Ailə və uşaqlarla sosial işin mahiyyəti

(1-ci hissə)

Ailə ilə sosial iş çoxaspektli xarakterə malikdir. Bu fəaliyyət ailənin və onun sosial mühitinin ehtiyaclarının ödənilməsinə yönəldilmişdir. Sosial iş ailənin müxtəlif problemləri ətrafında təşkil olunur: psixi sağlamlıq, ailə xidməti, sosial müdafiə, ailə-cəmiyyət-məktəb problemləri, ailənin cəmiyyətdəki rolu, valideyn-övlad münasibətləri, ahıllarla iş, ailənin sosial təminatı və s. kimi problemləri ətrafında birləşdirir.

Ailə siyasətinin həyata keçməsinin əsas istiqamətləri özündə ailələrə sosial və psixoloji-pedaqoji kömək sisteminin yaradılmasını, ana və uşağın sağlamlığının qorunmasını, ailənin həyat fəaliyyətinin ümumi şəraitini yaxşılaşdırmağı, uşaqlığın müxtəlif dövrlərində meydana gələn problemlərin ailə-mühit-məktəb-dövlət səviyyəsində həll olunmasını və s. əhatə edir.

Ailə - nikah və qan qohumluğuna əsaslanan kiçik qrupdur, onun üzvləri birgə yaşayış və ev təsərrüfatını birgə idarə etməklə, emosional əlaqə və qarşılıqlı öhdəliklərlə birləşirlər. Ailə həm də sosial institut adlanır, yəni insanlar arasındakı qarşılıqlı münasibətin möhkəmləndirilmiş sütun formasıdır, onun çərçivəsində insanların gündəlik həyatlarının əsas hissəsi olan – seksual münasibət, uşaq dünyaya gətirmək (reproduktiv funksiya), uşağın ilkin sosiallaşması, məişət məsələlərini, təhsil və təsərrüfat məsələlərini özündə əks etdirir. Uşaqların sosial müdafiəsinin əsas fəaliyyət istiqamətlərindən biri də məhz ailə münasibətləri sahəsində tənzimlənir.

Ailənin əsas funksiyaları

Fiziki funksiyalar: nəslin davamı, sığınacaq (yaşayış yeri), qida, geyim, tibbi qayğı və qorunmanı təmin etmək, maddi ehtiyacları ödəmək.

Duyğusal (emosional/mənəvi) funksiyalar: Sevgi, mənsubiyyət, dəstək, müsbət mənlik obrazı yaratmaq, mükafatlandırmaq, fərdi-ailə böhranlarını həll etməyə kömək etmək, həyat fəlsəfələrini qurmaq və ailədə sədaqət hissini inkişaf etdirmək, səlahiyyətlərin düzgün bölüşdürülməsini, düzgün nizam-intizam, güc və nəzarət əlaqələrini düzgün formada təmin etmək.

Sosiallaşma funksiyaları: təhsil, sosial qaydaların, normaların və mədəni dəyərlərin öyrədilməsi.

Ailə üzvlərinin cəmiyyətdəki iştiraklarını təmin etmək funksiyaları: məktəbə, təşkilati həyata, siyasi-iqtisadi sistemlərə uyğunlaşmalarına kömək etmək, ailə üzvlərini xarici mənfi təsirlərdən qorumaq.

Ailələrlə sosial iş risk altındakı ailələrlə işləmək üçün bir çətir anlayışıdır. Ailələrlə sosial işin əsas məqsədi ailə üzvlərinin inkişaf və emosional ehtiyaclarını səriştəli şəkildə qarşılamağı öyrənməyə onlara kömək etməkdir.

Ailələrlə sosial iş ailələrin dəyişmə və ya müdaxilə üçün güclü tərəflərini müəyyənləşdirir və ailələrin səmərəli fəaliyyət göstərməsinə dəstək verir. Bundan əlavə, gündəlik həyatını təsirli və qənaətbəxş şəkildə davam etdirmək üçün ailə funksionallığında konkret mücərrəd dəyişikliklər edir.

Sosial işin əsas hədəfi çox vaxt ailədir. Ailə, üzvlərinin bir-biri ilə qarşılıqlı əlaqədə olan müstəqil bir sistem olduğundan ailə üzvlərindən birinin dəyişməsi digər ailə üzvlərinə də təsir göstərir.

Sosial işdə müdaxilə, ailə ilə sosial işdəki planlı dəyişiklik addımlarına əsasən müəyyənləşdirilir. Bu müddətdə sosial iş ailə əsaslı sosial problemlər, ailənin quruluşu, ailənin funksional və inkişaf xüsusiyyətlərini, habelə cəmiyyətdə ailəyə xidmət göstərən qurum və təşkilatların bilgisinə, məlumatlarına da əsaslanır.

Ailələrlə sosial işin məqsədi:

- harmonik və sağlam ailə münasibətlərinə töhfə vermək;

- ailəni bir-birinə bağlayan əlaqələrin möhkəmləndirilməsi;

- ailə üzvlərinin şəxsiyyətlərinin sağlam formada inkişaf etdirilməsi və ictimai həyata uyğunlaşmasına yardım etməkdir.

Qısaca sosial işin əsas məqsədi – ailələri səlahiyyətləndirmək, məsləhət vermək, müalicə və reabilitasiyasını həyata keçirməkdir.

Ailələrlə sosial iş ailə məsləhətləşmələri, ailənin maarifləndirilməsi, təlim/təhsil və vəkillik fəaliyyətləri çərçivəsində həll olunur.

Təhsil xidmətlərinə ailələr üçün qoruyucu-profilaktik və inkişaf xidmətləri daxildir. Ailə təhsilinin əsas məqsədi – ailənin özəyini möhkəmləndirmək, ailə üzvlərinin daha sağlam və xoşbəxt olması üçün lazımi bilik və bacarıqlara yiyələnmələrini təmin etməkdir.

İctimai vəkillik - Vəkil rolunu öz üzərinə götürən sosial işçi, ailələrin vəkillik xidmətlərinə ehtiyac duyduqlarına əmin olmalı və həssas yanaşmalıdır. Bu çərçivədə beynəlxalq və milli konvensiyalar, qanunlar, qaydalar və digər müvafiq hüquqi tənzimləmələr haqqında məlumatlı olmalı və mövcud inkişaf və dəyişiklikləri izləməlidir.

 

Murad Aydın