Ata-ananın övladlarını düzgün dinləməsinə mane olan yanaşma tərzləri

Ata-ananın övladlarını düzgün dinləməsinə mane olan yanaşma tərzləri

Bu hissədə valideynlərin bəzi davranış və yanaşma tərzlərinin övladları ilə ünsiyyətinə necə zərər verdiyini konkret dialoqlar əsasında nəzərdən keçirəcəyik. Verilən dialoq iki valideyn arasında olsa da, valideyn-uşaq münasibətlərinə də aiddir.

a) Amiranə yanaşma: Məsələlərə bu aspektdən baxan valideynlər uşaqları ilə bağlı hər şeyi nəzarətdə saxlamağı vacib sayırlar. Adətən uşaqlarının nəyə ehtiyacı varsa, təmin edirlər. Hər şeyin onların istədiyi kimi olmasına çalışırlar. Övladları onların istədiyini eləməyəndə əmr verərək və ya hədə-qorxu gələrək nəzarətdə saxlamaq istəyirlər. Problemlə bağlı dönə-dönə suallar verir, hadisəni aydınlaşdırmağa çalışırlar.

Könül xanım: Çox yorğunam. Bu həftə uşaqların ikisi də xəstə idi. Gecə tez-tez oyanmalı olmuşam.

Anası: Niyə xəstələniblər? Nazik geyindirməmişdin ki? Havalar soyuyub, qalın paltar geyindir.

Könül xanım: Geyindirirəm, ana. İkisinin da qalın paltosu, papağı var.

Anası: Onda, yəqin, məktəbdə yoluxublar. Dərmanlarını vaxtında verirsən? Çalış ki, dərmanların saatını ötürməyəsən.

Könül xanım: Həkim nə deyibsə, hamısını edirəm. Amma yenə də gecə yatmırlar.

Anası: Yəqin, gecə üstlərini açırlar. Ədyal örtürsən? Ədyalı çarpayının kənarlarına yaxşı-yaxşı keçir ki, üstlərini aça bilməsinlər.

Könül xanım: Örtürəm, örtürəm. Onsuz da, tez-tez qalxıb baxıram. Ona görə yuxusuz və yorğunam da...

Anası: Bəlkə, axşam ağır yemək yemisən. Qəhvə də içmisən?

Könül xanım:...

b) Nəsihətverici yanaşma: Bu cür valideynlər "Biz sənin üçün fədakarlıq edirik. Amanın günüdür, üzümüzü qara eləmə. Atan gecə-gündüz bizim üçün işləyir" kimi cümlələrdən çox istifadə edirlər. Bu cür ata-analar həmişə övladlarına öyüd-nəsihət edirlər. Və istəyirlər ki, övladları da bütün nəsihətlərinə əməl etsinlər.

Könül xanım: Çox yorğunam. Bu həftə uşaqların ikisi də xəstə idi, gecə tez-tez qalxmalı olmuşam.

Anası: Uşaqları xəstələndirməsən, qalxmağa da ehtiyac olmaz. Yaxşı bax, südlərinə, şorbalarına fikir ver.

Könül xanım: Fikir veriram, ana. Yedirirəm, içirirəm.

Anası: Təkcə yedirib-içirməklə olmaz. Yuxu rejimlərinə də fikir ver. Mən sizi heç xəstələndirmədən böyütmüşəm. Uşağa baxmaq elə də asan iş deyil. Bilənlərdən soruş, qulaq as, diqqət et.

Könül xanım: Mən də sənin qədər diqqət edirəm, ana.

Anası: Yatandan sonra üstlərini açıb-açmadıqlarına baxmalısan, tərləyib-tərləmədiklərini yoxlamalısan.

Könül xanım:...

c) Biləndər yanaşması: Hadisələrə bu cür yanaşan ata-analar "hər şeyi" bilirlər. Uşaq onlara bir şey danışa bilməz. Ağzını açan kimi "Yaxşı, bilirəm, sən yenə filan şeydən danışacaqsan" deyib uşağı susdururlar. "Hər şeyi bildikləri" üçün hadisəni təhlil edir, "diaqnoz" qoyur və təbii ki, ünsiyyəti zədələyirlər. Bu cür valideynlərə nəsə danışmaq, nəyisə başa salmaq çox çətindir. Onlar, onsuz da, "hər şeyi" bilirlər, ona görə də bildikləri bir şeyi dinləməzlər.

Övladı ilə bağlı bir problemi varsa, başa sala bilməzsiniz. Və ya danışarsınız, amma bir nəticəsi olmaz. Onlar “hər şeyi bildikləri kimi, övladlarını necə tərbiyə etməyi də bilir və "heç vaxt" səhvə yol vermirlər.

Kiçik və ya böyük - fərqi yoxdur, bir insanı doğru düzgün anlamaq üçün əvvəlcə ona axıracan qulaq asmaq lazımdır. Dinlədikdən sonra məsələ ilə bağlı suallar verməli və doğru başa düşdüyümüzə əmin olmalıyıq. Gözümüzü yumub ağzımızı açmazdan əvvəl bir daha düşünməliyik.

Könül xanım: Çox yorğunam. Bu həftə uşaqların ikisi də xəstə idi. Gecələr neçə dəfə qalxmalı olmuşam.

Anası: Deyəsən, sizə gəlib bir neçə gün kömək etməyimi istəyirsən.

Könül xanım: Xeyr, ana, elə demək istəmədim. Sadəcə uşaqların xəstə olduğunu, gecəni yatmadığımı dedim.

