Autizmin əlamətləri, yoxsa tipik inkişaf?

    Autizm anadangəlmə olub özünü erkən uşaqlıq dövründə göstərən və ömürboyu davam edən bir neyroinkişaf pozuntusudur. Hazırda çox aktual mövzu olduğu üçün valideynlər internetdə önlərinə çıxan ümumi əlamətləri övladlarında axtarmağa və ya oxşar əlamət görərlərsə narahatlıq keçirməyə başlayırlar. Bu səbəbdən də diqqət etməli olduğumuz məqamlara tək-tək nəzər salaq. Əlamətlərə baxdıqda:

● Adına reaksiya verməməsi

● Göz təması qurmaqda çətinlik

● Təkrarlanan davranışlar

● Fırlanan əşyalara maraq

● Nitqdə gerilik və s. araşdırıldığı zaman önə çıxanlardır.

    Adını çağırdığınız zaman reaksiya verməməsi əlamətlərdən hesab olunur. Lakin övladınıza nənə/babanın adını qoyub və onu həmin adla çağırmırsınızsa,uşağın adını tanımaması normaldır. Fırlanan əşyalara maraq erkən uşaqlıq dönəmində rast gəlinən haldır. Əsas diqqət etməli olduğumuz məsələ müddətdir.Övladınız paltaryuyan maşının önündə saatlarla qalırsa, narahat olmağa əsas verir, əgər sadəcə bir neçə saniyəlik diqqətini çəkirsə, bu şübhəyə əsas vermir.  Nitqdə gerilik valideynləri əsas narahat edən və mütəxəssisə müraciətə sövq edən əlamətlərdəndir. Bunun səbəbi müxtəlif ola bilər. Misal, ailədə bilingvizm varsa, uşaq ekrana saatlarla məruz qalırsa və ya uşaqla inkişaf etdirici heç bir fəaliyyətlə məşğul olunmursa, nitqin inkişafında ləngimələr müşahidə oluna bilir. 

 

                                                                                                              Milana Həsənova
​​​​                                      Klinik psixoloq,BDU-nun doktorantı