Portalın ekspertləri

Abuta Ağayeva

nevroloq, UNICEF-in milli təlimçisi

Fərid Cəfərov

sosial problemlər üzrə mütəxəssis

Xalidə Həmidova

pedaqoq, UNICEF-in milli təlimçisi

Kamil Həmidov

psixoloq

Murad Babayev

uşaq inkişafı üzrə mütəxəssis

Mehriban Nağıyeva

uşaq inkişafı üzrə nağıl yazarı

Nərmin Həsənli

mama-ginekoloq

Rübabə Quliyeva

pediatr, UNICEF-in milli təlimçisi

Siddiqə Süleymanova

nevroloq, UNICEF-in milli təlimçisi

Vüsalə Əliyeva

pediatr, UNICEF-in milli təlimçisi

Ülviyyə Mirzəyeva

həkim, uşaq inkişafı üzrə mütəxəssis

Şəbnəm Bağırlı

uzman pediatr

18 oktyabr 2019-cu il tarixdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəsi Edvard Karvardinin iştirakı ilə Heydər Əliyev Fondu ilə UNICEF arasında Anlaşma Memorandumu imzalanmışdır.

 

Memorandum 2020-ci ilin sonunadək inklüzivlik və erkən uşaqlıq dövrünün inkişafı sahəsində müxtəlif layihələrin həyata keçirilməsini nəzərdə tutmuş, əməkdaşlıq çərçivəsində bu sahədə valideynlərin təhsil və təcrübələrini dəstəkləyən proqramların reallaşdırılması, ictimai maarifləndirmənin artırılması planlaşdırılmışdır.

 

Memorandum çərçivəsində Heydər Əliyev Fondu, “Regional İnkişaf” İctimai Birliyi və UNICEF-in birgə dəstəyi ilə “Erkən Uşaqlıq Dövründə İnkişaf” (EUDİ) layihəsi icra olunmuş, uşaqların məktəbəqədər dövrdə sağlamlığı, müxtəlif bacarıqlarının inkişafı üzrə layihələr həyata keçirilmiş, www.eudi.az portalı istifadəyə verilmişdir.

 

Layihə müddətində istifadəyə verilmiş www.eudi.az portalının işinin davam etdirilməsi 2023-cü ilin iyul ayından etibarən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir.

 

Erkən Uşaqlıq Dövründə İnkişaf Resurs Portalının və Mərkəzinin gələcəyə baxışı ondan ibarətdir ki, ailələr, icmalar və ümumilikdə cəmiyyət erkən yaşlı uşaqların sağlam, təhlükəsiz və qayğıkeş mühitdə böyüməsi, oynaması, öyrənməsi və inkişafı üçün şərait yarada bilməyə qadir və onların tam potensialını reallaşdırmaqda onlara dəstək göstərə bilir.

Bunun üçün ailələr, valideynlər və uşaqların qanuni hamiyədarları bütün lazımi biliklərə və bacarıqlara malik olmalı, uşaqlara onların inkişafın hər bir mərhələsində həssas və tələbatlara əsaslanan qayğı göstərə bilməli və onların inkişafını stimullaşdırmaqda öz vacib rolunu gerçəkləşdirməlidir. Ailələrə bu istiamətdə bütün lazımi dövlət dəstəyinin göstərilməsi, bilik və bacarıqların aşılanması, müvafiq xidmətlərə (səhiyyə, məktəbəqədər təhsil, sosial müdafiə və sair) maneəsiz çıxışın təmin edilməsi zəruridir və uşaqların düzgün inkişafının təməl şərtidir.

Uşaqların Erkən İnkişafı Resurs Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi.

Mərkəzdə səhiyyə, təhsil və sosial sahədə çalışan mütəxəssislər üçün erkən uşaqlıq dövrü inkişafı üçün təlim proqramlarının təşkili və tətbiqi, uşaqların erkən inkişafının, uşaqlar üçün təhlükəsiz və stimullaşdırıcı mühit yaradılmasının əhəmiyyəti haqqında məlumat və biliklərin aşılanması məqsədilə valideynlər üçün təlim və məsləhət xidmətlərinin göstərilməsi nəzərdə tutulur. Bundan başqa, həssas qrupa aid uşaqların ailələrinə dəstək proqramının hazırlanması, yeni ailə qurmaq istəyən gənclərin “Ailə Planlanması” üzrə maarifləndirilməsi, gənc ailələr üçün “Hamiləlik Dövrünə Dəstək” proqramının hazırlanması da mərkəzin fəaliyyət planına daxildir.

 

 

  1. Uşaqların erkən inkişafı ilə bağlı portalın yaradılması və idarə olunması

“Uşaqların erkən inkişaf Portalı” - məktəbəqədər qurumların işçiləri, valideynlər və mütəxəssislər arasında onlayn şəbəkə yaradılmasını və bu platforma üzərindən əhali arasında müvafiq maarifləndirmə işlərinin təşkilini nəzərdə tutur. Portalın yaradılmasında məqsəd uşaqların cəmiyyətin hərtərəfli inkişaf etmiş bir üzvü kimi formalaşması üçün tələb olunan təlim-tərbiyə bazasının yaradılmasıdır. Eyni zamanda portalın bazasına uşaq bacarıqlarının inkişafı üçün mərkəzdə yaradılmış imkanlara dair məlumatlar da daxil ediləcək.

