Hamiləlik dövründə qidalanma

Hamiləlik dövründə qadınlar həm özlərinin sağlamlığı, həm də dölün sağlam böyüməsi və inkişafını təmin etmək üçün düzgün qidalanmaya əməl etməlidirlər. Sağlam qidalanma orqanizmin adekvat enerji sərf etməsini təmin edir. Hamilə qadın sutkada 2200-2500 kkal almalıdır. Hamiləlik dövründə önəmli olan çox miqdarda qida qəbulu deyil, balanslaşmış qida qəbuludur. Hamiləlik dövründə qadının aldığı optimal çəki 10-12 kiloqrama bərabərdir. Ortalama olaraq hamilə ayda 1-1.5 kg çəki almalıdır.

 Bunu da qeyd edək ki, hamiləliyin ilk trimestrində (12 həftəsinə qədər) dölün bütün orqan və sistemlərinin formalaşması baş verir. Bu səbəbdən birinci trimestr ən mühüm dövr sayılır. İlk trimestrdə hamilələrin 40-60%-i toksikozdan əziyyət çəkir. Bu səbəbdən qida qəbulu məhdudlaşır. Ürəkbulanma və qusma halları ilə mübarizə aparmaq üçün gündə 5-6 dəfə olmaqla yüngül həzm olunan, liflərlə zəngin məhsullarla qidalanmaq tövsiyə edilir. Turşməzə meyvələr, müxtəlif çeşidli tərəvəzlər, yüngül qəlyanaltılar ürək bulanmanı azalda bilər. Süni şirinləşdirici, ədviyyatlı, konservləşmiş məhsullar, “fastfood”, siqaret, alkoqollu və güclü kofeinli içkilərdən, gərəksiz/göstərişsiz dərman qəbulundan uzaq durmaq lazımdır.

Qida rasionunun tərkibində olan protein, yağlar və karbohidratların nisbəti vacib sayılır. Belə ki, qəbul olunan zülalların 60%-ini heyvan mənşəli proteinlər (ət, balıq, süd məhsulları, yumurta) təşkil etməlidir. Həftədə 2 dəfə balıq istifadə etmək tövsiyə olunur.  Belə ki, balıq və qozun tərkibində olan omeqa3 dölün beyin və göz inkişafına müsbət təsir edir. Heyvan mənşəli yağlardan əsasən kərə yağı 25-30mg sutkada, bitki yağları isə 30 mg sutkada tövsiyə olunur. Qəbul olunan mayelərin (əsasən də suyun) miqdarı yetəri qədər olmalıdır – gündə 2 litr (10 stəkan) sadə su qəbulu məsləhətdir. Kofein tərkibli tünd çay, qəhvə və kolanın qəbulunu məhdudlaşdırmaq lazımdır. Onları nanə, itburnu, cökə, çobanyastığı, yaşıl çayla əvəz edə bilərsiniz. Lakin prioritet olaraq yenə də sadə su vacibdir. Gündə 2 stəkan süd içməklə hamilələr sutkalıq kalsium tələbatını ödəmiş olurlar.

Bəzi xanımlar hamiləliyin son aylarında kilo almaları səbəbdən ciddi pəhriz tutmağa qərar verirlər. Bu tamamilə səhv bir yanaşmadır. Çünki vacib olan yetəri qədər protein, lipid və liflərlə zəngin ərzaqların qəbuludur. Eyni zamanda gərəksiz kökəlmə, insulinrezistentlik və hətta hestasional diabeta yol açan qida məhsullarının (şəkər, yüngül həzm olunan karbohidratlar – müxtəlif növ şirin içkilər, konfetlər, un məmulatlarının, tortlar, kurabiyə, kruassan, şirniyyatların) məhdudlaşdırılması çox vacibdir. Qida lifləri ilə zəngin olan məhsullar – tərəvəzlər (xüsusilə kabak, xiyar, pomidor, yerkökü, brokkoli, balqabaq, ispanaq, ənginar, göyərti, avokado), kəpəkli çörək, qarabaşaq, yulaf, meyvə (500mg/sutkada) hamiləlikdə olduqca faydalı sayılır.

Tərkibində çox miqdarda duz və konservantlar olan kolbasa, sosis, hisə verilmiş ət və balıq məhsullarından uzaq durmaq vacibdir. Bununla yanaşı çiy süd və pasterizə edilməmiş süddən hazırlanan pendir və qatıq istifadə etmək tövsiyə olunmur. Əks halda özünüz və körpəniz müxtəlif növ (toksoplazmoz, bruselloz, salmonelloz kimi) bakterial infeksiyaya yoluxma riski ilə üzləşə bilərsiniz.

Son araşdırmalar göstərir ki, gündə 700mkq retinol (vitamin A) qəbulu dölə teratogen (dölə zədəyəlici, müxtəlif növ anadangəlmə qüsur yaratma təhlukəsi) təsir edə bilər. Qara ciyər və ondan hazırlanan məhsullarda yüksək miqdarda vitamin A olur, bu səbəbdən onların qəbulu hamiləlik dövründə məhdudlaşdırılmalıdır.

Yeməkləri mümkün qədər yavaş-yavaş və çox çeynəməyin ki, qida qəbulunda az miqdarda hava udasınız, bununla da köp və diskomfortla üzləşməyəsiniz.

Əziz hamilələr, tövsiyəmiz hər məhsulu öz təbii mövsümündə istifadə etməkdir. Yüksək keyfiyyəti ilə fərqlənən və təbii şəraitdə yetişdirilən/istehsal olunan öz yerli qida məhsullarımıza üstünlük verməyinizi məsləhət görürük!

 

Ginekoloq

Fidan Həsənova