Bu bir prosedurdur. Bu zaman&nbs...
Uşaqla münasibətdə ünsiyyət üslubları: “Sən dili”, “Mən dili”
“Sən” dili
Ünsiyyətdə vacib bir məqam da "mən" dilindən istifadə etməkdir. "Sən" dili həmsöhbəti təqsirləndirir, problemi hədəfə çevirir və adətən əsəbi vaxtlarda işlədilir. Bu dilin tənqid hədəfi həmişə qarşı tərəf olur.
Valideyn "sən" dili ilə danışmaqla övladını tənqid və təhqir etmiş olur. "Sən" dili problem və anlaşılmazlıqları həll etmir, əksinə, daha da böyüdür. Çünki bu ifadələr uşağı ifrat reaksiyaya: ya kəskin etiraza, ya da özünə qapanmağa vadar edir. Bu da uşağın ya getdikcə passivləşməsinə, inam hissinin sıradan çıxmasına, ya da kobud və aqressiv olmasına gətirib çıxarır.
"Sən" dilinə dair nümunələr:
- Çox məsuliyyətsiz hərəkət edirsən.
- Məni heç cür başa düşmürsən.
- Fikrin yaman dağınıqdır.
-Bilirsən, saat neçədir? Niyə bu qədər gecikmisən? Sənin kimi məsuliyyətsiz uşaq görməmişəm.
Bu kimi sözlər uşaqda inam hissini zədələyir.
"Mən" dili
"Mən" dili "sən" dilindən fərqli olaraq həmsöhbəti qınama və günahlandırma mahiyyəti daşımır. Bu dilin hədəfi problem deyil, problemə həll yolu tapmaqdır. "Mən" dilindən istifadə edən valideynin məqsədi uşağın duyğu və düşüncələrini öyrənməkdir. “Sən” dili ilə qurulan cümlələri "mən" dilinə çevirmək mümkündür:
– Bu hərəkətlərindən çox narahat oluram.
- Eyni səhvlərə yol verdiyinə görə düşünürəm ki, sənə fikrimi çatdıra bilməmişəm.
- Bunu sənə heç yaraşdırmıram. Sənin dağıtdıqlarını yığmaqdan yorulmuşam.
- Sən evə gec gələndə narahat oluram. Yəqin, gecikəndə xəbər vermək lazımdır!
Nə deməklə yanaşı, necə demək də çox əhəmiyyətlidir. Eyni şeyləri "sən" dilinin əvəzinə "mən" dili ilə desəniz, problemi daha tez həll edərsiniz. Təbii ki, valideynin səs tonu, jest və mimikası da "mən" dilinə uyğun olmalıdır.
"Mən" dilindən istifadə də, empatik yanaşmada zənn edildiyi qədər çətin deyil. Sadəcə "Onun yerinə mən olsaydım, mənimlə necə danışılmasını istərdim?" sualına cavab vermək kifayət edər. Çətin vəziyyətə düşəndə quru nəsihət verən adamlara deyil, bizi başa düşən, empatiya bəsləyən insanlara ehtiyac duyuruq. O halda biz də çətin vəziyyətdə olan övladımıza empatiya ilə yanaşmağı özümüza borc bilməliyik.
"Mən" dilindən və empatik yanaşma tərzindən istifadə etmək üçün əvvəlcə düzgün dinləmə şəkli seçmək lazımdır. Bəzi davranış və yanaşma tərzləri valideynlərin övladlarını dinləməsinə mane olur. İndi həmin davranışları nəzərdən keçirək.
Fikriniz
0
0