Südverən analarda laktostaz

28

21

Südverən analarda süd durğunluğu, yəni laktostaz körpələri döşlə əmizdirmə zamanı ən çox rast gəlinən çətinliklərdən biridir. Bu patoloji vəziyyətdən ilk dəfə doğan qadınlar daha çox əziyyət çəkir. Anada laktostaz əmizdirmənin istənilən dövründə, hətta uşaq 1 yaşında olarkən də yarana bilər, lakin adətən südvermənin ilk altı həftəsinə qədər müddətdə baş verir. Doğumdan sonra ilk günlərdə ağız südü daha yetkin südlə əvəz olunan zaman süd durğunluğu baş verə bilər. Bu zaman bütün döş daş kimi ola bilər. Uşaq bir neçə həftəlik olduğu zaman südün durğunluğu meydana gələrsə, bu, döşün bir hissəsində olduqca böyük, ağrılı şar kimi hiss olunur. Adətən bir, bəzən hər iki vəz zədələnir.

 

Laktostazın yaranma səbəbləri nədir?

Laktostaz döşdə həddən artıq çox süd istehsal edildikdə və ya onun  axması çətinləşdikdə meydana çıxır. Süd durğunluğunun əsas səbəbi döşün və ya onun hər hansı bir hissəsinin pis boşalması, yəni uşağın düzgün əmizdirilməməsidir. Buna südvermənin ilk dövrlərində gilədə yaranan çatlar da şərait yaradır. Onlar çox vaxt ağrılı olur, döşlə əmizdirməni və döşü sağmanı çətinləşdirir.

 

 Əsas risk faktorları bunlardır:

  • Süd vəzilərində axacaqların dar, südün qatı olması

  • Uşağın yarımçıq doğulması və ya xəstə olması

  • Döş gilələrinin yastı formalı olması üzündən uşağın döşü yaxşı tuta bilməməsi

  • Soyuqlama

  • Süd vəzinin travması

  • Həddindən artıq fiziki iş və stres nəticəsində süd kanallarının spazmı

  • Südün tez-tez sağılması

  • Döş kifayət qədər süd istehsal etdiyi halda laktasiyanın dayandılrılması üçün tədbirlər görülmədən hər hansı bir səbəbdən (xəstəlik, iş)  körpəni süni qidalandırmaya başlanması

  • Ananın dar büstqalter geyməsi; qarnı üstə yatmaq vərdişi

  • Uşagı çox qısa müddətdə və gec-gec əmizdirmə

  • Döş böyük olduqda onun aşağı hissəsindən südün axması çətin olduğu zaman

  • Anada rast gəlinən müxtəlif psixoloji səbəblər

 

Laktostazın əlamətləri hansılardır?

  • Süd axını nazilir, fasilələrlə olur;

  • Uşaq doymur, narahat olur;

  • Süd vəzləri bərkiyir və ağrılı olur;

  •  Döş vəzində girdə formalı bərkimiş hissə əllənir. Onun üzərindəki dəri bir qədər qızarır, venoz şəbəkə aydın görünür. Belə bərkimələr vəzin müxtəlif nahiyələrində olarsa, süd vəzləri ölçü və formasını dəyişə bilər;

  • Zədələnmiş döşü sağarkən, döş giləsinin bəzi yerindən süd ya az gəlir, ya da gəlmir;

  • Qoltuq nahiyələrində də ağrı əmələ gələ bilər;

  • Bəzən laktostaz zamanı bədən temperaturu qalxır. Temperatur adətən 38 dərəcəni ötmür və tez keçir. Əgər qızdırma yüksək və uzun müddət olarsa və  qadının vəziyyəti pisləşərsə, laktostazın mastitə (süd vəzisinin iltihabı) keçməsindən şübhələnmək lazımdır.

 

 Süd durğunluğu nəyə görə təhlükəlidir?

  • Problemə düzğün yanaşmadıqda və laktostaz ilə mübarizədə tələb olunan tədbirləri yerinə yetirmədikdə süd vəzilərində təzyiqin artması süd istehsalını azaldır. Laktostaz kifayət qədər uzun müddət davam edərsə, süd tamamilə yox ola bilər və uşaq süni qidalanmaya keçə bilər.

  • Süd durğunluğu zamanı mastit riski çox artır – gilə çatlarından vəzin daxilinə düşən mikroblar münbit mühitdə çoxalaraq, mastit törədə bilər.

 

Laktostaz zamanı hansı tədbirlər görülməlidir?

  • Laktostaz zamanı ilk növbədə döşü uşağa düzgün vermək və onu daha tez-tez əmizdirmək lazımdır (təxminən hər saatda 1 dəfə olmaqla). Əgər bir döş daha çox böyümüşdürsə, uşağa daha tez-tez məhz onu vermək lazımdır.

  • Əgər körpə döşü pis götürürsə, səbəbini müəyyən etmək və aradan qaldırmaq lazımdır.

  • Bir qədər ağır hallarda, uşağı tez-tez əmizdirməklə yanaşı, əlavə olaraq döşün sağılması da aparılır. Bunu əllə və ya süd sağan cihazla etmək olar. Döşü sağdıqdan sonra zədələnmiş döşü əmmək üçün uşağa vermək lazımdır. Bu zaman uşaq döşdə olan süd qalıqlarını, döş axarını tutan "süd tıxacını" da əmməklə xaric edə bilər. Hər əmizdirmədən sonra döşün sağılması lazım deyil, çünki  hər dəfə daha artıq miqdarda süd xaric olmağa başlayacaq. Sağılmaların sayı vəziyyətdən asılı olaraq gün ərzində 1-3 dəfə aparıla bilər. Laktostaz keçib getdikdən sonra sağmanı dayandırmaq lazımdır.

  • Zədələnmiş döşü masaj etmək lazımdır. Masaj spiral şəklində giləyə dogru, südün axını istiqamətində aparılır. Bu zaman vəz əzilməməlidir. Əsas diqqəti bərkimiş sahələrə yönəltmək lazımdır.

  • Döş sallandıqda südün durğunluğu üçün yaxşı şərait yaranır. Süd vəzlərinin yuxarı qaldırılması üçün xüsusi büstqalterlərdən istifadə etmək məsləhətdir.