Ananın səsi yuxuda olan yenidoğulmuş körpəni intensiv terapiya şöbəsindəki səs-küydən qoruya bilər

Yuxunun idrakın, ümumi sağlamlığın və rifahın vacib bir faktoru olması getdikcə daha çox qəbul edilir. Yuxu həm vaxtından əvvəl, həm də vaxtında doğulmuş körpələr üçün son dərəcə vacibdir. Lakin körpələr üçün yuxunun ideal müddəti və keyfiyyəti, yuxu pozuntusunun sinir sisteminin inkişafına necə təsir göstərdiyinin uzunmüddətli  nəticələri hələ tam müəyyən edilməyib. 

Xəstələnmiş və ya vaxtından əvvəl doğulmuş yenidoğulmuş körpələrə beyin inkişafının kritik dövründə reanimasiya və intensiv terapiya şöbəsində (İTŞ)  müalicə və genişləndirilmiş qulluq tələb edilə bilər. ABŞ-da yenidoğulan körpələrin təxminən 10%-nə intensiv terapiya tələb olunur. İntensiv terapiya şöbəsindəki mühit bətndaxili mühitdən çox fərqlidir və bu, uşağın yuxusuna təsir göstərə bilər. 

Əvvəlki tədqiqatlar göstərmişdi ki, neonatal yuxunun kəmiyyət ölçmələri sinir sisteminin inkişafının proqnozlaşdırıcısı ola bilər. Hazırkı tədqiqatın məqsədi İTŞ olan akustik mühitin yenidoğulmuş körpənin  yuxusuna təsir edib-etmədiyini və ananın səsinə qulaq asmağın bu təsiri modullaşdıra biləcəyini qiymətləndirmək idi.

Tədqiqatın metodları və gedişi. İTŞ-də olan 47 yenidoğulmuş uşağa 12 saatlıq polisomnoqrafiya aparılmış və alınan nəticələr araşdırmaya daxil edilmişdir. Uşaq kitablarını oxuyan anaların səsi yazılmış və anaların səsləri davamlı olaraq polisomnoqrammanın ilk, ya da ikinci 6 saatında səsləndirilmişdir. Reqressiya modelləri yuxu-oyanıqlıq mərhələlərini, entropiyanı, EEG gücünü və ətraf səs-küyə cavab olaraq səsləndirilmə və səsləndirilmə olmadan oyanma ehtimalını öyrənmək üçün istifadə edilmişdi.

Nəticələr. Nəticələr maraqlı və klinik baxımdan əhəmiyyətlidir. İTŞ-ə yerləşdirilmiş 35 həftəlik hamiləlik dövründə və ya ondan sonra doğulmuş körpələrdə daha erkən doğulmuş körpələrdən fərqli olaraq yuxu və oyanma patternləri müəyyən olunur və bunlar yaş artdıqca anaların səsinə daha çox reaksiya verirlər. Bu, tam müddətə yaxınlaşdıqca yenidoğulmuşların analarının səsinə daha çox cavab verə bilmə ehtimalını artırır. Hər hansı bir verilən polisomnoqramma  dövrü ərzində körpənin ananın səsinə məruz qalmaması ilə müqayisədə məruz qalması zamanı yatmaq ehtimalı daha yüksək olmuşdur.

Eyni zamanda, 33-34 həftə arasında doğulan körpələrdən fərqli olaraq ≥35 həftəlik hestasiya yaşında doğulmuş 20 körpədə oyanma nisbətində yaşla əlaqədar artım, ümumi yuxunun azalması, saatda REM yuxu dövrlərinin sayının azalması yalnız 6 saat ananın səsinin təsirinə məruz qaldıqda müşahidə olunmuşdu. Lakin yuxu zamanı ananın səsi həmçinin yeni doğulan körpələri, xüsusilə də ≥35 həftəlik hestasiya yaşında doğulmuş körpələri xəstəxanada olan güclü səs-küydən oyanmadan qoruya bilər. 

Mövcud tədqiqatlar ananın səsinin yazılıb səsləndirilməsi zamanı intensiv terapiya şöbəsində olan  xəstələri tibb müəssisəsində olan qaçılmaz səs-küyün bəzi təsirlərindən qoruya biləcəyini, ən yüksək səs səviyyəsində oyanma ehtimalını azaltma hesabına izolyasiya edə biləcəyini göstərdi. Həmçınin intensiv terapiya tələb edən yenidoğulmuşlarda yuxunu yaxşılaşdırmaq üçün hazırlanan müdaxilələrin hestasiya yaşına uyğunlaşdırılması tələb oluna bilər.

 

Mənbələr

  1. Renée A. Shellhaas, Joseph W. Burns, John D.E. Barks, Fauziya Hassan and Ronald D. Chervin

  2. Pediatrics September 2019, 144 (3) e20190288; DOI: https://doi.org/10.1542/peds.2019-0288