Uşaqlarda həyəcan

Uşaqlarda həyəcan mövzusu çox əhəmiyyətli və geniş bir sahədir. Uşaqlarda görülən həyəcan (və ya təşviş) hallarını bir neçə aspektdən nəzərdən keçirək.

Uşaqlarda həyəcan müxtəlif şəkillərdə özünü göstərə bilər. Bunlara qısaca nəzər salaq:

  • Fiziki əlamətlər: qarın ağrısı, baş ağrısı, ürək döyüntüsünün artması, tərləmə, titrəmə, yuxu pozğunluqları.
  • Davranış əlamətləri: müəyyən vəziyyətlərdən qaçma, yapışma davranışı, ağlama, əsəbilik, təkrarlanan hərəkətlər.
  • Koqnitiv əlamətlər: daimi narahatlıq, qorxu fikirləri, mənfi ssenarilər düşünmə, təhlükələri böyütmə.
  • Sosial əlamətlər: sosial təcrid, yeni insanlarla tanış olmaqdan çəkinmə, ictimai yerlərdə narahatlıq.

Həyəcanın yaranma səbəblərinə gəldikdə isə genetik faktoru, mühit faktorunu və tərbiyə üsulunu əsas götürə bilərik. Mühit faktoru dedikdə ailə daxili stress, travmatik hadisələrin yaşanmasını misal göstərə bilərik. Tərbiyə üsuluna gəldikdə isə onu qeyd edək ki, uşağı həddindən artıq qorumağa çalışmaqla yanaşı tənqidi yanaşma da əsas verə bilər.

Uşaqlarda bu normal və patoloji olaraq ayrılır. Normal həyəcan yeni mühitdə, tanımadığı insanların yanında və ya öyrəşilmiş situasiyanın xaricində özünü göstərən bir haldır. Bu qısa müddətli davam edir və fiziki əlamətlər həmin ana aid olub tezliklə keçir. Patoloji hal aldıqda isə uşaqda fiziki əlamətlərdən qusma, qarın ağrısı, ürək döyüntüsünün artması və tərləmə çox zaman özünü göstərir. Valideyn və ya qayğı göstərən insandan ayrılmaq istəməmək, ağlama və s. müşahidə olunur. Belə hallarda valideyn dəstəyi çox önəmli hesab edilir. “Nədən qorxursan? Burada qorxmalı nə var axı?” tipli suallar əvəzinə dəstəkləyici və güvən verici mövqedə olmalısınız. Onun hiss etdiklərini ifadə etməsinə fürsət vermək, danışdığına laqeyd yanaşmamaq, qəbul edib normallaşdırmaq vacibdir. Müqayisə etmək, etinasız yanaşmaq arzu olunan hal deyil. Patoloji həyəcan dediyimiz halı 2-3 həftə müşahidə edirsinizsə, bu zaman mütəxəssis dəstəyi üçün müraciət etməyiniz tövsiyə olunur.

 

Həsənova Milanə

Klinik psixoloq