Qrip virusu və qrip peyvəndi (İnfluenza peyvəndi)

Qrip (influenza) virusu, əsasən tənəffüs yollarına təsir edən və hər il milyonlarla insanın xəstələnməsinə səbəb olan yoluxucu bir xəstəlikdir. Virusun əsas daşıyıcıları insanlardır, lakin virusa quşlar və donuzlar kimi heyvanlarda da rast gəlinir. Qrip virusu A, B və C olmaqla üç əsas tipə ayrılır. Əsas yoluxmalar A və B tipi virusları üzərindən baş verir. Xəstəlik çox vaxt qızdırma, öskürək, boğaz ağrısı, yorğunluq və əzələ ağrıları kimi simptomlarla təzahür edir.

Qrip virusunun xüsusiyyəti onun hər il mutasiyaya uğramasıdır. Buna görə, öncəki illərdə yaranmış immunitet çox vaxt yeni qrip növlərinə qarşı effektiv olmur. Bu, qlobal miqyasda qrip epidemiya və pandemiyalarının yaranma səbəblərindən biridir.

Qrip peyvəndinin əhəmiyyəti

Qrip peyvəndi qrip virusuna qarşı qorunmaq üçün ən effektiv yollarından biridir. Peyvənd, öldürülmüş və ya zəiflədilmiş virus fraqmentlərini ehtiva edir və immun sistemini virusla mübarizəyə hazırlayır.

Hər il yenilənən qrip peyvəndləri, elm adamlarının mövcud mutasiyaları öncədən təxmin etməsi əsasında hazırlanır. Bu peyvəndlər xüsusilə risk qrupuna aid olan insanlar üçün çox vacibdir: yaşlılar, hamilə qadınlar, xroniki xəstəliyi olanlar və tibb işçiləri.

Qrip peyvəndinin müxtəlif növləri var və bunlar əsasən istifadə olunan texnologiya və tərkibinə görə fərqlənir. Hal-hazırda ən çox istifadə olunanı dörd valentli (tetravalent) peyvəndlər qrupuna aid olan bir peyvənddir. Bu peyvənd inaktivləşdirilmiş (ölü) qrip peyvəndidir.

İstifadə qrupu:

    • 6 aydan yuxarı körpələr
    • uşaqlar, böyüklər və yaşlılar
    • xüsusilə risk qrupuna daxil olan şəxslər (xroniki xəstəliyi olanlar, yaşlılar və tibb işçiləri)

Tətbiq üsulu:

Adətən əzələdaxili inyeksiya şəklində tətbiq olunur.

Əhəmiyyəti:

·     Virusun hər il mutasiyaya uğraması səbəbilə hər mövsüm yenilənən qrip ştammlarına uyğun hazırlanır.

·     İmmunitet sistemi gücləndirərək ağır qrip hallarını və ağırlaşmaları azaldır.

·     Qrip peyvəndinin dozaları yaş qruplarına görə dəyişir.

6 aydan 8 yaşa qədər uşaqlar:

·     Əgər uşaq ilk dəfə qrip peyvəndi olunursa, 4 həftə fasilə ilə 2 doza tətbiq edilir.

·     Əvvəlki illərdə peyvənd olunmuş uşaqlar yalnız 1 doza alır.

8 yaşdan yuxarı uşaqlar və böyüklər:

Hər il yalnız 1 doza tətbiq edilir.

Qrip virusunun ciddiliyini və onun yaratdığı fəsadları nəzərə alaraq, peyvəndlənmə önəmli bir addımdır. İllik qrip peyvəndi, həm özünüz, həm də cəmiyyətin sağlamlığı üçün mühüm bir qoruma vasitəsidir. Buna görə, hər kəsin qrip mövsümündə peyvənd olunması tövsiyə olunur.

 

Bağırlı Şəbnəm

Pediatr