Qulaq infeksiyaları

 

Qulaq infeksiyaları uşaqlarda geniş yayılmış bir problemdir. Üç yaşına qədər uşaqların 60 faizindən çoxu azı bir dəfə qulaq infeksiyası keçirir, 25 faizindən çoxunda isə üç və daha çox infeksiya baş verir. Qulaq infeksiyaları qulaqda ağrı, qızdırma, müvəqqəti eşitmə itkisi və iştahsızlıq, narahatlıq kimi ümumi əlamətlərə səbəb ola bilər. Bəzi uşaqlar antibiotik qəbul etmədən də sağalır, lakin antibiotiklər qızdırma və qulaq ağrısının müddətini qısalda bilər. Erkən yaşlarda qulaq infeksiyası keçirən uşaqların təkrar infeksiyalar və orta qulaqda qalıcı maye toplanması ilə qarşılaşma ehtimalı daha yüksəkdir. Qulaq infeksiyalarını tez-tez keçirən uşaqlar infeksiyalardan yaranan ağırlaşmalara qarşı daha həssas ola bilərlər.

Bu məqalə körpələrdə və uşaqlarda qulaq infeksiyalarının tərifini, səbəblərini, əlamətlərini, diaqnozunu, müalicəsini və mümkün fəsadlarını əhatə edir.

Qulaq infeksiyası nədir?

Qulaq infeksiyası, həmçinin "kəskin orta otit" (otit = qulaq, media = orta) adlanır. Otitis media - orta qulağın infeksiyasıdır. Əksər hallarda uşaqların burnunda və boğazında olan bakteriyalar tərəfindən törədilir.

Qulaq infeksiyası adətən soyuqdəymə və ya qrip kimi viral tənəffüs yolları infeksiyalarından sonra inkişaf edir. Bu infeksiyalar burun və boğazın selikli qişasında şişkinlik yaradaraq burundakı bakteriyaların miqdarını artırır, bakteriyaların təmizlənməsi kimi təbii müdafiə mexanizmlərini zəiflədir. Viral infeksiyalar həmçinin Evstaxi borusunun fəaliyyətini pozur. Bu borunun normal fəaliyyəti qulaqda təzyiqin sabit qalması üçün vacibdir. Evstaxi borusunun funksiyası pozulduqda orta qulaqda təzyiq dəyişir (məsələn, təyyarə uçuşu zamanı olduğu kimi). Bu zaman orta qulaqda effuziya adlanan maye toplanır və bakteriya ilə virusların daxil olması nəticəsində iltihab yaranır. Artan təzyiq qulaq pərdəsinin şişməsinə, nəticədə qulaq ağrısı və narahatlıq əlamətlərinin yaranmasına, hətta qulaq pərdəsinin cırılmasına səbəb ola bilər. Bu zaman qulaq yolundan maye axa bilər.

Qulaq infeksiyasının əlamətləri

Yeniyetmələrdə və daha böyük uşaqlarda qulaq infeksiyasının əlamətləri adətən qəfil başlayan qulaq ağrısı və müvəqqəti eşitmənin azalmasıdır. Körpə və kiçik uşaqlarda isə bu əlamətlər daha qeyri-müəyyən ola bilər və tez-tez eyni vaxtda keçirdikləri viral infeksiyalarla üst-üstə düşə bilər. Əlamətlər aşağıdakı formada ola bilər:

  • qızdırma (38°C-dən yuxarı);
  • qulağını dartmaq;
  • narahatlıq, əsəbilik və ya yuxusuzluq;
  • aktivliyin azalması;
  • iştahanın itməsi və ya yeməkdə çətinlik;
  • qusma və ya ishal;
  • xarici qulaq yolundan axan maye (otorreya).

Diaqnoz

Əgər övladınızın qulaq infeksiyası keçirdiyini düşünürsünüzsə həkiminizlə əlaqə saxlayın.

Qulağın müayinəsi ağrılı olmasa da, bir çox körpə və uşaq bu prosesi xoşlamır. Müayinəni asanlaşdırmaq üçün uşağınızı qucağınıza alıb saxlayın. Həkim qulağın içinə otoskop vasitəsilə baxacaq. Bəzən həkimin qulaq pərdəsini aydın görməsi üçün qulaq kiri (earwax) təmizlənməlidir.

