Aliment nədir və necə ödənilir?

 

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinə əsasən valideynlər uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlaya bilərlər. Bəzən belə təsəvvür yaranır ki, yalnız ər və arvad boşandıqdan sonra aliment ödənilə bilər. Bu heç də belə deyil. Valideynlər rəsmi nikahda olduqları müddətdə də uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutula bilər.Hətta aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda və yaxud valideynlər uşaqları saxlamadıqda, məhkəməyə bu barədə iddia verilmədikdə yerli icra hakimiyyəti orqanı uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.

Aliment ödənilməsi barədə valideynlər arasında razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:

- 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;

- 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;

- 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı.

Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

  Aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

Valideynlərin hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.

Həmçinin, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.

Aliment ödəyən şəxsin işlədiyi təşkilatın müdiriyyəti notariat qaydasında təsdiq edilən aliment ödənilməsi barədə saziş əsasında və ya icra vərəqəsi əsasında hər ay onun əmək haqqından və (və ya) başqa gəlirindən aliment tutmağa və onu icra vərəqəsində və ya sazişdə göstərilmiş şəxsə əmək haqqı və (və ya) başqa gəlirlər verilən gündən sonra ən geci 3 gün müddətində verməyə və ya aliment tutulan şəxsin vəsaiti hesabına göndərməyə borcludur.

Aliment ödənilməsi barədə saziş və ya məhkəmənin qətnaməsi əsasında müəyyən olunmuş miqdarda aliment, habelə aliment üzrə borclar aliment ödəməli olan şəxsin qazancından və (və ya) digər gəlirlərindən tutulur. Qazanc və (və ya) digər gəlirlər çatışmadıqda aliment onu ödəməli olan şəxsin bankdakı və s. kredit təşkilatlarındakı hesabında olan pul vəsaitindən, eləcə də mülkiyyət hüququnun başqasına verilməsinə səbəb olan müqavilələr istisna olmaqla, müqavilə əsasında kommersiya və qeyri-kommersiya təşkilatlarına verilən pul vəsaitindən mülki prosessual qanunvericilikdə müəyyən olunmuş qaydada tutulur. Bu vəsaitlər çatışmadıqda tələb aliment ödəməli olan şəxsin qanunla tələb yönəldilə bilən başqa əmlakına yönəldilə bilər.

Aliment ödənilməsi barədə saziş üzrə aliment ödəməli olan şəxsin təqsiri üzündən aliment üzrə borclar yarandıqda təqsirkar şəxs həmin sazişlə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.Məhkəmə qətnaməsi üzrə aliment ödəməli olan şəxsin təqsiri üzündən aliment üzrə borclar yarandıqda, təqsirkar şəxs aliment alana ödənilməmiş alimentin məbləğinin faizi miqdarında ötürülmüş hər gün üçün dəbbə pulu ödəyir. Aliment alan, həmçinin aliment öhdəliklərinin vaxtında yerinə yetirilməməsi nəticəsində yaranmış itkilərin dəbbə pulu ilə ödənilməmiş hissəsinin ödənilməsini də tələb edə bilər. 

Xarici ölkəyə daimi yaşamaq üçün gedən şəxs qanunla saxlamağa borclu olduğu ailə üzvləri ilə aliment ödənilməsi barədə saziş bağlaya bilər. Aliment ödəyən xarici ölkəyə getdikdə və aliment ödənilməsi barədə saziş olmadıqda maraqlı şəxslər məhkəməyə müraciət edərək aliment miqdarını sabit pul məbləğində müəyyən etməklə, onun birdəfəlik üsul ilə ödənilməsini və ya alimentin əvəzinə müəyyən əmlak verilməsini, yaxud alimentin sair üsulla ödənilməsini tələb edə bilərlər. 

 

Pərviz Əliyev

Ailə və uşaq məsələləri üzrə ekspert