Super atalar

Aktiv, sevən və qayğıkeş atalar uşaq beyninin inkişafı üçün ən gözəl resursdur. Tədqiqatlar göstərir ki, uşaqlarının tərbiyəsində aktiv iştirak edən atalar onların beyin inkişafına müsbət təsir göstərir. Yenidoğulma dövründən etibarən uşağına qayğı göstərən ata onun gələcək inkişafında da böyük rol oynayır.

İlk 1000 günü uşaq əlverişli şəraitdə keçirərsə və qayğı ilə əhatə olunarsa, onun beyin neyronları arasında çoxsaylı əlaqələr (sinapslar) sürətlə yaranar. Bu isə beynin inkişafına səbəb olur. Öz növbəsində bu gələcəkdə uşağın öyrənmə, düşünmə, oxuma və sterslə mübarizə qabiliyyətini möhkəmləndirir.

Məhz bu dövrdə ata uşağın qayğısına qalmaq, söhbət etmək, oynamaq, mahnı və kitab oxumaqla övladının psixi sağlamlığına müsbət təsir göstərir və özünəinamını artırmış olur. Tədqiqatlar göstərir ki, övladına qayğı və nəvaziş göstərən kişilər daha mülayim, uzunömürlü və zərərli vərdişlərdən uzaq olurlar, zehni və fiziki problemləri az olur. Bu, onunla izah olunur ki, testesteron hormonunun səviyyəsi enir, oksitosin və prolaktin hormonlarının səviyyəsi isə artır. Nəticədə kişilərin aqresiyası azalmış olur.

 

Vüsalə Əliyeva

Pediatr, UNİCEF-in milli təlimçisi