Musiqi terapiyası (Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün)

Musiqi terapiyası-müəyyən emosional, əqli, fiziki və sosial problemləri olan şəxslərin bu problemlərinin aradan qaldırılması və onların inkişaf səviyəsinin artırılması üçün musiqidən planlı şəkildə istifadəni nəzərdə tutur.

Musiqi terapevtləri-musiqinin müəyyən keyfiyyətlərindən istifadə edərək insanların xüsusi ehtiyaclarını nəzərə alaraq, onların təhsil almasına dayaq göstərir, həmçinin onları ehtiyac duyduqları dəyişikliyə həvəsləndirirlər. Onlar uşaqlar və onların ailələrindən başlayaraq, bütün yaş qruplarına aid olan və istənilən bacarıqlara malik insanlarla məşğul olurlar. Buraya serebral iflic, autizm, görmə və eşitmə problemi olan insanlar da aid edilə bilər. Bəzi qüsurlar zədələnmə və xəstəlik nəticəsində əmələ gəlir. Bu halda musiqi terapevtləri qorxunu, stressi, ağrını aradan qaldıra və ya azalda, insanlara nitq və hərəkət etmə qabiliyyətlərini qaytarmağa kömək edə bilərlər.

Musiqi terapiyası nitq və ya ünsiyyət problemləri olan insanlara öz fikirlərini daha yaradıcı tərzdə ifadə etmələri üçün imkan yaradır və bu prosesi asanlaşdırır. Bundan başqa sosial bacarıqlara və vərdişlərə daha uğurla və həvəslə yiyələnmələri üçün imkanlar yaradır. Özü, başqaları və onu əhatə edən mühit haqqında onu daha da məlumatlandırır, hər bir səviyyədə fəaliyyəti, səhhəti, sağlamlığı yaxşılaşdırır və müstəqil yaşama bacarıqlarını tərbiyə edir.

Musiqi terapiyasının əsas məqsədi

Musiqi terapiyasının əsas məqsədi əlilliyi olan şəxslərin bacarıqlarının inkişaf etdirilməsi və davranışlarının dəyişdirilməsində onların özlərinin bu prosesə qoşulmalarını və depressiya vəziyyətindən çıxaraq, aləmdə baş verən proseslərə aktiv qatılmalarını təmin etməkdir.

Musiqi terapiyasının uzunmüddətli məqsədləri:

·      Özünü, bədənini anlama və dərk etmə.

·      Ünsiyyət bacarıqlarının artırılması.

·      Daxili potensialdan məqsədyönlü istifadə edilməsi.

·      Arzuolunmaz və zərərli davranışların (stereotiplər, zorakılıq, məcbur etmə, sui istifadə etmə, hücum etmə, dağıdıcı, qeyri iradi fəaliyyət) azaldılması.

·      Öz yaşıdları və digər şəxslərlə qarşılıqlı münasibətin və ünsiyyətin artırılması.

·      Müstəqillik və avtomatik davranış bacarıqlarının artırılması.

·      Yaradıcılıq və fantaziyanın zənginləşdirilməsi.

·      Özünü ifadə etmə zamanı emosionallığın artırılması.

·      Özünəxidmət bacarığının artırılması.

·      Eşitmə qabiliyyətinin artırılması.

 

Musiqi ünsiyyət üçün bir körpüdür.

            Xüsusi ehtiyacı olan uşaqların inkişafına yönəldilmiş Musiqi terapiyası

Musiqi terapiyası problemli insanların bilik və bacarıqlarını inkişaf etdirmək və davranışlarında dəyişiklik etmək üçün bir vasitədir. Bu metodun xüsusi ehtiyacı olan şəxslərin təhsili ilə bağlı olan bir vasitə olması və xüsusi təhsil yolu ilə lazımi bacarıqlara yiyələnməkdə uşağa kömək etməsi məlumdur.

Musiqi terapiyası inkişafda geriləmə, fiziki məhdudiyyət, beyin zədələnmələri, xroniki xəstəliklər və digər çatışmazlıqlardan əziyyət çəkən uşaqlara nəzərə çarpacaq dərəcədə müsbət təsir göstərən bir vasitə kimi qəbul olunmuşdur. Bu terapiya Fərdi Təhsil Planı tələblərində büruzə verən bacarıqların möhləmlənməsi üçün yaradılmışdır və hissiyyat dili, ifadə dili, ictimailəşdirmə və hərəkətin inkişafı kimi sahələri özündə birləşdirir.

Musiqi Terapiyasının uşaqların müalicəsində müvəffəqiyyətli rolunu təsdiqləyən bir çox dəlillər mövcuddur:

·      Musiqidə olan ritmlər dərk etmə qabiliyyətinə güclü təsir göstərir. Yetkinlik yaşına çatmış insanların çoxu uşaqlıq dövründə eşitdikləri musiqi və qafiyyələri yadda saxlayırlar.

·      Musiqi nitq və danışıqdan fərqli olaraq beynin başqa sahəsi ilə qəbul edilir, bununla da əlaqədar olaraq, uşağın musiqi ilə verilən məlumat və bacarıqları daha asan qavramasının ehtimalı böyükdür.

·      Musiqi və qafiyələri yadda saxlamaq uşağın bilik səviyyəsinin artmasına müsbət təsir göstərir.

·      Musiqi və qafiyələrin təkrarlanması uşaqda səs və dil qabiliyyətlərinin inkişafına kömək edir.

·      Mahnı oxumaq dil və hərəkətlərin əlaqələndirilməsini gücləndirərək qavrayışı daha da artırır.

·      Musiqi beynin sağ yarımkürəsinin fəaliyyətini stimullaşdıran və beynin hər iki (sağ və sol) yarımkürəsinin ahəngdar işləməsini təmin edən əvəzedilməz vasitədir.

·      Musiqi diqqəti cəmləyir və diqqətin yayınmasını azaldır.

·      Musiqi qoyulmuş məqsəddən yayınmamanı təmin edir və əyləncəlidir, bu əsasən müəyyən biliyi qavrama prosesindən yayınan uşaq ilə işləyərkən daha yararlı olur.

·      Musiqi böyük və uşaq arasında müəyyən bir ünsiyyət körpüsü yaradan vasitələrdən biridir.

Musiqi terapiyasının səmərəliliyi uşaqdan uşağa dəyişir və seçilir. Eyni zamanda qeyd etmək lazımdır ki, autizm, qavrama çətinliyi, əqli gerilik, ağır fiziki və əqli məhdudiyyət, nitq və danışıq problemləri və görmə qabiliyyətlərinin zəifləməsi kimi problemlərdən əziyyət çəkən uşaqların reabilitasiyasında bu metodun effektivliyi artıq təsdiq edilmişdir.

 

Lalə Vəliyeva

Uşaq inkişafı mütəxəssisi, uşaq psixoloqu