Düzgün  əmizdirmə üçün tövsiyələr

Döşlə əmizdirmə təbii bir prosesdir. Bəzi sadə qaydalara əməl etməklə bu prosesi həm özünüz, həm də körpəniz üçün ən xoş anlara çevirə və bütün çətinliklərin öhdəsindən gələ bilərsiniz. 

Döşlə əmizdirməyə dair məsləhətlər: 

  • Əmizdirmədən əvvəl əlinizi yuyun, saçınızı yığın;

  • Əmizdirmə zamanı sizə rahat olan vəziyyəti seçin (narahat vəziyyətdə boyunda, beldə ağrılar meydana çıxır, onurğada və əllərdə artıq gərginlik yaranır);

  • Əmizdirmə zamanı uşaq rahat olmalı, heç nə onu yayındırmamalıdır (təmiz, altı quru);

Əmizdirərkən uşaqla göz kontaktı qurmağa çalışın, onu tərifləyib əzizləyin və gülümsəyin.

     Düzgün  əmizdirmə vəziyyəti:

  • Rahat oturun və ya uzanın;

  • Ana və körpə bir-birinə (bədən-bədənə/qarın-qarına  üz-üzə və kifayət qədər yaxın olsun;

  • Qucağa elə götürmək lazımdır ki, körpə tək başı ilə deyil, bütün bədəni ilə anaya tərəf çevrilmiş olsun;

  • Əmmə zamanı körpənin döş giləsini düzgün tutması əsas şərtlərdən biridir. Düzgün əmmə zamanı körpənin ağzı geniş açılmış, çənəaltı nahiyə ananın döşünə sıxılmış, alt dodaq xaricə doğru çevrilmiş olur. Bu zaman körpə ağzı ilə tək giləni deyil, gilə ətraf sahənin müəyyən bir hissəsini də tutmuş olur. Bəzən əmziklər döşü düzgün tutmaq vərdişini pozur və əmmənin effektivliyini aşağı salır;

  • Uşağı zorla döşdən çəkməyin. Birinci növbədə bu, sizə ağrı verəcək. Yaxşı olar ki, barmağınızı körpənin ağzı və döş giləsinin arasına salıb uşağı döşdən asanlıqla ayırasınız;

  • Hər əmizdirmədən sonra körpəni şaquli vəziyyətdə tutmaq lazımdır. Bu zaman o, əmərkən udduğu havanı xaric edir. Bu, qusmanın, bağırsaq yelinin qarşısını alır.

 

C:\Users\Hp\Downloads\WhatsApp Image 2020-05-01 at 22.49.38 (1).jpeg

 

Əmizdirmə zamanı hansı çətinliklər ola bilər?

  • Doğuşdan bir həftə sonra əmizdirmə zamanı qarnın alt hissəsində ağrılı yığılmalar hiss edə bilərsiniz. Buna səbəb odur ki, əmizdirmə zamanı uşaqlıq yığılır və əvvəlki ölçülərinə yaxınlaşır. Narahat olmayın, bu spazmlar tezliklə bitəcək. 

  • Əgər döş giləsində çat yaranıbsa, demək ya əmizdirmə mövqeyi düzgün seçilməyib, ya da körpə giləni düzgün tutmur. Körpə əmən zaman anada xoşagəlməz hisslər olmamalıdır.  Döş giləsi arxada körpənin yumşaq damağına dəydiyi üçün sürtülmür və yaralanmır. Bu səbəbdən də ana əmizdirmə zamanı ağrı hiss etmir. 

 

Körpə əmizdirilmə zamanı nədən ağlayır?

Əgər uşaq əmizdirmə zamanı hər dəqiqə narahatlıq göstərərək ağlayırsa, buna aşağıdakılar səbəb ola bilər:

  • uşağın burnu tutulub, nəfəs alması çətinləşib və ya boğazı ağrıyır

  • qulağı ağrıyır

  • qarnı ağrıyır

  • ağzında iltihab var, ya da dişləri çıxır 

  • sizin artıq hərəkətləriniz ona əmməyə mane olur

  • sizin əsəbiliyiniz uşağa keçir

  • süd həddən artıq az və ya çox gəlir

Körpəniz əmizdirilmədən sonra ağlayırsa, bu, mütləq onun ac olduğunu göstərmir. Körpələr çox vaxt qarın nahiyəsində yaranan narahatlığa görə ağlayırlar.