Yenidoğulmuş uşağın (0- 2 ay) psixi inkişafı

Yetkin insanla qarşılıqlı münasibətin xüsusiyyətləri

İnkişafın bu dövründə uşaq, demək olar ki, bütün təlabatlarını yetkin insanın (ana-ata) vasitəçiliyi ilə ödəyir. Uşaq özünü narahat hiss etdikdə, yemək istəyəndə bu barədə siqnal verir (ağlayır) və böyüklər bu narahatlığın səbəbini aradan qaldırır.

Lakin bilmək lazımdır ki, uşaq bu siqnalı xüsusi olaraq hansısa adamlara yox, ümumi ətrafa verir. Təlabatları ödənildikdə sakitləşir və qarşılıqlı ünsiyyəti davam etdirmir. İnkişafın bu mərhələsində uşaq və böyük arasında ünsiyyət hələ yoxdur.

2-3-cü həftə uşağın oyaq olma vaxtının artması ilə xarakterizə olunur. Bu zaman uşağın sizin üzünüzə yönəlmiş baxışını izləmək olar.  Təxminən bu dövrlərdə uşaq səsə reaksiya verməyə başlayır. Belə ki, səsli əşyanın (zəng, açar) səsinə bir anlıq donur və sonra səsin mənbəyini gözləri ilə axtarmağa cəhd edir. 

Uşaq gözünüzə baxır. Bu, ünsiyyətin ilkin yaranması haqqında sizə məlumat verə bilər. Uşaqla dünyaya gəldiyi ilk gündən danışılmasa, qarşılıqlı münasibət yalnız fiziolojı ehtiyacları ödəməklə məhdudlaşsa, onda bu baxış (ünsiyyətin ilk komponenti) və əşyaları izləmə gec formalaşır.

Düzgün tərbiyə zamanı birinci ayın sonunda uşaq ona müraciət olduqda nəinki “donub” qalır, böyüyün gözünə baxır və təbəssüm edir. Qeyd etmək lazımdır ki, təbəssüm psixi inkişafın vacib məqamlarından biridir. Uşaq doğulandan sonra onun üzündə müxtləlif mimikalara (üz cizgilərinin ani vaxtda dəyişməsi) və təbəssümə rast gəlmək olur. Lakin bu təbəssüm ümumi ətrafa yönəlir və çox vaxt uşağın gözləri bağlı olur. Belə təbəssümü “fizioloji” adlandırırlar. Lakin böyüyün müraciəti əsnasında uşaq tərəfindən verilən təbəssüm (bu zaman uşağın baxışının böyüyün gözünə yönəlmisi şərtdir) “sosial” təbəssüm adlanır. 

Beləliklə, yenidoğulmuş uşaqda normal psixi inkişaf diqqətin insanlara və əşyalara yönəlməsi ilə xarakterizə olunur. Bu dövr həm də uşaq və böyük arasında olan ünsiyyətə hazırlıq mərhələsi hesab olunur.