Fərqli mühitlərdə ünsiyyət çətinlikləri və dəstək

Sosial bacarıqlar niyə vacibdir?

           Sosial bacarıqlar başqaları ilə yaxşı qarşılıqlı əlaqə qurmağı öyrənmək üçün vacibdir. Sosial bacarıqlar uşağın daha uğurlu və rahat olmasına səbəb olur. Sosial cəhətdən bacarıqlı uşaqlar bunları edə bilirlər:

           ● başqaları ilə birlikdə fəaliyyətlərdə iştirak edirlər;

           ● istək və ehtiyaclarını ifadə edirlər;

           ● öz fikirlərini aydın şəkildə ifadə edirlər;

           ● empatiya hissinə malik olurlar.

              Digər insanlarla social qarşılıqlı əlaqə uşaqların inkişafı, təhsili və həyatın çətinliklərinin öhdəsindən gəlməsi nöqteyi-nəzərindən həlledici rol oynayır. Bəzi uşaqlar sosial qarşılıqlı əlaqəyə girməkdə çətinlik çəkirlər. Çünki onlar sosial qaydaları başa düşmürlər. İnkişaf baxımından çətinlik yaşayan uşaqlar elə bir sosial mühitə cəlb olunmalıdırlar ki, orada uşaq araşdırma apara, başa düşüldüyünü və qəbul edildiyini hiss edə bilsin.

Diqqət yetirəcəyimiz bacarıqlar bunlardır:

       ● paylaşma;

       ● başqasının necə hiss etdiyini başa düşmək.

Sosial mühiti uşaq tədricən mənimsəyir. Uşaq doğulanda əvvəlcə əsasən ailədə inkişaf edirsə, lakin sonralar getdikcə yeni-yeni mühitlər - məktəbəqədər təhsil müəsisələri, sonra məktəb, məktəbdənkənar müəsissələr və s. mənimsəyir.

Sosial qarşılıqlı əlaqəni mənimsəmək üçün zəruri olan vacib bacarıq ünsiyyət qurmaq bacarığıdır. Beləliklə, ünsiyyət və sosial bacarıqlar sıx bağlıdır

Ünsiyyət nədir?

Ünsiyyət şifahi dildən daha çox şey deməkdir. Heç də bütün uşaqlar danışmağı öyrənə bilmir, lakin əksəriyyəti bədən dili, jest, hərəkət, səs və göz hərəkətləri ilə özlərini ifadə etməyi öyrənirlər.

Ən son tədqiqatlar uşağın doğuşdan etibarən ünsiyyətə uyğunlaşdığını göstərir. Yeni doğulmuş körpə insan səsini eşitməyi digər səslərdən daha üstün tutur. Körpə ananın danışıq ritminə uyğun olaraq ritmik hərəkət edir. Bu, ana dilinin ritmini öyrənməyin təməlidir. Yeni doğulmuşlar, həmçinin, obyektlərin digər hissələrinə nisbətdə üzlərini izləməyə daha meyillidirlər.

Uşaq anadan olandan orta məktəbi qurtarana qədər aşağıdakı yaş dövrlərini keçir:

Ø    Körpəlik yaş dövrü - 1 yaşa qədər olan dövrü əhatə edir. Bu dövrdə bilavasitə emosional ünsiyyət aparıcı fəaliyyət rolunu oynayır. 2-ci ayda meydana gələn kompleks canlanma uşağın böyüklərlə ünsiyyətinin forması kimi özünü göstərir. Böyüklərlə bu cür emosional ünsiyyət uşağın əşyalarla müstəqil olaraq manipulyasiya aparmağa başladığı dövrlərədək davam edir.

Ø    Erkən uşaqlıq dövrü - 1 yaşdan 3 yaşa qədər olan dövrü əhatə edir. Bu dövrdə əşyavi-manilpulyativ fəaliyyət aparıcı fəaliyyət olur. Bu zaman bir növ xüsusi əşyavi fəaliyyətə keçid baş verir. Eyni zamanda uşağın böyüklərlə verbal ünsiyyət forması inkişaf edir. Bu dövrdə uşaqlar nitqdən təfəkkür aləmi kimi deyil, insanlarla birgə fəaliyyət zamanı əməkdaşlığı təmin etmək üçün əlaqə vasitəsi kimi istifadə edirlər.

Ø    Bağça yaşı dövrü - 3 yaşdan 6-7 yaşa qədər olan dövrü əhatə edir. Bu dövrdə oyun aparıcı fəaliyyət rolunu oynayır. Rollu oyunlar oynayaraq uşaq bir növ böyüklərin rolunu öz oyunlarında təkrar edir. İnsanlar arasındakı qarşılıqlı münasibətləri özünəməxsus şəkildə mənimsəyir.

