Valideyn uşağını necə dinləməlidir?

 

Dinləmək hadisəsinin kökündə qarşılıqlı sevgi və hörmət dayanır. Bir çox uşaqlar həddi-büluğ çağına çatanda "Atam, anam məni başa düşmür" deməyə başlayırlar. Əslində, düz deyirlər. Dinləməyi bacarmayan adam həmsöhbətini anlaya bilməz. Hətta evli adamlardan da "Həyat yoldaşım məni başa düşmür" şikayətini eşidirik. Ancaq belə evli cütlüklərin həyatına baxsanız, bir-birini anlamadığını deyil, dinləmədiyini görərsiniz.

Uşaq ana bətnində olanda, yəni hələ dünyaya gəlməmişdən əvvəl onun ürək döyüntülərini dinləyirik. Doğulandan sonra isə ilk ağlamasına qulaq asırıq. Yatanda nəfəs alıb-verməsini dinləyirik. Dil açıb danışanda ilk kəlmələrinə qulaq veririk. Məktəbə getməyə başlayanda kitab oxudub qulaq asırıq.

Ancaq bu dinləmə getdikcə azalır və bir müddətdən sonra, demək olar ki, yox olur. Xüsusilə də həddi-buluğ yaşına çatanda övladımızın harayını eşitməz oluruq. Uşaq da səsini bizə eşitdirə bilməyəndə onu eşidən başqa insanlar tapır. Bu da yeniyetmələrin zərərli axınlara və qruplara qoşulmasına gətirib çıxarır.

Övladımız başına gələnləri bizə danışır. Elə həyəcanla cümlələr qurduğu bir vaxtda biz valideynlər başlayırıq ağıl verməyə. "Gərək filan cür edəydin", "Heç diqqətli olmursan" və s. deyirik. O qədər gözəl nəsihətlərdən sonra övladımız "Sən məni başa düşmürsən" deyə narazılıq edir.

Eyni şeyi həyat yoldaşımızla danışanda da təkrar edirik. Bir işə baxın ki, o da bizim onu anlamadığımızı deyir. Biz də bu qədər yaxşılığımızın müqabilində onların hələ də bizə "anlayışsız" deməsinə hirslənir və onları nankor adlandırırıq.

Demək ki, insanlar hömsöhbətlərinin onlara nəsihət verməsini deyil, onları dinləməsini istəyirlər.

Hələ ana bətnində olan körpəmizin ürək döyüntülərini dinlərkən "Səhv etdin, tez ritmini dəyişdir" demirik. Doğulduqdan sonra ilk ağlayışlarını eşidəndə "Bu, necə ağlamaqdır? Belə də ağlamaq olar?" deyə etiraz etmirik. Dil açıb ilk sözləri kəsik-kəsik deyəndə "Bu, nə cür danışmaqdır? Sən heç danışmağı da bacarmırsan" deya ağıl vermirik. İlk dəfə kəlmələri hecalaya-hecalaya oxumağa başlayanda "Belə oxumaq olmaz, düz oxu" deyə amiranə nəsihət etmirik.

Demək, böyüyəndə də məzəmmət etmədən, təhqiramiz sözlər işlətmədən, ləqəb qoşmadan, ağıl vermədən onları dinləməliyik. Gözlərinə baxaraq, etirazlarımızı açıq şəkildə deyərək... Onları anladığımızı ancaq bu şəkildə göstərə bilərik. Bəzi problemləri həll etməyə gücümüz çatmasa da, övladlarımızı dinləməklə, dərdlərinə şərik olmaqla az da olsa, rahatlaşdıra bilərik. Eşitməklə dinləməyin eyni şey olmadığını unutmamalıyıq. Baxmaq görməyi, görmək dinləməyi, dinləmək anlamağı, anlamaq qəbul etməyi, qəbul etmək də qarşılıqlı sevgini meydana gətirir.