsrətlə ot tayasına baxırdılar. Gözləyirdilər ki, nə vaxt ev yiyəsi uzunqulaqla suya gedəcək. O gedən kimi tez ot tayasının ətrafına səpələnir və orada yaxşıca eşələnərdilər. Xoruz iti dimdiyi ilə qurumuş otları kiçik hissələrə bölər və fərələrinə yedizdirərdi. Uzunqulağın gəldiyini görən kimi tez həyəcanla oradan uzaqlaşardılar. Xülasə, bu uzunqulaq toyuqları çox incidirdi. Toyuqlar uzunqulağın əlindən lap təngə gəlmişdilər. Xoruz:

– Yox,  belə olmaz, gəlin gedib vəziyyəti itə bildirək. Toyuqlar itin yanına gəlirlər. O,  yuvasında mürgü vururdu. Xoruz ucadan qaqqıldadı. Alabaş dik atıldı:

– Xeyir ola?

– Xeyir deyil. Gəlmişik şikayətə. Bax bu uzunqulaq bizə göz verib işıq vermir. Deyir ki, ota dəyməyin, burada eşələnməyin. Nədi-nədi, otu bu daşıyıb. Bax, ay Alabaş, hər tərəf qardı, biz yazıq neyləyək? Harda eşələnək?

Alabaş hirsləndi:

– Uzunqulaqdan gözləməzdim. Bu nə hərəkətdi?

Xoruz:

– Məgər neçə vaxtdır görmürsən, o bizə necə divan tutur?

– Nə bilim e... Elə bilirdim, qaçdı-tutdu oynayırsız...

– Nə oyun? Nə olar, Alabaş, bu uzunqulağa bir əncam çək.

Alabaş hirslə uzunqulağa tərəf getdi. Xoruz və toyuqlar da onun dalınca.

Alabaş uzunqulağa acıqla dedi:

– Ay uzunqulaq, de görüm, bu toyuqlara nə vermisən, ala bilmirsən? Niyə qoymursan, orda eşələnələr? Uzunqulaq yekə gözlərini bərəldib dedi:

– Yayın cırhacırında bu toyuqlar kölgədə kef çəkəndə otu canım çıxa-çıxa mən daşımışam.

– Hə, nə olsun. Bəs mən səhərə qədər oyaq qalıb sizləri vəhşi heyvanlardan qoruyuram. İndi mən də deyim ki, çıx get, ay uzunqulaq, bu həyəti mən qoruyuram? Mən səhərə qədər oyaq qalmasaydım, canavar səni çoxdan yemişdi. O gün eşitmədimi nə olub?

Uzunqulaq təəccüblə:

– Nə olub?

– Nə olacaq? Kəndin girəcəyində it olmayan həyətdə bir canavar uzunqulağı parça-parça edib.

Uzunqulaq kədərli halda:

– Hə, eşitmişəm. Nə olsun ki?!

Alabaş bərk əsəbiləşdi, dişlərini qıcayıb elə mırıldadı ki, uzunqulağın az qaldı, bağrı partlasın. Dili topuq vurdu. Kəkələyə-kəkələyə dilləndi:

– Mən, mən, mən bir də toyuqları incitmərəm. Qoy nə qədər istəyirlər, eşələnsinlər.

– Hə, bax belə...

Uzunqulaq tutduğu əməldən peşman olaraq başını aşağı salmışdı.

O gündən bəri uzunqulaq toyuqları bir dəfə də olsun incitmədi. Onlar bir yerdə firavan yaşamağa başladılar.

 

Kirpi

Biri var idi, biri yox idi, bir kirpi var idi. Bütün günü yuvasından bayıra çıxmaz, ah-zar eyləyib ağlayardı. Tikanlarının olmasını özünə dərd eləmişdi. O, hesab edirdi ki, tikanları olmasa, daha gözəl görünər. Hərdən qalxıb güzgüyə baxır, yenidən hönkür-hönkür ağlayıb oturardı.

Daha buna dözmə bilmirdi. Qərara aldı ki, ayının yanına getsin. Dərdini ona deyib yalvarıb-yaxarsın ki, tikanları onun bədənindən çıxarsın. Bu məqsədlə yola düşdü. Ayının yuvasına çatdı. Qapını astaca döydü. Ayı kirpini çox mehriban

qarşıladı:

– Xoş gəlmisən, ay kirpi, səndən nə əcəb?

– Səndən bir xahişim var. Nə olar, bu tikanları mənim əynimdən çıxart.

– Nə danışırsan? Bu tikanlar sənə çox yaraşır, həm də səni qoruyur. Peşman olarsan ha, gəl, bu fikrindən daşın.

– Yox, peşman olmayacam, çıxart bu tikanları.

Ayı çox dedi, kirpi az eşitdi. Gördü, onu fikrindən daşındıra bilməyəcək, odur ki razılaşdı. Kirpinin bütün tikanlarını dartıb çıxartdı. Kirpi, axır ki, arzusuna çatdı.

Elə sevinirdi ki, elə bil dünyanı ona bağışlamışdılar. Sevincinin həddi-hüdudu yox idi.

– Gör nə gözəl oldum, çox sağ ol, ayı qardaş, – deyib

sağollaşdı. Elə bir az getmişdi ki, qabağına yekə bir ilan çıxdı.

İlan:

– Fis, fıs... Nə yaxşı tikanları soyunmusan. Əvvəllər çox qorxurdum səndən, tikanlarından. İndi səni yeyəcəm, üstündən su içəcəm.

Kirpi qorxusundan bilmədi, nə desin. Bu yekəpər ilanın qarşısında dili tutuldu. İlan domba gözlərini oynadıb ağzı sulana-sulana kirpiyə baxırdı.

Kirpi çox peşman olmuşdu. Düşünürdü: “Gərək ayının məsləhətinə qulaq asardım. Kaş tikanlarımdan imtina etməyəydim. Əgər tikanlarım yerində olsaydı, ilan baxıb qorxardı”. Amma indi gec idi, bir yol tapıb bu vəziyyətdən çıxmaq lazım idi.

Kirpi birtəhər canını qurtarıb ayının yanına qaçdı. Çox həyəcanlı idi. Əlləri titrəyə-titrəyə qapını döydü. Ayı qapını açıb qorxudan rəngi sapsarı olan kirpiyə

dedi:

– Nə olub? Deyəsən, bərk qorxmusan, rəngin

solub...

– İlana rast gəlmişdim. Ayı qardaş, çox peşmanam. Gərək sənin məsləhətinə qulaq asardım. Nə olar, mənim tikanlarımı yenidən yerinə tax.

Ayı kirpinin tikanlarını yerinə taxdı. Kirpi çox sevindi. Sahib olduğunun nə qədər dəyərli, lazımlı olduğunu anladı. Ayıya sağ ol deyib evinə döndü.

