Hamiləlik və gözəllik salonu prosedurları

Saç boyaları

Hamiləlik dövründə yüksək miqdarda ifraz olunan estrogen və progesteron hormonları saçları möhkəmlədir, daha qalın edir, saç tökülməsinin qarşısını alır. Lakin eyni səbəbdən hamilələr müxtəlif növ allergiyalara daha çox məruz qalırlar. Bunlardan allergik dermatit, rinit, faringit və s. kimi vəziyyətləri qeyd etmək olar. Əgər bu kimi reaksiyalar müşahidə olunursa, hamiləlik dövründə saç boyamasından imtina etməyiniz tövsiyə olunur.

Hamiləliyin ilk trimestri (ilk 12 həftəsi) ən həssas dövr sayılır.Bu müddətdə plasentar baryerin olmadığı səbəbindən saç boyasının tərkibində olan kimyəvi maddələr dəri kapillyarlarından qana sovrularaq dölə mənfi təsir edə bilir.

Hamiləliyin 12-ci həftəsindən sonra boyamanın saç dibindən deyil, məsələn refle/balyaj texnikası ilə qoyulması tövsiyə olunur.Daha yumuşaq boyalardan (tərkibində persulfat, ammiak, formaldegid olmayan boyalardan) istifadə etməyiniz məsləhətdir.Təbii boyalar – xına və basmanın istifadəsinə dair heç bir məhdudiyyət yoxdur.

Dırnaqlara qulluq

Hamiləlik dövründə şellak və dırnaq gelləri tövsiyə olunmur. Səbəb:

- Şellak proseduru (yonma) zamanı dırnağın üzərində mikrotravmalar yarana bilər, onların üzərinə bakterial, virus və göbələk infeksiyası düşə bilər, dırnağın üstü müxtəlif “top”larlaörtüldükdə hava ilə təmas pozula və infeksiyanın inkişafı üçün münbit şərait yarana bilər.

- Bu prosedurlar adətən bir neçə saat çəkir. Prosedur zamanı hamilə uzun müddət oturaq vəziyyətdə qalır, nəticədə ayaqlarda şişkinlik, uyuşma, ağrı hissi, qarının aşağı nahiyyəsində ağrılar əmələ gəlir.

- Prosedurda istifadə olunan kimyəvi maddələr allergik reaksiyalar, ürərkbulanma, qusma kimi hallara gətirib çıxara bilər.

- Bu prosedurlar zamanı dırnaq üzərinə çəkilən hər qat ultrafioletlampalar altında qurudulur. Ultrafiolet orqanizmi şüalandırır,dəridə quruluq, piqmentasiya kimi hallara səbəb olur.

Hamiləlik zamanı lazer epilyasiyası

Hamiləlik zamanı hormonal fonun dəyişməsinə görə əksər qadınların vücudunda artıq tüklənmə və dəri hiperpiqmentasiyasımüşahidə olunur. Hamiləlik dönəmində ağrıya yüksək həssaslıq qeyd olunur. Ağrı hissi uşaqlığın yığılmasını və hipertonusunuprovokasiya edə bilər və beləliklə dölə mənfi təsir edə bilər. Bu səbəbdən ağrı verən prosedurlardan imtina etməyiniz məsləhətdir.Bundan başqa lazer epilyasiyası nəticəsində dəridə yanıq, ödəm, qızartı, piqmentasiya, quruluq, səpkilər ola bilər. Hamiləlik zamanı lazer epilyasiyasından istifadə etmək istəyirsinizsə bütün sadalanan faktorları nəzərə almalısınız. Həkiminizin tövsiyələrinə riayət edərək birgə optimal epilyasiya metodunu seçməlisiniz.Hamiləliyin ilk trimestrində lazer epilyasiyası məsləhət görülmür.Bu dövrdə orqanizmin hər hansı bir kimyəvi, fiziki faktorlarla təması dölün inkişafına mənfi təsir edə bilər.  

Hamiləlik və solarium

Hamiləlik və laktasiya dönəmlərində solariuma girmək məsləhət görülmür!

Ultrabənövşəyi şüalar orqanizmdə fol turşusunun parçalanmasınıprovokasiya edir. Fol turşusu dölün sinir borusunun və immun sisteminin formalaşmasına köməklik edir. Bundan başqa UV-şüalarının təsiri nəticəsində hamilələrdə piqment ləkələri əmələ gələ bilir, toksikoz əlamətləri şiddətlənə bilir və qalxanvari vəzin funksiyası pozula bilir.

 

Fidan Həsənova  

Ginekoloq