Uşaqlarda məişət zəhərlənmələri

Uşaqlar çəkiləri daha az olduğu və bədənləri zəhərin öhdəsindən daha çətinliklə gələ bildiyi üçün yetkinlərə nisbətən daha ciddi zəhərlənməyə meyillidir. Kiçik yaşlı uşaqlar demək olar ki, rastlaşdıqları hər şeyi yeməyə və içməyə cəhd edə bilərlər. Uşaqlar cazibədar qablaşdırmanı, canlı rəngləri və xoş qoxuları sevirlər və evdə tapılan potensial zəhərlərin çoxu onları cəlb edir.

Əslində, uşaqlıq dövründə rast gəlinən bütün zəhərlənmələrin 90%-dən çoxu evdə baş verir. 5 yaşadək uşaqlar arasında təsadüfən zəhərlənmə ehtimalı daha yüksəkdir. Uşaqlar tez-tez açıq çantanı və ya hamamda şkafı araşdırdıqda dərmanı şirniyyat ilə qarışdırırlar. Zəhərlənmə uşaqların kimyəvi maddələr və ya təmizləyici vasitələr olan qablardan maye içdiyi zaman da baş verir. Adi məişət kimyası məhsulları uşaqların ağır dərəcədə zəhərlənməsinə səbəb ola bilər. Kimyəvi və ya yuyucu vasitə plastik bir limonad şüşəsində və ya digər qida qabında müvəqqəti saxlandıqda, risk  daha da artır. Zəhər uşaq orqanizminə ən çox ağızdan, dəridən və tənəffüs yollarından (ən çox dəm qazı) daxil ola bilər. 

Valideynlərin diqqət etməli olduğu bəzi ümumi məişət zəhərləri:

- həblər, dərmanlar: evdə olan və ya qonaq gələn insanların çantalarında ola bilən dərmanlar;

- hamam otağı və məişət kimyası məhsulları: təmizləyici vasitələr, spreylər, ətirlər, saç spreyi, ağız yaxalayıcısı;

- qaraj, iş otağı: böcək spreyləri, kerosin, boyalar, yapışqan, batareyalar, şin mayesi, cilalayıcılar, həlledicilər, qələvilər, turşular, lampa yağı, antifriz;

- camaşırxana: yuyucu və ağardıcı məhsullar, yumşaldıcılar;

- həyət: gübrələr, pestisidlər, bəzi bitkilər, o cümlədən bəzi göbələk və giləmeyvə növləri .

Məişət zəhərlənmələrinin qarşısını almaq üçün: 

- Bütün dərmanları və məişətdə istifadə olunan kimyəvi tərkibli məhsulları uşaqların diqqətindən kənarda və əlçatmaz yerdə saxlayın.

- Dərman və dərman məhsullarını orijinal qablaşdırmada saxlayın. Hər istifadədən sonra dərmanları yığışdırın.

- Körpələri nəzarətsiz buraxmayın.

- Uşağa dərmanları yalnız həkim təyinatı ilə, yaş normalarına uyğun verin.

- Qida zəhərlənmələrinin qaşısını almaq üçüm uşağa verilən qidaların saxlanma rejiminə və keyfiyyətinə xüsusi diqqət yetirin.

 

 Rübabə Quliyeva

Həkim-pediatr, pedaqoq