 

Yaralı qaranquş 

Fuad çox dəcəl oğlan idi. Bağdakı kəpənəkləri, böcəkləri incidirdi həmişə. Yazıq quşlara da göz verib işıq vermirdi, daş atıb onların rahatlığını pozurdu. Dəfələrlə ata-anası ona nəsihət versə də, dəcəlliyindən qalmırdı ki, qalmırdı. Bir gün o, yuxudan oyanıb ətrafa boylandı. Evdə nənə-babasından başqa, heç kim yox idi. Bacısı Lalə məktəbə, ata-anası isə işə getmişdi. Eyvanda dayanıb o tərəf-bu tərəfə baxdı. Birdən qulağına səs gəldi. Bir qaranquş eyvanda özünə yuva qurmuşdu. Yuvanın içində ətcə balalar civildəyirdi. Tez nərdivanı gətirdi. Əlinə taxta parçası

alıb yuxarı dırmaşdı. Yuvanın içinə baxmaq istəyirdi. Ətcə balalar, deyəsən, təhlükəni hiss etmişdilər. Onlar ucadan cikkildəməyə başladı. Qəfildən Fuad taxta

parçası ilə yuvaya vurmağa başladı. Bu zaman hardansa bir qaranquş uçub gəldi. Sən demə, bu, ətcə balaların anası imiş. Ana qaranquş fəryad edərək qanadlarını açıb balalarını altına yığdı. Fuad taxta parçası ilə yuvaya vurmağa davam edirdi. Bundan hirslənən ana qaranquş Fuadın əlini dimdiklədi.

Səs-küyə baba özünü yetirdi:

– Heç utanırsan? Sənə deməmişəm, quşları incitmə?

Fuad hirslə əlini babaya göstərdi:

– Bax, gör əlimi nə günə saldı?!

– Axı sənin quşlarla nə işin? Qaranquşdur, bizə pənah gətirib. Eyvanımızda gör necə gözəl yuva qurub. Hələ onun balaları da var. Barı, onlara yazığın gəlsin. Heç bilirsən, qaranquş necə faydalı quşdur? Yazdan xəbər gətirir, zərərverici cücüləri məhv edir. Babası ona başa saldı ki, əgər biri sənə xətər yetirsə, sənin də anan səni qorumaq üçün onlara ziyan vura bilər. Həm də heyvanlar da, quşlar da, bizim kimi, yaşamaq, yemək istəyir. Çalışmalıyıq ki, onları incitməyək, əksinə, əlimizdən gələni əsirgəməyək.

– Fuad bu hərəkətinə görə çox peşman oldu. Odur

ki dedi:

– Baba, mənə kömək et, onlara daha gözəl ev düzəldim. Söz verirəm, daha quşları incitməyəcəm. Baba ilə Fuad qəşəng bir yuva düzəltdilər. İçərisinə buğda da səpdilər. Baba ehtiyatla yuvanı qaranquşun yuvasına yaxın yerə asdı.

Ertəsi gün bütün ailəni heyrət bürüdü. Qaranquş balalarını götürüb oradan köçmüşdü.

 

Xeyirxah Tomi 

Tamerlan anası ilə məktəbə tələsirdi. Dərsin başlanmasına lap az qalmışdı. Elə bu vaxt onlar yolun tən ortasında çabalayan bir pişik balası gördülər. Tez ona yaxınlaşdılar. Ana pişiyi əlinə götürdü:

–          Vay, vay, niyə bu günə düşmüsən?

Bala pişiyin hər yerinə qurumuş çör-çöp yapışmışdı. Gözlərini yara basmışdı. Diqqətlə baxanda heç gözə oxşamırdı. Tamerlan ağlamsındı:

– Ana, gəl aparaq evimizə!

–          Yox, yox, həkimə aparmaq lazımdı. Qoy səni məktəbə qoyum...

Pişik balası qımıldanmırdı. 

–          Bəlkə də, necə gündür acdır. – deyə Tamerlan dilləndi. O, ağlamsınaraq: – Ana, nə olar, bu pişiyi evimizə aparaq, mənim heç pişiyim yoxdu! Həm də onun evi yoxdu, bizimlə yaşayar, bir evi olar.

–          Hə, əlbəttə, bala pişiyi köməksiz qoymaq olmaz. Amma ilk olaraq həkimə göstərək, hər şey yolunda olsa, evimizə apararıq. Anası Tamerlanı məktəbə qoydu. Cəld bir taksi çağırıb pişik balasını baytara apardı. Cavan bir xanım heyvanlara çox nəvazişlə qayğı göstərirdi. O, Tamerlanın anasını da mehribanlıqla qarşıladı. Pişik balasını cəld onun əlindən alıb dedi:

– Yəqin, küçədən tapmısız, çör-çöpə bax, yapışıb tüklərinə.

– Siz gözlərinə dərman yazın, aparıb evdə yuyunduraram.

Həkim gülümsündü:

–          Nə yaxşı sizin kimi xeyirxah insanlar var!

Bala pişik həkimin qucağında vurnuxurdu. Həkim onu müayinə etməyə apardı. Tamerlanın anası çox gözlədi. Öz-özünə düşündü: “Görəsən, sağalacaqmı, başqa problemləri olmayacaq?! Tamerlan indi səbirsizliklə onu gözləyir”. Bu gün uşaqların sevimlisi Tomi dərs zamanı çox kədərli görünürdü. Əvvəlki şən, zarafatcıl Tomidən əsər-əlamət qalmamışdı. Zeynəb müəllimə onu heç vaxt belə qəmli görməmişdi. Odur ki, özünü saxlaya bilməyib dedi:

–          Tamerlan, nə olub sənə, xəstələnmisən?

Tamerlan ehmalca ayağa qalxdı:

– Yox, müəllimə, xəstə deyiləm.

– Bəs nə olub?

Tamerlan qəhərlənə-qəhərlənə:

– Bayaq məktəbə gələndə bala pişik gördüm. Gözləri yara idi. Bədəni çör-çöp.  Anam onu xəstəxanaya apardı. Görəsən, sağalacaq?

Zeynəb müəllimə gülümsəyərək dedi:

– Əlbəttə, sağalacaq. Pişik sənin kimi xeyirxaha rast gəlibsə, necə sağalmaya bilər.

Həmin gün Zeynəb müəllimə Tamerlanın və anasının xeyirxahlığından uşaqlara da danışdı. O dedi ki, heyvanlar təbiətin ayrılmaz hissəsidir. Onlar da bizim kimi canlıdır. Hər birimiz onları qorumalıyıq. Artıq dərs qurtarmışdı. Tamerlan evə tələsirdi. Çantasını tez götürüb məktəbin qapısına qaçdı ki, bəlkə, anası bala pişiklə gəlib onu gözləyir. Ancaq gördü ki, atası qapıda dayanıb.

– Ata, ata, bala pişiyi gördün?

–  Yox, işdən gəlirəm. Hansı pişikdən danışırsan?

–  Neçə saatdı, xəbərsizəm ondan. Görəsən, sağaldımı?

Tomi səhərki əhvalatı atasına danışdı. Atası dedi:

–  Darıxma, Tomi, indi evə gedib öyrənərik.

