Uşaqlarımızı məişət travmalarından qoruyaq

28

21

Valideyn üçün həyatda ən önəmli olan uşağının həyatı və  sağlamlığıdır. Lakin bəzən böyüklərin öz sayıqlığını itirməsi ağır nəticələrə gətirə bilər. Kiçik yaşlı uşaqlarda ən çox rast gəlinən məişət zədələri yıxılma, yanıqlar, zəhərlənmə və boğulmadır. Azyaşlı uşaqlar ən çox yıxılmadan əziyyət çəkirlər.
3-4 aydan sonra körpələr çönməyə başlayır. Körpəyə qulluq edən böyüklər üçün belə bir dəyişiklik gözlənilməz ola bilər, çünki onlar arxası üstə sakitcə uzanmış uşaq obrazına alışmış olurlar. Bax bu zaman bizi təhlükə gözləyir. Ana bir saniyə diqqətini yayındırarsa, uşaq yıxıla bilər. 10 hadisədən 9-da uşaqlar  bələmə stolundan düşür və bədənin ən ağır hissəsi baş olduğundan, uşaq başıaşağı yıxılır. Statistikaya görə, körpəlikdə uşaqların təxminən 40%-i hündürlükdən yıxılır, amma xoşbəxtlikdən təbiət körpələrimizə qayğı göstərmişdir. Körpələrdə açıq əmgək, kəllə sümükləri arasındakı yumşaq tikişlər, böyük bir kəllədaxili boşluq nəticəsində hündürlükdən yıxılma hallarının yalnız 1.5%-də ciddi nəticələr olur. Daha böyük yaşlarda da yıxılma əzilmələrə, sümüklərdə sınıq və çatlara səbəb ola bilər. Yıxılma uşaqlarda ölümcül və ağır baş zədələrinin ən çox yayılmış səbəblərindən biridir. Ancaq təcrübədən göründüyü kimi, hər şey yaxşı başa çatsa da, keçmişin dəhşəti, günah hissi ananın ürəyində uzun müddət kök salır.

 

Azyaşlı uşaqlarda yıxılma ilə əlaqəli xəsarətlərin qarşısının alınması üçün ilk növbədə evdə uşaq üçün təhlükəsiz mühit yaradılmalı və müəyyən qaydalara riayət olunmalıdır:

  • Uşağı heç vaxt yüksək bir yerdə, məsələn, çarpayı, divan və ya bələk masası kimi  yerlərdə tək buraxmayın;

  • Uşaq bezini və ya paltarını dəyişdirərkən körpəni bir əllə tutun və ya döşəmədə dəyişdirin;

  • Pilləkən üçün təhlükəsizlik qapılarından istifadə edin;

  • Uşaq evdə olanda pəncərələri açıq saxlamayın;

  • Pəncərələri sərbəst aça bilməsin deyə, pəncərə məhdudlaşdırıcıları quraşdırın;

  • Pəncərələrə tor vurmayın. Uşaq tora söykəndikdə, onunla birlikdə yıxıla bilər;

  • Mebelləri pəncərələrdən və eyvanlardan uzaq saxlayın;

  • Uşaq beşiyi və ya uşaq çarpayısının yanında döşəməyə yumşaq xalça sərin;

  • Uşaq yürütkəcindən istifadə etməyin. Uşaq yürütkəci körpə uşaqlarda zədələrin yayılma səbəbləridir, çünki uşağın hərəkətliyini və sürətini artırır və nəticədə uşaq yıxıla bilər. Xüsusən pilləkənlərdən yıxılma çox ağır nəticələrə səbəb ola bilər;

  • Uşağınızı yüksək bir kresloya, yelləncəyə, uşaq arabasına və ya ərzaq mağazasında bir arabaya otuzdurarkən, təhlükəsizlik kəmərindən istifadə edin;

  • Avtomobildə uşaq üçün xüsusi oturacaq quraşdırın. İctimai nəqliyyatda uşağı qucağınızda saxlayın və ya əlinizlə tutun;

  • Uşağı oynadarkən, yüksəyə atmayın. Uşağın başı tavana dəyə və ya tuta bilmədikdə, uşaq yerə yıxıla bilər;

  • Sürüşmənin qarşısını almaq üçün uşaqları yaş döşəmələrdən uzaq saxlayın.             

 

Bədbəxt hadisələrin və xəsarətlərin övladınıza zərər verməsinə imkan verməyin! Övladınızı nəzarətsiz buraxmayın!