Ø    Kiçik məktəbli yaşı dövrü - 6-7 yaşdan 10-11 yaşa qədər olan dövrü əhatə edir. Bu dövrdə uşaqların inkişafında təlim aparıcı rol oynayır. Təlim prosesində əqli və idrak qabiliyyətləri formalaşmaqla yanaşı uşağı əhatə edən adamlarla onun münasibət sistemini şərtləndirir.

Nəyə görə ünsiyyət bu qədər vacibdir?

    ● Ünsiyyət sosial əlaqələr üçün yol açır. Sosial münasibətlər gündəlik həyatda təhlükəsizlik və dəstək təklif edir, yaxşı həyat keyfiyyətini təmin etmək üçün əhəmiyyətlidir. Yaxşı sosial münasibətlər həm verbal, həm də qeyir-verbal ünsiyyət vasitəsilə qurulur. Ünsiyyət bir-birini başa düşməkdir. Fikirləri bölüşdükdə və başqalarını dinlədikdə yaxşı sosial münasibətlərin qurulmasına kömək edirik.

    ● Ünsiyyət davranış və somatik probleminin qarşısını almağa kömək edir:

       Ünsiyyət bacarıqlarının yoxluğu uşağın ac olmaq, istilənmək/üşümək, yaxud susamaq kimi istək və ehtiyaclarını ifadə etməkdə çətinlik çəkməsinə gətirib çıxara bilər. Uşaq bu cür ehtiyaclarını ifadə edə bilmədikdə, bu, əsəbilik və məyusluq hissi ilə nəticələnə bilər ki, bu da, öz növbəsində, davranış probleminə səbəb ola bilər. Davranış problemlərinə hər hansı ağrı və ya narahatlıq da səbəb ola bilər. Əgər uşaq vəziyyəti başqalarına çatdırmaq, ağrı hiss etdiyi nahiyəni ifadə etmək iqtidarında deyilsə, nəticədə o arzuolunmaz davranışla reaksiya verə bilər.

     ● Ünsiyyət emosional problemlərin qarşısını ala bilər:

        Ətrafında baş verənləri başa düşməyən (məsələn, ana gedir və ona demir) və ifadə etməkdə çətinlik çəkən insanlarda emosional problemlər yarana bilər. Bu onların inkişaf edə biləcək narahatlığına və depressiyaya gətirib çıxara bilər.

  • Ehtiyaclarımızı, emosiyalarımızı və fikirlərimizi ifadə etmək.
  • Ətrafımızdakı insanların ehtiyaclarrını və hislərini başa düşmək.
  • Ətrafımızda olan əşyalara şərh vermək.
  • Lazım olan məlumatı əldə etmək.
  • Əylənmək.

Ünsiyyətə girə bilmək üçün üç bacarıq vacibdir və bu, verbal dildən, şəkillərdən və s. istifadə edərək ünsiyyət qurma qabiliyyətindən asılı olmayaraq, bütün uşaqlar üçün keçərlidir. Bu bacarıqlar:

     1. növbə gözləmə.

     2. kollektiv diqqət (Hamının diqqəti bir şeyə yönəlir) və göz kontaktı

     3. söz və anlayışlar

Biz müxtəlif yollarla ünsiyyət qura bilərik, bunun üçün biz istifadə edirik:

  1. söz və səslərdən
  2. jestlərdən (barmaqla göstərmək, mimika)
  3. həqiqi əşyalardan

            Əksərən biz bütün bu üsulların kombinasiyasından istifadə edirik. Uğurlu ünsiyyət qurmağı bacardıqda sosial bacarıqlar da onunla inkişaf edir.

            Uşaqlarda ünsiyyət çətinliklərinə səbəb olan bir sıra faktorlar vardır:

Ø    eşitmə problemi

Ø    fiziki məhdudiyyət

Ø    əqli gerilik

Ø    məlum sindromlar

Ø    nitq problemi

Ø    ətraf mühit

Ø    psixoloji səbəblər

Ø    travmalar

Uşaq doğulduğu andan etibarən onun öz ünsiyyət bacarıqlarını inkişaf etdirməsinə necə kömək edə bilərik:

