Xüsusi öyrənmə çətinliyi insan...
Xüsusi öyrənmə çətinliyi insanların öyrənmə prosesində qarşılaşdığı, neyroloji əsaslı spesifik problemlərdir. Bu çətinliklər şəxsin intellektual qabiliyyətlərinə təsir etmir, lakin təhsil və akademik fəaliyyətdə müəyyən çətinliklər yaradır. Xüsusi öyrənmə çətinliyindən bəhs edərkən disleksiya, disqrafiya, diskalkuliya və dispraksiya üzərində dayana bilərik.
Disleksiya öyrənmə çətinliyi dedikdə ilk ağla gələn hətta ümumiləşdirilmiş şəkildə istifadə olunan termindir deyə bilərik. Disleksiya oxuma və yazma bacarıqlarında çətinlik, hərflərin və sözlərin qarışdırılması və mətnin düzgün qavranılmaması kimi özünü göstərir.Disqrafiya isə yazı bacarığında çətinlik, əl yazısının səliqəsizliyi və yazılı ifadələrdə çətinliklər kimi müşahidə olunur. Bu zaman şəxsin hərfləri və rəqəmləri tərs yazması mümkündür.
Diskalkuliya riyazi əməliyyatlarda çətinlik, rəqəmlərin və riyazı anlayışların qavranılmasında problem və hesablama bacarıqlarında zəiflik kimi özünü büruzə verə bilir. Dispraksiya isə çox az müzakirə olunan lakin önəmli əhəmiyyətə malik bir öyrənmə çətinliyidir. Bu zaman hərəkətin koordinasiyasında, fiziki hərəkətlərin icrasında və əl-göz koordinasiyasında çətinlik nəzərə çarpır.
Xüsusi öyrənmə çətinliyindən bəhs edərkən yuxarıda qeyd olunan spesifik qeydlərdən başqa, əsas əlamətlər olaraq nisbətən zəif akademik performans, standart öyrənmə metodlarına uyğunlaşmada çətinlik, psixoloji gərginlik və özünə inamsızlıq, diqqət və konsentrasiya problemlərini qeyd edə bilərik. Xüsusi öyrənmə çətinliyi əsasən məktəb yaşında (6-10) özünü göstərir. Bəzi hallarda məktəbəqədər dövrdə də nəzərə çarpa bilir. Səbəblərinə nəzər saldıqda isə genetik, neyrobioloji və ekoloji faktorları əsas gətirə bilərik. Bu halda nə edilməlidir sualının cavabı isə ilk öncə uşaqda həqiqətən də bu diaqozun erkən yaşda qoyulması önəmlidir. Sonrasında fərdi yanaşılmalı, ona uyğun şəkildə öyrədilməli və güclü tərəfi dəstəklənməlidir. Xalq arasında belə hallar zəka geriliyi kimi anlaşılsa da qeyd edək ki, xüsusi öyrənmə çətinliyi olan şəxslərin intellektual səviyyəsi əsasən norma və normanın üstündə olur.
Milanə Həsənova
Klinik psixoloq, BDU-nun doktorantı
Fikriniz
0
0