Uşağa tualet vərdişinin aşılanması

Uşaq həyatının birinci ilində düz bağırsağın, ikinci ilində isə sidik kisəsinin dolmasını hiss etməyə başlayır. Məhz bu zaman uşağın tədricən bezdən azad edilməsi və qorşoka öyrədilməsi daha məqsədəuyğundur. Bu proses zamanı valideynlər təmkinli olmalı, zorakılığa yol verməməlidirlər. Uşaqların tualet güvəcinə (qarşok) öyrədilməsi üçün aşağıdakıları nəzərə almaq tövsiyə edilir:

  • İlk olaraq, uşağı evdə olduğu müddətdə bezsiz saxlayın ki, uşaq bu vəziyyətə alışsın və başa düşsün ki, uşaq bezi olmadıqda ifrazetmə necə baş verir və nəticəsi nə olur. Belə olduqda uşaq sidiyə çıxmaqla yaş paltar arasındakı əlaqəni müşahidə edir.
  • Uşağa ayaqyolu vərdişi aşılayarkən alt və üst paltarını (şalvar, şort)  tamamilə çıxarmaq yaxşı olardı. Bu, tualetə getmək ərəfəsində vaxt itkisinin qarşısını alacaq. Digər tərəfdən, uşaq nə qədər çılpaq olarsa, tualet güvəcinə bir o qədər tez sərbəst şəkildə vərdiş edə bilər.
  • Tualet güvəci uşağın daim görə biləcəyi yerdə olmalıdır. İlk olaraq uşaq tualet güvəci ilə oynamalıdır ki, onunla yaxşı tanış olsun.
  • Uşağı tualet güvəcinə otuzdurarkən, bunun səbəbini izah edin. Böyük uşaqlar (14-18 aylıq) sizin izahınızı daha yaxşı anlayacaq.
  • Uşaq özünü tualet güvəcinə çatdıra bilmədikdə yaxud ondan istifadə etməyi unutduqda, ona acıqlanmayın, sadəcə növbəti dəfə qarşokdan istifadəni xatırladın.
  • Uşaq öz qərarı ilə tualet güvəcindən istifadə etdikdə bu davranışını tərifləyin ki, buna həvəslənsin.
  • Yatmazdan əvvəl, yuxudan oyandıqdan sonra, eləcə də yemək və su içdikdən sonra uşağa tualet güvəcindən istifadəni təklif edin.
  • Uşaq tualet güvəcindən istifadə edəkrən ətraf mühit mümkün qədər rahat olmalıdır. Ətrafda yad insanların olması uşağa narahatlıq yarada bilər.