Barmaq gimnastikasının əhəmiyyəti

Barmaq gimnastikası – əl barmaqları üçün nəzərdə tutulmuş, kiçik motorikanın inkişafına xidmət edən hərəkətlər kompleksidir. Bu məşğələlər uşağın sinir və əzələ sistemlərinin fəaliyyətini əlaqələndirməyə kömək edir, ona əlləri və barmaqları ilə xırda və dəqiq hərəkətlər etməyi, eləcə də müxtəlif əşyaları çevik şəkildə idarə etməyi öyrədir. 

   Uşaqlar üçün barmaq oyunları xalq oyunları arasındada öz xüsusi yerini tutur. Nənələrimiz və analarımız hər zaman övladları, nəvələri ilə “Baş barmaq”, “Bura bir quş qondu” kimi oyunlar oynayıblar. Hansıki, o vaxtlar barmaq gimnastikasının uşaq beyninin inkişafına necə təsir etdiyini hələ heç kim bilmirdi.

Bu gün mütəxəssislərə məlumdur ki, uşağın əllərinin və barmaqlarının çevikliyi onun uğurlu, hərtərəfli inkişafında mühüm yer tutur. Məşhur pedaqoq V.A.Suxomlinski yazırdı: “Uşağın ağlı onun barmaqlarının ucundadır”. Anatomik nöqteyi-nəzərdən beynin hərəkət proyeksiyası sahəsinin təxminən üçdə bir hissəsi əlin proyeksiyasına aiddir. Üstəlik, əllərin üzərində mərkəzi sinir sisteminə impuls ötürən reflektor nöqtələr yerləşir. Deməli, əl və barmaq üçün nəzərdə tutulmuş məşqlər beynin fəaliyyətinə müsbət təsir göstərir.

         Yəqin siz də, körpənin öz əllərinə necə maraq göstərdiyini müşahidə etmisiniz. O, əllərinə baxır, onları ağzına aparır, anası isə onun ovucunu sığallayıb kiçik şeiroxuyanda, uşaq son dərəcə xoşbəxt olur. Adətən bütün körpələr əllə və barmaqla edilən oyunları sevirlər, buna görə də valideynlər üçün mütəmadi olaraq barmaq gimnastikasını etmək çətinlik yaratmır. Bu məşqlər sadədir, çox vaxt aparmır, lakin uşağın inkişafı üçün böyük əhəmiyyətə malikdir. Barmaq oyunlarının əhəmiyyətini aşağıdakı kimi qruplaşdıra bilərik:

➢ Xırda motorikanın inkişafı nitqin inkişafı ilə birbaşa bağlıdır. Barmaq masajı zamanı emosional şeirlərsöyləməklə siz uşağın nitqinin inkişafını stimullaşdırır, düzgün səs tələffüzünün formalaşmasına kömək etmiş olursunuz.

➢ Hərəkətlərin koordinasiyasının inkişafı, yaddaşın və diqqətin yaxşılaşdırılması, yazıya hazırlıqda böyük əhəmiyyətə malikdir.

➢ Uşağın yaradıcı və intellektual qabiliyyətlərinin inkişafına zəmin yaradır.

Barmaq gimnastikasının məşqləri uşağın yaşına uyğun seçilməlidir. Üç yaşına qədər olan körpələr üçün bu, ovuc və barmaqların masajı, şeirlərlə müşayiət olunan sadə oyunlar ola bilər. Üç yaşdan etibarən iki əllə oynamaq, oyunlara kiçik toplar, muncuqlar və ya kubiklər əlavə etmək mümkündür. Uşaqlar xüsusilə barmaq gimnastikasında teatr elementləri olduqda bundan zövq alırlar. Əl və barmaq masajı uşağa yalnız fayda gətirir, onun fiziki inkişafına müsbət təsir edir. Bu, həm də uşaqla ünsiyyət, əlaqə yaratmaq və onda stressi azaltmaq üçün gözəl bir fürsətdir.

Barmaq gimnastikası oyun formasında aparılmalıdır.Onların mürəkkəblik dərəcəsi uşağın xırda motorikasınıninkişaf səviyyəsinə uyğun seçilməlidir.

 

Xəyalə Novruzova

Məktəbəqədər təhsil üzrə mütəxəssis