Qulaq pərdəsinin (timpanik membran) xarakterik görünüşünə əsasən həkim infeksiyanı təsdiq edə bilər.

Müalicə

Müalicə aşağıdakılardan ibarət ola bilər:

  • qızdırma və ağrıya qarşı dərmanlar;
  • müşahidə (watchful waiting);
  • antibiotiklər;
  • və ya bunların kombinasiyası

Müalicə uşağın yaşı, infeksiya tarixçəsi, xəstəliyin ağırlığı, son antibiotik istifadəsi və digər tibbi problemlərə əsasən fərdiləşdirilməlidir.

Ağrı nəzarəti

“Paracetamol” və “İbuprofen” kimi dərmanlar ağrını azaltmaq üçün istifadə oluna bilər. Bəzi ölkələrdə qulağa damızdırılan ağrıkəsici damcılar tövsiyə oluna bilər.

Müşahidə

Bəzi hallarda həkim antibiotik başlamadan öncə uşağın evdə izlənməsini tövsiyə edə bilər. Bu yanaşma lazımsız antibiotik istifadəsinin qarşısını alır və antibiotik müqaviməti riskini azaldır.

Müşahidə daha çox bu hallarda tövsiyə olunur:

  • uşaq 24 aydan böyükdürsə;
  • qızdırma və ağrı yüngüldürsə;
  • yalnız bir qulaqda infeksiya varsa;
  • uşaq ümumilikdə sağlamdırsa.

Əgər simptomlar 72 saat ərzində yaxşılaşmırsa, təkrar müayinə və antibiotiklə müalicə tələb oluna bilər. Bəzən həkim təxirə salınmış resept (safety-net prescription) verə bilər – bu, uşağın vəziyyəti pisləşərsə resepti istifadə etmək üçündür.

Antibiotiklər

Antibiotiklər 24 aydan kiçik uşaqlara, hər iki qulaqda infeksiya olanlara və ya yüksək qızdırması olanlara daha çox təyin olunur. Antibiotiklər daha böyük uşaqlarda və yüngül simptomlarda fayda verməyə bilər. Əksər uşaqlar 5-7 gün, bəzən isə 10 günə qədər antibiotik qəbul etməlidir. Yan təsirlər: ishal, səpki, antibiotik müqaviməti.

Qeyd! Antibiotiklər yalnız həkim təyinatı ilə verilməli və həkimin qərarına uyğun şəkildə kəsilməlidir.

Alternativ müalicələr

Homeopatik, təbii, manual terapiya (chiropractic), akupunktur kimi alternativ müalicə üsulları geniş yayılıb. Lakin elm tərəfindən təsdiqlənmiş və təhlükəsizliyi sübut olunmayıb. Buna görə uşaqlarda bu üsullar tövsiyə edilmir.

Nəzarət və izlənmə

Antibiotik verilib verilməməsindən asılı olmayaraq uşağın əlamətləri 72 saat ərzində yaxşılaşmalıdır. Əgər simptomlar pisləşərsə və ya dəyişməz qalarsa həkimlə əlaqə saxlayın.

Tez-tez qulaq infeksiyası keçirən uşaqlar və nitq inkişafında gecikmə olanlar müalicədən 2-3 ay sonra təkrar müayinə olunmalıdır. Bu, orta qulaqda maye qalmasının eşitməyə təsir etməməsi üçün vacibdir.

Qulaq infeksiyasının qarşısını necə almaq olar?

Tez-tez qulaq infeksiyası keçirən uşaqlar:

  • 6 ayda 3 və ya 12 ayda 4 və daha çox infeksiya keçirənlər.

Qarşısını alma yolları:

  • ana südü ilə qidalanma;
  • siqaret tüstüsündən uzaq durma;
  • uşağın uzanıqlı vəziyyətdə butulkadan içməsinin qarşısını alma;
  • xəstə uşaqlarla təmasın məhdudlaşdırılması.

Həkim profilaktik antibiotik, yaxından izləmə və ya cərrahiyyə barədə məlumat verə bilər.

 

Poluxova Şəlalə

Pediatr