Uşaqları qurd xəstəliklərindən necə qorumalı?

Helmintozlar müxtəlif parazit qurdlar – helmintlər tərəfindən törədilən və xüsusilə də uşaqlar arasında geniş yayılmış parazitar xəstəliklərdir. Uşaqlar ən çox 3-12 yaşlarında qurd xəstəliklərinə yoluxurlar. Bu da uşaqların çox vaxt gigiyenik qaydalara riayət etməməsi ilə əlaqədardır. Yoluxma əsasən alimentar yolla (ağızla) – qida, su vasitəsilə, habelə uşaq çirkli əllərini ağzına saldıqda, yaxşı yuyulmamış meyvə-tərəvəz yedikdə baş verir. Bundan başqa, kontakt yolla – məişət əşyaları ilə, it və pişiklərlə oynayarkən də yoluxma mümkündür. Uşaq orqanizmində eyni zamanda bir neçə növ helmint parazitlik edə bilər.

Uşağın hansı parazitə yoluxmasından asılı olaraq simptomlar dəyişkəndir.  Birdən-birə çox sayda qurd yumurtası ilə yoluxma baş verərsə, sağlamlıqda əhəmiyyətli pisləşmə müşahidə oluna bilər. Ancaq az sayda qurd yumurtası ilə yoluxma zamanı uşaqda qurd xəstəliyi əlamətləri uzun müddət tamamilə olmaya bilər və ya qeyri-spesifik ola bilər 

  Uşaqlarda helmintozun ilk əlamətləri:         

  • qeyri-düzgün temperatur reaksiyası  

  • iştahanın azalması və ya iştahanın yaxşı olmasına baxmayaraq uşağın arıqlaması

  •  qarında ağrılar, qəbizlik, bəzən ishal, ürəkbulanma, köp                     

  • yuxuda ağız suyunun çox ifrazı, dişlərin qıcanması                                                             

  • yuxusuzluq, yorğunluq, əzginlik, baş ağrısı, əhvalın pozulması, ağlağanlıq, yaddaşın zəifləməsi

  • allergik reaksiyalar (həm ümumi, həm lokal); qaşınma, allergik səpkilər bronxospazm

Helmintlər bağırsaqlardan vitamin, mikroelement, amin turşularının sorulmasını çətinləşdirərək uşaqda anemiyaya, nitq inkişafının, motor, əqli və fiziki inkişafın geriləməsinə səbəb ola bilər. Qan dövranına daxil olaraq bütün orqan və toxumaları zədələyə bilər. Helmintlər immuniteti zəiflətdiyindən, uşaq tez- tez xəstələnir, infeksion xəstəlıkləri daha ağır keçirir.

Bəzi spesifik helmintoz əlamətlərini də qeyd etmək lazımdır. Məsələn, bizquyruqla yoluxma zamanı (enterobioz) anus ətrafında gecələr dəri qaşınması və qaşınma izləri olacaqdır. Askaridlərə yoluxduqda, ilkin mərhələdə spesifik əlamətlər kimi öskürək, bronxit simptomları və limfa düyünlərinin böyüməsi olacaqdır.

Parazit qurdlara yoluxmanı müəyyən etmək üçün qanın seroloji, immunoloji müayinəsi, nəcisin, enterobiz zamanı perianal büküşlərdən götürülmüş materialın qurd yumurtalarına görə müayinəsi aparılır. Müayinə zamanı parazit qurdun olmasını müəyyən etmək mümkün olmadıqda, təkrar olaraq bir neçə dəfə müayinə aparılmalıdır. Lazım gəldikdə digər müayinə metodları təyin edilə bilər, məsələn, daxili orqanların ultrasəs müayinəsi, rentgenoqrafiya.

Uşaqda helmintoz müəyyən edildikdə digər ailə üzvlərinin də helmintlərə görə müayinə edilməsi və dehelmintizasiyanın aparılması məsləhət görülür. Helmintozlar zamanı yalnız mütəxəssis – pediatr və ya həkim-helmintoloq dəqiq diaqnoz qoya və düzgün müalicə təyin edə bilər. Helmint əleyhinə  dərman preparatları olduqca zəhərlidir, buna görə də uşağa zərər verməmək üçün dərman yalnız həkimin təyinatı ilə və dəqiq bir dozada qəbul edilməlidir.

Helmintozların profilaktikası üçün valideyinlər evin gigiyenasına ciddi nəzarət etməli, uşaqlara gigiyena qaydalarına riayət etməyi öyrətməlidirlər. Mütəmadi olaraq dırnaqların artıq hissələri kəsilməli, hər dəfə ayaqyolundan sonra və yemək qəbulundan əvvəl əllər sabunla yuyulmalı, yataq ağları və alt geyimləri yuyucu məhlullarda qaynadılmalı və ütülənməlidir. Meyvə-tərəvəz məhsulları və xüsusilə də göyərti yaxşı yuyulmalıdır. Ətdən hazırlanmış xörəklər mütləq tam bişirilməlidir.