Ətirli dağ

Biri var idi, biri yox idi. Balaca bir qız var idi. Bu qızın adı Banu idi. Banugilin evləri dağ döşündə idi. Lap yaxınlıqda isə elə hündür dağ var idi ki, Banu bu dağın adını Ətirli dağ qoymuşdu. Həqiqətən, bu dağda bir-birindən gözəl ətirli çiçəklər bitirdi. Dağı çiçəklər elə bəzəyirdi ki, sanki ora xalça sərblər. Çiçəklərin  gözəl ətri ətrafı bürüyürdü. Hər cür çiçəklər, otlar vardı bu dağda. 

Banu hər səhər bu dağa qaçar, çiçəklərdən yığıb çələng hörərdi. Vaxtının çoxunu burada keçirərdi. Nədənsə bütün quşlar da bu dağa getmək istəyirdi. Hətta  Banugilin  qazları da hər səhər bu dağa qalxar, ətirli otlardan yeyər, rahatlanardılar.  Banuya elə gəlirdi ki, Qazlar bu dağın güllərindən yedikləri üçün elə gözəlləşmişdilər ki... 

Ancaq Banunun anası ona tapşırmışdı, qazlardan göz-qulaq olsun. Bəzən qazlar çox uzaqlara gedirdi. Onda Banu həyəcanlanır, tez qaçıb qazları qaytarırdı... elə uzağa gedirdilər ki, Banu oralara heç vaxt getməmişdi. Oralar təhlükəli ola bilərdi. 

Bir gün Banu gördü ki, qazlar dağın arxasına keçiblər, görünmürlər. Tez qaça-qaça onları axtarmağa getdi. Qazların yanına çatar-çatmaz nə görsə yaxşıdır? Ana qaz   ilanla dalaşır, bala qazlar isə analarının arxasına sığınıb ucadan qaqqıldaşırlar. Banu cəld yerdən yekə bir daş götürdü. İlana tərəf atdı. İlan sürətlə sürünüb gözdən itdi. Qazlar sevinclə Banunun yanına qaçdılar. Onlar sanki sevinir, xilas olduqları üçün Banuya təşəkkür edirdilər...

Banu mehribancasına qazlara deyirdi:

–          Axı sizə demişdim, uzaqlara getməyim! Bax sözə qulaq asmayanda belə olar...

Banu bala qazlardan birini qucağına aldı. Qanadını sığallayıb  oxşadı. Bala qaz sevinc içində idi. O da başı ilə Banunun yanağına toxunub onu sığallamaq istəyirdi...

Günlərin bir günü yenə Banu ətirli dağa qalxmışdı. Gül  topalayan zaman qazların ucadan qaqqıltısını eşitdi. Tez onların yanına qaçdı. Bu dəfə qazlara tülkü hücum etmişdi. Banu tülkünü görüb qorxusundan bərk qışqırdı. Tülkü qazı ağzından buraxıb üz qoydu qaçmağa...

Tülkünun yerə atdığı qaz qanadını salladı...

–          Vay, vay, yanasan tülkü, qazımın qanadını qırdın. 

Banu çox kədərləndi. Qazı qucağına aldı. Evə gətirdi.

–          Ay ana, tülkü qazımın qanadın sındırıb, deyəsən. 

Ana:

–          Vay, vay! – deyərək qazın qanadına diqqətlə baxdı və dedi:

–          Azacıq əzilib, narahat olma, Banu. Bir-iki günə keçər.

Banu çox sevindi. Anasına dedi:

–          Anacan, qazların başına gündə bir iş gəlir. Daha buraxmayacam onları. Kömək elə,  bağa salaq. Qoy hasarın içində qalsınlar. Onsuz da bağımız böyükdü, həm də ot çoxdu, qazlar nə qədər istəsə, yeyər.

Ana razılaşdı. Banu qazları “kış-kış”, – deyə-deyə bağa apardı. İçəri salıb qapını bağladı. Onları daha ətirli dağa buraxmadı. Amma özü tez-tez dağa qalxır, gözəl çiçəklərdən dəstə bağlayırdı.

Bir gün Banu yenə ətirli dağa qalxmışdı. Həmişəki kimi, çiçəkləri dərib yenə saçlarına çələng hörəcəkdi... Birdən onun gözləri bağdakı qazlara sataşdı. Qazlar bağın qapısına yığışıb həsrətlə Banuya baxırdılar. Elə həsrətlə baxırdılar ki, sanki dilləri olsaydı, deyərdilər, aç, tez aç qapını, biz də Ətirli dağa qalxaq. Axı bu dağ, həqiqətən, gözəl idi. Hətta Banugilin bağından da.

Banunun ürəyi dözmədi, qaça-qaça bağa getdi. Bağın qapısını açdı. Qazlar sevinə-sevinə Ətirli dağa qaçdılar. Banu qərara gəldi ki, onlara bağda bağlı saxlamaqdansa, Ətirli dağa aparsın, oranın gözəlliklərindən qazları məhrum etməsin. Eybi yox, gözlərini onlardan ayırmaz. Təki sevimli qazları kədərlənməsinlər. Qazlar elə xoşbəxt görünürdülər ki. Axı Ətirli dağ üçün çox darıxmışdılar.