Tomi cəld hoppanıb maşına mindi. Ata maşını işə saldı və onlar evə tərəf yollandılar. Tomi bir yerdə qərar tutmurdu. Səhər gördüyü mənzərə gözü önündən getmirdi. “Görəsən, pişiyin anası yoxdu? Bəlkə, günlərdi dilinə yemək, su dəymir?” Bu sualları düşünə-düşünə bir də gördü, çatdılar evə. Tomi maşından elə sürətlə düşdü ki. Bir anda özünü evə atdı. O, evə girəndə anası işarə elədi ki,  sakit ol, pişik yatır. Tomi barmaqlarının ucunda yeriyərək sakitcə bala pişiyə yaxınlaşdı. Bala pişik divanda yatırdı. Səhərki halından əsər-əlamət yox idi. Pıçıltı ilə:

– Ana, bala pişiyi çimizdirdin?

–Həə, gələn kimi.

– Yemək yedi?

–Hə, elə ac idi ki. Bir az süd içdi, sonra da yemək yedi. Tominin sevincinin həddi-hüdudu yox idi. Gah sevinclə anasına, gah da divanda xumarlana-xumarlana yatan pişiyə baxırdı. Pişiyin əvvəlki xəstə halından əsər-əlamət qalmamışdı. Tomi anasın qucaqlayıb çoxlu öpdü. Anası dedi:

– Narahat olma, həkim dərman yazıb, 3-4 günə gözləri də sağalacaq.

– Doğurdan?

–Bəs nə, Tomi,  elə tez sağalacaq ki.

Günlər bir-birini əvəz etdikcə pala pişik də yavaş-yavaş  sağalırdı. Artıq gözlərindəki yaralardan əsər-əlamət qalmamışdı. Pişik də Tomini çox sevməyə başlamışdı. Ona elə öyrəşmişdi ki, Tomi dərsdə olanda sanki onun yolunu gözləyirmiş kimi, uzanıb qapıya baxırdı. Bala pişiyə ad da qoymuşdu Tomi. O qədər ora-bura tullanırdı ki, Şimşək adı vermişdi ona. Şimşək çox xoşbəxt bir pişik olmuşdu. Onunla Tominin günləri şən keçirdi. Gah qaçdı-tutdu oynayır, gah da ağaca dırmaşırdılar. Şimşək çox vaxt elə yüksəkliyə qalxırdı ki, düşə bilmirdi. Miyoldaya-miyoldaya sanki Tomidən yardım istəyirdi. Tomi uğunub gedirdi gülməkdən. Köməyə Tominin atası gəlirdi. Hündür nərdivanı ağaca söykəyib qalxır və pişiyi aşağı düşürürdü. Tomi dostlarına Şimşəyin şıltaq hərəkətlərindən danışmaqdan zövq alırdı...Onun sayəsində digər uşaqlar də heyvansevər olmuşdular. Tomi anasına deyirdi ki, heç biməzdim, heyvan insana bu qədər öyrəşər. Necə oldu ki, biz onunla yaxşı dost olduq. Anası cavab verirdi ki, o sənin mərhəmətin sayəsində sənə etibar etdi, öyrəşdi, səni sevdi.

 

Ay səni, tülkü lələ...

Tülkü gözəl bir parçadan torba tikmişdi. Tez-tez bu torbanı götürüb toyuq hinlərinə hücum çəkər, yazıq toyuqları boğub torbasına doldurardı. Sonra meşədəki yuvasına çəkilərdi. Orada xımır-xımır yeyərdi. Bəh-bəh deyə-deyə...

Bu gün yenə ac olduğu üçün torbasını doldurmaq qərarına gəlir. Səliqə ilə qatlayıb yuvasında gizlətdiyi çox sevdiyi güllü torbanı götürdü, iyləyib bağrına basdı:

– Bəh-bəh, lap darıxdım toyuqlar üçün.

Ağzı elə sulandı, elə sulandı ki, ətrafa baxıb yeməyə bir şey axtardı. Lakin yuvada yeməyə heç nə yox idi. 

– Torbanı yenə doldurmaq vaxtı gəlib, – deyərək kəndə tərəf yola düzəldi. Kefi kök halda mahnı zümzümə edirdi:

Toyuqlar, ay toyuqlar,

Sizə çoxlu sözüm var.

Ətiniz çox dadlıdır,

Elə bil ki, ballıdır.

Sizi bir-bir tutacam,

Dişlərimə çəkəcəm.

 

Tülkü kəndin kənarındakı evin həyətinə soxuldu. Ehmalca ətrafa boylandı. Sakitçilik idi. Gözləri ilə hini axtardı.

–          Aha, budur, tapdım, – deyib sevindi. Çox sürətlə irəli şığıdı və özünü hinə saldı. Bura bir vəlvələ düşdü ki, gəl görəsən. Toyuqları tutub bir-bir torbasına basdı. Toyuqlar ucadan qaqqıldayır, canlarını qurtarmağa çalışırdı. Birdən xoruz hoppanıb tülküyə elə bir dimdik vurdu ki, şələquyruğun huşu başından çıxdı. Yerə sərələnən kimi torbanı buraxdı və içindəki toyuqlar sevinə-sevinə çıxıb qaçmağa başladılar. Xoruz:

– Tez olun, fərələr, tez olun, hamınız dimdikləyin bu yaramazı.

Toyuqlar himə bənd imiş. Tökülüşüb tülkünü bir günə qoydular ki, gəl görəsən.

Tülkü var gücünü toplayıb ayağa qaxdı. Sivişib aradan çıxmağa yollar axtarırdı. Birtəhər canını qurtarmağı bacardı. Amma sevimli torbası hində qaldı. Toyuqlar o ki var, güldülər. Qaqqıltıları ətrafı bürümüşdü. Tülkü yaxınlıqdakı dağa çıxdı. Oradan pərişan halda hüzn dolu səslə:

– Heç olmasa, torbamı, mənim güllü parçamı verin, nə olar?

Xoruz gülməkdən yaşarmış gözlərini silib dedi:

– Verən deyiləm. Bu parçadan toyuqlara don tikdirəcəm.

Tülkü üzüntülü halda yuvasına tərəf getdi. Çox kədərli idi. Həm əliboş qayıtmış, həm də sevimli torbasını itirmişdi. Yenə mahnı zümzümə etməyə başladı:

Getdim toyuq ətinə,

İşim düşdü çətinə.

Xoruz sanki qurd olmuş,

Toyuqlar da çoxbilmiş.

Aman, a güllü torbam,

Heyif o güllü parçam...

 

Alabaş və ördəklər

Yayın isti günlərindən biri idi. Ördəklər sərinləmək üçün çayda üzürdülər. Alabaş da balaları ilə çay kənarına gəlmişdi. Onlar sıra ilə düzülüb çayda üzən ördəklərə həvəslə tamaşa edirdilər. Birdən bala it özün suya atdı və sevinə-sevinə qışqırdı.

- Ana, ana gəl biz də üzək.

- Aaaaa, neyləyirsən, tez çıx boğularsan! - Alabaş həyəcanlandı.

- Heç ördəklərin anası qorxmur, onlara üzməyə icazə verir.

Bala it bunu demişdi ki, boğulmağa başladı. Alabaş daha da həyəcanlandı.

