Qızılca virusu

Qızılca virus mənşəli, ciddi fəsadlara və ölümə səbəb ola bilən yoluxuculuğu yüksək,  hava-damcı yolu ilə yayılan ciddi bir xəstəlikdir. Qızılca peyvəndi 2000-2021-ci illər arasında 56 milyon ölümün qarşısını almışdır (ÜST). Təhlükəsiz və ucuz peyvənd olmasına baxmayaraq, 2021-ci ildə bütün dünyada qızılcadan təxminən 128.000 ölüm hadisəsi baş vermişdir; bunların əksəriyyəti peyvənd olunmamış və ya 5 yaşınadək yarımçıq peyvənd olunmuş uşaqlar arasında olmuşdur.

Qızılca hər kəsə yoluxa bilər, lakin daha çox uşaqlarda olur. Qızılca tənəffüs yolları ilə orqanizmə daxil olur və sonra bütün bədənə yayılır. Simptomlara yüksək hərarət, öskürək, burun axması və bütün bədəndə səpgi daxildir. Qızılca xəstəliyinə tutulmanın və ya xəstəliyin başqalarına yayılmasının qarşısını almağın ən yaxşı yolu peyvənd olunmaqdır.

Simptomlar

Qızılca simptomları adətən virusa məruz qaldıqdan 10-14 gün sonra başlayır. Səpgi ən çox görünən simptomdur. Erkən simptomlar adətən 4-7 gün davam edir. Tez-tez rast gəlinən simptomlar aşağıdakılardır:

  • burun axıntısı
  • öskürək
  • qırmızı və sulu gözlər
  • yanaqların içərisində kiçik ağ ləkələr

Səpgiyə məruz qaldıqdan təxminən 7-18 gün sonra, adətən üz və boyunun yuxarı hissəsində səpgilər artmağa başlayır. Təxminən 3 gündən sonra əllərə və ayaqlara yayılır. Adətən solmadan əvvəl 5-6 gün çəkir. Qızılca ilə bağlı ölümlərin çoxu xəstəliklə bağlı fəsadlar nəticəsində baş verir. Fəsadlara aşağıdakılar daxil ola bilər:

  • korluq
  • ensefalit (şişməyə və potensial beyin zədələnməsinə səbəb olan beyin infeksiyası)
  • şiddətli ishal və nəticədə dehidratasiya
  • qulaq infeksiyaları
  • pnevmoniya da daxil olmaqla ciddi tənəffüs problemləri

Əgər qadın hamiləlik zamanı qızılcaya yoluxursa, bu, ana üçün təhlükəli ola bilər və körpənin vaxtından əvvəl aşağı çəki ilə dünyaya gəlməsinə səbəb ola bilər.

Fəsadlar ən çox 5 yaşdan kiçik uşaqlarda və 30 yaşdan yuxarı böyüklərdə özünü göstərir. Xüsusilə kifayət qədər A vitamini qəbul etməyən və ya İİV və ya digər xəstəliklər səbəbindən immun sistemi zəifləmiş uşaqlarda daha çox rast gəlinir. Qızılca özü də immun sistemini zəiflədir və orqanizmin infeksiyalardan necə qorunacağını “unutmasına” səbəb olur və uşaqları son dərəcə həssas edir.

 

Kimlər risk altındadır?

İmmuniteti olmayan hər hansı bir şəxs (peyvənd olunmamış və ya peyvənd olunmuş, lakin immuniteti qazanmamış) yoluxa bilər. Peyvənd edilməmiş kiçik uşaqlar və hamilələr qızılca xəstəliyinin ağırlaşmaları üçün ən yüksək risk altındadırlar.

Yayılma

Qızılca dünyanın ən yoluxucu xəstəliklərindən biridir, yoluxmuş xəstənin burun və ya boğaz ifrazatları ilə təmasda (öskürmə və ya asqırma) və ya qızılca xəstəliyinə tutulmuş şəxsin tənəffüs etdiyi hava ilə yayılır. Virus havada və ya yoluxmuş səthlərdə iki saata qədər aktiv qalır. Buna görə də qızılcaya yoluxmuş şəxs peyvənd olunmamış yaxın təmasda olan 10 nəfərdən doqquzuna yoluxdura bilər. Səpgilərin başlanmasından dörd gün əvvəldən və səpgi göründükdən dörd gün sonraya qədər yoluxmuş şəxs tərəfindən ötürülə bilər.

