Körpələr üçün əlavə-tamamlayıcı qida

Körpəmə əlavə qida verməyə başlayarkən nələri öncədən bilməliyəm?

Ana südü, yeni doğulmuş körpənin ehtiyac duyduğu yeganə qidadır və doğuşdan sonra ilk 6 ayda körpəyə hər hansı əlavə-tamamlayıcı qida, o cümlədən su vermək lazım deyil. Ana südü ala bilməyən körpələr bu dövrdə süni qida (smes-qarışıq qida) ilə qidalanmalıdırlar. Körpələr 6 aya çatdıqda ana südündən əlavə qidalar yeməyə hazır olurlar. Hər bir körpə fərqli inkişaf xüsusiyyətlərinə malikdir və buna görə də tamamlayıcı qidalara keçid zamanı fərdi fərqlər qaçılmazdır. Körpələr tamamlayıcı qidaya hazır olma əlamətlərini göstərdikdə, pediatrınız bu dönəmdə sizə rəhbərlik edəcək.

Körpələr 6 aylarına qədər olan müddətdə adətən yeməyi dilləri ilə itələyirlər və bu davranış onların tamamlayıcı qidaya hələ hazır olmadıqlarının göstəricisidir. Bu mərhələdə qidanı ağızın ön hissəsindən arxaya ötürmək üçün kifayət qədər əzələ koordinasiyası yoxdur. Yaşdan əlavə, körpənin tamamlayıcı qidalara hazır olduğunu göstərən digər əlamətlər aşağıdakılardır:

  • körpənin başını sabit, dik vəziyyətdə saxlamaq bacarığı;
  • yemək udmaqda çətinlik çəkməmək üçün hündür kresloda və ya qidalanma kreslosunda dik oturmaq bacarığı;
  • yeməyi dillə itələmək refleksinin itməsi;
  • əllərini və ya oyuncaqlarını ağzına aparması;
  • başqalarının nə yediyi ilə maraqlanması, yeməyə çalışması və ya körpəyə yemək göstərildiyi zaman ağzını açması;
  • doğum ağırlığının təxminən iki qatına çatması.

Körpə bunları edə bilirsə, pediatrla məsləhətləşərək tamamlayıcı qidalara başlana bilər. Körpənizin çox yorğun və narahat olmadığı zamanlarda tamamlayıcı qidaları sınamağa başlamaq daha yaxşı olardı. Körpəniz əvvəlcə çox yemək yeyə bilməyə bilər və bu təcrübəyə alışmaq üçün vaxt lazımdır. Bəzi körpələr yeməkləri ağızlarında tutmaq və udmaq üçün məşq etməlidirlər.

Tamamlayıcı qidaya keçid zamanı uşağa ana südü və ya süni qarışıq qidanın verilməsinə davam edilməlidir. Keçid yavaş və rahat bir şəkildə aparılmalıdır. Körpələr üçün tamamlayıcı qidaya keçərkən nəzərə alınmalı bəzi məqamlar aşağıdakılardır:

  • tərkibində şəkər və duz olmayan tək tərkibli qidalar təqdim edilməli və hər yeni qida arasında üç gün gözlənilməlidir. Bu sayədə körpənin qidaya qarşı allergik reaksiyasının olub-olmadığı anlaşıla bilər.
  • İlkin olaraq, tamamlayıcı qidalanma gündə bir dəfə yemək olaraq verilməlidir.
  • Təbii və təzə qidalara üstünlük verilməli, konservləşdirilmiş və ya dondurulmuş qidalardan uzaq durulmalıdır.
  • Tamamlayıcı qidaya ilk başladıqda kök, balqabaq, kartof, alma, armud kimi mövsümi tərəvəz və meyvələrin püresi və ya evdə hazırlanmış qatıq istifadə oluna bilər. Daha sonra tərəvəz şorbası, balqabaq dolması, qatıqlı meyvə-tərəvəz qarışıqları kimi çoxlu qida maddələri olan yeməklərə üstünlük verilməlidir.
  • Körpələrin immun sistemi hələ tam formalaşmadığı üçün onların infeksiyaya yoluxma riski yüksəkdir. Ona görə də qidalar gigiyenik qaydalara uyğun hazırlanmalıdır.

Körpələr tez-tez ilk dəfə verilən yeməkdən imtina edirlər. Çünki qidanın dadı və teksturası onlar üçün yeni olur. Bu zaman körpə məcbur edilməməli və bir müddət sonra yenidən cəhd edilməlidir. Qidaları sınayarkən körpənin yarı ac olmasına diqqət yetirilməlidir. Körpələrin diş ətləri olduqca həssasdır. Bu səbəbdən diş ətlərini zədələməmək üçün ucu yumşaq plastik qaşıqdan istifadə etmək məsləhətdir.

