Pediatriyada polifarmasiya problemi

Dərman preparatlarının yaradılması və istehsalında sürətli irəliləyişin müşahidə olunması və dərmanların tibbi praktikada geniş istifadəsi bir tərəfdən müalicənin effektivliyini artırmağa imkan verir, digər tərəfdən isə arzuolunmaz dərman reaksiyalarının inkişafı səbəbiylə xəstələrin sağlamlığına əhəmiyyətli dərəcədə zərər verə bilir. Dərmanların qəbul sxemi getdikcə daha mürəkkəb və potensial təhlükəli hala gəlir. Bəzi dərmanların eyni vaxtda verilməsinin səbəbi xəstədə yanaşı gedən xəstəliklərin olması (multimorbidlik), dərmanların asan əldə edilən olması, bəzi hallarda kompleks terapiyada beşdən çox dərmanın istifadəsini ehtiva edən klinik tövsiyələr, peşəkar tibbi cəmiyyətlərin təlimatları, müalicə standartları və ya özünümüalicə ola bilər. Müalicənin effektivliyini artırmaq, rast gəlinən digər yanaşı xəstəliklərdən də pasiyentin sağalmasına kömək etmək istəyi çox sayda dərman preparatlarının təyin olunmasına – polifarmasiyaya gətirib çıxarır.

 "Polifarmasiya" termininə (yunan poly – çox, farma – dərman) tibbi ədəbiyyatda ilk dəfə 150 ​​il əvvəl rast gəlinmişdir. Lakin ABŞ Milli Tibb Kitabxanası Medline məlumat bazasına bu termin yalnız 1997-ci ildə daxil edilmişdir və o vaxtdan bəri tibbi ədəbiyyatda tez-tez istifadə olunur. Lakin polifarmasiyanın hamı tərəfindən qəbul edilmiş tərifi yoxdur. Adətən polifarmasiya eyni vaxtda beş və ya daha çox reseptli, reseptsiz və ya ənənəvi dərman vasitəsinin istifadə olunmasını nəzərdə tutur.

Polifarmasiya əsaslandırılmış və əsaslandırılmamış  kimi təsnif edilir. Əsaslandırılmış polifarmasiya zamanı effektivliyi və təhlükəsizliyini daim izləmək şərti ilə terapevtik effekt əldə etmək  üçün bir neçə dərman təyin olunur. Əsassız polifarmasiya zamanı isə qarşılıqlı təsir zamanı arzu olunmayan dərman reaksiyalarına səbəb ola bilən müxtəlif qrupdan olan dərman preparatından istifadə olunur və farmakoloji təsirlərin monitorinqi aparılmır. Əsassız polifarmasiya  çox vaxt özünümüalicə zamanı müşahidə edilir. Çox sayda dərman vasitələri ilə qidalar və ya bitki mənşəli məhsullar arasında olan qarşılıqlı təsirlərdən artan risklər səbəbindən də pasiyentlərdə əlavə təsirlərin yaranma ehtimalı artır. Bir də geniş farmakoepidemioloji tədqiqatlar zamanı əldə edilən klinik dəlillərə əsaslanan "rasional" polifarmasiya ayırd edilir. Bununla belə, hətta bu vəziyyətdə də mənfi dərman reaksiyalarının inkişaf riski olduğundan, polifarmasiya təhlükəsizlik səbəbiylə diqqətlə izlənilməlidir.

Təəssüf ki, bir sıra dərman preparatlarının qarşılıqlı təsiri elmə məlum olsa da, çoxlu dərman qəbul edən xəstələrdə dərmanların qarşılıqlı təsirini keyfiyyət və kəmiyyət cəhətdən tam öyrənilməsi çətindir. Arzuolunmaz dərman reaksiyalarının yaranması üçün polifarmasiya əsas risk faktorudur. Hal-hazırda, yatrogeniya nəticəsində meydana çıxan polifarmasiya dünyada ciddi bir ictimai səhiyyə problemidir. Polifarmasiya klinik olaraq farmakoterapiyanın təsirinin azalması və ağır arzuolunmaz dərman reaksiyalarının inkişafı ilə yanaşı, həm dövlət, həm də fərdi maddi xərclərin əhəmiyyətli dərəcədə artması ilə də özünü göstərir. 

