Yenidoğulmuş (0-2 ay) uşaqların psixoloji dəyərləndirilməsi: canlanma kompleksi

Valideyn tərəfindən mütəxəssislərə övladları ilə bağlı  müraciətlərin böyük qismi uşaqların inkişafının normaya uyğun olub-olmamadığını aydınlaşdırmaq məqsədi daşıyır. Bundan əlavə, hər bir mütəxəssis uşağı müayinə edərkən onun inkişaf normativlərinə uyğun olmasını dəyərləndirməlidir. Yenidoğulmuş uşaqların fizioloji parameterlərini (çəki, boy, başın ölçüsü və s.) obyektiv ölçmək üçün  cihazlar mövcuddur. Əlavə olaraq, bunun üçün xüsusi normativ cədvəllər var. Ölçülmüş vahidi bu cədvəldə olan rəqəmələrlə müqayisə etmək olar. Bəs psixoloq mütəxəssis tərəfindən bu yaş dövründə (0-2 ay) psixoloji dəyərləndirmə hansı meyarlara əsasən edilə bilər? Axı uşaq bu dövrdə heç danışmır. Bunun üçün canlanma kompleksi var ki, bu yaş dövründə normal inkişafın əsas göstəricisidir. Bu kompleks uşağın ətrafda olan insanlarla ünsiyyət vasitəsidir.

Dünyaya gəldikdən sonra dörd həftədən altı həftəyə qədər uşaqda bu halları müşahidə etmək olar: o artıq ananın dəstəyi ilə yetkin insanı əşyalardan ayıra bilir, müxtəlif ünsiyyət bacarıqlarını istifadə etməyə başlayır. Gözləri ilə inamlı şəkildə böyüyü axtarır, onun addımlarına, səsinə reaksiya verir, uzaq məsafədən onu görür. Ananın üzünə diqqətlə baxır, onun müraciətinə oyanıq reaksiya verir, səsinə diqqətlə qulaq asır, ayaq və əlləri ilə hərəkət edir.

Yuxarıda sadalananlar körpənin 2,5 ayında canlanma kompleksinin formalaşması ilə davam edir. Ananın körpəyə tərəf əyiləndə, o, gülümsəməyə başlayır, səslə reaksiya verir, məqsədyönlü olaraq gözlərə baxır və sadə əl-ayaq hərəkətlərini (yuxara-aşağı) yerinə yetirir. 

Canlanma kompleksi özündə 4 əsas komponenti ehtiva edir:

  1. “Donmaq” və baxışı insanın üzünündə cəmləşdirmək;

  2. Uşağın emosiyasını ifadə edən təbəssüm;

  3. Hərəkətli oyanma (başla hərəkətlər, əllərin və ayaqların qaldırılması, arxaya doğru əyilmə və s.)

  4. Vokalizasiya – qışqırtılar, qığıldamalar (qısa “kh”, “qk” bənzər səslər).

Bu komponentlər körpədə eyni zamanda ortaya çıxır. İkinci ayda formalaşan canlanma kompleksinin komponentləri öz intensivliyini dördüncü aya qədər artıra bilər. Altıncı aydan sonra bu kopleks “dağılır”, onun komponentləri bir-birindən müstəqil şəkildə müşahidə edilir və uşaqda digər davranış formaları yaranır. 

Aşağıdakı video-çarxda canlanma kompleksini əyani şəkildə müşahidə edə bilərsiniz 

https://www.youtube.com/watch?v=rOXQwt1g6Q4

Video-çarxda biz görürük ki, canlanma kompleksini izləmək üçün mütləq şəkildə uşaqla hər hansı bir şəxs (ana, ata və ya tərbiyəsində iştirak edən digəri) qarşılıqlı münasibət, ünsiyyət qurmalıdır. Maraqlı məqəmlardan biri odur ki, uşaq sanki böyük insanla dialoqdadır və bu dialoqda biri danışanda o birisi onu dinləyir. 

Psixoloq-mütəxəssis bu meyarları dəyərləndirərkən valideynə uşaqla danışmağını təklif edib yenidoğulmuşun reaksiyalarını müşahidə etməlidir. Bu zaman yenidoğulmuş çox vaxtı donmalı, valideynin müraciətini dinləməli və müraciət bitdikdən sonra özü vokalizasiya, əl-ayaq hərəkətlərinin müşayiəti ilə dialoqu davam etdirməlidir.  

Beləliklə, qeyd etmək lazımdır ki, yenidoğulmuş uşağın psixoloji inkişafını izləmək inmkanımız var. İki aylıq körpənin psixi inkişafının normaya uyğun olmasını dəyərləndirmək üçün əsas meyyarımız canlanma kompleksidir. Canlanma kompleksinin bütün komponentlərinin birgə müşahidə olunması şərtdir. Əgər onlar ayrı-ayrılıqda olsa, onda bu canlanma kompleksi deyil. 

 

Mənbələr

  1. Смирнова Е. О., Галигузова Л. Н., Ермолова Т. В., Мещерякова С. Ю. С 50 Диагностика психического развития детей от рождения до 3 лет — М.: АНО «ПЭБ», 2007.—128 с.

  2. СИДОРОВ И.Ю., СОБОЛЕВА Е.В. КОМПЛЕКС ОЖИВЛЕНИЯ КАК СПОСОБ ОБЩЕНИЯ МЛАДЕНЦА С РОДИТЕЛЯМИ Вестник совета молодых учёных и специалистов Челябинской области №2 (17) Т. 2 2017