Körpənin (2-6 ay) zəkasının inkişaf etdirilməsinə dair tövsiyələr

Körpə ilə aranızda olan qarşılıqlı əlaqəyə tədricən müxtəlif oyuncaq və əşyaları daxil edin. Uşağın izləmək bacarığını inkişaf etdirmək üçün oyuncağı (əşyanı) sağdan sola və əksinə hərəkət etdirin, körpəni oyuncağın materialı ilə tanış edin, necə səslər çıxartdığını övladınızla təcrübədən keçirdin. Əşyanın ağızla götürməyinə, yalamağına, dişləməyinə icazə verin (nəzərə alın ki, əşya xırda olmamalı və ekolojı cəhətdən etibarlı olmalıdır!).

Körpə oyaq olduğu zaman oyuncaq və rəngarəng əşyalarını əlinin çatdığı hündürlüyə asmaq lazımdır. Bu zaman o həmən əşyalar istiqamətində əllərini yönəldərək əl-göz koordinasiyasını inkişaf etdirir. Əlavə olaraq övladınızı sinəsi üstdə uzandıraraq ətrafına müxtəlif oyuncaqlar yerləşdirin. Bunu körpənin üçüncü ayından edə bilərsiz.

Nəzərə almaq lazımdır ki, bu inkişaf mərhələsinin əvvəlində uşaq əşyalara maraq göstərməmək, daha çox sizinlə ünsiyyət saxlamaq təşəbbüsünü nümayiş etdirə bilər. Lakin tədricən qarşılıqlı emosional əlaqələrinizə müxtəlif oyuncaqları əlavə etmək lazımdır (təhlükəsiz olmaq şərti ilə). Bunu ya ünsiyyət zamanı bir-birinizin  arasına (qarşılıqlı göz baxışı olduqda), ya da oyuncağın uşağın əlinə verməklə təşkil etmək olar.

Uşağa kuklanı verərkən onun gözləri, burnu, əlləri və digər bədən üzvlərinin harada olmasına işarə edin, üstündə olan paltar və ayaqqabının rəngini və s. öyrədin. Lakin bunu yuxarıda qeyd etdiyimiz kimi ünsiyyət çərçivəsində həyata keçirin. Həmən kuklanı növbəti dəfələrdə göstərməklə uşaqda yaddaş inkişafını dəstəkləyəcəksiniz. Bu proseduru digər oyuncaq və əşyalarla da təkrarlamaq mümkündür.

Artıq üçüncü aydan sonra körpələr “gizlənpaç” (cicci oyunu) oynamağı sevirlər. Bunun üçün  sizə uşağın üzünü örtmək üçün bir parça lazımdır. Oyunun gedişatı növbəti addımlarda ibarətdir: uşaq uzanaraq sizin üzünə baxır, siz isə qısa müddətli onun üzünün parça və ya dəsmal ilə örtüb sual verirsiz: “ana (ata, baba və s.) haradadır?”. Sonra dəsmalı üzündən qaldıraraq emosional şəkildə “burdayam” demək lazımdır. Bu oyunda parça əvəzinə əllərinizdən də istifadə edə bilərsiniz. Lakin bu zaman öz üzünüzü əllərinizlə örtüb sonra isə açaraq “burdayam” və ya “ci-ci” demək olar. Davamlı şəkildə oynamaqla uşaqda bu oyunu təqlid etməyinə nail ola bilərik. 

Bu oyunlar vasitəsi ilə biz uşaqda kommunikativ təşəbbüskarlığı və aktivliyi təmin etməklə yanaşı onun nitqinin açılmasına zəmin yaradırıq. Belə ki, oyun çərçivəsində olan qarşılıqlı əlaqə zamanı körpə sizin dodaqlarınızın hərəkətlərini, səsinizin tonunu təqlid etməyə çalışır.

Beləliklə, öncəki inkişaf mərhələsində olduğu kimi uşağın zəkasının inkişafı üçün yetkin insanla ünsiyyətdə olması vacibdir. Lakin bu dönəmdə uşaqla ünsiyyətə əşya və oyuncaqlar da daxil edilməlidir.