Birinci sinif şagirdlərinin məktəbə uyğunlaşma...
Birinci sinif şagirdlərinin məktəbə uyğunlaşma prosesi mövzusu həmişə aktuallığını saxlayır. Baxmayaraq ki, onların əksəriyyəti məktəbə hazırlıq qruplarında təhsil alarkən bu prosesdən keçmiş olurlar və bir çox uşaqlar sonradan məktəbə uyğunlaşma ilə bağlı heç bir problem yaşamırlar. Onlar bir növ yay tətilindən sonra doğma məkana qayıdırlar. Amma bu prosesdə çətinlik çəkən uşaqların sayı da az deyil.
Məktəbə uyğunlaşma dövründə birinci sinif şagirdlərinin əhval-ruhiyyəsinin dəyişkənliyi, əsassız narahatlıq və tez yorulma halları müşahidə oluna bilər. Bu, tamamilə təbii bir prosesdir. Uşaqlar bir tərəfdən yeni mühitə uyğunlaşmağa, digər tərəfdən onların üzərinə düşən vəzifələrin öhdəsindən gəlməyə çalışırlar. Eləcə də, şagirdlərin bir sıra yeni öhdəlikləri yaranır. Onları təqribən aşağıdakı kimi qruplaşdıra bilərik.
- səhər erkən oyanmaq;
- məktəbli çantasının müstəqil hazırlanması;
- məktəb geyiminin səliqəli olmasına nəzarət;
- müəllim və sinif yoldaşları ilə ünsiyyət qurmaq;
- sinifdəki qayda-qanunlara riayət etmək;
- 45 dəqiqəlik dərs müddətində diqqəti cəmləyərək parta arxasında oturmaq.
Birinci sinifdə uyğunlaşma nə qədər vaxt aparır?
Mütəxəssislərin fikrincə, birinci sinif şagirdlərinin məktəbə uyğunlaşma müddəti uşağın fərdi xüsusiyyətlərindən, hazırlıq səviyyəsindən, ailə və məktəb dəstəyindən asılı olaraq üç həftədən altı aya qədər dəyişir. Tədqiqatlar göstərir ki, ibtidai sinif şagirdlərinin 20-60%-i stress, narahatlıq və davranış problemləri daxil olmaqla, uyğunlaşmada ciddi çətinliklər yaşayır. Eyni zamanda, uşaqların 10-20%-də aşağı uyğunlaşma səviyyəsi tədris ilinin sonuna qədər davam edir.
Məktəbə uyğunlaşma prosesində uşağa necə kömək etməli? Təcrübəli müəllimlər bu prosesdə həmişə valideynlərə dəstək olub lazımi məsləhətlər verirlər. Ümumiyyətlə, uşaqların təlim-tərbiyə prosesində birgə fəaliyyətin əhəmiyyəti hamımıza məlumdur. Məktəbə uyğunlaşma dövründə valideynlərə aşağıdakı tövsiyələri verə bilərik.
1. Pozitiv münasibət yaradın. Məktəb haqqında pozitiv danışın. Məktəbin əyləncəli və maraqlı bir yer olduğunu, yeni dostlar qazanacağını, yeni şeylər öyrənəcəyini vurğulayın.
2. Məktəb başlayana qədər yuxu və oyanma saatlarını tədricən məktəb cədvəlinə uyğunlaşdırın. Bu, uşağın ilk günlərdə yorulmasının və çətinlik çəkməsinin qarşısını alacaq.
3. Məktəb alış-verişini birlikdə edin. Çanta, qələm qabı, dəftər və digər məktəb ləvazimatlarını birlikdə seçmək onun həyəcanını artıracaq və məktəbə qarşı marağını oyadacaq.
4. Sakit və dəstəkləyici olun. İlk günlərdə uşağın narahat olması, ağlaması və ya məktəbə getmək istəməməsi normaldır. Sakit qalın, ona sarılın və məktəbdən sonra onu gözləyəcəyinizi deyin. Uzun vidalaşmalardan qaçın. Müəllimlə əlaqə qurun. Müəllimlə tanış olun, onunla müntəzəm əlaqədə qalın və uşağınızın məktəbdəki davranışı, öyrənmə prosesi haqqında məlumat alın.
5. Məktəb haqqında söhbət edin. Hər gün məktəbdən sonra ona "Günün necə keçdi?" və ya "Bu gün ən çox nə xoşuna gəldi?" kimi suallar verin. Söhbət əsnasında onu diqqətlə dinləyin, məktəbdəki dostları və dərsləri haqqında danışmasını təşviq edin. Ev tapşırıqlarını etmək üçün ona kömək edin, ancaq işləri onun yerinə görməyin. Yalnız çətinlik çəkdiyi yerlərdə ona yol göstərin. Bu, onun məsuliyyət hissini artıracaq.
Bu prosesdə övladınızın yanında olmaq onun gələcək təhsil həyatı üçün güclü bir təməl yaradacaq.
Xəyalə Novruzova
Məktəbəqədər təhsil üzrə mütəxəssis
Fikriniz
0
0