Bala it boğula-boğula deyirdi:

- Hav, hav, hav boğuluram kömək edin!

Alabaşın o biri balası da çox həyəcanlanmışdı. O, çayda boğulan qardaşına gah əlini uzadır, gah da qorxub geri çəkilirdi.

Alabaş deyinə-deyinə balasını sahilə dartdı:

- Axı sənə dedim ki, boğulacaqsan!

Bala it silkələndi və mırıldamağa başladı:    

- Ana, yanıb-tökülürəm e.... Bəs ördəklər necə üzür?

- Eee nə bilim necə üzür? - deyə ana it hövsələdən çıxdı.

Ördəklər özünü çaya atan bala itin boğulmağını görüb həyəcanlandılar. Tələsik sudan çıxıb onların yanına gəldilər:

- Bu balaca niyə qəfildən özün suya atdı?

- Könlündən üzmək keçir. - Alabaş kinayə ilə cavab verdi.

- Yox-yox, belə etməyin, axı siz üzə bilmirsiz!

Bala it ana ördəyə mehribancasına:

- Nolar, bizə üzməyi öyrət!

- Axı sizin ayaqlarınızda üzgəc yoxdur!

- Nə?

- Üzgəc də... Bizim ayağımızda üzgəc var deyə üzə bilirik. Həm də bu bizim xüsusi bacarığımızdı. Narahat olmayın, sizin də elə bacarıqlarınız var ki, bizdə ondan yoxdur.

Bala it təəccüblə:

- Sən bizim hansı bacarığımızdan danışırsan?

Ana ördək gülümsədi:

- Siz itlər çox sürətlə qaça bilirsiniz, amma biz bunu bacarmırıq. Tülkü bizi asanlıqla tutub yeyir, amma sizdən qorxur. Çünki siz çox güclüsünüz, həm də elə iti dişləriniz var ki.

Alabaş balalarına:

- Görürsünüz, biz necə bacarıqlıyıq?

Bala itlər bu sözlərdən çox xoşlandılar. Ana ördəyin söhbəti onları sevindirdi. Ördəklərlə birlikdə qaçdı-tutdu oynamağa başladılar.

 

Banunun balaca dostları 

Banunun pişiyinin üç balası doğulmuşdu. Elə şirin idilər ki...Bapbalaca ətcə...Banu sevindiyindən ora bura qaçır sevincini hamı ilə bölüşür,yenə təzədən qaçıb pişiklərə baxırdı. Bala pişiklər bütün gün süd əmir doyan kimi elə analarının qucağındaca yatırdılar.Banu bəzən saatlarla onlara tamaşa edir və bundan zövq alırdı.

-Ay bala gəl yeməyini ye soyudu axı.Bax çayını da içməmisən- dedi Banunun anası.

-Anacan balalar elə qəşəngdi ki, baxmaqdan doymuram.Çox balacadılar amma bütün gün süd əmirlər.

-Hə qızım çox maraqlıdı.

Səhəri gün Banu pişiklərin yatdığı yuvaya yaxınlaşanda onu heyrət bürüdü. Ana pişik yox idi. Bala pişiklər bir -birinə sarılıb yatmışdılar. Banu həyəcanla evə qaçdı:

-Ana, ana bala pişiklər tək qalıb anası harasa gedib.

-Narahat olma birazdan gələr - dedi ana.

Bir saat keçdi ana pişik dönmədi, iki saat keçdi dönmədi. Artıq bala pişiklər oyanıb analarını istəyirdilər. Onlar ora bura vurnuxur və süd əmmək istəyirdilər. Bunu görən Banunu ağlamaq tutmuşdu. O, gah bala pişiklərə baxır, gah da küçəyə,bağa qaçıb ana pişiyi axtarırdı. Lakin ana pişik gözə dəymirdi.

-Görəsən hara gedib? - deyə Banunun anası dilinin altında yavaşca pıçıldadı.

Artıq bala pişiklər çığırır,səsləri küçənin o başından gəlirdi. Üçü də səs- səsə verib çığırışırdılar.

Banu bilmirdi nə etsin, bütün ailə ana pişiyi axtarırdı.

Banunun anası bir az inək südü götürdü, nəlbəkiyə töküb azacıq isitdi. Bala pişiklərə içirtmək istəyirdi. Amma bilmirdi necə içirtsin.Birdən ağlına bir fikir gəldi.Tez geyinib qapıdan çıxdı.Yaxınlıqdakı aptekdən əmzikli butulka alacaqdı. Az keçmədi ki qayıtdı. Banu yuvanın yanında oturub ağlayırdı. Ananı da ağlamaq tutmuşdu. O, əlləri əsə-əsə südü butulkaya tökdü. Bala pişiklərin ağzına yaxınlaşdırdı.Lakin nə qədər etsədə bala pişiklər iyləyib ağızlarını kənara çəkib ağladılar.

Axşam yavaş-yavaş düşürdü.Bala pişiklər çığırırdılar. Nə qədər ac olsalar da, əmzikdəki südü istəmirdilər. Banu və anası balaları sığallayır tumarlayir və hər dəfə əmziyi ağızlarına yaxınlaşdırırdı. Lakin hər dəfə bala pişiklər əmziyi itələyirdi.

Banu isə artıq dözə bilmirdi. Axşam düşür, qaranlıq hər tərəfi bürüyür,bütün ailə nigaran- nigaran gah bağda gah küçədə gəzib dolaşırdı. Banu əmziyi çıxarıb südü əlinə azacıq bulaşdırıb bala bişiklərin ağzına sürtdü.Bala pişiklər nə qədər ac olsalar da yenə imtina etdilər. Ağızlarını yumub inək südünü bir damcı olsa da içmirdilər. Banunun anası:

-Bunlar öz analarının südün istəyir. Gör ana südünün hikmətinə bax ki bir damcı da olsa başqa sud içmirlər.

Birdən hasarın başından bir neçə pişik hoppandı.Bala pişiklərin də anası onların arasında idi.Banu sanki yuxu görürdü. Bütun ailə bir anda sevincə qərq oldu. Ana pişik cəld yuvaya hoppanıb balalarını ağuşuna aldı.

Banu əyilib yuvaya baxdı.Ana pişiyin qulağı və burnu azacıq sivrilib yaralanmışdı.

-Ana ana pişiyn başına iş gəlibmiş bax yaralanıb.

Ana yaxına gəlib diqqərlə baxdı:

-Hə deyirəm axı başına iş gəlib ya dalaşıb,ya da yıxılıb hardansa.

-Əsas odur ki, sağ qalıb.

Butün ailə rahat nəfəs aldı. Banu ilə anası səbirsizliklə balaların doymasını gözləyirdilər ki, ana pişiyə tibbi yardım etsinlər. Banu evdəki dərman qutusunu gətirib yuvanın başına qoymuşdu.Banunun anası isə ana südünün hikmətindən danışırdı. Deyirdi ana südünün hikmətinə bax ki, balalar acından ölsələr də inək südünə yaxın durmadılar.Banu sevinə sevinə, göz yaşlarını silirdi. O, elə xoşbəxt görünürdü ki. Ana pişik isə xumarlana-xumarlana balalarını süd verirdi.

