Valideyn olmaq asandırmı?

Valideynlik dünyaya gətirdiyimiz uşağı cəmiyyətdə, həyatda özünü tam realizə etmiş bir fərd kimi yetişdirə bilməkdir, bunun üçün lazım olan keyfiyyət və bacarıqları, məsuliyyəti özündə birləşdirməkdir.

Ziqmund Freyd dönəmindən bu günə kimi müasir psixologiya elmi bizim valideynlərimizlə hətta bətndaxili dövrdən formalaşan münasibətlərimizin gələcək həyatımıza necə təsir etdiyini sübut etməkdədir.

Yadda saxlamaq lazımdır ki, uşağın gələcək müqəddaratıməhz valideynlik bacarıqlarından asılıdır.

Bəs bu bacarıqların bizdə olub-olmadığını necə müəyyən edə bilərik?

Ümumiyyətlə valideynlik 2 mənbədən qaynaqlanır: uşaqla valideynlər arasında olan münasibətdən və valideynlərin bir-biri arasındakı münasibətdən.

Yəni başqa sözlə desək, valideynlik sağlam ailə münasibətlərindən qaynaqlanır. Sağlam ailə bütün ailə üzvlərinin çəkinmədən bir-birilə ünsiyyətə girə biləcəyi bir ailə mühitidir. Ən önəmlisi odur ki, burada tək fiziki ehtiyaclar deyil, emosional ehtiyaclar da ön plandadır. Yəni ailə üzvləri bir-birini qərəzsiz və qeyd-şərtsiz dinləyir, onlar ümumi dəyərlərə sahibdirlər və ortaq maraqları vardır. Ailə üzvləri bir-birlərinin istək və arzularına hörmət və rəğbətlə yanaşırlar, hər kəs ailənin rifahı üçün öhdəlik götürür və onun yerinə yetirilməsi üçün cavabdehdir. Belə bir ailə mühitinin formalaşdırılması isə güclü və sağlam valideynlik bacarıqlarına malik valideynlər tərəfindən həyata keçirilə bilər.

Sağlam valideynlik münasibətlərinin heç də ailə tərkibindən asılı olmadığını bilməyimiz çox önəmlidir. Yəni valideynlərin ayrılmış olması onları ortaq uşaqları qarşısında olan valideynlik məsuliyyətindən kənarlaşdırmır. Övlad həm ata, həm də ananın birlikdə dünyaya gətirdiyi bir varlıqdır və bu varlıq qarşısında,onun həyatı qarşısında hər iki valideyn eyni dərəcədəməsuliyyət daşıyır.

Valideynlik bacarıqları valideyn olan hər bir kəsdə eyni şəkildə olmur. Buna görə də müxtəlif valideynlik tipləri ayırd edilir. Bu gün haqqında çox danışılan pozitiv valideyn kimdirsualına cavab verəcəyik. Pozitiv valideyn ilk növbədə emosiyalarını idarə edə bilən bir şəxsdir. Bu hal valideyn-uşaq münasibətinin qorunması və möhkəmləndirilməsi onun üçün çox vacibdir. Pozitiv valideyn kritikadan uzaq valideyndir. Övladı ilə onun səhvləri barədə danışan zaman, o bilir ki, uşağı hər şeyi təcrübədən keçirərək öyrənir və bu proses zamanı səhvlər labüddür, hətta lazımlıdır. Bu təbii öyrənmə prosesinin bir hissəsidir.

Əlbəttə övladlarımıza səhv etdiyini başa salmaq lazımdır.Əksər valideynlər öz övladlarını açıq-aşkar kritika edir və təəssüf ki, bir çox hallarda bu başqa insanların yanında baş verir. Valideyn uşağın edə bilmədiyi, bacarmadığı məqamlara fokuslanır. Belə halda bacarıqsızlıq ön planda olur. Doğru yerinə yetirilən tapşırıqlar, yaxşı davranışlar heç zaman gündəmə gətirilmir.

Yadda saxlamaq lazımdır ki, sizin doğru hesab etdiyiniz yol ən ideal yol olmaya da bilər. Sizin yolunuzun ən doğru yol olduğunu təlqin etməklə uşağınızı yeni kəşflərdən yayındırmış olacaqsınız.

Pozitiv valideyn həm də uşaqları ilə kifayət qədər vaxt keçirən valideyndir. O, bilir ki, uşaqla bir otaqda olmaq onunla vaxt keçirmək demək deyil. Uşaqla vaxt keçirmək onunla eyni fəaliyyəti müştərək şəkildə yerinə yetirmək, onunla söhbət etmək, müzakirə etmək, onu dinləməkdir. Ümumiyyətlə valideynin prioritetləri balanslı olmalı və uşağa ayıracağı zaman da mütləq bu prioritetlərin arasında olmalıdır. Həmçinin övladınız onu hər hansı bir uğur qazandığı üçün və ya yaxşı davrandığı üçün deyil məhz o olduğu üçün sevdiyinizi bilməlidir.Sizdən sevgi görən uşaq sizə də sevgi ilə yanaşacaq.

Sevgi göstərin ki, sevgi dolu övlad sahibi olasınız.

 

Ülviyyə Mirzəyeva

Uşaq inkişafı üzrə mütəxəssis, həkim