Yenidoğulmuş uşağın tərbiyəsinə dair tövsiyələr

          Uşağın ünsiyyətə hazırlanması

          Uşaq dünyaya gələn andan etibarən artıq uşağın psixi inkişafı üçün uyğun şərtlər yaratmaq olduqca vacibdir. Bu səbəbdən doğum evində bununla bağlı bir sıra tədbirlər görülməlidir. Uşaq dünyaya gəldikdə ana ilə sıx əlaqədə olmalı, birbaşa ananın döşünə yaxınlaşdırılmalıdır. Ana və övlad üçün vacib olan məqamda onların arasında qarşılıqlı birgə münasibətin yaranması vacibdir.

          Yenidoğulmuş uşaqlar öz fərdiliyi ilə dünyaya gəlir, buna görə də fərdi qayğıya ehtiyac duyurlar. Kimisi özünü uzanaraq və anadan ayrı olduqda rahat hiss edir, digəri üçün isə bu, əksinə, narahatlıq mənbəyidir. Bəziləri yalnız ananın əllərində sakitləşir. Əsas qayda budur ki, yenidoğulmuş körpənizin nə qədər tez qayğısına qalmağa başlasanız, onu bir o qədər yaxşı tanıyacaq, tələbatlarını daha asan anlayacaqsınız. İlk aylarda vacib məqamlardan biri uşağın narahatlığını qısa müddətdə aradan qaldırmaqdır. Əgər ana bunu təmin etsə, inkişafın ikinci yarım ili uşaq müstəqil olaraq oyuncaqlarla təkbaşına daha çox vaxt keçirə bilər.

          Uşağın tərbiyəsində iştirak edən şəxslər onun gələcəkdə ərköyün olmasından narahat olmamalıdırlar. Ehtiyac varsa, uşağı qucaqda gəzdirin, ehtiyac varsa, əmzik verin. Uşaqla hər bir qarşılıqlı ünsiyyəti nəvazişlə qurun, münasibəti elə qurun ki, sanki o, sizi anlayır.

          Körpə ilə göz kontaktı qurmağa çalışın. Uşaq açıq gözlərlə uzandığı zaman onun hər baxışını tutmağa çalışın, diqqətini cəlb edin. O, sizin cəhdlərinizə reaksiya verməsə belə, siz öz cəhdlərinizi davam etdirin. Göz kontaktı yarandıqda gülümsəyin, nəvazişli sözlərdən istifadə edin. Yenidoğulmuş körpə ana qucağında “döş əmmə duruşu”nda böyüklərin üzünü (emosiyalarını) daha yaxşı qavrayır.

          Yenidoğulmuşun təbəssümünü mükafatlandırın. Əgər körpə sizə təbəssüm edirsə, ona təbəssüm və nəvazişlə cavab verin.

          Zəkanın inkişafı üçün şəraitin yaradılması

          Uşağın dünyaya gəldiyi ilk gündən onun yatağında izləməsi üçün rahat olan əşyalar olmalıdır. Bu onun görmə qabiliyyətini inkişaf etdirəcək. Yatağa gəlincik qoymaq olar. Bu inkişaf dövründə diqqəti cəlb edən ən əhəmiyyətli amillərdəndir. Bundan başqa, yatağın üstündə müxtəlif rəngli kiçik oyuncaqlar asmaq olar. Uşağın gözü ilə oyuncaq arasında uyğun məsafə 50 sm hesab olunur.

          Uşaq əşyalara baxmağa başladıqdan sonra asan məşğələlərə keçə bilərsiniz. Parıldayan əşyanı/oyuncağı uşağın gözlərinin önündə bir tərəfdən o biri tərəfə yelləyin və körpənin baxışını tutmağa çalışın. Təbii ki, ilk məqamlarda bu uğursuz ola bilər, lakin bunu davamlı olaraq etmək lazımdır. Bu məşğələ uğurlu alındıqdan sonra digər məşğələyə – əşyanı yaxınlaşdırıb-uzaqlaşdırmaq məşğələsinə keçmək olar. Bu məşğələlərlə uşağın ətrafa iki gözlə baxışını inkişaf etdirəcəksiniz. Oyuncaqları mütamadi olaraq dəyişə bilərsiniz, lakin unutmayın ki, uşaq üçün ən maraqlı əşya insanın üzüdür.

          Uşağın hərəkət bacarıqlarını, böyük motor bacarıqlarını inkişaf etdirmək üçün uşağı bələməmiş saxlamaq məqsədəuyğundur. Uşaq özünü nə qədər çox sərbəst hiss etsə, hərəkətlərini bir o qədər əlaqəndirə biləcək.

          Bir əsas məqama da diqqət yetirmək lazımdır; bu, anaların istrahətinin təşkilidir. Ata, yaxud və digər ailə üzvləri doğuşdan ilk iki həftə sonra əmizdirmə istisna olmaqla, uşağın bütün ehtiyaclarını ödəyə bilərlər. Bu, həm ananın istirahətini təmin edir, həm də ailə üzvlərinin uşağı daha yaxşı tanımasına kömək edir.

 

Murad Babayev

Uşaq inkişafı üzrə mütəxəssis, psixoloq