  • Uşaqla çox danışmaq - uşaqla necə danışmaq lazım olduğunu göstərmək. Sadə dildən (tək-tək sözlərdən və qısa cümlələrdən) istifadə etmək.
  • Üz ifadəsindən çox istifadə etmək - bu uşaqda ünsiyyət və əlaqə yaratmağa maraq oyadır və eyni zamanda başqalarının hisslərin və istəklərini başa düşməkdə, öz hisslərini ifadə etməkdə kömək edir.
  • Göz kontaktından çox istifadə etmək.
  • Kitablara baxmaq. Uşaqlar kitablar vasitəsilə sözlər öyrənir, əşyaların nə olduğunu başa düşür və ətraf mühit haqqında biliklərini artırırlar.
  • Mahnılar oxumaq - mahnıların ritmi və melodiyası uşaqların diqqətini cəlb edir və onlar mahnı vasitəsilə yeni sözlər öyrənir, anlayışları başa düşürlər.
  • Uşağı tərifləmək - uşağın öz fikrini ifadə etmək üçün göstərdiyi hər bir cəhdi qiymətləndirmək vacibdir.
  • Təkrar etmək - uşaq nəyəsə baxanda, söz deyəndə yaxud işarə ilə nəyisə göstərəndə onun hərəkətlərini təkrar etmək vacibdir. Beləliklə o, biləcək ki, göstərdiyi cəhd uğurla alınıb.
  • Qısa fasilələr - uşağa danışmaq və suala cavab fikirləşmək üçün kifayət qədər vaxt verilməlidir.
  • Xüsusi vəziyyətlər yaratmaq - ünsiyyətin vacibliyini göstərmək üçün müxtəlif situasiyalar yaratmaq vacibdir. Məsələn: kitabı tərsinə tutmaq, qaydaları yaddan çıxarmaq, uşağa lazım olan bir şeyi gizlətmək. Yəni elə situasiyalar yaratmaq lazımdır ki, uşaq mütləq ünsiyyətə girməli olsun.
  • Seçim verin: “Sən bunu yoxsa bunu istəyirsən?” yaxud “Sənə soyuqdur ya isti?”

Ünsiyyət öz fikrimizi ifadə etməkdən və başqalarının fikirlərini başa düşməkdən ibarətdir. Uşağınızla həmişə danışın və hər dəfə ünsiyyətə cəhd göstərdiyinə görə onu tərifləyin. Ünsiyyətə girmək üçün dediyimiz kimi 3 bacarıq vacibdir. Əgər uşaqda əvvəlki 2 bacarıq varsa, sözlər yoxdursa altelnativ ünsiyyət vasitəsilərdən istifadə etmək məqsədə uyğundur. Ünsiyyət hər bir insanın həyatında əsas rol oynayır. Ünsiyyət prosesi tək insanlar arasında olan söhbət deyil, ilk növbədə bu məlumatların mübadiləsidir, ətrafdakılara öz fikirlərini, istəklərini və s. bildirməsidir. Adi həyatda ünsiyyət prosesi sözlərlə ifadə olunur, lakin hissiyatların və fikirlərin sözlə ifadə bacarıqları itirilibsə, o zaman nə etməliyik? Müxtəlif alternativ komunikasiya vasitələri var ki, uşağa ünsiyyət zamanı kömək edir. Alternativ komunikasiya nədir? Alternativ komunikasiya - bütün komunikasiya üsullarıdır, hansılar ki, insanların nitqini ya tamamlayır ya da əvəz edir.

 

Alternativ komunikasiya nədir?

  • bədən dili sistemi
  • şəkillər və simvollar
  • piktogram
  • PECS sistemi

Şəkillər və simvollar nitq problemlerinin həllində istifadə olunan alternativ ünsiyyət vasitəsidir. Şəkillər və simvollar proqramının məqsədi uşağa istədiyi əşyaları, ehtiyaclarını və ya fəaliyyətləri şəkil mübadiləsi vasitəsilə söyləməyi öyrətməkdir, habelə uşağa şəkillər vasitəsi ilə ünsiyyət qurmağa kömək edən bir sistemdir.

Bu sistem üzrə öyrənmənin ən vacib şərti odur ki, uşaq nəyi isə etməyi və ya almağı özü istəsin.

•       İmkanları məhdud olan uşaq üçün uyğun ola biləcək ünsiyyət vasitəsidir.

•       Uşağı sözləri kortəbii şəkildə olsa da tələffüz etməyə təşviq edir.

•       Uşağa ətrafdakı insanlarla daha tez və daha asan ünsiyyət qurmağa kömək edir.

 

 

Vəliyeva Lalə

Uşaq inkişafı mütəxəssisi, uşaq psixoloqu