Qızılca epidemiyaları xüsusilə bəslənmə yetərsizliyi olan uşaqlarda ciddi fəsadlara və ölümə səbəb ola bilər.

Müalicə

Qızılca üçün xüsusi müalicə yoxdur. Simptomları aradan qaldırmağa, xəstəni rahatlaşdırmağa və ağırlaşmaların qarşısını almağa çalışılmalıdır. Kifayət qədər su içmək ishal və ya qusma nəticəsində itirilən mayeni əvəz edə bilər. Sağlıqlı qidalanma bu dönəmdə çox vacibdir. Həkimlər pnevmoniya, qulaq və göz infeksiyalarını müalicə etmək üçün antibiotiklərdən istifadə edə bilirlər. Qızılca xəstəsi olan bütün uşaqlar və böyüklər 24 saat ara ilə iki doza A vitamini qəbul etməlidirlər. Bu, göz zədələnməsinin və korluğun qarşısını almağa kömək edir. Vitamin  A qəbulunun eyni zamanda qızılcadan ölümləri azaltdığı düşünülür.

Profilaktika

Qızılcadan qorunmağın ən təsirli yolu toplumun peyvənd olunmasıdır. Bütün uşaqlar qızılcaya qarşı peyvənd edilməlidir. Peyvənd təhlükəsiz, effektiv və ucuzdur. Uşaqlarda immuniteti inkişaf etdirmək üçün peyvənd iki doza verilməlidir. İlk doza adətən qızılca xəstəliyinin yayıldığı ölkələrdə 9 aylıq, digər ölkələrdə isə 12-15 aylıq ikən verilir. İkinci doza isə adətən 15-18 ayda verilməlidir.

Təmaslılar üçün müvafiq profilaktik tədbirlər görülməlidir. Yoluxucu olduğu dövrdə qarşılaşılmış bir xəstə ilə aşağıdakı qrup insanlar təmaslı sayılır:

  • eyni evdə yaşayan hər kəs
  • xəstə ilə eyni yerdə yatanlar (xəstəxana, internat məktəbi, hərbi hissələr)
  • eyni sinif, məktəb və ya gündüz qayğısına ehtiyacı olan uşaqlar/böyüklər
  • xəstə ilə eyni yerdə gözləyənlər (xəstəxananın gözləmə otağında olan xəstələr və xəstə yaxınları) və eyni poliklinika otağında qızılcalı xəstə müayinə edildikdən sonra 2 saat ərzində müayinə olunanlar
  • xəstə ilə eyni iş yerində işləyən həmkarları
  • xəstə ilə eyni təyyarədə səyahət edənlərdən eyni sırada oturan və ya ön və arxadaki 2 sıra olan sərnişinlər
  • eyni zamanda xəstənin gəzdiyi ümumi ərazidə olan digər şəxslər (kinoteatr, ticarət mərkəzi, restoran, ictimai nəqliyyat və s.).

Təmas sonrası peyvənd planı:

Qızılca peyvəndi şübhəli və ya dəqiqləşdirilmiş qızılca təması olan və iki doza sənədləşmiş peyvəndi olmayan, xəstəliyi keçirməyən və 6 aydan yuxarı olan hər kəsə tətbiq edilməlidir. 6-11 ay arasında tətbiq olunan doza adi peyvənd cədvəlindəki dozanı əvəz etmədiyi üçün doza 12-ci aydan sonra (ən azı dörd həftə ara ilə) təkrarlanmalıdır.

Təmas sonrası immunoqlobulin tətbiqi:

Peyvəndin tətbiq oluna bilməyəcəyi hallarda (6 aydan kiçik körpələr, hamilə qadınlar, immunosupressiv insanlar və peyvəndin əks göstəriş olduğu digər hallarda) tövsiyə olunur.

 

Qeyd: Qızılca peyvəndi alacaq insanlar hamiləlik və əks göstərişlər barədə sorğu-sual edilməlidir.

 

Şəbnəm Bağırlı

Pediatr