20 noyabr “Ümumdünya Uşaq Hüquqları Günü”dür

28

21

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 20 noyabr 1959-cu il tarixində “Uşaq hüquqları Bəyannaməsi”, 1989-cu ilin həmin günündə isə “Uşaq hüquqları haqqında Konvensiya” qəbul edilmişdir. Elə bu səbəbdən 20 noyabr BMT-yə üzv ölkələr tərəfindən hər il “Ümumdünya Uşaq Hüquqları Günü” olaraq qeyd edilir. 

 

Hər il noyabrın 20-si bizə bir daha uşaq hüquqlarının üstün mühafizəsi prinsipini və uşaqların rifahı üçün hərəkət etməyin vacibliyini xatırladır. Dünyanın əksər ölkələrində, o cümlədən Respublikamızda uşaqların hüquqlarına uyğun olaraq onların müdafiəsi, qayğı ilə əhatə olunması hər zaman diqqət mərkəzində saxlanılır. Ana bətnində olduğu müddətdən 18 yaşadək bütün uşaqların hüquqları valideynləri, cəmiyyət üzvləri tərəfindən təmin olunmalı, dövlət tərəfindən qorunmalıdır.

 

0-7 yaş aralığı uşaqların böyüklərdən tamamilə asılı olduğu, eyni zamanda hərtərəfli inkişaf üçün ən əlverişli dövrdür. Əziz valideynlər, siz bu dövrdə həm övladınızı mühafizə etməli, həm də onların inkişafetdirici, sağlam və sevgi dolu mühitlə əhatə olunmasının qayğısına qalmalısınız. Unutmayaq ki, uğursuz uşaqlıq təcrübələri daha sonrakı dövrlərdə insanın sağlamlığında və sosial münasibətlərində özünü biruzə verir.  

 

Övladlarınızın özünə aid bütün məsələlər barəsində baxışlarını sərbəst ifadə etməyə şərait yaratmaqla siz onların özünə inamlı bir şəxsiyyət kimi formalaşmasına təkan vermiş olacaq, eyni zamanda, onların əqli və fiziki inkişafı üçün zəruri olan faydalı məlumatlarla tanış olmaq hüququnu təmin etməklə hərtərəfli dünyagörüşünə yiyələnməsini təmin edəcəksiniz.

 

Həm atanın, həm də ananın uşağın tərbiyə olunmasında bərabər hüquq və vəzifələri vardır. Hərtərəfli inkişaf etmək, milli və ümumbəşəri dəyərlərə uyğun, humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq isə övladınızın zəruri hüquqlarındandır. Övladlarınızın qabiliyyətinin inkişaf etdirilməsi, onların maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi sizin əsas vəzifənizdir.

 

Uşaqların həyatına, inkişaf və müdafiəsinə cavabdeh olan hər bir şəxs, xüsusilə də valideynlər uşaqları şəxsiyyətinə, fikir və baxışlarına hörmət ruhunda tərbiyə etməli, hər kəsdən öncə özləri uşaq hüquqlarına hörmətlə yanaşmalıdırlar. Uşaqların hüquqları qorunduqda, onların hərtərəfli inkişafına təkan verəcək əlverişli  şərait yaranır.

 

Hər bir uşağın doğulduğu andan valideyn qayğısı ilə əhatə olunmaq hüququ vardır. Uşaqların hərtərəfli qayğı ilə əhatə olunmaları, onların inkişafı üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşmasına zəmin yaradır.

 

Övladlarımızdan qayğımızı əsirgəməyək!