Döşlə əmizdirməyin ana üçün əhəmiyyəti

Əlbəttə, körpəni ana südü ilə qidalandıran zaman valideynlər ilk növbədə uşağın sağlamlığı  barədə düşünürlər. Ana südü körpəniz üçün ən uyğun qida olub, onun hərtərəfli inkişafını təmin edir. Lakin uşağın ana südü ilə bəslənməsi ana və ümumən ailə üçün də üstünlüklərə malikdir. Bəs bu üstünlüklər hansılardır?

Ananın sağlamlığı və psixoloji komfortu

  • Döşlə əmizdirmə zamanı ananın orqanizmində oksitosin hormonun ifrazı çoxaldığı üçün doğuşdan sonra uşaqlıq daha sürətlə yığılır, qanaxma və anemiya təhlükəsi azalır.

  •  Döşlə əmizdirmə zamanı anada süd durğunluğu və mastitin əmələ gəlmə riski çox aşağıdır.

  • Ana südü ilə qidalandırma analar üçün hamiləlik dövründə topladığı artıq çəkidən azad olmaq üçün əla vasitədir, cünki bu dövrdə orqanizm gündə əlavə 500 kal sərf edir !

  • Əmizdirmə zamanı ananın qanında “xoşbəxtlik, sevgi və həzz” hormonlarının (endorfin, oksitosin) miqdarı artdığından, o, daha sakit, özünə inamlı və xoşbəxt olur. Analarda doğuşdan sonrakı depressiya daha az rast gəlinir.

  • Süd verən analarda gələcəkdə döş vəzinin, uşaqlığın və yumurtalığın xərçəngi, hipertoniya və digər ürək-damar xəstəlikləri, öd daşı xəstəliyi,  osteoparoz, şəkərli diabet, beyin qan dövranının pozulması, dağınıq skleroz kimi xəstəliklər daha az rast gəlinir.

  • Döşlə yedizdirmə zamanı ovulyasiya və aybaşı dayanır. Bu, analar üçün əlavə üstünlükdür. Döşlə yedizdirmə arzu olunmayan hamiləlikdən qorunmanın fizioloji metodu hesab olunur (doğuşdan sonra ilk 6 ay müddətində 98% effekti müşahidə olunur).

  • Ana südü ilə bəslənən körpələr daha az xəstələndiyindən, valideynlər daha rahat olur, həmçinin dərman  və xəstəxana xərcləri lazım olmur. 

 

Rahatlıq və praktiklik

  • Ana südü sterildir. Körpənin əmdiyi süd turşumur, xarab olmur, xəstəlik törətmir. Ana südündə bakteriyalar süni süd qarışıqlarına nisbətən yavaş  çoxaldığı üçün, sağdıqdan sonra onu daha uzun müddət saxlamaq olar. Bu, anaya təhsili və ya işləri ilə əlaqədar olaraq südünü sağıb saxlamağa imkan verir.

 

  • Ana südü həmişə “istifadəyə hazırdır”. Onu qızdırmağa, içərisində süd olan qabları yumağa , sterilizasiya etməyə ehtiyac yoxdur. Ana, xüsusən gecələr, uşağı yatağından durmadan yedizdirə bilər. Əmmə zamanı uşağın qanında yaranan  və ana südü ilə keçən hormonlar körpənin yuxuya getməsini təmin edir. Bütün bunlar anaya istirahət etməyə, vaxta qənaət edərək, öz körpəsi və ailəsi ilə daha çox vaxt keçirməyə, təhsilini və işini davam etdirməyə imkan verir.

  • Ana südü sərfəli qidadır. Döşlə əmizdirmə zamanı bahalı süd qarışıqları, süd qabları, qızdırıcılar və sterilizasiya aparatları almağa ehtiyac olmur. Bu da ailə büdcəsinə xeyir verir.