 

  1. Uşaqların erkən inkişaf dövrü ilə bağlı ictimai məlumatlandırma

Bu missiya çərçivəsində məlumatlandırıcı materialların hazırlanması, çapı və paylanılması; sosial şəbəkələr vasitəsilə maarifləndirmə işlərinin aparılması; sosial video çarxların hazırlanması və yayımlanması; televiziya və radio kanallarında təqdimatların keçirilməsi; “Ailə festivalı” (bu başlıq nisbidir) formatında böyük bir festivalın təşkili və digər təbliğat-təşviqat tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Avropa İttifaqının maliyyə dəstəyi ilə UNICEF-in Azərbaycankı Nümayəndəliyi və “Regional İnkişaf” İctimai Birliyinin birgə icra etdiyi “Erkən uşaqlıq dövründə inkişaf” layihəsinin 2 il müddətində icra edilməsi nəzərdə tutulur.

Əsas məqsədi maarifləndirmə olan layihənin hədəf qrupları səhiyyə işçiləri, uşaq evləri və məktəbəqədər hazırlıq müəssisələrində çalışan işçilər, sosial xidmətlər sahəsində çalışan işçilər, həssas qrupdan olan (əlilliyi olan, zorakılığa məruz qalan, ucqar kəndlərdə yaşayan, diqqətdən kənarda qalan və s.) uşaqlara qayğı göstərən işçilər, valideynlər və 0-8 yaş arası uşaqların erkən inkişafı sahəsində çalışan digər mütəxəssislərdir. Layihənin əsas hədəf regionları Gəncə və Şirvan şəhərləri, Ağcabədi və Abşeron rayonlarıdır. Ümumi maarifləndirmə işləri isə bütün ölkə üzrə aparılacaqdır.

BƏSLƏYİCİ QAYĞI

QİDALANMA   Ana südü körpənin immunitetinin güclənməsi və sağlam inkişafı üçün ən yaxşı qidadır. Yenidoğulmuş körpə həyatının ilk saatından başlayaraq 6 ay ərzində yalnız ana südü ilə qidalandırılmalıdır. Bu dövrdə digər maye (su, çay) və ya qida lazım deyil. Ana südündə yetərincə maye var (ana südü 87-90 % sudan ibarətdir) və bu, hətta istidə belə, körpənin tələbatını ödəyir. Körpəyə 6 ayından sonra düzgün qaydada digər qidalar verə bilərsiniz.  

SAĞLAMLIQ   Ailə quran gənclər ilk növbədə sağlam həyat tərzi sürməli, nikaha daxil olarkən həkim müayinəsindən keçməli və reproduktiv sağlamlıqlarına, yəni cinsi sağlamlıq, ailə planlaşdırılması və təhlükəsiz analığa ciddi yanaşmalıdırlar. Uşaq dünyaya gəldikdən sonra profilaktik və müalicəvi tibbi xidmətlərdən istifadə etməklə uşağı məişət və ekoloji təhlükədən qorumaq mümkündür.  

HƏSSAS QAYĞI   Körpənizi qucağınıza alaraq onunla “dəri-dəriyə” təmasına girin. Bu, ana ilə uşaq arasında psixoloji və emosional təmasın yaranmasına səbəb olur. Körpəniz üçün mehriban və etibarlı ailə mühiti formalaşdırın. Unutmayın ki, atanın körpə ilə ünsiyyəti uşağın mənəvi və fiziki inkişafında başlıca rol oynayır.  Körpənin sağlamlığı üçün normal yuxu rejimi də çox vacibdir. Yeni doğulan körpə üç ayına kimi 17-19 saat yata bilər. Altı aylıq körpənin sutkada 14-15 saat yatması kifayət edər. Bir yaşınadək uşağın sutkada 11-13 saat yatması yetərlidir.  

TƏHLÜKƏSİZLİK   Hər bir uşaq müharibə və münaqişələrin nəticələrindən qorunmalıdır. Uşaqların təhlükəsizliyi dedikdə onların fiziki təzyiqdən qorunması ilə yanaşı, beyinlərini sakit saxlamaq və qorumaq nəzərdə tutulur. Uşaqların ətrafında sevgi və qayğı dolu mühit yaratmaqla onların daha sağlam yaşamasına və inkişafına səbəb ola bilərsiniz. Böyüklərin uşaqlara kobud rəftarı onların inkişafına, sağlamlığına və ləyaqətinə zərər vurur.   

ERKƏN ÖYRƏNMƏ   Erkən yaşlarda körpə ilə nəzakətlə ünsiyyət qurmaq, birlikdə kitab oxumaq, mahnı zümzümə etmək valideyn-uşaq münasibətlərini möhkəmləndirir və körpənin sevgi ilə əhatə olunmasını təmin edir. İlk baxışdan sadə görünən bu addımlar körpənin sağlam inkişafının və onun həyatındakı gələcək uğurların təməlidir. Odur ki, körpə həyatının ilk 1000 günü inkişaf üçün çox vacibdir. Əlverişsiz uşaqlıq təcrübələri həyat boyu insanın sağlamlığında və sosial mühitdə özünü biruzə verir.