Tamamlayıcı qida siyahısına keçid

Körpənin zehni və fiziki inkişafını sağlam şəkildə tamamlaya bilməsi üçün onun bütün qidaları balanslı şəkildə qəbul etməsi vacibdir. Tamamlayıcı qida siyahıları ilə körpənin zülal, vitamin və minerallar baxımından düzgün qida qruplarını müntəzəm olaraq qəbul etməsi mümkün olur. Tamamlayıcı qida siyahıları hazırlayarkən bəzi vacib məqamlar nəzərə alınmalıdır:

  • Çiyələk, albalı, pomidor, portağal, noxud və bal kimi allergiya riski yüksək olan qidalar siyahıda olmamalıdır.
  • Qəbzliyə səbəb ola biləcək kartof, banan, düyü plovu kimi qidalara çox üstünlük verilməməlidir.
  • Tərkibində yüksək dəmir olan qidalara üstünlük verilməlidir.
  • Yeməklər kiçik hissələrlə verilməlidir.
  • Qidaların tərkibində duz və şəkər olmamalıdır.
  • Qidaları dadlandırmaq bəkməzdən istifadə edilə bilər.
  • İlk aylarda əsasən meyvə, tərəvəz, qatıq və taxıl şorbaları hazırlana bilər.
  • 7-ci aydan başlayaraq səhər yeməyinə pendir, yumurta sarısı, bəkməz kimi məhsullar, digər yeməklər üçün isə toyuq, ət, balıq kimi proteinlə zəngin qidalar verilə bilər.
  • İlk başladıqda, tamamlayıcı qida gündə bir dəfə verilməlidir. Yemək sayı 7-ci ayda ikiyə, 8-ci aydan isə üç dəfəyə qədər artırıla bilər.

Tamamlayıcı qidaya keçərkən verilməməsi lazım olan qidalar

Körpənin qida rasionunda meyvə və tərəvəzlər mühüm yer tutur. Ancaq bu müddətdə hər meyvə və tərəvəz verilməməlidir. Tərkibində nikotin olduğu üçün badımcan körpələr üçün uyğun deyil. Çiyələk, albalı, moruq, portağal, kivi kimi meyvələr allergiya riski səbəbindən körpələrə diqqətlə verilməlidir. Həzminin çətin olması, bağırsaqda gizli qanaxmalara səbəb olması və dəmir çatışmazlığı kimi səbəblərə görə inək südü 1 yaşa qədər qaçınılması lazım olan qidalar arasındadır. 1 yaşa qədər körpələrə bal vermək çox təhlükəlidir. Çünki ölümcül nəticələrə səbəb ola bilər. Hazır və işlənmiş qidaların heç biri körpələr üçün uyğun deyil. O cümlədən tərkibində kofein olan qidalar: çay, şokolad, kakao və qəhvə, bütöv halda fındıq, fıstıq və qoz, turşular, tərkibində dadlandırıcılar olan qidalar, sosiska, kolbasa kimi ət məhsulları körpənin qida rasionuna uyğun deyil.

Tamamlayıcı qidadan yaranan allergiya əlamətləri

Körpənin yeni qidaya allergiyası varsa, reaksiya əlamətləri əsasən bir neçə dəqiqədən bir neçə saata qədər görünür. Simptomlar bəzən bir neçə gündən sonra qarın ağrısı və dəridə qaşınma şəklində özünü göstərə bilər. Buna görə də üç günlük qayda ilə davam etmək böyük əhəmiyyət kəsb edir. Ən çox allergiyaya səbəb olan qidalara süd, yumurta, buğda, soya, fıstıq, çiyələk, balıq, dəniz məhsulları və bal daxildir. Allergiyanın adətən dəridə qaşınma və səpki kimi yüngül simptomları olsa da, bəzi körpələrdə övrə, qusma və ishal kimi daha ciddi simptomlar da görülə bilər. Xırıltı, nəfəs darlığı, dilin, dodaqların və üzün şişməsi baş verərsə, dərhal təcili yardıma müraciət edilməlidir. Çünki bu əlamətlər anafilaksiya adlanan və ölümlə nəticələnə bilən çox ciddi allergik reaksiyanın göstəricisidir.

 

Şəbnəm Bağırlı

Pediatr