Anası: İstəyirsən, evdə bir şey bişirib sənə gətirim...

Könül xanım: Zəhmət çəkmə, ana, niyyətim o deyildi. Elə sözgəlişi yorğunam demək istədim.

Anası: Məni yola vermə, sənə yaxşı bələdəm...

Könül xanım: ...

c) "Müstəntiq” yanaşması: Müstəntiq adətən şübhəli şəxsə başlanğıcdan təqsirkar kimi baxır və onun təqsirkar olduğunu sübut etməyə çalışır. Hadisələrə bu cür yanaşan ata-analar da uşaqlarını bəri başdan təqsirkar bilirlər.

Məsələn, Muradla Anar yan tərəfdəki otaqda oynayırlar. Birdən Anar ağlamağa başlayır. Ata və ya ana o saat səslənir: “Murad, yenə qardaşına nə elədin?" Halbuki Anar özü yıxılıb ağlaya bilər. Bu davranış tərzi ekspert yanaşması ilə "qoşa addımlayır”.

Könül xanım: Yaman yorğunam. Bu həftə uşaqların ikisi də xəstə idi, gecə tez-tez oyanmalı olmuşam.

Anası: Yaxşı baxmamısan uşaqlara?

Könül xanım: Yoox, əlbəttə, yaxşı baxmışam. Heç elə şey olar?!

Anası: Yaxşı baxmısansa, bəs niyə xəstələniblər? Demak, uşaqların düz-əməlli qayğısına qalmırsan.

Könül xanım: ...

d) Ekspert yanaşması: Bu rolda çıxış edən ata-analar uşaqlar haqda bir az da kitab oxuyublarsa və az-çox təhsilləri varsa, hamıya mütəxəssis gözü ilə baxırlar. Özlərini bəzən pedaqoq hesab edirlər. Övladları neçə yaşında olur olsun, onlara öyüd-nəsihət verməyi, yol göstərməyi özlərinə borc bilirlər:

Könül xanım: Çox yorğunam. Bu həftə uşaqların ikisi da xəstə idi, gecə tez-tez qalxmağa məcbur olmuşam.

Anası: Özünü həddən artıq yorursan. Axşamlar da gəzintiyə çox çıxırsınız. Dincəlmək istəyirsənsə, gecə gəzintilərini bir az azalt.

Könül xanım: Axı bu həftə heç yerə gedə bilməmişik. Uşaqlar xəstə idi...

Anası: Olsun, ümumən gəzintiyə çox çıxdığınıza görə bərk yorulursan, uşaqlara da yaxşı baxa bilmirsən...

Könül xanım:...

Uşaqlara “diaqnoz" qoymazdan əvvəl, zəhmət olmazsa, bir mütəxəssisin məsləhətinə müraciət edək. Övladların hər davranışını analiz etməyə başlasaq, sıxılarlar və biz valideynləri ilə vaxt keçirmək istəməzlər.

e) Tǝnqidi yanaşma: Bu valideynlər uşaqlarını həmişə tənqid edir, təqsirləndirir və onlara ləqəb qoşurlar. Səbəbini soruşanda da: "Onu tənqid edirəm ki, bir nəticə çıxarsın və məndən nümunə götürüb hərəkətlərini düzəltsin” cavabını verirlər. Bu tənqidlər tərbiyəedici və konstruktiv olmadığı üçün effekt vermir. Əksinə, uşağı səhvlərinə qarşı laqeydləşdirir.

Könül xanım: Çox yorğunam. Bu həftə uşaqların ikisi də xəstə idi. Gecə tez-tez oyanmağa məcbur olmuşam.

Anası: Bunda şikayət edəsi nə var? Məgər mən sizin üçün az yuxusuz qalmışam?

Könül xanım: Amma, ana, bu dəfə ikisi birdən xəstə idi...

Anası: İndiki analar heç əziyyət çəkmək istəmirlər...

Könül xanım: ...

a) Təsəlliverici yanaşma: Bu ata-analar övladlarını kədərli görəndə adətən onların dərdlərinə bir çarə tapmaq əvəzinə onlara təsəlli verib mövzunu dəyişdirirlər. Bir-iki kəlmə sakitləşdirici sözlər deyib başlarını sığallayırlar. Elə bil heç bir şey olmayıb, hər şey yolundadır. Elə sanırlar ki, quru təsəllilərlə uşaqların dərdinə dərman olmaq mümkündür. Əslində, bu hərəkətləri ilə baş vermiş hadisəyə və ya problemə deyil, övladlarının hislərinə biganə yanaşmış olurlar.

Könül xanım: Çox yorğunam. Bu həftə uşaqların ikisi də xəstə idi, gecə tez-tez oyanmalı olmuşam.

Anası: Elə şeylər olur, uşaqdırlar da...

Könül xanım: Hə, amma gecəni yaxşı yatmayanda çox əsəbi və gərgin oluram, başım da bərk ağrıyır.

Anası: Bir fincan qəhvə iç, düzələrsən...

Könül xanım: Üstəlik, axşama bir yığın ütülənəsi paltar var.

Anası: Fikir eləmə, canım, axşama qədər düzələr. Dünən Zərifəni də bərk başağrısı tutmuşdu, amma bütün işlərini gördü, maşallah.

Könül xanım: ...

Səmərəsiz dinləmə metodlarını bir kənara atıb “mən” dili ilə danışa bilsək, empatiya qura bilsək, fikrimizi açıq ifadə etsək, aktiv dinləməyi vərdişə çevirsək, ünsiyyətimiz çox gözəl alınar.