 

Qırmızı şlyapalı ilan

Bir gün Zeynəblə Gülçin dağa qalxmışdılar. Yenə: “kim daha çox çiçək toplayar”, – deyib

yarışacaqdılar. Bu elə də asan deyildi. Sıx kollar, iri dağ daşları çiçəkləri toplamağa mane

olurdu. Təzəcə gül yığmağa başlamışdılar ki, birdən Gülçin təəccüblə qışqırdı:

– Zeynəb, ora bax!

Zeynəb duruxub qaldı. Gördüyü mənzərə onu çaşdırdı. Yamyaşıl, xallı bir ilan onlara baxırdı. Ən

təəccüblüsü də o idi ki, ilanın başında qırmızı şlyapa vardı.

– Nə qəşəng ilandır!

– Hə, qəşəngdir, amma təhlükəlidir. Gəl qaçaq!

İlan domba gözlərini oynadıb, iri başını qabağa uzatdı və astaca qızlara tərəf süründü. Qızlar vahimə içində qaçmağa başladılar. Qaça-qaça qışqırırdılar.

Dağın ətəyində qoyun otaran Vəli dayı qızları görcək dedi:

– A bala, nə olub, hara qaçırsız?

– Vəli dayı, gəlir. İlan dalımızca gəlir!

Vəli dayı cəld ilanın qarşısına keçdi. Əlindəki dəyənəyi ona tərəf tulladı. Xoşbəxtlikdən, dəyənək

ilana dəymədi. İlan qorxub geri döndü və daşların arasında görünməz oldu.

Zeynəblə Gülçin çox sevindilər. Gülçin sevinə-sevinə elə hey deyirdi:

– Nə yaxşı dəyənək ilana dəymədi. Qoy yaşasın. Nə bilmək olar, bəlkə də, onun yolunu gözləyən balaları var.

Vəli dayı gülə-gülə:

– Qırmızı don geyinmisən, a bala... Ona görə dalınıza düşüb ey... İlanlar qırmızı rəngi çox sevir.

Dağa gələndə nə badə qırmızı paltar geyinəsiniz. Bu zaman Gülçin yerdə qırmızı nəsə gördü və təəccüblə Zeynəbə tərəf dönüb:

– Zeynəb, bax, ilanın şlyapası düşüb qalıb, – dedi.

Zeynəb:

– Aaa, nə qəşəng şlyapadı, – deyib onu əlinə

götürdü. – Bu ki lalədi... Ha ha ha, gülü dərib başına qoyub e... Vəli dayı gülümsəyə-gülümsəyə:

– Bəs bayaqdan nə deyirəm... İlanlar qırmızı rəngi çox sevir...

 

Xeyirxah su damlası 

Damla anası Bulud ilə səmada o tərəf bu tərəfə yellənir, sevinc hissi ilə bir- birini qucaqlayırdılar.Ana bulud:

-Gözəl damlacığım biz aşağı düşəndə əlimi buraxma, bir yerdə düşüb bir yerdə də qayıdarıq.

-Yaxşı anacan! - deyib Damla anasını bərk-bərk qucaqladı. Elə qorxuram ki, birdən səndən ayrı düşərəm.Keçən dəfə külək məni çox uzağa apardı.Səni itirməkdən qorxuram anacan.

Ana bulud gülümsədi:

-Qorxma səni qucağımdan yerə qoymayacağam.

Onlar səmada yellənə-yelənə gah o tərəfə, gah bu tərəfə axıb gedirdilər. Küləyin xəfif mehi sanki onlara laylay deyirdi. Damla ana Buludun qucağında mürgüləyirdi. Elə bu vaxt ildırım şaqqıldadı.Buludlar sürüşüb bir- biri ilə toqquşdu. Yağış yağmağa başladı. Toqquşma qəfil baş verdiyindən Damla anasının qucağından atılıb çox uzağa, taxıl zəmisinə düşdü:

-Ana,ana deyib haray çəkdi Damla.

Amma anası hay vermədi.Qarışqa taxıl zəmisindən bir buğda götürüb harasa tələsirdi.Damlaya hirsli- hirsli dedi:

-Nə ziyanxor damlasan bu dənəni bura qədər min-bir əziyyətlə gətirmişəm.Yuvama lap az qalıb. Bax ayağım sürüşür apara bilmirəm.Niyə torpağı yaş elədin?

-Aaa sən mənə təşəkkür etməkdən hələ minnət edirsən.Mən Damla olmasam bir dənə də olsa buğda cücərməz.

Qarışqa azacıq fikrə getdi... Deyəsən səhv elədiyini başa düşmüşdü. Damla isə qarışqaya tərəf dönüb:

-Anamı görməmisən?- dedi

-Yox heç kimi görməmişəm. Heç sənin ananı da tanımıram.

-Mənim anam Buluddur. Nə olar görsən de ki, Damla səni axtarır.

Qarışqa buğda dənəsini var gücü ilə götürüb başına qoydu. Dərindən nəfəs alıb dedi:

-Səmaya bax gör nə qədər bulud var. Yəqin oradadı.

Damla yuxarı baxıb kədərlə dedi:

-Yox orada deyil çox baxdım görmədim. Axı haraya getdi anam.

-Daha orasını bilmirəm. İmkan ver buğdamı aparım...

Qarışqa ağır addımlarla getdi. Damla onun dalınca baxıb xeyli güldü. Yer palçıq olduğundan qarışqa çətinliklə yeriyirdi...

Elə bu vaxt səmada Günəş göründü.Damla istidən buxara çevrilib səmaya qalxdı.Orada var gücü ilə qışqırdı:

-Ana, ana hardasan?

Lakin səsinə səs verən olmadı. Damla çox kədərli idi.

Buludlardan bir dedi:

-Gəl mənim qucağlma bir az dincəl. Sonra bir yerdə ananı axtararıq.

Damla kövrəldi:

-Yox mən anamı istəyirəm...

Elə bu vaxt yenə buludlar küləyin təsirindən bir- birinə dəydi. Yağış başladı. Damla sürətlə yerə endi...

Bu dəfə meşəyə düşdü. Bir anın içində dəhşətli nərilti eşitdi. Təəccüblə boylandı. Pələng gözəl bir ceyranı ağaca dirəyib var gücü ilə bağırırdı:

-Sən nə cürətlə mənim ətrafımda dolanırsan?

Ceyran o tərəf bu tərəfə baxıb imdad diləyirdi. Damla tez hoppanıb pələngin ayağının altını islatdı. Pələngin ayağı sürüşdü və dərəyə yuvarlandı. Ceyran sürətlə qaçıb getdi.

-Heç təşəkkür eləmədi- deyə Damla təəccübləndi.

-Mən onun əvəzindən sənə çox təşəkkür edirəm. Nə xeyirxah Damlasan sən.

Damla yuxarı baxdı. Ağacın lap başında gözəl bir quş ona baxıb gülümsəyirdi.

Damla çox sevindi, o da öz növbəsində quşa təşəkkür elədi:

Çox sağ ol amma mən gəlməsəydim yəqin pələng ceyrana bir xətər yetirmişdi. Nə əcəb sən ceyrana kömək etmədin?