Son zamanlarda polifarmasiya nəticəsində dərmanların arzuolunmaz təsirindən əziyyət çəkən xəstələrin sayının artması tendensiyası müşahidə olunur.Tibbi ədəbiyyatın məlumatlarına görə, 5 və daha az dərman istifadə edərkən  arzuolunmaz dərman reaksiyalarının tezliyi 5%-dən çox olmadığı halda, 6 və ya daha çox dərman istifadə edərkən kəskin şəkildə – 25%-ə qədər artır. Məlumatlara görə, yaşlı insanlarda təyin edilən dərman birləşmələrinin 17-23%-i potensial təhlükəlidir və bunların 1/3 hissəsi ölümlə nəticələnir. 

Polifarmasiya ilə mübarizə yaşlı xəstələrə tibbi xidmət göstərilməsində vacib vəzifələrdən biridir. Çünki bu kateqoriyadan olan insanlar çox zaman bir neçə xroniki xəstəlikdən əziyyət çəkdiyindən, bir neçə dərman preparatı eyni zamanda təyin edilir. Yaşlı insanlarda polifarmasiya daha geniş şəkildə müşahidə edilsə də, müntəzəm olaraq bir çox dərman vasitələrindən istifadə edən hər kəs əlavə təsirlərə məruz qala bilər. Bura uzun müddət davam edən xroniki xəstəliyi olan, mütəmadi olaraq çox sayda dərman vasitəsi qəbul edən pasiyentlər daxildir. 

Eyni şeyi pediatrik praktikada bir çox xroniki xəstəliklərin müalicəsi haqqında da demək olar. Problemin geniş yayılmasına baxmayaraq, uşaq praktikasında polifarmasiyanın  vahid tərifi yoxdur. Pediatrik praktikada polifarmasiya dedikdə ümumiyyətlə, dərmanların sayı və qəbul müddəti, dərmanların sinifləri, dərmanların uyğunluğu,  uşağın sağlamlıq vəziyyəti və klinik şərait nəzərə alınır.

Son zamanlar pediatrik praktikada çox sayda dərmanın eyni vaxtda istifadəsi mürəkkəb patologiyaların müalicəsində klinik effekt əldə etmək cəhdi ilə əlaqələndirilə bilər. Ən çox stasionarda müalicə alan, xüsusilə reanimasiya şöbələrində olan və ya əsas xəstəliyi ilə yanaşı  digər xəstəliklərı və ya ağır xroniki xəstəlikləri olan xəstələrin müalicəsi zamanı çox sayda dərman eyni vaxtda təyin olunur. 

S. Feudtner və b. ABŞ-da iki böyük məlumat bazasına əsaslananaraq xəstəxanaya yerləşdirilmiş pediatrik xəstələrə dərmanların təyin edilmə tezliyini öyrənmişdir. Birincisinə yalnız uşaq xəstəxanalarından (52 xəstəxana, 491.451 xəstəxanaya yerləşdirmə, 365.868 uşaq), ikincisinə çoxsahəli xəstəxanalardan olan məlumatlar (411 xəstəxana, 260.740 xəstəxanaya yerləşdirmə, 221.559 uşaq)  daxil edilmişdir. Əldə edilən məlumatlara görə, gündəlik bir uşaq üçün xəstəxanada təyin edilən dərman preparatlarının orta sayı 3 ilə 9 arasında, uzun müddət xəstəxanada yatan xəstələrdə 21 ilə 42 arasında dəyişir. Bu rəqəmlər uşağın yaşına, xəstəxana növünə görə və xəstəliyin şiddətinə görə dəyişir.

Astma, epilepsiya və ya mukovissidoz kimi xəstəliklərin idarə olunması üçün mövcud klinik qaydalara uyğun olaraq eyni anda bir neçə dərman təyin edilir. Məsələn, mukovissidoz olan xəstələrə pankreas fermentləri, multivitaminlər, antibiotiklər, iltihab əleyhinə dərmanlar, bronxolitik və mukolitiklər təyin edilə bilər. Bu xəstələr demək olar ki, davamlı şəkildə kombinasiya edilmiş terapiya alsalar da, bu müalicə rejimləri düzgün sənədləşdirilmiş və xəstəliyin optimal idarə olunması üçün izlənilmişdir. Lakin bəzən tibb müəssisələrində xəstə uşaqlara eyni vaxtda əsası olmadan 10-15 və daha çox dərman, irrasional antibiotik terapiyası (o cümlədən virus infeksiyaları zamanı), kortikosteroidlər (tənəffüs çatışmazlığı və digər ağır əlamətlər olmadıqda), infuziya müalicəsi təyin edilir. Xəstəxanaya yerləşdirilən körpələr və uşaqlar üçün isə polifarmasiya  "normal"  haldır. Bu səbəbdən 2002-ci ildə ABŞ-da "Uşaqlar üçün ən yaxşı dərman vasitələri haqqında" Qanun (Best Pharmaceuticals for Children Act) qəbul edilmişdir. Bu sənədin qəbul edilməsində əsas məqsəd həkim səhvlərinin, o cümlədən xəstəxanaya yerləşdirilmiş uşaqlara çox sayda dərmanı eyni vaxtda tətbiq etməklə əlaqəli səhvlərin sayını azaltmaqdır.

