Erkən yaşlı uşaqlarda yuxu

 

Erkən yaşlı uşaqların yuxu problemləri valideynlərin  pediatra və uşaq nevroloquna  müraciət etməsinin ən çox yayılmış səbəblərindən biridir. Həqiqətən, uşağın yaxşı yuxusu onun sağlamlığına dəlalət edir. Uşaq rahat yatmırsa, xüsusən gecələr tez-tez oyanır, ağlayırsa, valideynlər narahat olurlar: "Pis yuxu daha ciddi problemləri göstərmir ki?"

Uşaqların yuxusu böyüklərdən fərqlənirmi? 

Yuxu bir-birini ardıcıl əvəz edən fazalardan ibarətdir: yavaş və sürətli. Körpənin yuxusu böyüklərin yuxusundan fərqlidir. Erkən yaşlı uşaqlarda yuxunun çox hissəsi sürətli yuxunun payına düşür. Bu, yuxugörmə mərhələsidir. Yuxugörmə mərhələsində ana uşağın göz almalarının qapalı göz qapaqları altında tez-tez hərəkət etdiyini müşahidə edə bilər. Bu mərhələdə qıcıqlandırıcı faktorlardan (səs, tərpəniş , körpədə hər hansı bir narahatlıq) oyanma ehtimalı daha yüksəkdir. Yeni doğulmuş uşaqların yuxusu daha səthi və həssasdır, onlar tez-tez oyanırlar və bu, normal haldır. 

Uşaq nə qədər kiçik olarsa, o qədər çox yatmalıdır. Yeni doğulmuş uşaqlar günün çox hissəsini yatır. Yaşa görə normal yuxu müddəti aşağıdakı kimi olmalıdır:

  • 0-3 ayda 14-17 saat

  • 4-11 ayda 12-16 saat

  • 1-2 yaşda 11-14 saat

  • 3-4 yaşda 10-13 saat

Fərdi xüsusiyyətlərinə görə bəzi uşaqların həmyaşıdlarına nisbətən yuxuya tələbatı  daha az ola bilər. Əgər uşaq  nisbətən az yatır, lakin özünü yaxşı hiss edirsə, narahat olmaq lazım deyil. Körpənizin böyüdüyünü və ya fərqli bir yuxu rejiminə ehtiyac duyduğunu aşağıdakı əlamətlərlə başa düşə bilərsiniz: 

  • uşaq çətinliklə yuxuya gedir 

  • günorta yuxusundan sonra erkən oyanır

  • bütün günü aktiv olur

Erkən yaşlı uşaqlarda yuxu pozuntularının yaranma səbəbləri hansılardır?

Körpələrdə sinir sistemi hələ tam yetkinləşməmişdir. Buna görə də bəzi hallarda "yuxu-oyaqlıq" ritminin bir-birini aydın əvəz etmə prosesi pozula bilər. Bu zaman uşaq narahat olur, çox ağlayır, çünki oyanma tormozlanmadan daha yaxşı “işləyir”. Yenidoğulmuş körpələrdə tez-tez axşam düşdükdə və ya hava şəraitinin dəyişməsi ilə narahatlıq artır. Belə hallar müvəqqəti olub, adətən müalicə tələb etmir. Adətən, 6 aya qədər yuxu ritmi formalaşır.

Uşaqlarda yuxu pozuntusuna çox vaxt valideynlərin yanlış hərəkətləri səbəb olur:

  • uşaq artıq yuxuda olarkən yatağa qoyulur

  • uşaq  əmziklə yuxuya getməyə alışır

  • uşaq böyüklərdən biri ilə yuxuya getməyə alışır

  • uşağın yatağının yeri tez-tez dəyişir

  • uşaq qalmaqalla yatağa gedir 

Erkən yaşlı uşaqlarda  rahat yuxu üçün nə etmək olar?

Valideynlər yuxu rejimini qaydaya salan müəyyən şərtlərə riayət edərlərsə, adətən yuxu pozuntusu zamanla düzəlir: 

  • Yenidoğulmuş uşaq olan otaqda çox səs-küy, kəskin qıcıqlandırıcı faktorlar aradan qaldırılmalıdır. Eyni zamanda kiçik yaşlı uşağı kənar səs-küydən tam təcrid etməyin. Əgər körpə yuxu zamanı işləyən paltaryuyan maşının yumşaq səsini, valideynlərinin sakit danışığını eşidərsə, bu səslərə alışacaq, yuxuda onlardan qorxmayacaq və buna görə daha yaxşı yatacaq, valideynlər körpəni oyatmaqdan qorxmadan adi fəaliyyətlərini davam etdirə biləcəklər. 

  • Yatağa getməzdən əvvəl uşağın yatdığı otağı havalandırmaq lazımdır. Təmiz hava körpənizin daha yaxşı yatmasına kömək edəcəkdir. Açıq havada yatmaq çox faydalıdır. Bu, eyni zamanda bədənin soyuqdəyməyə müqavimətini də artırır. Böyük yaşlı uşaqlar üçün yatmazdan əvvəl gəzintilər  çox faydalıdır. Uşaq olan otaqda siqaret çəkmək olmaz!

  • Yaxşı yuxu üçün yatağın rahat olması da vacibdir. Yatarkən uşağa çox isti və ya soyuq olmamalıdır. Buna görə, yorğan mövsümə və otaqdakı ümumi istiliyə uyğun olmalıdır. 1 yaşdan böyük uşaqlar üçün yastığın düzgün seçiminə, xüsusən də hündürlüyünə diqqət yetirin. Yastığın düzgün qoyulması vacibdir: yastığın kənarı boyunda, çiyinlər və kürəyin yuxarı hissəsi döşəkdə olmalıdır. Bu,  fizioloji baxımdan düzgün mövqedir.

  • Uşağın yuxusu gəlməyəndə rahatlaşdırıcı vannalar, duş qəbulu çox kömək edir.

  • Yuxu gəlmədiyi müddətcə yataqdan oyun yeri kimi istifadə olunmamalıdır. Yataq oyun yeri deyil. 

  • Yataq otağında televizor olmamalıdır.

  • Uşağa yatmazdan qabaq çətin həzm olunan qidalar verməyin. 

Uşaqlarda yuxu pozuntusu xüsusi diqqət tələb edir, çünki fiziki və zehni inkişafa təsir edir, öyrənmə qabiliyyətini azaldır. Görülən tədbirlərə rəğmən yuxu problemi iki həftədən çox davam edərsə, o zaman uşaq nevroloquna müraciət etmək lazımdır. Həkim körpənin sağlamlıq vəziyyətini qiymətləndirə, valideynlərin qorxularını aradan qaldıra  və təsirli məsləhətlərə kömək edə bilər.