-Mən necə kömək edim? Axı pələng çox nəhəngdi mənim ona gücüm çatmaz.

-Hə düz deyirsən o çox yekədi

Pələngin hələ də nəriltisi gəlirdi. Damla dərəyə boylanıb dedi:

-Bir şey olmadı ki?

Pələng qısqırdı:

-Ayağımın altın sürüşkən eləyib məni dərəyə yuvarladıb, hələ soruşur ki, bir şey olmadı?

Damla güldü:

-Mən xeyirxaham ona görə də ceyranı xilas elədim.Mənə qulaq as bir söz soruşum de görüm anamı görmədin?

Pələng ayağa qalxıb dedi:

- Yox görməmişəm, nə yaxşı ki görməmişəm. Sən ayağımın altını sürüşkən elədin, anan da yəqin məni seldə boğar...

Damla ucadan güldü:

- Nə danışırsan? Mənim anam çox xeyirxahdı.O bütün təbiəti quraqlıqdan qoruyur.Meşədəki heyvaları su ilə təmin edir...

Damla pələnglə sağollaşıb sıx kolluqla irəliləyirdi. Meşənin füsunkar təbiəti ona xoş təsir bağışlasa da elə hey gözləri ilə anasını axtarırdı..

Damla hoppanıb palıd ağacının lap başına çıxdı.Oradan Günəşə dedi:

-Nə olar məni göyə apar. Anamın yanına.

Günəş gülümsədi:

-Səni bu dəqiqə buxarlandırıb səmaya apararam. Amma ananı səmada görmədim.O deyəsən dənizə düşüb.

-Gözəl Günəş nə olar dənizi azacıq buxarlandır.

-Yaxşı -deyib qəh-qəhə çəkdi Günəş və isti şəfəqlərini dənizə tərəf ələdi. Günəşin ehtimalı düz çıxdı. Ana bulud dənizdə imiş. O buxarlanıb göyə qalxdı. Günəş tez su damlasını isidib buxarlandırdı. Ana buludla su damlası bir birinə qarışdı. Onlar sevinclə qucaqlaşdılar.Qəh -qəhələri bütün səmanı bürüdü.Günəş sevinə -sevinə onlara baxır,isti şəfəqlərini yer üzünə səpələyirdi.

 

Ətirli dağ

Biri var idi, biri yox idi. Balaca bir qız var idi. Bu qızın adı Banu idi. Banugilin evləri dağ döşündə idi. Lap yaxınlıqda isə elə hündür dağ var idi ki, Banu bu dağın adını Ətirli dağ qoymuşdu. Həqiqətən, bu dağda bir-birindən gözəl ətirli çiçəklər bitirdi. Dağı çiçəklər elə bəzəyirdi ki, sanki ora xalça sərblər. Çiçəklərin  gözəl ətri ətrafı bürüyürdü. Hər cür çiçəklər, otlar vardı bu dağda. 

Banu hər səhər bu dağa qaçar, çiçəklərdən yığıb çələng hörərdi. Vaxtının çoxunu burada keçirərdi. Nədənsə bütün quşlar da bu dağa getmək istəyirdi. Hətta  Banugilin  qazları da hər səhər bu dağa qalxar, ətirli otlardan yeyər, rahatlanardılar.  Banuya elə gəlirdi ki, Qazlar bu dağın güllərindən yedikləri üçün elə gözəlləşmişdilər ki... 

Ancaq Banunun anası ona tapşırmışdı, qazlardan göz-qulaq olsun. Bəzən qazlar çox uzaqlara gedirdi. Onda Banu həyəcanlanır, tez qaçıb qazları qaytarırdı... elə uzağa gedirdilər ki, Banu oralara heç vaxt getməmişdi. Oralar təhlükəli ola bilərdi. 

Bir gün Banu gördü ki, qazlar dağın arxasına keçiblər, görünmürlər. Tez qaça-qaça onları axtarmağa getdi. Qazların yanına çatar-çatmaz nə görsə yaxşıdır? Ana qaz   ilanla dalaşır, bala qazlar isə analarının arxasına sığınıb ucadan qaqqıldaşırlar. Banu cəld yerdən yekə bir daş götürdü. İlana tərəf atdı. İlan sürətlə sürünüb gözdən itdi. Qazlar sevinclə Banunun yanına qaçdılar. Onlar sanki sevinir, xilas olduqları üçün Banuya təşəkkür edirdilər...

Banu mehribancasına qazlara deyirdi:

–          Axı sizə demişdim, uzaqlara getməyim! Bax sözə qulaq asmayanda belə olar...

Banu bala qazlardan birini qucağına aldı. Qanadını sığallayıb  oxşadı. Bala qaz sevinc içində idi. O da başı ilə Banunun yanağına toxunub onu sığallamaq istəyirdi...

Günlərin bir günü yenə Banu ətirli dağa qalxmışdı. Gül  topalayan zaman qazların ucadan qaqqıltısını eşitdi. Tez onların yanına qaçdı. Bu dəfə qazlara tülkü hücum etmişdi. Banu tülkünü görüb qorxusundan bərk qışqırdı. Tülkü qazı ağzından buraxıb üz qoydu qaçmağa...

Tülkünun yerə atdığı qaz qanadını salladı...

–          Vay, vay, yanasan tülkü, qazımın qanadını qırdın. 

Banu çox kədərləndi. Qazı qucağına aldı. Evə gətirdi.

–          Ay ana, tülkü qazımın qanadın sındırıb, deyəsən. 

Ana:

–          Vay, vay! – deyərək qazın qanadına diqqətlə baxdı və dedi:

–          Azacıq əzilib, narahat olma, Banu. Bir-iki günə keçər.

Banu çox sevindi. Anasına dedi:

–          Anacan, qazların başına gündə bir iş gəlir. Daha buraxmayacam onları. Kömək elə,  bağa salaq. Qoy hasarın içində qalsınlar. Onsuz da bağımız böyükdü, həm də ot çoxdu, qazlar nə qədər istəsə, yeyər.

Ana razılaşdı. Banu qazları “kış-kış”, – deyə-deyə bağa apardı. İçəri salıb qapını bağladı. Onları daha ətirli dağa buraxmadı. Amma özü tez-tez dağa qalxır, gözəl çiçəklərdən dəstə bağlayırdı.

Bir gün Banu yenə ətirli dağa qalxmışdı. Həmişəki kimi, çiçəkləri dərib yenə saçlarına çələng hörəcəkdi... Birdən onun gözləri bağdakı qazlara sataşdı. Qazlar bağın qapısına yığışıb həsrətlə Banuya baxırdılar. Elə həsrətlə baxırdılar ki, sanki dilləri olsaydı, deyərdilər, aç, tez aç qapını, biz də Ətirli dağa qalxaq. Axı bu dağ, həqiqətən, gözəl idi. Hətta Banugilin bağından da.

