Xüsusi qayğıya ehtiyaclı uşaqlarda geyinmə bacarığı

Özünəxidmət bacarıqları və ya "gündəlik situasiyalar" dedikdə, gündəlik ailə mühitində fəaliyyət nəzərdə tutulur. Gündəlik situasiyalara qidalanma, çimmək, geyinmək və ev işləri aiddir. Bu situasiyalardan istifadə edərkən uşaqda sərbəstlik artır, dayaq-hərəkət, dərketmə, ünsiyyət və s. bacarıqları inkişaf edir.

Özünəxidmət bacarıqları insanlara şəxsi ehtiyaclarının qeydinə qalmaq-sərbəst yemək, içmək, geyinmək, şəxsi gigiyena qaydalarına riayət etmək imkanları yaradır. Uşaqlara kiçik yaşlarından geyinmək soyunmaq bacarıqlarını öyrətmək vacibdir. Tipik uşaqlarda olduğu kimi, inkişafdan qalan uşaqlara da erkən yaşlarından geyinmə bacarığı öyrədilməlidir. Əgər müəyyən hərəkətlərin yerinə yetirilməsi uşaqda çətinlik törədirsə, uşaq buna məcbur edilməməlidir.

Normal inkişaf edən uşaqların geyinmək bacarıqlarına yiyələndikləri orta yaşlar:

•      1 yaşın içində olan uşaq heç bir kömək göstərmir.

•      1 yaşlı uşağı geyindirdikdə, o, kömək etməyə can atır.

•      2 yaşlı uşaq əyninə geniş olan geyimləri çıxarır.

•      4 yaşlı uşaq böyük düymələri düymələyir.

•      5 yaşlı uşaq bəzi çətin mərhələləri çıxmaq şərtilə özü geyinir.

•      6 yaşında ayaqqabı bağını bağlayır.

Uşaqlar geyinməyi yerli vərdişlərdən və valideynlərin bu bacarığa nə qədər əhəmiyyət verməsindən asılı olaraq müxtəlif yaşlarda öyrənə bilərlər. Yaşadığı yerdə müxtəlif yaşlı uşaqların nəyə qadir olduqlarını müşahidə edin. Uşaq ola bilər ki, paltarı soyunmağı 2 yaşından əvvəl öyrənsin, paltarı düzgün geyinməyi isə 5-6 yaşına qədər öyrənmiş olsun. Çox zaman normal uşaq 6 yaşında köynəyi tərs və ya sol ayağa geyinməli olduğu ayaqqabını sağ ayağa geyinə bilər.

İnkişafdan geri qalan uşaqlar və ya hərəkətdə çətinlikləri olanlar geyinməyi daha gec öyrənmiş olurlar. Bəzən analara uşaqları özləri geyindirib soyundurmaq daha tez və asan görünə bilər. Ancaq bu uşağın inkişafdan geri qalmasına şərait yarada bilər. Geyinmək bacarığı uşağın anlama, balans saxlama, ümumi hərəkət və eləcə də nitq bacarıqları kimi sahələrdə də inkişaf etməsi üçün çox zəruridir.

Uşağı geyindirdiyiniz zaman onu danışdırmağa çalışın. Ona bədən hissələrinin, geyimlərin adlarını öyrənməyə kömək edin: məsələn, əlini qolluğunun içinə keçir, papağı başına qoy və s. Uşağa geyinmək bacarığının öyrədilməsi uzun müddət və səbr tələb edir. İcazə verin uşaq bacardığı qədər hərəkətləri özü etsin. Amma ehtiyac duyulduğu zaman, uşağa köməklik etməyə hazır olun. Uşağı motivasiya etmək vacibdir, əks təqdirdə o, bir də bunu etmək üçün çalışmayacaq.

Uşağa hansı vəziyyətdə geyinmək rahat olduğunu bilmək üçün, onu müxtəlif vəziyyətlərdə saxlayaraq geyindirin. Spastik serebral iflicli olan uşaqlar üçün geyinmə zamanı bədənin vəziyyəti xüsusilə vacibdir. Bəzən bu cür uşaqlar arxası üstə geyindirildikləri zaman onların bədəni arxaya əyilmiş olur. Arxası üstə vəziyyətdə başın altına yastıq qoyun, dizləri və bud-çanaq oynağını bükülmüş vəziyyətdə saxlayın. Bu uşağın dincəlməsinə və gərginliyin azalmasına kömək edir. Böyrü üstə uzanma spazmlı uşaqların geyinmələri öyrənmələri üçün çox yaxşı vəzyyətdir. O, geyinmək üçün bir tərəfdən digər tərəfə yuvarlanmalı və gərginliyin artmaması üçün başını, dizini və ombasını əyməlidir. Uşağa oturan vəziyyətdə geyinməyə kömək etmək istəyirsinizsə, hər şeydən əvvəl onun vəziyyətinin sabitliyinə əmin olmalısınız. Gövdə qabağa əyilmiş və ayaqlar bud hissəsində əyilmiş vəziyyətdə olmalıdır.

Geyinməyini asanlaşdırmaq üçün verilən məsləhətlər:

•      Əgər əl-ayaq bir tərəfdə digər tərəfdən daha çox zədəli olmuş olarsa, geyinməyi zədəli tərəfdən başlasanız sizin üçün daha asan olacaq.

•      Paltarları elə geyindirin ki, uşaq görsün və asanlıqla toxuna bilsin, beləki o, istənilən halda yardımçı ola bilər.

•      Əgər əllər bükülübsə, ilk öncə çalışın onları yavaş-yavaş düzəldin, daha sonra qolluğun içinə salasınız (əgər qolu tez və sərt hərəkət etdirməklə açmaq istəsəniz, onda qol daha da qıc ola bilər).

•      Hər bir hərəkəti etməyə özünüz başlayın, lakin işi uşağın özünün sona çatdırmasına şərait yaradın. Tədricən çox mərhələləri uşağın özünün etməsinə imkan yaradın. Əgər işin hamısını o özü edə bilmirsə, ona vaxt verin. İşi özü görməyə can atırsa, tələsdirməyin. İşin pis və ya yaxşı görünməsindən asılı olmayaraq, onu tərifləyin.

•      Rahat, asan geyindirilən paltarlardan istifadə edin. Geniş qollu koftalardan, elastik kəmərdən, düymə əvəzinə yapışqanlı bəndlərdən istifadə olunmuş geyimlərdən istifadə edə bilərsiniz. Basma düymələri açıb-bağlamaq adi düymələri açıb-bağlamaqdan daha asanddır. Əgər düymələrdən istifadə olunacaqsa, düymə yerini daha geniş edin. Paltarını və ayaqqabısını tərs geyinən uşağa, bu hərəkətləri düzgün həyata keçirməsi üçün vəsaitlər hazırlayın. Məsələn: paltarın ön hissəsinə rəngli lent tikin. Heyvan şəklinin yarısını 1, digər yarısını o biri ayaqqabının üstünə əks etdirin. Beləki, onlar birləşdiyi zaman bütöv heyvan şəkli almış olacaq. Yapışqanlı kəmərləri olan ayaqqabıların istifadəsi uşağı daha sərbəst edir. Ayaqqabının dabanından dəridən və ya parçadan tikilmiş tutacaq ayaqqabının geyinilməsini asanlaşdıracaq. Bəzən bir ölçü böyük ayaqqqabı geyinmək daha yaxşı olar. 

 

Vəliyeva Lalə

Uşaq inkişafı mütəxəssisi, uşaq psixoloqu