Autizm: əlamətləri, səbəbləri və müalicəsi

Bir çox valideyin uşağının üç yaşında danışmağa başlamamasını, heç kimlə ünsiyyət qurmamasını uşağın şəxsiyyətinə xas bir xüsusiyyət kimi qəbul edir. Buna görə həkimlərdən autizm diaqnozu eşidəndə uzun müddət inanmaq istəmirlər. Autizmli bir uşaq isə insanların arasında narahatlıq hiss edir, çünki onları başa düşə bilmir.

Autizmin əlamətləri

Autizm hər bir autizmli şəxsin özünəxas əlamətləri ilə xarakterizə olunan sirli bir pozuntudur. Ancaq onların ümumi xüsusiyyətləri də var.

Erkən uşaqlıq autizminin əlamətləri və simptomları yaşdan asılıdır. Buna görə əlamət və simptomların dörd əsas qrupu qeyd olunur:

- erkən uşaq autizmi (2 yaşına çatmamış uşaqlar);

- uşaq autizmi (2-11 yaş qrupundan olan uşaqlar);

- yeniyetmə autizmi (11-18 yaş qrupundan olan yeniyetmələr);

- böyüklərdə autizm.

Uşaq autizmi (2-11 yaş)

2 yaşdan yuxarı uşaqlarda erkən autizm üçün xarakterik olan bütün simptomlar qalmaqla yanaşı (çağıranda reaksiya vermir, həmsöhbətinin gözünə baxmır, tək oynayır və s.),  digər əlamətlər də yaranır:        

- uşaq heç vaxt ünsiyyətə başlamır, ümumiyyətlə ünsiyyət axtarmır;

- uşaq yalnız bir fəaliyyət növünə (musiqi, rəsm, riyaziyyat və s.) maraq göstərir;

- eyni sözləri və ya səsini daim təkrarlayır;

- vərdiş etdiyi mühitdə dəyişiklik olarsa, narahatlıq keçirir;

- uşaq bacarıq əldə etməkdə çətinlik çəkir, oxumağı və yazmağı öyrənə bilmir.

Yeniyetmə autizmi (11-–18 yaş)

Bu yaşda autizm sindromlu yeniyetmələr adətən sadə ünsiyyət bacarıqlarına yiyələnirlər, lakin yenə də təkliyə üstünlük verirlər. Autizmli şəxslərdə yetkinlik dövrü digər insanlara nisbətən daha mürəkkəb keçir (təcavüzkar olurlar, depressiyaya düşə bilərlər).

Autizmin səbəbləri

Tədqiqatçılar hələ də uşaqlarda autizmin səbəblərini müəyyən edə bilmirlər. Bu barədə bir çox nəzəriyyə var, lakin onlardan heç biri klinik olaraq təsdiqlənməyib. Əksər tədqiqatçılar uşaq autizminin irsi xəstəlik olduğuna inanırlar.                                                   

Bu pozuntunun səbəblərindən biri kimi hamiləlik dövründə ananın virus infeksiyasına yoluxması (məxmərək, qızılca, suçiçəyi) göstərilə bilər. İnfeksiya uşağın beyin strukturundakı üzvi dəyişikliklərə səbəb olur və bu da sonradan uşaq autizminə gətirib çıxara bilər.

Autizmin müalicəsi

Uşaqlarda autizmin müalicəsi həm psixoloji, həm də fiziki cəhətdən uzun, çətin və mürəkkəb bir prosesdir. Valideyinlər bu uzun prosesə hazırlıqlı olmalı və müalicənin mütləq şəkildə nəticə verməyə biləcəyini də anlamalıdırlar. Uşaq autizmini müalicə etmək üçün dərmanlar faydasızdır. Lakin xəstəliyi müşayiət edən simptomları dayandırmaq mümkündür. Sosial uyğunlaşma və psixiatriya autizmin əsas müalicəsidir.

Müalicə üçün əməl edilməli olan qaydalar:

- uşağın müalicəsi yalnız tibb müəssisəsində deyil, evdə, uşaq bağçasında və lazım gələrsə aktiv olduğu digər məkanlarda da aparılmalıdır. Valideyinlərin özlərinin də psixoloq konsultasiyasına müraciət etməsi zəruridir. Çünki autizmli uşağın müalicəsi çətin prosesdir, bu proses valideyinlərin də psixikasına mənfi təsir göstərir;

- uşaqla uzun müddət məşğul ola bilən təcrübəli və yüksək ixtisaslı bir psixiatr seçməlisiniz, çünki həkimləri tez-tez dəyişmək uşağın vəziyyətinin pisləşməsinə səbəb ola bilər;                                                                            

- müalicədə təkrarlamalar əsas şərtlərdəndir. Hər gün eyni bacarıqları təkrarlamaq lazımdır ki, uşaq onları öyrənə bilsin;

- müalicə işinin çətinliklərinə davam gətirə bilmək üçün valideyinlər ildə ən azı bir dəfə tətilə getməlidirlər;

- uşaq üçün dəqiq gündəlik qaydalar və rejim olmalıdır;

- digər autizmli uşaqların valideyinləri ilə əlaqələr qurmaq da faydalıdır. Bu, müalicə işində yeni yanaşma və bacarıqları öyrənməyə imkan verir.

- uşağın diqqətinə sahib olmağı öyrənmək lazımdır. Bunun üçün müntəzəm olaraq ona adı ilə müraciət etməli və heç vaxt ona səs ucaltmamalısınız;                    

- uşağın alışdığı mühiti dəyişdirməməlisiniz.

Nəzərə almaq lazımdır ki, müalicə işi bütün autizmli uşaqlarda eyni nəticəni vermir, onlardan bəziləri bir neçə aydan sonra ünsiyyətə girdiyi halda, digərlərində bu, illər sonra mümkün ola bilər.

 

Sara Məmmədsalahova