Banunun ürəyi dözmədi, qaça-qaça bağa getdi. Bağın qapısını açdı. Qazlar sevinə-sevinə Ətirli dağa qaçdılar. Banu qərara gəldi ki, onlara bağda bağlı saxlamaqdansa, Ətirli dağa aparsın, oranın gözəlliklərindən qazları məhrum etməsin. Eybi yox, gözlərini onlardan ayırmaz. Təki sevimli qazları kədərlənməsinlər. Qazlar elə xoşbəxt görünürdülər ki. Axı Ətirli dağ üçün çox darıxmışdılar.

 

Tülkü ilə qazların əhvalatı

 

Günlərin bir günü qazlar çəmənlikdə otlayırdılar. Sən demə tülkü pusquda durub onlara baxırmış. Birdən gördü ki, qazlardan bir az aralıda yekə bir it uzanıb mürgüləyir. Pələng adlı bu iti kənddə tanımayan yox idi.

Öz-özünə fikirləşdi: “Aha, deməli qazları qoruyan var. Bu çox pis oldu. Gərək onları elə vaxt oğurlayım ki, bu yekəpərin xəbəri olmasın.”

Tülkü bu fikirlə geriyə döndü. Amma ağappaq qazlar heç yadından çıxmırdı. Ac-acına yuvasına qayıdan tülkünün kefi yox idi. Yıxılıb yatdı ki, səhər tez açılsın.

Səhər yerindən durar-durmaz yollandı çəmənliyə. Gördü qazlar yenə sürü ilə otlayır. Pələng gözə dəymirdi. Sevincindən az qaldı atılıb-düşə. Amma özünü saxladı ki, səsinə qazlar duyuq düşər. Qəfildən qazlara hücum etdi və bala qazı götürüb qaçdı. Bir haray-həşir düşdü ki, gəl görəsən. Ana qazın fəryadı nəinki çəmənliyi, hətta yaxınlıqdakı kəndi bürüdü.

Pələng hay-küyü eşidər-eşitməz özünü yetirdi. 

- Hav, hav, hav, tez olun, deyin görum tülkü hansı tərəfə qaçdı?

Ana qaz ağlaya-ağlaya tülkünün qaçdığı səmti göstərdi. Pələng həmən səmtə doğru götürüldü.

Bir az qaçmışdı ki, uzaqdan tülkünü görüb onu haqladı:

- Burax, - deyib onun boğazından yapışdı.

Tülkü yalvarmağa başladı:

- Qələt eləmişəm.

- Nə?

- Qələt eləmişəm, bir də eləməyəcəm.

Bala qaz tülkünün qucağından yerə düşdü və çabalamağa başladı.

- Məni öldürmə. Bir də eləmərəm.

Tülkü bala qazı yaralamışdı. Yazığın qanı axırdı.

Bunu görən Pələng tülkünün boğazın daha möhkəm sıxmağa başladı.

Bala qazın tülküyə yazığı gəldi və Pələngə dedi:

- Pələng əmi, burax getsin, yazıqdı.

Pələng hirsləndi:

- Buna yazığın gəlir?

- Bəlkə balaları var?

- Hə, hə, balalarım var, - deyə tülkü yazıq görkəm aldı.

Pələng biləndə ki, tülkünün balaları var ona yazığı gəldi.

- Onda bir də belə səhvlər etmə, - deyib tülkünün boğazını buraxdı.

Bala qaz qanlı qanadını çırpa-çırpa sevinirdi. Tülkü uzaqlaşdıqca hərdən qorxa-qorxa dala baxıb yazıq baxışları ilə təşəkkür edirdi.

Pələng bala qazı qucağına alıb qanadına baxdı. Yarası çox da dərin deyildi. Rahat nəfəs alıb üz qoydu kəndin kənarına. Qazlar mat-məəttəl durub yol gözləyirdilər. Ana qaz balasını görəndə sevincindən ağladı. Bala qaz isə sevinə-sevinə gah Pələngə, gah da anasına baxırdı. Yırtıcı tülküdən qurtulmağı ona yuxu kimi gəlirdi.

 

Ayı balası

Biri var idi biri yox idi. Bir tənbəl ayı var idi. Elə tənbəl idi ki burdan durub o tərəfdə oturmağa ərinirdi.

-Dur qapını ört - ana ayı ona dedi.

Bala ayı tənbəl-tənbəl qapıya baxııb donquldandı:

-Eee külək örtər.

Ana ayı deyinməyə başladı:

Demirəm qapını ört?

-Eee ay ana nolub e gərək mən örtəm? Külək örtəcək də.- deyə bala ayı üz- gözünü turşutdu.

-Bilmirəm ki, sən niyə belə tənbəl oldun? Bax bacı qardaşların necə qoçaqdı. Sübhdən durub meşədən bir səbət armud yığıb gətiriblər. Yoxsa sənin kimi.

Tənbəl ayı armud sözünü eşidən kimi gözləri parıldadı:

-Armud? Hanı armud? Mən armud istəyirəm.

-İstəyirsən zəhmət çək dur ayağa. O biri otaqdadı gətir ye.

-E.. ay ana gərək mən duram? Burda rahatca uzanmışam da. Nə olar sən gətir.

Ana ayı kədərli-kədərli ah çəkdi:

-Mən bilmirəm ki, sən niyə belə tənbəl oldun.

-Tənbəl deyiləm sadəcə burada uzanıb dincəlirəm.

Ana ayı tənbəl balasına armud vermədi. Dedi qoy zəhmət çəkib özü götürsün.

Tənbəl ayı halsız-halsız o biri otağa tərəf baxdı. Deyinə-deyinə yerindən qalxdı. Armud olan səbəti tapdı.Sapsarı armudları ətəyinə yığıb gəlib uzandı. Sevinə-sevinə elə uzandığı yerdəcə yeməyə başladı. Xeyli armud götürmusdu. Necə də dadlıdır bəh bəh! - deyə deyə yeyirdi.

Ana ayı kədərli halda ona baxır nə deyəcəyini bilmirdi.

Bir az keçmisdi həyəti səs küy burudu. Ayılar həyətdə qaçdı tutdu oynayırdılar.

Tənbəl ayı deyinməyə basladı:

-Nə səs küydu yenə. Qoyun yatım da...

Ana ayı dedi:

- Oynayanlar sənin bacı qardaşlarınıdı dur bax gör necə qəşəng oynayırlar sən də qosul onlara.

-E.. axı mənim yuxum gəlir. Yorulmuşam dincəlməliyəm.

-Onlar tezdənnən gedib meşədən armud gətiriblər indi də oynayırlar. Onlar niyə yorulmayıb? Sən tənbəlsən.

Tənbəl ayını fikir götürdü.Doğrudan da anası duz deyirdi.Axı o heç bir iş görməyib.Niyə yorulub axı:

-Ana duz deyirsən mən axı bir iş görməmişəm bəs niyə yorgunam?

-Çünki səni tənbəllik basıb.

-Necə yəni başa düşmədim?

-Burda başa düşülməyən nə var ki? O qədər yeyib yatmısan ki öyrəşmisən də.

-Hə anacan duüz deyirsən

Deyib tənbəl ayı dirsəklənib ayağa qalxdı.Yeriyib durdu pəncərənin qabağında.Bacısı ilə qardaşı elə qəşəng oynayırdılar ki. Ağır addımlarla evdən çıxdı.