Ambulator uşaq praktikasında mənfi təsirlər adətən bir neçə dərmanın qısa müddətli tətbiqi zamanı meydana çıxır. Təyin olunan dərmanlar arasında antibiotiklər, yerli antibakterial dərmanlar, hepatoprotektorlar, fermentlər, vitaminlər, immunomodulyatorlar,  müxtəlif pəhriz əlavələri ola bilər. Bir çox hallarda bu dərman vasitələrin təyin edilməsinə ehtiyac yoxdur və ya onların təyini məqsədəuyğun deyil.

Dərman preparatlarının monoterapiya şəklində istifadəsi kifayət qədər öyrənildiyi halda,  kombinasiya terapiyasının xəstəliyin gedişinə və proqnozuna təsiri barədə məlumatlar çox azdır. Kombinasiya terapiyasının bir çox variantının, hətta kliniki tövsiyyələrdə göstərilənlərin təhlükəsizliyi barədə kifayət qədər dəlil yoxdur.  Dərmanlardan kombinasiya şəklində istifadə edilməsinin effektivliyi və təhlükəsizliyi ilə bağlı araşdırmaların çox az olması və bu qeyri-müəyyənlik uşaq praktikasında daha da ağır nəticələrə səbəb ola bilər. Uşaqlarda polifarmasiya probleminə həsr olunmuş tədqiqatların çox az olmasına baxmayaraq, uşaq praktikasında dərman preparatlarının istifadəsi artır və bu, narahatlıq doğurur.  Real həyatda istifadə edilən bir çox dərmanların qarşılıqlı təsirini, dərman preparatlarının birgə təyini modelləri ilə uşaqlarda sağlamlıq problemlərinin yaranması arasında olan əlaqəni öyrənmək aktual olaraq qalır. 


 

 

Mənbələr

  1. Pub Med: NCBI [Internet]. US National Library of Medicine National Institutes of Health. Available from: https://www.ncbi.nlm. nih.gov/pubmed/.

  2. Лазарева Н. Б., Ших Е. В., Реброва Е. В., Рязанова А. Ю. Полипрагмазия в педиатрической практике: современные реалии. Вопросы современной педиатрии, 2019. 

  3. Сычёв Д.А., Отделенов В.А., Краснова Н.М., Ильина Е.С. Полипрагмазия:  взгляд клинического фармаколога // Терапевтический архив. — 2016.

  4. Guthrie B., Makubate B., Hernandez-Santiago V. and Dreischulte T. (2015). The rising tide of polypharmacy and drug-drug interactions: population database analysis 1995-2010. BMC Medicine. 2015 Apr 7; 13:74. Doi : 10.1186/s12916-015-0322-7.

  5. Magro L, Moretti U, Leone R. Epidemiology and characteristics of adverse drug reactions caused by drug-drug interactions. Expert Opin Drug Saf. 2012;11(1):83–94. doi: 10.1517/14740338.2012.631910. 

  6. Feudtner C, Dai D, Hexem KR, et al. Prevalence of polypharmacy exposure among hospitalized children in the United States. Arch Pediatr Adolesc Med. 2012;166(1):9–16. doi: 10.1001/ archpediatrics.2011.161

  7. Mogayzel PJ, Jr, Naureckas ET, Robinson KA, et al. Cystic fibrosis pulmonary guidelines. Chronic medications for maintenance of lung health. Am J Respir Crit Care Med. 2013;187(7):680–689. doi: 10.1164/rccm.201207-1160oe

  8. https://www.who-umc.org/research-scientific-development/scientific-publications/scientific-publications-library/