Boy qısalığı

Bir çox valideynlər uşaqlarının normal böyüdüyünə əmin olmaq istəyirlər. Əgər uşağın boyu, çəkisi yaşına və cinsinə görə normaldırsa, onun böyüməsi normal sayılır. Adətən uşaqların çəkisi mütəmadi olaraq izlənilsə də, boyuna daha az diqqət yetirilir. Qısa boy termini boyu yaşı və cinsinə görə orta səviyyədən xeyli aşağı olan hər hansı uşağa xüsusilə böyümə əyrisi üzərində boyu 3-cü persentilin altında olan uşaqlara tətbiq edilir.

Bir uşaqda kilo itkisi qısa müddətli kəskin tibbi vəziyyəti göstərir. Bununla belə, əgər uşağın boyu qısadırsa, bu, adətən uşağın daha uzun müddətli xroniki xəstəlik vəziyyətinin olduğunun göstəricisidir. Düzgün tibbi dəyərləndirmə və müvafiq müalicə ilə belə uşaqlar normal böyüməyə nail ola bilərlər.

Çəki dəyişikliyi valideynlər tərəfindən asanlıqla fərq edilsə də, uşaq xeyli dərəcədə “qısa” olana qədər boy dəyişikliyi hiss olunmur. Bu səbəbdən əksər mütəxəssislər bütün uşaqlarda təkcə çəki deyil, həm də boy göstəricilərinin müntəzəm izlənməsini tövsiyə edirlər.

Qısa boy necə təyin olunur?

Qısa boyun təyini ölkə üçün tövsiyə olunan böyümə cədvəlindən istifadə etməklə həyata keçirilir. Bu böyümə cədvəlində müəyyən yaşda, cinsdə və boyda olan uşaq üçün orta böyümə gedişatını göstərən xətlərdən istifadə edilir. Boy cədvəlində 3 persentil xəttindən aşağı olan uşaq qısa boylu hesab olunur. Belə uşaqların boyunun qısalığının səbəbini müəyyən etmək üçün uşaq endokrinoloqu və ya mütəxəssis pediatr tərəfindən qiymətləndirilməsi lazımdır.

Qısa boyu necə qiymətləndirmək olar?

Həkimlər uşağınızın böyüməsini qiymətləndirərkən bir çox şeyi nəzərə alırlar. Valideynlərin boyu uşağın nə qədər böyüyəcəyini göstərən mühüm göstəricidir. Orta valideyn boyu termini uşağın yetkinlik dövründə çata biləcəyi boya deyilir və valideynlərinin boyu əsasında sadə düsturla hesablanır. Qısa boylu valideynlərdən doğulan uşağın çox güman ki, orta hesabla son yetkin boyu da qısa olacaqdır. Mütəxəssislər uşağın böyümə sürətini də nəzərə alırlar. 4-10 yaş arası bir uşağın böyümə sürəti ildə 4-6 sm civarındadır. Əgər böyümə sürəti azalırsa, bu, uşağın böyüməsində geri qalmağa bir səbəb olduğunu və təcili araşdırma və müdaxiləyə ehtiyac olduğunu göstərir.

Boyun qısa olmasının səbəbləri nələrdir?

Bir uşağın boyu aşağıdakı səbəblərə görə qısa ola bilər:

- ailəvi boy qısalığı - əgər valideynlərdən biri və ya hər ikisi qısadırsa;

- böyümə və cinsi yetkinlikdə konstitusional ləngimə - bu vəziyyətdə uşaq qısa qalır, lakin böyümə sonradan sürətlənir və normal yetkin boyuna çatır;

- xroniki xəstəliklər;

- böyümə hormonu çatışmazlığı, tiroid hormon çatışmazlığı və s. endokrin səbəblər;

- genetik səbəblər;

- artrit və ya astma üçün istifadə edilən steroidlər kimi dərmanlar;

- pis və zəif qidalanma;

- kiçik çəkili doğulma anamnezi olan körpələr (hamiləlik yaşına görə kiçik və ya intrauterin böyümə geriliyi olan);

- idiopatik boy qısalığı.

Qısa boy üçün hansı testlər edilir?

Ən yaxşı “test” böyümə cədvəlindən istifadə edərək uşağın zamanla böyüməsini izləməkdir. Altı ay uşaqlar üçün tipik bir müddətdir və böyümə sürəti açıq şəkildə normaldırsa, əlavə testlərə ehtiyac olmaya bilər. Əgər böyümə sürəti yavaşdırsa və ya uşaq həddindən artıq qısadırsa, yuxarıda qeyd etdiyimiz kimi, mütəxəssislər qısa boyun səbəbini müəyyən etmək üçün bəzi testlər aparacaqlar. Həkiminiz, övladınızın sol əl-biləyinin rentgenoqrafiyasını çəkərək sümük yaşının qiymətləndirilməsini istəyə bilər.

Qısa boy necə müalicə olunur?

Müalicə əsas vəziyyətin səbəbindən asılıdır; məsələn, tiroksin çatışmazlığı üçün tiroksin əlavəsi, böyümə hormonu çatışmazlığı üçün böyümə hormonu əlavəsi.

Böyümə hormonu nə vaxt verilir?

Böyümə hormonu yalnız böyümə hormonunun çatışmazlığı laborator olaraq xüsusi testlərlə təsdiqləndikdə verilir. Belə uşaqlarda böyümə hormonu müalicənin ilk ilində onların boyunu 8-13 sm artırır. Böyümə hormonu, həmçinin idiopatik qısa boy, turner sindromu, xroniki böyrək xəstəliyi, hamiləlik yaşına görə doğum kilosu az olan körpələr və s. kimi böyümə hormonu çatışmazlığından başqa tibbi vəziyyətlər üçün də verilə bilir.

Ümumiləşdirsək, boy uşağın böyüməsini qiymətləndirmək üçün vacib ölçülərdən biridir. Erkən və düzgün müalicə bu cür uşaqların boyunun yaşıdlarına çatmasına kömək edir.

 

Şəbnəm Bağırlı

Pediatr