-Mən də sizinlə oynayıram!- deyib o tərəf bu tərəfə qaçmağa başladı.

-Daha tənbəl olmayacam mən də sizinlə armud yığımağa gedəcəm deyib sevinə sevinə qaçırdı.

Oyun daha maraqlı gedirdi. Tənbəl ayı topu gətirdi. Dedi gəlin indi də futbol oynayaq. Oyun qızışdı nə qızışdı.

Hərdən ayıcığın gözu pəncərəyə sataşırdı. Anası sevinərək ona baxır hərdən əl çalıb alqışlayırdı. O da sevincdən atılıb düşür anasına əl edirdi.

Elə sevinirdi ki ayıcıq. Ora bura qaçdıqca bədəni açılır özünü gümrah hiss edirdi. Tənbəlliyin daşını atdığı üçün elə xoşbəxt görünürdü ki. Tez tez balaca qardaşına deyirdi:

-Mən bu gündən tənbəlliyin daşını atmışam.Nə vaxt armud yığmağa getsəz məni də aparın yaxşı?

Qardaşı:

-Baş üstə ! - deyib onu bərk bərk qucaqladı.

Ana ayı isə hələ də pəncərədən sevinə sevinə onlara baxır və xoşbəxtcəsinə gülümsəyirdi.

 

Dəcəl çəpiş

Biri var idi, biri yox idi. Bir dəcəl çəpiş var idi. Bu çəpiş anasının sözünə heç qulaq asmır, hara gəldi qaçıb gedirdi.

– Ay dəcəlim, qaçma, nə olar, uzaqlara getmə. Canavara rast gələrsən, səni yeyər, – deyə gileylənərdi.

Dəcəl çəpiş anasının sözlərinə məhəl qoymurdu. Hey qaçıb gedirdi uzaqlara. Ana keçi də qalırdı axtara-axtara.

Gözəl bir yaz səhəri idi. Ana keçi balası ilə dərədə otlayırdı. Dəcəl çəpiş anasının başının yeməyə qarışdığını görüb təpəyə qalxdı. Sən demə, orada canavar gəzirmiş. O, Çəpişi görüb ayaq saxladı. Vəhşi baxışları ilə onu süzdü. Hiyləgərcəsinə:

– Sən çox ağıllı çəpişsən, həm də cəsarətlisən. Görürəm ki, ətrafı kəşf etmək istəyirsən. Gəl səni meşənin ən gözəl yerləri ilə tanış edim... 

Lakin Çəpiş canavarın hiyləsini başa düşmüşdü. Odur ki: – Ay ana tez gəl, bu canavar məni yeyəcək, – deyərək üz qoydu qaçmağa.

Canavar dişlərini qıcayıb az qaldı, çəpişi tutsun. Bu zaman ana keçi özün yetirdi. Balasını təhlükədən qurtarmaq üçün irəli atılıb canavarı buynuzu ilə vurdu.

Canavar təpədən aşağı yuvarlandı və qorxusundan geri dönüb üz qoydu qaçmağa...

Qaça-qaça deyirdi:

– Vay dədə, nə yekə buynuzları var!

Canavar qaçıb getdi. Çəpiş sevinə-sevinə anasına dedi:

– Ana, bir daha sözündən çıxmayacam, səndən uzağa getməyəcəm.

– Söz verirsən?

– Əlbəttə...

Ana keçi balasını qucaqlayıb yuvasına gətirdi. Onu çoxlu öpdü və öz-özünə düşündü:

– Nə yaxşı yaxında idim, bir az geciksəydim.

Balasını itirmək qorxusu onu hələ də tərk etməmişdi. Amma əmin idi ki, bu, dəcəl Çəpişə dərs oldu. O bir daha uzağa getməz və onlar da belə təhlükə ilə üzləşməzlər.

 

Qazlar

Yaz fəsli gəlmişdi. Hər tərəf yaşıllığa qərq olmuşdu. Ülkərin yaşadığı evin yanında gözəl bir çəmənlik var idi. O, çəmənlikdə elə gözəl çiçəklər bitirdi ki. Bu yabanı çiçəklərin öz xüsusi ətri var idi .Ülkər tez-tez o çəmənlikdən gözəl çiçəklər dərər, gətirib evdə güldana qoyardı. Anası işdən yorğun dönərkən o çiçəkləri görər və çox sevinərdi.Sanki yorğunluğu çıxardı.

Ülkər yenə bu səhər gözəl çəmənliyə gəlmişdi. Anası üçün güllər dərəcəkdi. Çiçəklər yaşıl çəməndə göz oxşayırdı. Elə təzəcə işə başlamışdı ki gördü bir sürü qaz ona tərəf gəlir.Ana qaz lap qabaqda gəlirdi və ağzını geniş açıb fısıldayırdı. Ülkər bir anlıq duruxdu.Nə edəcəyini bilmədi. Axı durduğu yerdə qazlar niyə onun üstünə tökülsün ki.

Ana qaz açıq aydın Ülkəri dişləmək istəyirdi.

Ülkər kış-kış edib qazları qovmağa çalışırdı. Lakin ana qaz daha bərk əsəbləşib ucadan fısıldayır və az qalırdı Ülkərin ayağın dişləsin. Elə bu vaxt Şamil dayı onlara yaxınıaşıb qazları qovdu. Qazlar elə bil himə bənd imiş.Şamil dayı sanki qazları ovsunlamışdı. İki-üç dəfə kış eliyən kimi qazlar uzaqlaşdı.Ülkər həyəcanla Şamil dayıya dedi:

- Şamil dayı mən onlara heç nə etmədim amma onlar məni dişləmək istəyirdi.

Şamil dayı gülümsədi:

-Bilirəm qızım bilirəm mən hər şeyi uzaqdan görürdüm.

-Görəsən niyə üstümə cumdular axı.

Şamil dayı sözünə davam elədi:

-Onlara diqqətlə bax. Lap qabaqda gedən anadı, o birilər isə baladılar. Adətən ana qaz balaları böyüyub özü boyda olana qədər bax belə edir. Hər qaraltını təhlükə hiss edir ana qaz. Elə bilir ki kimsə balalarına xətər yetirəcək.

Ülkər maraqla Şamil dayıya qulaq asır gah da həyəcandan yerə atdığı çiçəkləri toplayırdı. Hərdən də qazlara baxırdı. Qazlar çox uzaqda idilər.Şamil dayı isə qazlar haqqında hələ də maraqlı söhbətlər edirdi. Sən demə bu qazlar elə Şamil dayıgilin imiş. Bir gün tülkü Şamil dayıgilin hininə girib qazları boğmaq istəyirmiş. Ana qaz tülkünu necə dişləyibsə o da qışqıra-qışqıra qaçıb. Ülkərin qazlara rəğbəti artdı. Xüsusilə ana qaza. Analar belədir də. Balalarından ötrü özlərini həmişə təhlükəyə atar. Ülkər bunları düşünə-duşünə öz anasına ətirli çiçəklər toplayırdı.