Uşaqlarda nitqin inkişafına dair valideynlər üçün tövsiyələr

Uşaqlarda nitqin inkişafına dair valideynlər üçün tövsiyələr

  1. Uşağın həmsöhbətə ehtiyacı var. Uşaqla sadəcə danışmaq yox, həm də onun dediklərinə reaksiya vermək lazımdır;

  2. Uşaq adla çağırılmağa öyrəşməlidir. Bu təkcə aktiv nitqin inkişafına yox, həm də özünüdərkə kömək edir;

  3. Uşağınıza istədiyini və ya etdiyini söyləməyə həvəsləndirin;

  4. Gəzinti zamanı uşağa onun üçün yeni olan əşyaları göstərin və onlar haqqında danışın;

  5. Uşaqla sözləri dəqiq tələffüz edərək danışın. Onun üçün yeni sözü ayrıca yox, həm də cümlədə istifadə etməklə tələffüz edin;

  6. Uşağa söz və ifadələrin bir neçə dəfə təkrarlandığı şeir ya nağıl oxuyun;

  7. Şəkilli kitablar oxuyun, ona dediyiniz şəkilləri göstərməyi öyrədin;

  8. Oyun zamanı ona ətrafdakı əşyaları düzgün adlandırmağı, sadə tapşırıqları başa düşməyi və yerinə yetirməyi öyrədin, ona bir neçə sözdən ibarət ifadələr hazırlamağı öyrədin;

  9. Anlamanı inkişaf etdirmək, söz ehtiyatını artırmaq üçün uşağa bir neçə oyuncaqdan birini seçməyi təklif edin, tədricən tapşırıqları çətinləşdirin;

  10. Böyüklər ilə danışmasına təkan verən vəziyyətlər yaradın;

  11. Oyun zamanı uşağı oyuncaqla danışmağa həvəsləndirin;

  12. Uşağa verilən suallara başqasının deyil, məhz özünün cavablandırmasına imkan yaradın;

  13. İki yaşından sonra artıq uşağın yalnız gördüyü əşyalar haqqında deyil, həm də indi görmədiyi, lakin artıq yaxşı bildiyi əşyalar haqqında da danışa bilərsiz. Bu, onun nitq və yaddaşını inkişaf etdirir;

  14. Uşağın söz ehtiyatında ancaq isim və feil deyil, digər nitq hissələri də olmalıdır;

  15. İki yaş yarımdan başlayaraq, mövzu üzrə şəkillər, həmçinin  insan və heyvanların hərəkətlərini əks etdirən şəkillər göstərməyə daha çox ehtiyac var;

  16. Uşaq danışarkən ritm, temp, intonasiyasını izləyə bilməlidir. Bunun üçün cümlələri düzgün səsləndirməklə uşağa nümunə göstərə bilərsiniz;

  17. Danışıq nəfəsini inkişaf etdirmək ücün oyun və məşğələrdən istifadə edə bilərsiniz..Məsələn, masanın üstünə qoyulmuş xırda doğranmış rəngli kağız parçalarını, tükü, pambığı, müxtəlif ölçü və formada olan çubuqları üfürərək onları yerindən tərpətməyə çalışmaq, şamı üfürərək söndürmək, tütək çalmaq, fit çalmaq və s.;

  18. Artikulyasiya aparatının inkişafına yönəlmiş oyunlar və məşqlər: ağız dolusu hava alıb yanaqları şişirtmək, bir yanaqdan digərinə hava vurmaq; dodaqları irəli boru şəklində uzatmaq və qapalı formada tərəflərə dartmaq; eyni hərəkətləri dişləri göstərməklə təkrar etmək; enli və ensiz dil göstərmək, yuxarı və aşağı dodaqları dillə yalamaq; damaq pərdəsini aşağı salmaq və qaldırmaq (xoruldama, öskürək);

  19. Heyvanın (myau, mu, ko-ko, me, be), nəqliyyat vasitələrinin və müxtəlif məişət əşyalarının səslərini (bi-bi, tu-tu, tuk-tuk, tik-tak) təqlid etmək.